Pakistan
ədəbiyyatının Azərbaycanda ilk əhatəli nəşri
“Dünya ədəbiyyatı”
jurnalının yeni sayı bütövlükdə Pakistan ədəbiyyatına
həsr edilib
AYB Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan “Dünya ədəbiyyatı”
jurnalının yeni sayı
– 2021-ci ildə ilk buraxılışı –
işıq üzü görüb. Bu barədə məlumat
verən baş redaktor Seyfəddin Hüseynli bildirib ki,
jurnalın “Pakistan” sayı zəngin və çoxdilli Pakistan
ədəbiyyatının Azərbaycanda ilk geniş və
sistemli təqdimatı kimi əlamətdardır.
Seyfəddin
Hüseynlinin sözlərinə görə, 220 səhifəlik
nəşrdə Pakistan ədəbiyyatı tarixində
xüsusi yeri olan 44 ədibin yaradıcılığından
nümunələr təqdim edilib. Baş redaktor deyib ki, bu nəşrdə
Pakistan nəsri və poeziyası bərabər sayda imzayla təmsil
olunur: “Pakistanın və ümumən islam dünyasının
böyük mütəfəkkiri Əllamə Məhəmməd
İqbal, şəxsiyyətinin miqyası,
yaradıcılığının mənəvi-tarixi müstəsnalığı
nəzərə alınaraq, həm proza, həm də poeziya
bölümündə ilk imza kimi öz yerini tutub”.
S.Hüseynlinin
fikrincə, bu nəşrin əhəmiyyəti təkcə Pakistan
ədəbiyyatının tarixini, dəyərli
imzalarını və onların
yaradıcılığını Azərbaycan ədəbi
mühitinə təqdim edib tanıtmaqla məhdudlaşmır:
“Dünya ədəbiyyatı”nın “Pakistan” sayı Azərbaycan
Respublikası ilə Pakistan İslam Respublikası arasında
dostluq və qardaşlıq münasibətlərinin, xüsusən
ədəbi-mədəni əlaqələrimizin son dərəcə
maraqlı tarixini izləmək, öyrənmək
baxımından da kifayət qədər zəngin mənbə
sayıla bilər. Başqa bir tərəfdən isə,
bilirik ki, Pakistan dövləti son 30 ildə, xüsusən 44
günlük Vətən müharibəsi zamanı Azərbaycana,
xalqımızın haqq işinə açıq və
davamlı mənəvi-siyasi dəstək vermək kimi
çox cəsarətli, nəcib mövqe nümayiş
etdirib. Doğrusu, “Dünya ədəbiyyatı”nın
“Pakistan” sayını həm də bu dəstəyə görə,
öz tərəfimizdən, kiçik bir təşəkkür
ifadəsi, minnətdarlıq jesti kimi də
düşünüb hazırlamışıq”.
Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
sədri şair Səlim Babullaoğlu Azərbaycanda Pakistan ədəbiyyatının
belə əhatəli miqyasda tərcüməsi və nəşrini
hər iki ölkənin mədəni həyatı, ədəbi
mühiti üçün çox sevindirici hadisə
adlandırıb. Azərbaycanla
Pakistanı digər bir sıra sahələr üzrə
sıx tellərin, əməkdaşlıq əlaqələrinin
bağladığını deyən Səlim Babullaoğlu bu
bağlılığın mədəni-ədəbi sferada da
güclənməsinin vacibliyini qeyd edib. Mərkəz sədrinin
qənaətinə görə, “Dünya ədəbiyyatı”nın
“Pakistan” sayı bu istiqamətdə ortaya qoyulan kifayət qədər
layiqli işdir.
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin
deputatı İsa Həbibbəyli də jurnaldakı “Azərbaycan-Pakistan
ədəbi-mədəni əlaqələri: tarixi ənənələr,
müasir inkişaf və perspektivlər” adlı əhatəli
giriş məqaləsində məhz bu məqamı
vurğulayır. Akademik yazır ki, “Dünya ədəbiyyatı”
jurnalının bu sayı ölkəmizdə dost və
qardaş Pakistanın ədəbiyyatını geniş oxucu
auditoriyasına təqdim edən mənalı və əhəmiyyətli
bir ədəbiyyat platformasıdır: “Bu, Azərbaycan ədəbi-ictimai
mühitində Pakistan ədəbiyyatına həsr olunmuş
ilk toplu kimi də əhəmiyyətlidir. “Dünya ədəbiyyatı”
jurnalının “Pakistan” sayı Azərbaycan oxucusuna
ünvanlanmış qiymətli bir Pakistan ədəbiyyatı
ərməğanıdır. Bu, Azərbaycanda Pakistan ədəbiyyatının
görkəmli yaradıcıları və əsas ədəbi
simaları ilə küll halında yaxından tanış
olmağa imkan yaradan ilk zəngin ədəbiyyat toplusudur”.
Akademik
İsa Həbibbəyli hesab edir ki, “Dünya ədəbiyyatı”
jurnalının “Pakistan” sayı Azərbaycan-Pakistan ədəbi
əlaqələrinin artıq yeni tarixi mərhələyə
qədəm qoyduğunu göstərir və bu nəşr
qardaş ölkənin ədəbiyyatının Azərbaycanda
tədqiqi üçün hələlik ən mötəbər
mənbədir.
Jurnalda
Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, fəxri
professor Məhəmməd Yusuf Xuşkun “Pakistan ədəbiyyatının
tarixinə yığcam baxış” sərlövhəli
icmal-məqaləsinə də yer verilib.
