XXI ƏSRİN QULU
MƏHƏRRƏMLİSİ
yaxud bəzi fraqmentlər
üzərində düşüncələr
Təkcə
sənətkarlar əsər yaratmır... Ən dəyərli
əsərləri həyatın özü yaradır: yetirdiyi
insanların taleyi ilə. Bu mənada ən
mükəmməl xarakterlərin müəllifi həyatdır.
Mənim üçün belə mükəmməl
xarakterin daşıyıcılarından biri də
müasirimiz professor Qulu Məhərrəmlidir.
Görkəmli jurnalist, yazıçı-publisist,
sözünün kəsəri, ictimai əxlaqı və
şəxsi nüfuzu ilə ölkədə kifayət qədər
tanınan Q.Məhərrəmlinin həyatının xeyli hissəsi
XX əsrdə keçib. O, noyabrın 2-də tamamlanan 67 illik
ömrünün 40 ilindən çoxunu ötən əsrdə
yaşayıb. Bu ömür yolu heç də
hamar olmayıb, dövrün dəyişən siyasi
olaylarından, dramatik səhnələrindən, ziddiyyətli
proseslərindən keçib.Təbii ki, müxtəlif
dünyagörüşləri ilə təzahür edən bu
paralel çarpışmalar onun həyatına da təsirsiz
ötüşməyib. Əsas odur ki, Qulu
Məhərrəmli bütün bu
ağrılı-acılı, sevincli-kədərli proseslərdən
bərkiyərək keçib, zamanımıza
özünün parlaq və bütöv xarakteri ilə gəlib.
***
Qulu Məhərrəmlinin
yaradıcılığı və fəaliyyət dairəsi
çoxşaxəli olsa da, bu istiqamətlərin
hamısında özünüifadə imkanları
bütün aydınlığı ilə görünsə də,
o, ilk
növbədə telejurnalist, populyar teleaparıcı və
siyasi şərhçi kimi tanınır. Və
həm də daha çox müstəqillik dövründə
meydana çıxıb məşhurlaşan simalardandır.
Çünki sovet sisteminin dağılması
ilə Qulu Məhərrəmli kimi açıq fikirli
ziyalılar üçün yeni düşüncə
imkanları açıldı. Və onun
yaradıcılığının xeyli hissəsi ötən
əsrin sonilliyinə təsadüf etdi. Əslində
bu illər ərzində özünün bütün
yaradıcılıq imkanlarını reallaşdırmaq
üçün bir hazırlıq mərhələsi
keçdi.
Praktik jurnalistika ilə yanaşı, həm də elmi fəaliyyətlə
məşğul olan professor Q.Məhərrəmlinin 30-dan
çox qiymətli kitabı var. Kitab sayı göstərici
sayılmasa da, hər halda bu rəqəm onun nə qədər
ciddi bir tədqiqatçı olduğunu təsdiq edir. Bu kitablar
arasında monoqrafiyalar, dəsrliklər əsas yer alır.
Təkcə onun lüğətçilik sahəsindəki fəaliyyəti
az qala bir institutun müəyyən
dövr ərzində görə biləcəyi işləri
qabaqlayır. Lüğət
yaradıcılığı onun elmi fəaliyyətinin əsas
istiqamətlərindən biridir. İndiyə kimi 8
lügəti (“Kino, televiziya, radio terminləri”, “Mediada işlənən
alınma sözlər”, “Məktəblinin alınma sözlər
lüğəti”, “Jurnalistika terminləri”, “Azərbaycan
dilinin frazelogiya lüğəri”, “Məsəllər, deyimlər.
Etimoloji lüğət”, “Yeni alınma sözlər
lüğəti”) çapdan çıxıb. Bəli, bu faktlar o qədər
dəyərlidir ki, üstündən sükutla keçmək
olmur. Yəni göstərilən
kitabları, əsərləri yaratmaq üçün dilin
yeddiqat dərinliyinə varmaq gücünə yetməlisən.
Əks təqdirdə, lüğət problemləri
qarşısında mat qalarsan.
Elmi-tədqiqat əsərlərinin hamısının
adlarını sadalamağa, gördüyü işlərin kəmiyyət
və keyfiyyətini faktlar əsasında şərh etməyə
o qədər də lüzum qalmır. Çünki
Qulu Məhərrəmli istər yazılı mətbuatda, istərsə
də, sosial şəbəkədə və üstəlik
radio və televiziyada həmişə ön planda olub.
