Anam
haqqında dörd esse -
Nyu-Yorkda
tanış olduğum, xatirimdə son dərəcə
işıqlı, həyatsevər
insan kimi yaşayan, amma bu narahat, zalım dünyanı
tez-tələsik tərk edib gedən Humay Quliyevanın bir
yazısını ingiliscədən tərcümədə təqdim
edirəm.
T.Q.
***
Yay
Anam
heç zaman gözəl olduğumu deməzdi mənə.
Bircə dəfə dedi yalnız.
Bu
bircə dəfədən əvvəl və sonra
saysız-hesabsız "göyçək",
"şirin", "qiyamət", hətta "üzündə
şeytan tükü var" demişdi mənə. Amma bu bircə
dəfədən savayı, heç vaxt "gözəlsən"
demədi mənə.
Dənizə baş vurub suyun altında bir
müddət üzəndən sonra qəfil
çıxdım qarşısına. Hava çox
yaxşı, səma intəhasız, Xəzər şəffaf
idi. Havanı acgözlüklə
sinəmə çəkib nəfəs dərmədən
gülməyə başlamışdım ki, anam dedi:
"Humay, sənin çox cəsur gözəlliyin var, biləsən".
Göz
qapaqlarımı endirmədən yenidən dənizə baş vurdum. Xəzərin
suları o qədər də
duzlu deyil. Deyirlər axı, dünyanın ən böyük
gölüdür. Necə duzlu olsun ki? Xəzər isə bu təyinatla
qətiyyən razı deyil. Elə hey dalğalarını
inadkar şiddətlə qayalara çırparaq qəddarcasına
cilalayır onları. Hər yay amansızlıq edir, xeyli sayda
bəxtsizləri girdabına çəkir. Şairləri
ilhama gətirir. Qoy coğrafiyaşünaslar danışmaqlarında olsunlar - Xəzər
əsl dənizdir ki, dəniz!
Suyun
altında dəniz məni günəş
şüalarının kəsişməsindən yaranan xəfif
maviliklə ağuşuna aldı. Üzürdüm. Başgicəlləndirən,
məğrur əminlik hissi ilə üzürdüm. Dənizin
dibindən qeyri-adi bir işıltı sanki qəfil göz
vurdu mənə. Suyun altından çıxdım. Dəyişmişdim.
Gözəldim.
Payız
Erkən
payızın Bakı ətrafı kəndlərdə gözəlliyi
bir başqadır. Hava daha təmiz, ulduzlar daha
parıltılı olur, daha yuxarıda bərq vururlar sanki. Gecələr
daha sərin keçir. İtlər daha bərkdən
hürürlər. Elə Xəzərin də səsi zilə
çıxır. Xəzrinin qamçıladığı Xəzərdir
o bərkdən inildəyən. Yay bitdi, getdi. Amma bunun hələ
səhərin yeddisində ağızın yuxulu
mağarasında dəymiş əncirin günah şirəsi
ilə bir karnaval fırtınası tək
coşub-daşmağı var. Əslində, ilin bu vaxtında
burda olmalı deyilsən - bağ evində ancaq yayda qalarlar.
Amma biz hər il yenə sentyabrdan bir neçə gün
oğurlayıb onları da yayın ayağına
yazırdıq.
Elə
o günlərdən biri idi, pişik balası gələn
gün. Heç kim bilmədi hardan gəlib çıxıb,
necə gəlib? Həyatın (oxu: sevginin) əksər qəziyyəsi
kimi o da bir səhər qəfildən peyda olmuşdu və
bizimlə qalmağa qərar vermişdi.
Anam
ev heyvanlarına meyilli deyildi. Amma bu pişiyin yeri ayrı idi.
Ondan ötrü oyuncaq da düzəltmişdi. Uzun ipə kağızdan bir diyircək
bağlamışdı. Pişik yuxarı tullanıb diyircəyi
tutmağa çalışanda gülürdü ona. Balaca
varlığın nadincliyi ləzzətli, xoşbəxtliyi
yoluxucu idi.
Pişik
öyrəşmişdi balkona açılan qapının
önündəki ayaqaltının üstündə
yatsın. Qapı da ağır lay dəmirdən. Səhərlər
açardıq, bir də axşam bağlayardıq. Gün ərzində
qabağına stul qoyardıq ki, küləyin həmlələrinə
tab gətirsin, çırpılmasın. İçəridən
daha yüngül, taxta çərçivəli tor
qapı da vardı.
Balkonda
çay içirdik ki, zil çığırtı
eşitdik. Xalam səsə durub qaçdı. Kiminsə yəqin
yadından çıxmışdı stulu yerinə qoymaq.
