Dilçilik elmimizin ustad nümayəndəsi
Deyirlər,
insanın adı ilə onun taleyi üst-üstə
düşür. Bəzi insanların adları ilə talelərinə baxdıqda bir anlıq bunun həqiqətən belə
olduğunu düşünürsən. Belə unikal
hallardan biri də Əbülfəz Rəcəbliyə aiddir.
İlk baxışda
çox sərt xarakterli bir insan təəssüratı
bağışlayan Əbülfəz
müəllimi yaxından
tanıdıqca onun necə tələbkar, amma bir o qədər
də mülayim bir insan olduğunu
anlayırsan. Bu tələbkarlıq
isə ilk növbədə
Əbülfəz müəllimin
özünə qarşı
hiss olunur. Son illər yazdığı
onlarla monoqrafiyaya baxdıqda onun özünə qarşı
necə tələbkar
olduğuna bir daha şahidlik edirsən. Dilçiliyin ən müxtəlif
və ən çətin sahələrinə
həsr olunmuş bu monoqrafiyaları nəzərdən keçirdikcə
Əbülfəz müəllimdə
elmə yeni gələn enerjili bir gənc ruhu
olduğu duyulur.
1967-ci ildən bu
günə qədər
ömrünün 55 ilə
yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasına həsr edib və bu
zaman kəsiyində
50-dən artıq monoqrafiya,
200-dən artıq elmi
məqalə yazıb. Bu isə
ilə bir monoqrafiyadan artıq deməkdir və bəlkə də dünya elm tarixinə,
"Ginnesin rekordlar kitabı"na düşə biləcək
fenomenal bir hadisədir.
Əbülfəz müəllim müxtəlif
dillərdə və müxtəlif dillərə
aid əsərlərin müəllifidir. Məlumdur ki,
ikidillilik əksər
hallarda birtərəfli
olur, yəni dillərdən biri dominantlıq qazanır.
Lakin Əbülfəz müəllimdə
bu, belə deyil. O, həm də bildiyi dillərdə monoqrafiya yaza biləcək qədər sərbəst
danışa və yaza bilir. Bu isə dünyada çox nadir hallarda rast gəlinən hadisələrdəndir. Əminik ki,
onun yaradıcılığı
gələcəkdə ayrıca
tədqiqat mövzusu olacaq və bir fenomen kimi
onun dilçilik fəaliyyəti öyrəniləcək.
Necə ki, onun öz rəhbərliyi
ilə Azərbaycan dilçilərinə artıq
bir neçə elmi iş həsr
olunub, özü isə "Azərbaycan dilçiliyi" adlı iri həcmli monoqrafiya hazırlayıb.
Professor Əbülfəz Rəcəbli hər şeydən əvvəl türkoloq alimdir. Çünki alimin həm namizədlik, həm də doktorluq dissertasiyası qədim türk yazılı abidələrinin tədqiqinə
həsr olunub. Bu
tədqiqatdan sonra da onun "Göytürk
dilinin fonetikası",
"Göytürk dilinin
leksikası", "Göytürk
dilinin morfologiyası"
və "Göytürk
dilinin sintaksisi" adlı fundamental monoqrafiyaları
çap edilib. Bu monoqrafiyalarla yanaşı,
Əbülfəz müəllimin
"Orxon-Yenisey abidələri
dilində feilyaratma",
"Orxon-Yenisey abidələrində
feilin məna növləri", "Orxon-Yenisey
abidələri dilində
feilin tərzləri"
və digər əsərləri də onun türkologiya sahəsində yazdığı
fundamental monoqrafiyalardır.
Bütün bunlarla yanaşı,
Əbülfəz Rəcəbli
Azərbaycan dilçiliyi
tarixində bəlkə
də daha çox nəzəri dilçiliyin görkəmli
nümayəndəsi kimi
qalacaq, çünki ömrünün son 55 ilinə
yaxın bir dövrünü Bakı Dövlət Universitetinin
"Ümumi dilçilik"
kafedrasında elmi və pedaqoji fəaliyyətdə keçirib.
