Firəngiz Əlizadə ömrünün 74-cü baharı

 

O, Azərbaycan musiqisini dünyaya tanıdan önəmli simalardan biridir. Musiqiyə bütün ruhuyla bağlıdır. Dünya görüşü, ziyalı davranışı onu şəxsiyyət kimi gözümüzdə ucaldan əsas amildir.

Yaradıcılığındakı fəlsəfəni duyub təsirinə düşməmək mümkün deyildir. Həm sənət həmkarı, həm də dinləyici kimi əsərlərini dinlədiyim zaman bu ecazkarlığın sirrini, sehrini özlüyümdə araşdırmağa çalışıram. Onunla geniş ünsiyyətdə olan, mənəvi aləminə yaxından bələd biri olaraq belə nəticəyə gəlirəm ki, tanrıya olan inamı yaradıcılığına təsirsiz ötüşmür. Əsərlərinin hər çalarında bu yansımanı hiss etmək mümkündür. Zəngin musiqisi insanı su kimi duruldur, mənəvi aləminə işıq saçır.

Heç bir şərh, heç bir yazı sözsüz ki, onun yaradıcılığını dolğun şəkildə izah edə bilməz. Haqqında bəhs edəcəyim insan YUNESKO-nun "Sülh artisti" fəxri titullu Xalq artisti, AMEA-nın müxbir üzvü, ABİ sədri Firəngiz xanım Əlizadədir. Adını dünya musiqi tarixinə qəbul etdirməyi bacaran musiqi xadiminin bu gün doğum günüdür. Nə xoş təsadüf ki, bu gün həm də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu təqvim tariximizin şanlı və parlaq əlamətdar hadisələrindəndir. Yeri gəlmişkən qeyd edim ki, Firəngiz xanım vətəninə cani könüldən bağlı insan, xalqının hiss və duyğularını tərənnüm etməyi bacaran əsl bəstəkardır.

Yaradıcı insanlar uzun bir axtarış yolçuluğuna çıxar. Öz mənəvi dünyasına, kainata ruhuyla səyahət edər. Ayın bəyaz tərəfini deyil, qaranlıq üzünü aşkara çıxarmaq istəyər. Firəngiz xanımın əsərləri sanki insanla danışır, dünyaya səslənir. Sənət deyilən anlayış sözsüz ki, hər yaradıcı insanın ürək döyüntüsü, ürək yanğısıdır. Yaradıcılıq ruhu hər kəsə nəsib olan alın yazısı deyil. Sənəti ilə ölməzlik qazanmaq, şöhrət zirvəsinə ucalıb sadəliyini itirməmək isə hər insana xas olan böyüklük deyil. Əməyinin bəhrəsini görmək, zamanında dəyərləndirilmək Tanrının ona bir lütfü olsa gərəkdir. Hər yaradıcı insanın öz sirli dünyası vardır. O sirli dünyanın açarı isə dərk edilməkdən ibarətdir. Nə xoş ki, Firəngiz Əlizadə özündən əsrlər sonra kəşf edilən bəstəkarlardan deyil, məhz həyatda ikən sevildiyinin zövqünü ala bilən və ən əsası özünü dünyada təsdiqləmiş görkəmli bəstəkardır.

 Onun yaradıcılığı dünya miqyasında şöhrətli musiqi xadimləri tərəfindən yüksək dəyərləndirilib. Əsərləri ilk dinlənilən andan diqqəti cəlb edir, bənzərsiz üslubuyla seçilir. Tükənməz enerjisi, zəhmətkeşliyi, yaşadığı mənalı ömür, yaratdığı əvəzsiz sənət inciləri onun adını ucalara qaldırır. Ən əsası isə gördüyü işlərin sonunda aldığı zövq sanki hədiyyə kimi bütün yorğunluğunu yoxa çıxardır.

 Səlahiyyətindən düzgün şəkildə istifadə edərək istedadlı, elmli gəclərin inkişafı üçün bacardığını əsirgəməyən şəxsiyyətdir. Gənclərə öz potensialını göstərmək üçün yetərincə geniş imkanlar yaradır. Firəngiz xanımın yüksək amallarla yaşadığı ləyaqətli ömrü, ali davranışı olduqca təqdirəlayiqdir. Əzəmətli bəstəkarlığı dərin duyğu və təfəkkür, yüksək istedad göstəricisidir. Yaradıcılığı barədə saysız-hesabsız tədqiqatlar aparılsa belə, onun istedadının sirri çözülməzdir.

Bəşəri duyğularla yaşayan, bənzərsiz, heyrətamiz bəstəkar Firəngiz Əlizadə müdrik müəllimlərinin, müdrik davamçısıdır. Rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqı bir məktəbdir, dayaqdır, yaradıcı insanların sığındığı, isindiyi, ocaqdır. Şübhəsiz ki, əsərləri dünya musiqi tarixinə əbədi həkk ediləcəkdir. Çünki Firəngiz Əlizadə yalnız öz dövrünün deyil, bütün dövrlərin bəstəkarı olmağı, əsrlər öncəni qabaqlamağı bacarmaqdadır. Könlü də musiqisi kimi ucadır. Hörmətli sədrimizi Bəstəkarlar İttifaqının əməkdaşları və üzvləri adından dünyaya gəlişi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, şərəf dolu uzun ömür diləyirik. Həyata bəxş edilməyinə vəsilə olan, onu düzgün yetişdirən valideynlərini rəhmətlə, sayğıyla, minnətdarlıqla anırıq. Ömür-gün yoldaşı, övladı və nəvələriylə birlikdə yüz yaşının təbriklərini eşitməyi arzulayırıq.

 

Aysel KƏRİM

Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü

525-ci qəzet.- 2021.- 28 may. S. 24.