Çırpılıb qapı, pişik də qalıb arada.
Ölümcül vəziyyətə
düşmüşdü.
Yazıq tir-tir əsirdi.
Qulağından sarı maye
axırdı. Xalam onu götürüb otun üstünə
qoydu. Pişik orda bir xeyli uzanılı qaldı. Arada
özünü batırdı. "Bu, yaxşı əlamət
deyil" dedi xalam. "Pişiklər çox təmizkar
olur".
Süd
gətirdim, su gətirdim, ət gətirdim. Reaksiya vermir. Xalam
gözlərinin qabağında çırtma vurur
sola-sağa. Heç nə. "Bəlkə kor oldu?" dedi
xalam. Onsuz da balaca pişik aldığı zərbədən
lap kiçilmiş, çarəsiz yumağa
dönmüşdü.
Günün
yarısını ora-bura var-gəl etdim həyəcanla.
Axır ki, anam dedi götürək pişiyi qoyaq hasarın
dibinə. "Gözləyək görək nə olur".
Tez-tez
yoluxurdum. Hər dəfə onu ölü tapacağımı
düşünsəm də kiçicik bədənində
inadkar həyat işartısı ilə
qarşılaşırdım. İnadla torpağın
üstündə, şəksiz ki, yaşayırdı hələ.
İki gün beləcə keçdi. Anam dedi ki, dəyməyək,
bəlkə yata bildi, yazıq iztirab içindədir.
Əlindən hər iş gələn bağbanımız
vardı. Soruşduq ondan ki, bəlkə yaxınlarda bir baytar
tanımış ola. Qayıtdı ki, neynirsiniz baytarı, "günahdır".
"Peyğəmbərimiz əbasız qalxıb gedərdi
amma ətəyində uyumuş
pişiyi oyatmazdı. Dəyməyin" - dedi. Dəymədik.
Gözlədik.
Möcüzə
gözləyənlər kimi gözlədik. Möcüzə
atamın gəldiyi günə təsadüf etdi. Atam
İstanbul uçağı ilə səhər tezdən gəlib
çıxmışdı. Yorğun olsa da, həmişəki
kimi şux, nəvazişkar, həyata inamlı idi və bu
inamdan qaynaqlanan mümkünlüklərin çöhrəsində
əksini də gətirmişdi özü ilə.
Başımız onun gəlişinə qarışdı.
Getdim çay dəmləməyə.
Bir də gördük pişik
balası gəlib çıxdı. Üç günlük
zülmətdən həyata qayıtmış,
qabağımızda peyda olmuşdu. Deyərdim ki, son nəfəsində həyata can
atıb yoxluqdan bu dünyaya
tullanmışdı sanki... Amma özü hələ əvvəlki
sayaq tullana bilmirdi zəiflikdən. Aclıqdan
büzülüb yığılmışdı, amma təmiz
görünürdü. Gözlərinin tutqunluğu çəkilmişdi,
yerişi isə nöqsansız və zərif, xəfifcə
hər addımı sınayan sayaq idi. Atam bu balaca pişiyi elə
onda görmüşdü ilk dəfə.
Bir-birimizin
sözünü kəsib əhvalatlar danışır,
çaydan içib dilimizi şaqqıldadır,
göz-qaş edirdik. Özümüzü gözəl bir
tufanın ağuşunda hiss edərək. Atam elə ilk
baxışdan sevdi bu pişik balasını. Pişikbala onu həyətdə
hər yerdə müşayiət edər, dayananda oturub səbirlə gözləyər və
onunla qayıdardı. "Düz deyirlər ki, pişiyin
doqquz canı var" dedi anam. Uşaq kitablarındakı
Tomasina adlı pişiyi, onun dəfələrlə
ölüb dirilməyini, transformasiya və
reinkarnasiyalarını xatırladım.
Acılı-şirinli
idi həmin yay. Apreldə nənəm dünyasını dəyişmişdi.
Gözəl, sərt, hökmlü qadındı. Yoxluğu
bağda saxladığı hər toyuğun duruşundan,
yüzillik tut ağacının hər meyvəsindən də
xatırladırdı özünü. Anam, həkim anam bu
hadisədən çox sarsılmışdı. Yad ölkədə
xərçəngin qəliz prosedurlarından
keçirmişdi öz anasını, təkbaşına.
Amerikadan təzə qayıtmışdım. Magistraturamı
bitirib gəlmişdim, geri qayıdacağımı
planlayırdım. Anam istəmirdi gedim, amma mübahisə etməyə
də halı yox idi. Çox yorğundu.
