Uşaq
dünyasından mənzərələr
MƏRDAN MÜƏLLİM VƏ
ƏDƏBİYYAT DƏRSİ
9-cu
sinifdə oxuyurdum. Mərdan adlı müəllimimiz bizə ədəbiyyatdan
dərs deyirdi. Onun həzin səsi, təbii, gözəl
danışığı, maraqlı fikirləri, hadisələrə
komik münasibəti bu gün də yadımdadır.
Ayağından əməliyyat olunduğu üçün
yeriyəndə axsayırdı. Amma onu bütün müəllimlərimdən
çox sevirdim. Görünür, bu, uşaqlıqdan ədəbiyyat
dərsinə olan xüsusi marağımdan irəli gəlirdi.
Mərdan müəllimin söylədiyi şeir
parçaları onun xoş səsində könül
oxşayırdı...
Bir
gün məktəbimizə Təhsil Şöbəsindən
nümayəndələr gəldilər. Onlar elə Mərdan
müəllimin dərsində sinifimizə daxil oldular və
bizə suallar verməyə başladılar. Mən bir
neçə suala cavab verdim. Sualın biri ədəbiyyatın
izahı ilə bağlı idi. Ədəbiyyatın tərifi,
məqsədi və məramının nədən ibarət
olduğu haqda danışdım. Müəllimlər
cavablardan məmnun qalmışdılar. Onlar gülümsəyərək
sinifdən çıxdılar. Mərdan müəllim sinifə
göz gəzdirib dedi:
- Deməli,
sinifdə bircə şagird varmış...
O
gündən Mərdan müəllimin əziz şagirdi
olduğumu hiss etdikcə fərəhləndim. Ədəbiyyatı
bütün dərslərdən özümə daha doğma
hesab edirdim.
İllər
sonra özüm də müəllim oldum, həm də ədəbiyyat
müəllimi.
Mən
də çalışırdım Mərdan müəllim
kimi şagirdlərimə dərsləri daha maraqlı şəkildə
izah edim. Ədəbiyyatın həyatı əks etdirən bəzi
məqamlarından, elə həyatın özündən də,
onlara danışım. Yəni şagird sadəcə
şeiri əzbərləməsin, həm də onu anlasın,
duysun...
Amma
bəzən hiss edirsən ki, kimlərsə ədəbiyyat dərsinə
bir az soyuq, adi bir dərs kimi yanaşır. Ədəbiyyatı
elmdən uzaq sayanlar da olur. Düşünürəm, bəlkə
günah müəllimlərdədir ki, ədəbiyyatı
yetərincə uşaqlara çatdırmır. Bəlkə
günah dərslik müəlliflərindədir ki, bəzi dərsliklərə
yazılan "Giriş"dən belə nəinki uşaq,
heç böyük də bir məna çıxara bilmir...
Ədəbiyyat
məktəbyaşlı uşağı müəyyən mənada
tərbiyələndirir, onun kiçik qəlbinə
naxış salır, arzularına qanad taxır. Bütün
bunlara görə ədəbiyyat dərsliyi mövzu rəngarəngliyi
ilə zəngin olmalıdır. Bu dərslik o qədər
maraqlı olmalıdır ki, kiçik oxucunu özünə
cəlb edə bilsin. Uşaq ədəbiyyatı bir sütun,
bünövrə kimi böyük əhəmiyyət
daşıyır. Odur ki, dərslik üçün əsərlərin
doğru seçimi olduqca vacibdir.
YAĞIŞ, GÜNƏŞ
VƏ GÖYQURŞAĞI
Narın
yağış yağırdı. Birdən günəş
parladı. Günəş elə bir biçimdə və elə
rəngdə çıxmışdı ki, hələ
ömründə onu bu qədər gözəl görməmişdi.
Bu sarı rəngin başqa bir çaları idi. Günəş
sanki sapsarı nur içində gülümsəyirdi. Sonra
göy üzünün başqa bir tərəfində
göyqurşağını gördü.
Göyqurşağı da şəkillərdə
gördüyü, filmlərdə seyr etdiyi kimi deyildi. Rənglər
sanki bir-birinə işıq salaraq birləşib fərqli bir
göyqurşağına çevrilmişdi... Gözlərini
açdı, gördüklərinin yuxu olduğunu anladı.
Ramazan ayında, cümə günü çox gözəl
yuxu görmüşdü. Sevincdən gözləri
yaşardı. Dünən dönə-dönə söylədiyi
- "Biz Allaha məxsusuq və Ona dönəcəyik!"
sözlərini təkrarladı.
