Adını
həyat amalına çevirən İnsan
Dəyərli alim və işıqlı
şəxsiyyət Ədalət Tahirzadənin 70 yaşına
Nə
vaxtsa müqəddəs səmavi kitabların birində
oxumuşdum ki, uşaqlarınıza gözəl adlar qoyun, ad
sonralar insanın taleyində mühüm rol oynayır.
Biz
yaşadığımız həyat boyu bunun canlı
şahidi olur, lakin sirrini açmayan dünyada bu da bir sirr
olaraq qalır... Ədalət - insaf, mürüvvət, haqq və
düzgünlük prinsiplərinə riayət və daha
geniş mənada işlədilən müqəddəslik səviyyəsində
insanların sitayiş etdikləri çəkisi ağır,
mənası dəryalardan dərin bir sözdür. Və əgər
bu sözü öz adı kimi gəzdirən insan ona layiq bir
ömür yaşayırsa, adı ilə xarakteri
üst-üstə düşürsə, o, elə
dünyanın da, insanların da naxşıdır! Ələlxüsus
da, bu insan sənin səmimi dostundursa, sən onun timsalında
sifət fərqi ola biləcək elə özünü
görürsənsə, bu da bir naxışdır!
Haqqında
söhbət açacağım İnsanla - filologiya üzrə
fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin professoru
Ədalət Tahirzadə ilə məni büllur kimi təmiz,
prinsipial, ədalət və həqiqət vurğunu,
sayılıb-seçilən milli aydınlarımızdan olan
dostum İsmayıl Sadıqov (Calallı) tanış etdi.
İlk görüşdən ortaboy, sağlam bədənli,
nurani sifətli, az danışıb çox dinləməyə
meyilli, yüksək ədəb-ərkan sahibi kimi diqqətimi
cəlb edən bu İNSANIN hər sözü, kəlməsi
yerli-yerində idi, tərəf-müqabilinə göstərdiyi
diqqət və hörmət də öz yerində... O vaxtdan
keçən dövrdə biz üç dost olaraq
vaxtaşırı görüşür, ən müxtəlif
mövzularda söhbətlər aparır, diskussiya
açırdıq. Bir müddət sonra bizim dostluq çevrəmiz
İsmayıl müəllimin təşəbbüsü ilə
daha iki sayılıb-seçilən
alim-ziyalı-aydınlarımız Əsgər Quliyev və
Zaur İsayevlə genişləndi. "Məclisi-üns"
adlana biləcək bu ziyalı məclisinin ağsaqqalı və
yönləndiricisi isə Ədalət müəllimdir. Deyirlər,
çox adamla dost olmaq olar, amma hər adamla çörək
kəsmək olmaz. Bizim məclislərimiz həm də
duz-çörək məclisidir və bəlkə onun belə
uzunömürlülüyünün bir səbəbi də
bundadır.
Xalq
arasında gəzən məşhur bir deyim var: alim olmaq
asandır, insan olmaq çətin. Gənclik illərimdə
alimlərlə ünsiyyətim olmadığı vaxtlarda bu
deyimin mənasını anlamaqda çətinlik çəkirdim.
Necə ola bilər ki, alimlik dərəcəsinə
çatasan, amma insan (bütöv insan) ola bilməyəsən.
Sonralar insanlıqdan kənar "alimləri", elmdən xəbəri
olmayan (lakin elmli) dəyərli insanları görəndə hər
şeyi dərk etdim. Ədalət müəllimin də, bizim
də, içərisində yaşadığımız cəmiyyətin
də bəxti onda gətirmişdir ki, o, həm müqtədir
alim, həm də böyük, kamil İnsandır,
bütöv şəxsiyyətdir. Və onun bu gözəl
keyfiyyətlərindən hamımız bəhrələnirik.
Onun ədalət dünyasında Zərdüşt peyğəmbərin
"Düz düşünmək, düz danışmaq,
düz yaşamaq" barədə məşhur
üçsütun nəzəriyyəsi mühüm yer tutur.
Ədalət
müəllim ixtisasca dilçi-türkoloq alimdir. Lakin bilik
dairəsi olduqca əhatəli və genişdir.
İstedadın hərtərəfli olması mülahizəsi
onun timsalında da təsdiqini tapır. Pedaqoq,
tarixçi-araşdırmaçı, yazar, publisist... O,
türk dünyasının, o cümlədən, onun möhtəşəm
qolu və sönməyən ocaqlarından sayılan Can Azərbaycanın
tarixi, mədəniyyəti, ədəbiyyatı,
etnoqrafiyası ilə bağlı intensiv araşdırmalar
aparan nadir alimlərdəndir. Bu sırada 2500 ildən artıq
tarixi olan qədim Şəkiyə xüsusi hüsn-rəğbətini
öz dili ilə çatdırırıq: "Mənim Şəkiyə
və şəkililərə özəl sevgim var. Buna səbəb
şəkililərin öz tarixlərinə, görkəmli
şəxsiyyətlərinə sevgi və qayğı ilə
yanaşmasıdır. Onların bu yurdsevərliyi və qədirbilənliyi
uzun illərdir məni də Şəki tarixi ilə
bağlı ciddi araşdırmalar aparmağa həvəsləndirib.