Oxucunun və dinləyicinin görə bildiyi,
auditoriyanın sevərək qəbul etdiyi ziyalıdır. Üstəlik
yeni nəsil jurnalistlərin formalaşmasında da onun əvəzsiz
xidmətləri var. Bu xidmətlərin ən birincisi, onun
ictimai həyatda əməli fəaliyyəti ilə örnək
olmasıdır. Hələ bu da
hamısı deyil, axı Q.Məhərrəmli ardıcıl
və səmərəli pedaqoji fəaliyyət də göstərir.
BDU-nun jurnalistika fakültəsinin professoru kimi tələbələr
qarşısında müəllimliyini həyatının ən
üstün tərəflərindən biri kimi icra edir.
Bir qədər dəqiq faktlar əsasında Q.Məhərrəmlinin
21-ci əsrin ziyalısı kimi həyatının müəyyən
məqamları üzərinə obyektivi yönəldək. Nə görərik?
O, BDU-nun jurnalistika fakültəsini bitirən kimi Azərbaycan
televiziyasında reportyor kimi fəaliyətə başlayıb.
Fərqləndiyinə görə tezliklə irəli çəkilib,
TV-də ən gənc
şöbə müdirlərindən biri olub,
siyasi icmalçılar redaksiyasına rəhbərlik edib. 1991-ci ildən ekranlara çıxaraq xəbər
aparıcısı olub, “7 gün” kimi populyar verilişin
müəllifi və aparıcısı olub, 1995-ci ildə
TV-nin siyasi icmalçısı təyin edilib. Həmin dövrlərdə bütün rəsmi
dövlət tədbirlərindən canlı reportajları o
aparıb. Eyni zamanda dövlət
başçsının xarici səfərlərdə də
müşayiət edib və həmin səfərlərdən
ən yaxşı hesabatların nümunəsini təqdim edib.
2005-ci ildə AzTV dövlət şirkətindən qapalı
səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra
özünün yaratdığı və Azərbaycan
televiziya tarixinin çox nadir səhifələrindən biri
olan “Səhər” proqramına 12 il rəhbərlik
edib. Siyasi şərhləri ilə
tamaşaçıların sevimlisinə çevrilib.
Məlum məsələdir ki, bu bütün fəaliyyəti
ilə təkcə Azərbaycan xalqının yox, həm də
Azərbaycana marağı olan dünya ictimaiyyətinin
gözünün qabağında olmaq deməkdir. Bunun
üçün gərək zəngin mənəvi
potensialın olsun. İmkanlar vaxtın və
işin tələbinə uyğun daim yenilənirsə, sən
bu yenilənməyə adekvat cavablar verməlisən. Yalnız bu zaman dinləyicinin gözünü
oxşayarsan. Əks təqdirdə heç kim gözünə qabar istəməz.
Mübahisəsiz
olaraq zəngin yaradıcılıq imkanları təqdir edilən
görkəmli
telejurnalist Q.Məhərrəmli bu yöndə fəaliyyətini
daha da genişləndirir. Ona artıq rəqabətsiz
bir yol açılmışdı. 2007-ci
ilin aprelində televiziyanın “Müəllif proqramları və
xüsusi layihələr” departamentinin direktoru vəzifəsinə
keçirilir. Burada Lalə Əliyeva, Nəmənd Rüstəmov,
Abdulqəni Əliyev və Tahir Əliyev kimi istedadlardan ibarət
yaradıcı qrupla “Rakurs” və “Gecəyə doğru” kimi
layihələrə ekran həyatı verir. Yüksək
fərdi istedad, ictimai nüfuz və
qarşısıalınmaz mənəvi imkan bir çox
hallarda, təəssüf ki, qərəzli münasibətlə
də qarşılaşmalı olur. Q.Məhərrəmlinin
ictimaiyyət arasındakı sərhədsiz nüfuzu və təsir
gücü bəziləri üçün ciddi problemə və
qısqanclığa çevrilmişdi. Onun
uğurlarını və parlaq şəxsiyyətini həzm
edə bilməyənlər yolunu qətiyyətlə kəsmək
qərarına gəldilər. Və elə bu səbəbdən
də, dözülməz iş şəraitinin təhdidləri
altında o, 2007-ci ilin oktyabrında AzTV-ni tərk edərək
yeni açılmış Xəzər TV-yə keçdi. Mən onun yaradıcılığını tədqiq
edən, həyat yollarını ardıcıl öyrənməyə
çalışan biri kimi dəfələrlə demişəm;
Qulu Məhərrəmli odda yanmaz, suda batmaz güc
daşıyıcısıdır. Belələrinə
münasibətdə hər hansı bir qərəzli hökm
gücsüzdür.