Yuxusunu
heç kəslə paylaşmaq istəmirdi. Elə bilirdi,
sevinci azalar. Necə xoşbəxt idisə, indi ona
dünyanı versəydin, yuxusunu dəyişməzdi...
Dünənki gününü xatırladı. Dünən
imkansız bir qadını sevindirmişdi. Sonra çörək,
qoğal bişirib qonşu uşaqlarına
paylamışdı. Həmişə özündən
böyük paltarların içində itən balaca Yunusa da
şalvar-köynək almışdı.
Düşündü ki, dünən keçmişdə
qaldı. Odur ki, bu gün nə edəcəyini
götür-qoy etməyə başladı. Evlərindən
xeyli uzaqda yaşayan xəstə, köməksiz qocanı
yadına saldı. Bu gün ilk işi ona baş çəkmək
olacaqdı. Sonra yenə özünə bir iş tapacaq
yaxın-uzaq demədən kiminsə yardımına
qoşacaqdı. O, belə doğulmuşdu, istəsə də,
dəyişə bilməzdi. Çünki ona çox əziyyət
vermişdilər. Bunların çoxunu unutsa da, ürək
sındırmağın necə günah və bəd əməl
olduğunu yaxşı bilirdi. Odur ki, ömrünün sonuna qədər
xeyir işlər görməyi, könül sevindirməyi
qarşısına məqsəd qoymuşdu...
ƏLLƏRİN NAĞILI
Biri
vardı, biri yoxdu, Lalə adında qəşəng bir
qız vardı. Lalə həmişə əllərini əzizləyərdi.
Ona su verən, çörək kəsən, oyun oynayan, rəqs
edən əllərinə bir möcüzə kimi
baxırdı. Bir gün o, həmişə mehriban olan, birgə
çalışan əllərinin mübahisəsini
eşitdi. Lalə buna çox təəccübləndi.
Düşündü ki, kimsə onları yoldan
çıxarıb. Yoxsa əllər heç vaxt mübahisə
etməzdilər.
Sağ
əl sol ələ deyirdi:
- Sən
çox zəifsən. Mənsiz bir işin öhdəsindən
gələ bilməzsən. Mən səndən güclüyəm,
güclü...
Sol əl
incimiş halda ona cavab verdi:
- Sən
də mənsiz bir işə yaramazsan. İstəyirsən Lalədən
soruş...
Lalə
o anda dilləndi:
- Mənim
əziz əllərim, gözəl əllərim, deyin
görüm sizə nə olub ki, mübahisə edirsiniz?
Sol əl
dilləndi:
- O,
məni bəyənmir, zəif olduğumu söyəyir...
- Sən
ona inandınmı?
-
İnanmasam da, incidim, axı mən onu çox sevirdim.
Sağ
əl qızardı, o an özünü tənha hiss etməyə
başladı. Barmaqlarını aşağı saldı. Lalə
iki əlini birləşdirdi və onlara sığal çəkdi.
Əllər kövrəldi və bir-birinə möhkəm
sarıldı.
Lalə
artıq söz deyib sağ əli incitmək istəmədi,
onsuz da o, səhvini anlamışdı. İndi bu atalar
sözünü ona xatırlatmaq qalırdı:
-
Dostlar, bilin ki, tək əldən səs çıxmaz. Siz
birlikdə daha güclüsünüz!
ƏN GÖZƏL
HƏDİYYƏ
Bu
gün Hünərin doğum günü idi. Bütün
doğmaları, qohumları və dostları onu təbrik etməyə
gəlmişdilər. Evdə hədiyyədən,
gül-çiçəkdən, bəzəkli konfet
qutularından yer yox idi... Şənlikdən sonra Hünəri
daha bir sürpriz gözləyirdi. Anası həmin gün, elə
oğlunun ad günündə heç gözləmədiyi
bir yerdən toplanı tapmışdı. Toplan Hünərin ən
sevimli oyuncağı idi. Çoxdandı onu itirmiş, nə
qədər axtarsa da, tapa bilməmişdi.
Budur,
artıq sürpriz vaxtı gəlib çatdı. Ana
toplanı gətirib stolun üstünə qoydu, sonra
üzü o tərəfə olan oğlunu səslədi.
-
Hünər, oğlum, bir bura bax,
gör sənin doğum gününə kim gəlib?
Hünər
geri dönəndə gözlərinə inanmadı. Toplan onun
əziz günündə geri qayıtmışdı. Onun vəfalı
toplanı doğum gününə gəlmişdi...
O
gün Hünərin ən unudulmaz doğum günü kimi
yadında qaldı. Toplan ona bağışlanan hədiyyələrin
ən yaxşısı idi...
Mina RƏŞİD
525-ci qəzet.- 2021.-
28 may. S. 24.