İşıq əlifbası ilə yazan
nurlu adam
Oxuya-oxuya
yaza-yaza
İşıq
əlifbası öyrədirəm
barmaqlarıma.
Xoş
gördük, gözlərim,
xoş
gördük!
Mən də
oxuculara, bir də sənə "xoş gördük!"
deyirəm, Fikrət! Elə hamımıza
doğma olan fakültəmizdə zəng vurulub, tənəffüsə
çıxanda səni görən kimi "Salam, Fikrət!"
söyləməyim düşdü yadıma. Hər tələbəni səsindən
tanıyardın. Ona görə dərhal
salamımı alıb, "Necəsən? Aybəniz?" - deyə
kefimi soruşardın. Mən də
şıltaq-şıltaq "Afərin, bu dəfə də
yanılmadın!" - deyib, gülə-gülə
uzaqlaşardım. Axı, səninlə söhbət
etmək, yeni şeirlərini, poetik misralarını dinləmək
istəyən çox olardı.
Ömrümün
on doqquzuncu
payızı düşmüşdü,
Gecələr
uzunu şeir şəkilləri çəkərdim
Şairliyim
olmasa da...
Deyirsən...
"şairliyim olmasa da..." Bəs
şairliyi olmayan kəs -
Üz-üzə,
göz-gözə gələrdi hər gün
qulaqlarımda səsin.
Səsin
qulaqlarıma
qəlbinin nağılını pıçıldayardı.
İndi
biganə-biganə soyuyub səsin,
salamsız-kəlamsız batıbdı səsin
Salamsız
işıqdan qalıb
səsinə dikilən qulaqlarım.
Uça
bilmirəm hənirin gələn səmtə,
yüyürə bilmirəm səsinin üstünə,
Səsinə qulaqlarım qurban?
qəlbinin nağılına ürəyim qurban -
kimi
poetik misraları söyləyə bilərdimi?!
...Tale ona
nurlu, yanar bir ürək vermişdi - işığı,
istisi onun üçün günəşi əvəz eləyirdi.
Tale Fikrətin ürəyinə nəğmə
toxumu səpmişdi. Həyatda
arxalandığı, güc aldığı, qürrələndiyi
bu toxumun cücərtiləri idi.
Gecələr
ömrünə doğan günlərin
əli
qayğıdansa, gözü haqdansa
Səsin
ucalanda səslər içindən
Kimin
hünəri var, başından basa!
İşıqlı misralarına aludə olub xatirələrin
ağuşuna düşdüm deyə tanımayanlara
tanıtmağı, tanıyanlara xatırlatmağı unutdum
Fikrəti. 1955-ci ildə Borçalıda doğulmuşdu.
2 yaşında gözlərinin
işığını itirmişdi. Bakıda
Respublika Kor uşaqlar üçün internat məktəbində
təhsil almışdı. Mən onu
universitet illərindən tanıyırdım. Adətən,
1977-82-ci illər arasında təhsil alan tələbə
yoldaşlarımız haqda belə tanışlıq veririk:
"Mən filan kursda oxuyanda filankəs filan kursda oxuyurdu".
Mən də birinci kursda oxuyanda Fikrət
artıq III kurs tələbəsi idi. Fakültəmiz
şəhərin mərkəzində balaca bir binada yerləşdiyindən
I kursdan V kursadək hamı bir-birini tanıyardı. Ona görə də lap indinin özündə də
həmin illərin məzunları ilə rastlaşanda bir
qrupun tələbə yoldaşları kimi
görüşürük. Və həmin
tələbə yoldaşları ilə Fikrəti sevənlər
illər öncə onun "Təsəlli" adlı bir
kitabını çap etdirdilər. Bu
kitabı görmək ona nəsib olmadı. Onsuz da
sağlığında da... Yox, bu sözü
deməyə dilim gəlməyəcək. Fikrət hər şeyi görürdü, hər
şeyi duyurdu qəlbinin işığıyla.
Üzü
bəri gələn gün,
işığından yarıyan ölüm.
Səndən
bircə tel alıb
obama
yeriyən olum.
Əlimdə
telini görüb
babam
ürək pasını kürüyən olsun.
Çıxdığım
ağ günə alxış söyləyib
anamın
gözləri kiriyən olsun
Dan
üzü işığından
dilinə
umudluyam,
telinə
umudluyam
Üzü
bəri gələn gün
dərdi-qəmi dələn gün.