“Dünya
ədəbiyyatı”nın “Pakistan” sayının
hazırlanmasında fəal və fədakar məsləhətçi
kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi
işlər üzrə direktor müavini, tarix elmləri
doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri
Eynulla Mədətli xüsusi rol oynayıb. Eyni zamanda, Eynulla Mədətlinin
nəşrdəki “Azərbaycan-Pakistan əlaqələrinin
tarixinə bir nəzər” məqaləsi olduqca mühüm
faktlar, dəyərli məlumatlar və mülahizələr
qaynağı kimi diqqət çəkir.
Tanınmış
tədqiqatçı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan-Asiya ədəbi əlaqələri”
şöbəsinin baş elmi işçisi, filologiya elmləri
doktoru Bəsirə Əzizəlinin də bu nəşrin ərsəyə
gəlməsində özünəməxsus xidməti var.
Onun “Məhəmməd
İqbal: müsəlman Şərqinin haqq səsi” və
“Sultan Bahunun yaradıcılığında Mövlana Cəlaləddin
Rumi təsirinin izləri” adlı iki məqaləsi “Pakistan”
sayının sanbalını artıran elmi
yaradıcılıq nümunələridir.
Qardaş
dövlətə və xalqa ehtiram nişanəsi olaraq, nəşrdəki
bədii materialların sırası Pakistanın Milli Himninin -
“Qövmi Təranə”nin şair Hafiz Calandəriyə məxsus
mətninin orijinalı, transliterasiyası və tərcüməsi
ilə başlanır.
“Proza”
bölümündə Məhəmməd İqbalın “Mistik
təcrübənin əsas xüsusiyyətləri” essesinin
ardınca Sədat Həsən Mantonun “Qorxaq”, Əhməd
Nadim Qasminin “Fəryad”, Şer Məhəmməd Mərrinin “Dəli”,
Cəmaləddin Abronun “Pirani”, Məhəmməd Nəvaz
Tairin “Kimdir müqəssir?”, Murad Sahirin “Başçı”,
Şövkət Siddiqinin “Qaraltı”, Xədicə Məsturun
“Adaxlıya vida”, Banu Qüdsiyənin “Gerçəyin min bir
üzü”, Cəmilə Haşminin “Doğma torpaq”,
Rifatın “Zahid”, Raziyə Fasih Əhmədin “Kağız –
puldur”, Ənvər Səccadın “Zövq
bağçası”, Məsud Müftinin “Rahibə”, Məsud
Əşarın “Ağaclar və qapılar”, Raşid
Əmcadın “Rəsmdəki detallar”, Zahidə Hinanın
“Olum, ya ölüm”, Qələndər Momandın “Qajra”, Fərxəndə
Lodhinin “Yazıq”, Dur Məhəmməd Kasinin “Caqqal”, Pərvin
Malikin “Kim olduğumu bilmirəm”, Yasmin Mərrinin “Mavi
qızılgülün zəhəri” hekayəsinin tərcüməsi
verilib.
“Poeziya”
bölümündə Məhəmməd İqbal, Faiz Əhməd
Faiz, Habba Xatun, Coş Məlihabadi, Şeyx Ayaz, Məcid
Əmcad, Əxtər Hüseyn Cəəfri, Əmir Həmzə
Xan Şinvari, Nasir Kazmi, Munir Niyazi, Əhməd Fəraz, Vəzir
Ağa, Həbib Calib, Əbdül Qəni Xan, Fəxar Zaman,
Layiq Babri, Fəhmidə Riyaz, Zəfər İqbal, Zəhra
Nigah, Pərvin Şakir və Ənis Nağının
şeirlərinin tərcüməsi təqdim olunub.
S.Hüseynli
Azərbaycanın tanınmış ədəbiyyat
adamları, tərcümə sənətimizin çox dəyərli
nümayəndələri olan professor Cavanşir Yusiflinin,
şair Səlim Babullaoğlunun, yazıçı Kamran Nəzirlinin,
şair Qismətin, tərcüməçi İlahə
Əkbərin jurnalın “Pakistan” sayındakı misilsiz əməyini
minnətdarlıqla qeyd edib. Baş redaktor istedadlı gənclərdən
Sona Səlimli, Günay Rəsulova və Qorxmaz Səfərovun
da bu saydakı bir sıra mətnlərin tərcüməsi
üçün şövq və qabiliyyətlə
çalışdıqlarını bildirib. Onun sözlərinə
görə, dizayner Emil Camalov, korrektor Gülzar Vaqifqızı
da “Dünya ədəbiyyatı”nın “Pakistan” sayından
ötrü ciddi zəhmət sərf ediblər.
Nəşrin
son səhifələri bu sayda əsərləri yer alan
Pakistan ədiblərinin həyat və
yaradıcılığına dair məlumatlar
üçün ayrılıb.
Bu
sayın hazırlanmasında görkəmli Pakistan ədibi və
alimi Fəxar Zamanın tərtib etdiyi “Pakistani literature” (1995.
№ 1) antologiyasından istifadə olunub.
Dərginin
ön qapağında müasir Pakistan təsviri incəsənətinin
tanınmış nümayəndəsi Əzim İqbalın
maraqlı bir əsəri verilib. Arxa qapaqdakı fotoda
dünyanın ən böyük ibadət məkanlarından
biri, Pakistanın paytaxtı İslamabadda türkiyəli memar
Vedat Dalokayın layihəsi üzrə inşa edilmiş
Şah Feysəl Məscidi öz əksini tapıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
28 may. S. 14.