Özlərinin dediyinə görə, Şəkinin tarixi
haqqında ən ciddi kitab mənim "Şəkinin tarixi
qaynaqlarda" əsərimdir. Bundan başqa, mən Şəkinin
mədəniyyət tarixində mühüm rolu olmuş
onlarca şəxsin həyatını araşdıraraq barələrində
ölkəmizdə və xaricdə xeyli elmi məqalə dərc
etdirmişəm. Gördüyüm bu işləri rəhmətlik
müəllimim Bəxtiyar Vahabzadə, mərhum professorlar
Şirməmməd Hüseynov, Qüdrət Əbdülsəlimzadə,
Zəkəriyyə Əlizadə, Şəki aydınları
Hikmət Əbdülhəlimov, Həbibullah Manafov, Murad Nəbibəyov,
Aydın Salis və onlarca başqaları daim
alqışlayaraq məni yeni axtarışlara
ruhlandırıblar. Onların sayəsində mənim Şəki
haqqında yazdığım hər bir əsər mürəkkəbi
qurumadan işıq üzü görüb. Onu da deməliyəm
ki, bu işlərdən əsla maddi qazanc güdməmiş,
indiyədək onlardan bir qəpik belə almamışam,
bundan sonra da almaq niyyətim yoxdur..."
Bir
almanın dəyəri - Hekayə
Qeyd
etdiyim fəaliyyət sahələri öz yerində, o, həm
də mahir fotoqraf, tariximizə dair nadir fotoların
kolleksiyaçısıdır. Kiçik əl
çantasında tarixi anları əbədiləşdirən
sevimli fotoaparatını da mütləq özü ilə gəzdirir.
Bu işdə böyük pedaqoq, yazıçı,
folklorşünas, etnoqraf Rəşid bəy Əfəndizadənin
ənənəsini daha geniş miqyasda davam etdirir. Onun
araşdırmalarında, elmi-publisistik məqalələrində,
sayı-hesabı bilinməyən kitablarında yer
tapmış minlərlə yüksək keyfiyyətli
fotoşəkillərin müəllifi də elə o,
özüdür. Onun bu yüksək peşəkarlığından
dəfələrlə mənə də pay
düşmüşdür. Türkiyə Cümhuriyyətinin
Zəfər gününə həsr edilən və
"Gülüstan" sarayında keçirilən təntənəli
ziyafətə İsmayıl Sadıqov və Ədalət
müəllimlə birlikdə mən də dəvət
almışdım. Ədalət müəllim adəti üzrə
fotoaparatını da gətirmişdi. Bir neçə gün
sonra xəbərim olmadan (buna
"gözlənilməz rakurs" da deyirlər) çəkdiyi
fotonu mənə göndərdi. Həm özümün, həm
də ailə üzvlərimin çox xoşuna gəldi. O,
yüksək peşəkarlıq nümayiş etdirərək
sanki bir sənət əsəri yaratmışdı. Fikrimi
bildirdim, minnətdarlığımı çatdırdım.
Az müddət sonra həmin fotonun böyüdülərək
çərçivəyə alınmış
variantını 70 illik yubileyimlə əlaqədar xidməti
iş kabinetimdə mənə təqdim etdi. Həmin fotonu nəşr
olunmuş kitablarımda və feysbuk səhifəmdə də
paylaşıram.
Onun
diqqət və qayğısını həmişə hiss
etmişik. "Məclisi-üns"də 80 illik yubileyimin mənə
layiq səviyyədə qeyd olunması və sosial şəbəkələrdə
işıqlandırılması da bilavasitə onun təşəbbüsü
və təşkilatçılığı ilə baş
tutmuşdur. Dostumuz Əsgər Quliyevin 60 illik yubileyinə həsr
etdiyi "Təhsilimizin əsgəri" - simvolik və
obrazlı bir sərlövhə ilə mətbuatda dərc
etdirdiyi sanballı və tutarlı məqaləsi ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılandı.
Mübaliğəsiz
deyə bilərəm ki, Ədalət müəllim Türk
dünyasının böyük təəssübkeşi,
vurğunu və bu zaman millətçilikdən uzaq, bəşəri
təfəkkürlü işıqlı
ziyalımızdır. O, millətimizin
tarixinə qızıl hərflərlə yazılmış
Azərbaycan Cümhuriyyətinin ən fəal, dərin
araşdırmaçıları və təbliğ edənlərdəndir.