Alim bu sahədə "Dilçilik
tarixi" kitabı ilə yanaşı, dünya dilçiliyinin təməl prinsiplərini
müəyyənləşdirən alimlər barədə ayrıca monoqrafiyalar da yazıb. Onun "Ferdinand de Sössürün dilçilik
görüşləri", "Vilhelm fon Humboldt - ümumi dilçiliyin banisi kimi", "Uilyam Duayt Uitni
- linqvist kimi" adlı irihəcmli monoqrafiyaları bu qəbildəndir. Alim
eyni zamanda, Vilhelm fon
Humboldtun "Bəşər
dilləri quruluşunun
müxtəlifliyi və
bunun bəşəriyyətin
mənəvi inkişafında
rolu" əsərini
də dilimizə tərcümə edib.
Ə.Rəcəblinin müasir dilçiliyin əsas cərəyanlarına həsr
edilən "Struktur dilçilik", "Sosiolinqvistika",
"London struktur dilçilik
məktəbi", "Deskriptiv
dilçilikdə fonologiya
və qrammatika problemləri" və
"Dilin struktur səviyyələri" adlı
əsərləri dilçilyimiz
üçün hadisə
sayıla biləcək
elmi işlərdir.
Onun dilçiliyin
müxtəlif sahələrinə
həsr etdiyi monoqrafiyalar da maraq doğurur. Alimin
"Tipoloji dilçilik",
"Universalilər dilçiliyi"
və "İnterferensiya"
adlı monoqrafiyaları
müasir dilçiliyin
əsas problemlərinə,
"Dil, şüur, cəmiyyət, tarix",
"Nəzəri dilçilik"
və"Dilçilik metodları"
adlı monoqrafiyaları
isə dilin nəzəri problemlərinə
həsr edilib.
Alimin "Ulu
türklər" kitabı
türk xalqlarının,
"Uyğurlar" isə
uyğur xalqının
tarixini araşdırmaq
baxımından əvəzsiz
mənbə hesab olunur. "Frankodan sonra İspaniyanın xarici siyasəti" kitabında ispan hökumətinin 1975-1985-ci illər
arasında xarici siyasəti təhlil edilir. "S.Vurğunun
"Komsomol poeması"nın
ilkin variantı" kitabında və "M.F.Axundovun dramaturgiyası",
"M.F.Axundovun fəlsəfi
görüşləri", "Böyük gülüş
ustası" və sair məqalələrində
Azərbaycan ədəbiyyatı
məsələləri, T.Drayzer
və onun "Amerika faciəsi" romanı" kitabı və "Amerikanın mütərəqqi yazıçısı",
"Madam Bovari"nin müəllifi"
adlı məqalələrində
xarici ölkə ədəbiyyatı məsələləri,
"Linqvistik ölkəşünaslığın
əsasları" kitabı
və "İngilis dilində önlüklərin
omonimliyi", "Müasir
ingilis dili önlükləri haqqında
bəzi qeydlər"
məqalələrində isə
ingilis dili, o cümlədən, ingilisdilli
ölkəşünaslıq məsələləri təhlil
edilir.
Alimin
"Məktəblinin talışca
- azərbaycanca lüğəti",
"Talış dilinin
orfoqrafiya lüğəti",
"Talışlar və
talış dili",
"Talış dilinin
fonetikası" və
Ə.Əliyevlə birgə
yazdığı IV siniflər
üçün "Talış
dili" dərslikləri
vardır.
Bu günlərdə 85 yaşı
tamam olan professor Əbülfəz Rəcəbli,
heç şübhəsiz,
öz adını Azərbaycan elm tarixinə
qızıl hərflərlə
yazdırmış görkəmli
alim, böyük ustad və ən
əsası, tələbələrinin
xatirələrində daim
yaşayacaq əziz müəllim, gözəl
ailə başçısıdır.
Professor Əbülfəz Rəcəblini bu yubiley münasibəti ilə təbrik edir, ona cansağlığı
və uzun ömür arzulayırıq.
Rasim HEYDƏROV
Filologiya üzrə fəlsəfə
doktoru, dosen
525-ci qəzet.- 2021.- 6 may.- S.12.