Kitabın
tərtibçisi və redaktoru rəhmətlik Məmməd
Nazim yazırdı: "Mən istəmirəm ki, Fikrəti
tanımayan oxucunun ürəyində bu kitabla
tanışlıqdan sonra, azacıq da olsa, acımaq hissi
baş qaldırsın. Yox, Fikrət yazıq gəlməli
oğul deyildi. Fikrət güclü adam
idi və ünsiyyətdə olduğu adamlardan kiminsə ona
acıdığını hiss eləyəndə daxilində
bir təlatüm yaranırdı. Qədim
Borçalının Aslan ağa ocağının qanına,
iliyinə hopmuş qüdrəti ona ləyaqətini və
qürurunu hər şeydən uca tutmağa, minnətsiz
yaşamağa təpər verirdi. Fikrət taleyindən
razı ola bilməzdi, amma gileyli də
deyildi. Dünya günəş
işığını ondan əsirgəmişdi, amma o,
ürəyinin işığını dünyadan əsirgəmirdi.
Əgər müqayisə lazımdırsa, Fikrət
xaraktercə melodram qəhrəmanı yox, faciə qəhrəmanı
idi, taleyi, qisməti ilə barışmayan, dünyasına
sığmayan, ürəyinin lap dərinliyində
haçansa bir möcüzə gözləyən bir insan idi.
"Mən sizin çölünüzü
görmüşəm, siz mənim içimi" deyirdi.
Amma əslində
beləydimi, bəs şeirləri onun iç
dünyasından xəbər vermirdimi?
Səslərdən
qulağıma dəyən zərbələrin
biri səndən
yan keçibmi, ürəyimin içi?
...Böhtanlı
sözlərin,
qansız
sözlərin
Sənə
vurduğu yaralar
sağalandımı
ürəyimim içi?!
Ha istərəm
səndəki yükləri boşaldım,
elə
bir ucdan dolursan,
dərdin-qəmin saxlanc yeri olursan.
Ağrıdan
keçib,
acıdan
keçib...
Töyşüyə-töyşüyə,
təntiyə-təntiyə
Yoxuşu
qalxmalısan
ayaqlarımla əl-ələ verib.
Dünyanın Fikrətdən aldıqlarının əvəzində
ona verdiyi ən böyük töhfə Fikrətin dostları
idi. Müzəffər,
Tahir, Qafar, Qulu, Məmməd, Mehdi, Əflatun və Giya. Onlar Fikrətə qardaşdan da artıq idilər.
Və bu dostlar Fikrətin 50 illiyi münasibətilə "Onu
ananların xüsusi buraxılışı"nı çapdan buraxmışdılar. Elə o dostların ürək sözlərindən
bəzi məqamları diqqətinizə
çatdırıram.
"Bax,
indi, məhz bu məqamda, beynimin bütün hüceyrələri
Fikrət notu üzərində kökləndiyi bir anda onun
haqqında, inanın kitab bağlayaram, ağı deyirsiniz,
ağı deyərəm, nağıl deyirsiniz, nağıl
söyləyərəm, xatirə deyirsiniz, xatirə
danışaram. Əlli yaşını
görməyən, görüb də sevinməyən, sevinib
də kövrəlməyən, kövrəlib də bizi
qol-boyun etməyən Fikrət Mursaqulovu təbrik edimmi, etməyimmi?
Heç üzümü onun sinə
daşına qoyub da ağlaya bilməmişəm. Başımı baş daşına söykəyib
qulağına nəsə pıçıldaya da bilməmişəm.
Yaşamaq imkan verməyib...
Mən heç ondan "işıq əlifbası"
da öyrənə bilmədim ki, o dünyada gərəyim
olar. Eybi yox, qardaşlarım, bu işıqlı
dünyanı o bizim gözlərimizlə görürdü.
O qaranlıq dünyanı da biz onun barmaqları ilə görərik.
Təki ayrılıq olmasın".
Fikrət Mursaqulov 1980-ci ildə BDU-nun
jurnalistikasını bitirdi. İki il sonra da
mən bitirəcəkdim universiteti... Daha bəzən
dayanacaqlarda təsadüfən rastlaşacaqdıq. Yenə
deyəcəkdim: "Salam, Fikrət!" Dərhal "Salam,
Aybəniz!" - deyə bərkdən
güləcəkdi. "Elə bilirdin, bu səsin
yiyəsini unudacağam!"
Fikrət universiteti bitirib Gözdən Əlillər Cəmiyyətinin
mətbəəsində işə başladı. Elə
ömrünün sonuna kimi orada baş redaktor vəzifəsində
çalışdı.