Sentyabrı
yarı edib getdim. Nyu- Yorkda nə işim vardı, nə də
qalmağa yerim. Pulum cibimdə qalsın deyə rəfiqəmin
Harlemdəki evindəki taxtında yatıb gecələyirdim.
Anam üçün qəribə idi bu. Qərarımla
razı deyildi. Əsaslı, əmin və dəqiq
planların, aydın çıxarların qadını idi o.
Buna baxmayaraq buraxdı ki gedim.
Nyu
Yorka uçuşumdan bir gün öncəki gecə pişik
balası yoxa çıxdı. Çağırdım,
çağırdım, gəlmədi. Düşündüm
ki, haradasa yatıb qalıb yəqin. Ertəsi gün tezdən
qalxdım, pişik balası gəlib çıxmadı yenə.
Hava limanına ürəyimdə narahatlıqla yollandım.
"Hara gedə bilərdi axı bu?" deyə
öz-özümdən sorğuladım
Nyu
York etinasız, səs-küylü və isti idi. Kolumbiya
universitetinin kampus parkında oturdum və budur, artıq bu
universitetin tələbəsi də deyiləm,
sürücülük vəsiqəmin vaxtı keçib, tələbə
və kitabxana vəsiqələrim də artıq bir işə
yaramır. Yadlar şəhərində
yad.
Anama
zəng etdim. Dərhal da pişik balasını soruşdum.
"Gəlməyib" dedi. "Hər yerdə
axtarmışam. Bütün səhəri hər
künc-bucağa
baxmışam. Qayıtmayıb". Kədər və
qəhər duyuldu səsindən. Ağrılı və tənha
gəlirdi səsi. İçimdə boşluq və
Nyu-York istisinin də gətirdiyi
bihuşluqla çıxdım oradan. "Hara gedə bilərdi
bu pişik balası? İlahi müdaxilə ilə həyata
qayıtmışdı axı o dəfə".
Anam
axtarışa növbəti günlər də davam etdi. Bir
gün qaraja girər, az qalar ki, iydən bayılsın.
Pişik balası da orada. Sürünüb girib elektrik
nasosunun mühərrikinə, yüksək gərginlikli cərəyan vurub onu. Taleyi yalnız bir neçə
dəfə aldadıb yayınarsan, həmişə
alınmaz.
Anamı
əməliyyatdan sonra halsız vəziyyətdə asta-asta xəstəxana
otağına girəndə görmüşəm.
Varşavadan Bakıya uçanda anasının
ölümünə, üzərinə çökən məşum
sonun çəkilməzliyinə ağlamağını təsəvvür
etmişəm. Qorxduğunu da görmüşəm - xərçəng
adı ilə səhv diaqnoz veriləndə ona. Amma həmişə
ürəyimin dərinliklərində rahat olmuşam. Bilirdim
ki, anam güclü qadındır.
Amma
bax o bağ evinin tənhalığında, səhərin erkən
çağlarında, pişik balasının axtararkən onu
naəlac-naəlac çağırmağını
düşünəndə ürəyim bir anlıq
dayanır, vurmur. Bəzən lap iki anlıq da dayanır,
vurmur.
Qış
Axıra
yaxın nənəm çox az danışırdı.
Keçirdi Skayp kamerasının önünə, mənə
deyirdi "danış". "Nə haqda istəyirsən
danışım?" soruşurdum. "Nə istəyirsən"
deyirdi. "Sənin danışdığın hər şey
mənə maraqlıdır".
Mən
də danışırdım. Yuxularımı
danışırdım. Hamısına birmənalı
"yaxşı yuxudur" deyirdi. Kampusda gey yəhudilərin
Əhmədinecatın çıxışına
etirazından nəql edirdim ona. ("Geyəm, yəhudiyəm,
Holokostdan sağ qalan iki nəfərin nəvəsiyəm. Yəqin
Əhmədinecat məni bəyənməz"). Amerikan
supermarketlərində təbii ərzağın nə qədər
baha olmağını deyirdim. Qəhrəmancasına
biş-düş etməyimdən, bu sahədəki kəşflərimdən
danışırdım. Otaq yoldaşlarımdan, büsqalterləri
ilə ayaqqabılarının döşəmədə
bir-birinə qarışmağından söz
açırdım ona.
Oğlanlar haqqında da söz salırdım, ya da elə biri
haqda - İrakli. Gürcü idi, nənəm isə qəti əleyhinə
idi onun. Deyirdi özlərindən çox müştəbehdirlər.