İllərlə postsovet məkanının arxivlərində
ağır zəhmətə qatlanaraq Cümhuriyyətin tarixi
ilə bağlı qiymətli sənədləri üzə
çıxarıb onlara kitab ömrü - yaşamaq haqqı
verdi. Hörmətli gənc tədqiqatçı Dilqəm
Əhmədlə birlikdə ərsəyə gətirdiyi və
Azərbaycan, İsveç, Danimarka, ingilis və rus dillərində nəşr
edilmiş "Azərbaycan Cümhuriyyəti (1918-1920)"
fundamental kitabı isə bu sahədə ən mükəmməl
araşdırmalardan sayıla bilər. Onun bu çoxillik,
ağır zəhmət tələb edən səmərəli
fəaliyyəti nəzərə alınaraq, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
ilə təltif edildi.
Nəhayət,
dünyanın amansız vaxt axarında, bu günlərdə
- mayın 23-də Ədalət müəllimin 70 yaşı
tamam oldu. Böyük filosof Konfutsi deyirdi ki, qocalıq qəfləti
gəlir: səhər durub görürüsən ki, hər tərəfinə
qar yağıb. Dostluğumuzun 15 ildən artıq davam edən
tarixçəsinə boylanarkən ilk tanışlığımızla
bugünkü Ədalət müəllim arasında ciddi
görünüş fərqi görmürəm: həmin təmkinli
yeriş-duruş, müdriklərə xas olan mənalı
baxış, həsəd aparılası SƏBR, sözün
qədir-qiymətini bilməsi, əzmkarlıq, sanballı
araşdırmaçı-alim ömrü, mütaliə edib
çatdıra bilmədiyimiz yeni-yeni sanballı kitablar, məqalələr...
dərin və məzmunlu yumoru da öz yerində.
Ömrün
yaş təsnifatına görə, 64-74 yaş ahıllıq
çağıdır. Ta uşaqlıq illərimdən
başlayaraq ağsaqqallar yaddaşımda dərin izlər
buraxmış, ruhi-mənəvi dünyamın
formalaşmasında mühüm rol oynamışlar. Bu gün
mən onların arasında özünə layiq yer tutmuş
müdrik ağsaqqal, qəlbən cavan Ədalət müəllimi
də görürəm. Yuxarıda qeyd etdiyim qibtə ediləcək
insani keyfiyyətlərinə onun ömrün
ağsaqqallıq zirvəsini şərəflə fəth etməsini
də əlavə edərdim.
Dahi
L.Tolstoy dini dünyagörüşü olmayan, dinsiz
ağsaqqalları mənəvi şikəst
adlandırırdı. Ədalət müəllim Böyük
Yaradanı - Cənab Haqqı və ölümü daim
yanında hiss edən mənəviyyat adamıdır.
"...Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən
ibadət edən şəxsin isə ixtiyar yaşında belə,
ağlı başında olar, uzun ömür onun qiymətini
və kəramətini Allah yanında daha da artırar"
(Qurani-Kərimin tərcüməsi. səh. 273, ən Nəhl
surəsi, ayə 70). Müqəddəs kitabdan iqtibas etdiyim bu
kəlam sanki Ədalət müəllimin əyninə
biçilmişdir.
Burada
dostumuzun 70 illik yubileyi ilə səsləşən məşhur
Koroğlu Vücudnaməsinin aşağıdakı
misraları yadıma düşdü:
...
Yetmişində qəddi-belin bükülər,
Karvanı
kəsilmiş yola bənzərsən!..
Səksənində
qübar qonar gözünə,
Doxsanında
sinən enər dizinə.
Koroğlu
der, çünki çatdın yüzünə,
Uca
dağ başında kola bənzərsən.
Maşallah,
Ədalət müəllimin nə qəddi - beli
bükülmüş, nə də yolunun karvanı kəsilmişdir.
Ona uca dağ başında kola bənzəməmək şərtilə
ömrün 100 illik səddini sağlam bədən, sağlam
ruhla aşmağı arzulayırıq! Çünki şair
demişkən, "Hər kim yüz il yaşamasa, günah
onun özündədir..."
Nə
qədər qısa yazmağa səy göstərsəm də,
yenə uzun alındı. XVIII əsrdə yaşamış məşhur
fransız filosofu Helvetsi deyirdi ki, tərifə layiq olan
insanları tərifləmək olduqca çətindir.
Çünki onlar xeyirxah, comərd, haqq-ədalətin tərəfində
dayananlardır. Onlar azdır. Lakin bu insanlar dünyanın
naxışı, dayaq sütunlarıdır, dünya
onların çiyinlərində dayanır. Ədalət
müəllim belə nadir insanlardan, yaxşıların
yaxşılarındandır... O, yaşadığı vaxtdan
və yaşından, həyatda tutduğu mövqedən ucada
duran insanlardandır.
Və
sonda... Deyilən söz yadigardır. Bu yadigar sözlər əziz
dostumuz, müəllimlər müəllimi, professor Ədalət
Tahirzadəyə sədaqətli dostları Əsgər
Quliyev, İsmayıl Sadıqov və Zaur İsayevin də
adından onun 70 illik yubileyinə söz ərməğanım,
təbrik çələngimdir!
Hikmət
ƏBDÜLHƏLİMOV
525-ci qəzet.- 2021.-
28 may. S. 25.