Tezliklə o, yeni layihələrlə başqa Xəzərin
ekranlarında göründü. Onsuz da Qulu Məhərrəmli
mənəvi mühiti ətrafında elə bir cazibə yaratmışdı
ki, onun dinləyiciləri özü harda olsa, onun
işığına toplaşmalıydılar.
Toplaşdılar və Xəzər TV-dəki “Dost məclisi”,
ardınca isə
“Gündəm” kimi verilişlərə heyran kəsildilər.
Sual oluna
bilər: onun yeni layihələri nə üçün belə
sürətlə kütləviləşdi, “Dost məclisi” və
yaxud “Gündəm” Azərbaycan dinləyicisinin niyə diqqət
mərkəzində oldu? Bu sualın bir cavabı var: Ona
görə ki, Q.Məhərrəmli daim yenilənən təfəkkür
proqramı ilə işləyir. İkincisi, bu adam
həm televiziya işinin əsaslarını, həm də
tamaşağıya nəyin lazım olduğunun dərin elmi əsaslarənə
bilir, çünki özü də elm adamıdır.
***
Həqiqi
elm adamı və nüfuzlu tədqiqqatçı olan Q.Məhərrəmli
1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik,
2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur”
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Elmi araşdırmalarında jurnalistikanın və
medianın ümumi nəzəriyyəsi, televiziya və
radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən
ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi
və nitq mədəniyyəti problemləri əsas yer tutur.
Əlbəttə, mən bu faktları onun həyat
xronikasından götürürəm. Xronikada isə
faktlar o qədər sərrast və ardıcıldır ki,
burada nəyisə dəyişməyə lüzum qalmır.
Sadəcə bir-iki cümlənin,
yığılmış faktların insan həyatı üçün
nə demək olduğuna düşüncə yönündə
işıq salmaq lazımdır. Bir anlığa təsəvvür
edək: istər televiziyanın, istər radionun mənəvi
sistemi Qulu Məhərrəmliyə qədər tədqiqata cəlb
edilməmişdi. Ümumiyyətlə,
jurnalistika sahəsində dərsliklər, elmi tədqiqatlar, demək
olar ki, Qulu Məhərrəmlinin adıyla bağlıdır.
Araya-ərsəyə gətirilmiş, artıq
xalqın mənəvi sərvətləri xəzinəsinə
daxil olmuş dəyərli elmi tədqiqatlar və dərsliklər
onun narahat, ziyalı təbiətinin bəhrəsidir. Sanki bu sahə üzrə boşluğu
doldurmağı özünün ziyalılıq missiyası
kimi yerinə yetirib.
Çox güman ki, Qulu Məhərrəmlinin tədqiqat
apardığı, əsasını qoyduğu dərsliklər
yaratdığı sahələr gələcəkdə də
araşdırılacaq, yeni elmi əsərlər yazılacaq. Amma
bütün yazılanlar onun yaratdığı bünövrə
üzərində ucalacaq. Hər bir
vicdanlı tədqiqatçı bünövrənin kimə məxsus
olduğunu öz əsərlərində qeyd edəcək.
Elə bu səbəbdən də deyirik ki,
jurnalistikamızın elmi tədqiqatı Qulu Məhərrəmli
yaradıcılığında ilk və əsaslı mərhələ
olaraq elmi düşüncə mühitində daimi yaddaş
haqqı alıb.
Şübhəsiz, Qulu Məhərəmli ictimai rəydə
qəbul edilən görkəmli müəllim-ziyalıdır. Pedaqoji sahədə
bütün elmi uğurlarla yanaşı pedaqoqun
ustadlığını təsdiq edən ayrıca bir məqam
var. Bu, dərs dediyi tələbələr arasında yaranan
qibtə hissidir. Əgər bir müəllim
üçün tələbəsi qibtə hissi bəsləmirsə,
gələcəkdə onun kimi işləmək, əgər
belə demək mümkünsə, onun kimi jurnalist, alim,
ziyalı olmaq istəmirsə, demək, onun müəllimlik əziyyəti
havaya sovrulub. Mən Q.Məhərrəmlinin
65 illik yubileyində dərs dediyi tələbələr
arasında nə qədər hörmət və nüfuz
sahibi olduğunun şahidi olmuşam. Ona
necə böyük və səmimi sevgi bəslənildiyini
müşahidə etmişəm.