Düz deyirdi.
Yadımda
nənəmin dediklərinin az qismi qalıb.
Danışdıqlarının böyük hissəsi kədərli
idi - kimyaterapiya, testlər, simptomlar, şübhələr,
yenə testlər, yenə kimyaterapiya. Arada olurdu ki, çox
yaraşıqlı bir həkim çıxırdı
qarşısına, nənəm isə bütün
füsunkarlığını və cazibədarlığını
səfərbər edirdi onunla
bir söz də bilmədiyi yad dildə danışmaqdan
ötrü. Bir əhvalat var idi - olmuş, amma film kimi bir əhvalat.
Fransız filmlərindən idi bu - Culiette Binoçe anamın
rolunda, yatağın qırağında valehedici dodaqları və
sadə, lakin son dəbli qara geyimi ilə. Amma bu, həyatda
baş vermiş əhvalatdır və həyat bəzən
kinonu üstələyir. "Gecə Cəngavəri Yüksəlir"in
(The Dark Knight Rises - sərlövhəyə fikir verin!) Aurora,
Koloradodakı premyerasında çəkilənlərin
ruhları bunu təsdiqləyər.
Nənəminki
ciyər xərçəngi idi və yarısını kəsmişdilər.
Həkimlər deyirdi ki, gərək nəfəsalma məşğələləri
etsin, dərindən nəfəs alsın (*burada İngilis dilində
söz oyunu işlədilir mötərizə
açılaraq, "dərinliyə ötəri baş
vursun") ki, ciyərlərinin funksionallığını
artırsın. Bir dəfə ona üç şarı
üfürməyini tapşırmışdılar. Birini
üfürdü. İkincisini də.
Üçüncüsündə arxası üstdə
uzandı və dedi ki, yorulub. Anam dedi ki, "yaxşı da,
ay ana. Axırıncısıdır". Nənəm
başını zorla yastıqdan qaldırdı.
"Mama!" anam çığırdı. "Nəfəsim
çatmır" dedi nənəm. "Burda uzanmaqla
yaxşılaşacağına ümid eləməyin düz
deyil" dedi anam. "Aktiv olmalısan. Ağrısa da, aktiv
olmalısan". Nənəm başını
yırğalayıb etiraz etdi. Bitmişdi bununla bu söhbət.
Amma bir iş var ki, yox, bitməmişdi. Nənəm qalxdı
da, üçüncü şarı üfürdü də,
anamın gözləri sevinclə parıldadı da!
Sonra
dəfələrlə nənəm bunu mənə
danışanda əlavə edirdi ki, "Bilirdim ki, Şəhlaya
ev də versinlər, maşın da, lap milyon da, amma o
üçüncü şar kimi onu sevindirməz bunların
heç biri". Ardından da qayıtdı bir dəfə:
"Çox xoşbəxt qadınam. Sənin ananın
gözlərini görəndə bildim ki, çox xoşbəxt
qadınam".
Az
keçmişdi ki, dünyasını dəyişdi nənəm.
Yaz
Yaz
dözülməz ümiddir, uzaqdakı tüstü cərəyanıdır,
səhər işığında xəfif dəyişiklikdir,
gözəllik gözləntisidir, parıltıdır.
Sevgidir.
Məhz
bu yaz içimdə kəpənəklər uçuşur. O,
hamısından yaxşıdır, el flor de mi secreto
(ispancadan: sirrimin gülü), səhv başlanğıclar
sonrası taleyin sirli göz vurmağıdır yenə,
yaşca bir az kiçikdir, amma çox da kamildir. Uşuaia
haqqında xəyallara dalıram, oranın gölləri və
isti qəhvələri haqqında. Uşuaia dünyanın
sonudur. Hər şeyin başlanğıcıdır.
Anama
bunu bizim mətbəx masasının arxasında oturaraq deyirəm.
Budapeştdəki Chain Bridge körpüsünü keçməmiş
kiçik qəhvə barında deyirəm anama bunu. Big Ben
çayçısında dadlı desertimizi
qaşıqlayanda deyirəm bunu anama. Günəşli
küçələri gəzə-gəzə deyirəm bunu
anama.
Anam
baxır. Gülümsəyir. Anlayır.
"Futbolçuya
oxşayır" deyir anam.
"Bir
həftə qabaq olar, yuxumda o gün böyük ağ
maşın görmüşəm" deyir...
Humay QULİYEVA
İngilis dilindən
tərcümə edən: Türkər Qasımzadə
525-ci qəzet.- 2021.-
28 may. S. 26-27.