Pəncərəmdən
çarpayıya düşüb,
başını yandıran
gözlərimi qıdıqlayan
günəş hanı?
Pəncərəmdən
xəbərsiz, çarpayımdan xəbərsiz
gözləri tutulur, açılır səhər.
səs-səs qulağıma dalan
nəğmə-nəğmə qulağımı oxşayan,
quşların cəhcəhi hardadır?
Səsin
ahəngindən,
nəğmənin bəstəsindən bir ahəng,
bir bəstə
səs də qalmayıb,
Qulaqları batıq açılır səhər.
Qarmı tutub səhərin gözünü?
Buzmu tıxanıb səhərin qulaqlarına?
Yataqxananızda
kranlar
şırhaşır axdımı,
Mənim
üçün bir anlığa
açılır səhərin gözü,
səsə gəlir səhərin qulaqları.
Yataqxana həyatı...
Tələbəlik illərini yataqxanada keçirənlərə
çox doğmadır bu həyat... Fikrət də
tələbəliyini acılı-şirinli xatirələrlə
zəngin olan bu məkanda keçirmişdi. Azərbaycan
Dövlət Univetsitetinin (indiki BDU) Yasamaldakı 3 nömrəli
yataqxanasında, 29-cu otaqda... Dostları gətirirdi
onu jurnalistika fakültəsinin "Kommunist" indiki
"İstiqlal" küçəsindəki binasına.
Onların sırasında mənim qrup
yoldaşım - tanınmış jurnalist Tahir
Aydınoğlu da vardı. Bu isə öz qrup
yoldaşı Mahmud Vəlinin Fikrətə həsr etdiyi
şeirdi...
Küçədə
bir adam gördüm,
əlindəki çəliyiylə.
Tutmaq istəyirdi
getdiyi
yolun əlindən.
Küçənin
əlləri
sürüşürdü əlindən
getmək
istəyirdi.
Küçədə
bir günah gördüm,
bir ata
günahı,
bir ana
günahı
Ürəyim ağrıdı.
Əlindəki
çəliylə baxırdı
dünyaya.
Əlindən
alsaydım,
Deyərdi:
Ay zalım,
gözlərimi çıxartdın!
Əlindəki
çəliyiylə
görüşünə gedirdi
sabahın.
Bu şeiri Mahmud Vəli 1981-ci ildə yazıb. Taledən ağır zərbə
alsa da, qətiyyəti, iradəsi, bir də mütaliəsi,
axtarışları tükənmirdi Fikrətin... Sabahın görüşünə poetik
misraları, tədqiqatları ilə gedirdi. "Bayatı deyimləri və onların yeri"
publisistik məqaləsində xalq
yaradıcılığının incisi sayılan bayatılarımız
haqda nələr söyləməyib?! Özü də
hərdən bayatı yazardı:
Qoçaqdı,
şirdi balam,
qiblədi, pirdi balam.
Gəl, fələk,
qıyma mənə,
yazığam, birdi balam.
Həsrət
uzun uzadı,
bir ucu
sol taydadı.
Sən
yanımdan gedəli
ürəyim əl boydadı.
Al bu
könlün umudu,
səsin
çən tutqunudu;
Gözlərindən
bir soruş
kim onun
vurğunudu.
Oğulam,
uzaq səndən
dolandım iraq səndən.
Nə gəlldi,
mənə gəldi,
gəlmədi soraq səndən.
Yox, elə
demə, Fikrət! Soraq gəldi səndən, səni
sevənlərin araya-ərsəyə gətirdiyi "Təsəlli"
kitabın bizlərə təsəlli, təskinlik oldu.
Yayın cırhacırında dünyaya gəlmişdin, yazın gözəl çağında - mayın 31-də dünyanı dəyişdin.
İşığa gəlibsən, a kövrək qanad,
işıq gözlərincə olacaqdımı?
Tüstüsü gəldiyi kabab qoxusu
burnunun yadında qalacaqdımı?
Yarğandan adlayıb, aşırımdan keçib,
əlinə alıbsan işıq yolunu.
Olub ki, könlünü gətirən qatar,
seçə bilməyibdir sağla solunu.
Beləcə, qəlbimizə bir işıq süzüldü şeirlərindən, a Fikrət! Di hələlik! Bu yazını sənin ruhuna bağışladım.
Aybəniz MƏMMƏDƏLİYEVA
Azərbaycan Televiziyasının əməkdaşı,
Həsən bəy Zərdabi mükafatı
laureatı
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.17.