***
Azərbaycanın ən görkəmli söz və fikir
adamları Qulu Məhərrəmlinin
yaradıcılığını böyük sevgi ilə izləyib,
haqqında qiymətli fikirlər deyib, yaradıcılıq
uğurlarını təqdir ediblər. Onun
yaradıcılığı haqqında Bəxtiyar Vahabzadə,
Musa Adilov, Ağamusa Axundov, Hacı Hacıyev, Şirməmməd
Hüseynov, Tofiq Hacıyev, Fuad Qasımzadə, Famil Mehdi,
Gülrux Əlibəyli, Musa Yaqub, Əjdər Ağayev, Tofiq
Rüstəmov, Cəmil Əlibəyov, Anar, Ramiz Rövşən,
Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Fəxrəddin
Veysəlli kimi görkəmli düşüncə
adamları bu sıradadırlar.
Professor Qulu Məhərrəmli birmənalı şəkildə
həm də dünya üçün açıq alimdir. Elmi nailiyyətlərini,
yaradıclığının əsas istiqamətlərini
dünyanın ən nüfuzlu alimləri ilə cəsarətlə
bölüşür. Media problemlərinə
həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media
forumlarında, konfrans və simpoziumlarda çıxış
edib. dəfələrlə Azərbaycan
jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.
Professor Qulu Məhərrəmlini Avropanın demokratiya
institutları da yaxşı tanıyır. O, ATƏT-in və Avropa
Şurasının demək olar ki, regionda mətbuatla
bağlı bütün toplantılarının
iştirakçısıdır. Bu təşkilatlar professor
Q.Məhərrəmlini həm də MDB məkanında mətbuat
azadlığı üzrə nüfuzlu ekspertlərdən
biri kimi qəbul edirlər.
Qulu Məhərrəmli təbiəti etibarı ilə
çox dinamik və enerjili adamdır, yorulmaq bilmədən
daim hərəkətdədir. Ehtiyac olduğu təqdirdə
ona müraciət edirlərsə, heç bir faydalı təklifi
cavabsız qoymur. 2010-2012-ci illərdə
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının (AAK) təşkil etdiyi filologiya və
siyasi elmlər üzrə Birdəfəlik Müdafiə
Şuralarına sədrlik edib. Dəfələrlə
AAK-ın Ekspert komissiyasının üzvü olub. 2011-2012-ci illərdə Qafqaz universitetində yeni
açılmış Jurnalistika kafedrasına müdirlik edib.
Onun Ana dilinin təmizliyi uğrunda apardığı davamlı mübarizə ayrıca bir söhbətin mövzusudur. 2014-2016-cı illərdə mərhum akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın Dilçilik institutunda çalışıb. Burada çox mühüm qurum kimi yaradılmış Monitorinq şöbəsinə rəhbərlik edib. Həmin dövrdə Dilçilik institutunun bir elmi mərkəz kimi önə çıxmasında Qulu Məhərrəmli əsas rollardan birini oynayıb. O, elmi zəkası və yüksək təşkilatçılıq bacarığı ilə “Qloballaşma şəraitində Azərbaycan dilinin düzgün işlədilməsi” ilə bağlı qəbul olunmuş “Dövlət proqramı”nın həyata keçirilməsinə ciddi töhfələr verib. İndi də Ana dili ilə bağlı müzakirələrin fəal iştirakçısıdır. Rəhbərlik etdiyi azleks.az elektron lüğətlər toplusundan hər gün minlərlə insan istifadə edir.
Qələmini və sözünü milli problemlərə kökləmiş professor Qulu Məhərrəmli ardıcıl yazan müəllifdir. Özü də hər bir publisistik yazısında, hər bir ictimai-publik çıxışında yeni fikir deyə bilmək gücündədir. Demək olar ki, bütün məqalələrinin mayasında yeni təklif, mübahisəli və dumanlı məsələlərə aydınlıq gətirmək cəhdləri var. 2013-2019-cu illərdə “Ayna” qəzetinin yazarlarından biri olub. Həmin qəzetdə və eyniadlı saytda 100-dən çox məqaləsi çap olunub. Sonra o yazıları “Gələcəyə ön söz” adlı kitabda toplayaraq nəşr edib. Bu kitabın məziyyətləri, oradakı yazılarda qaldırılan milli-mənəvi problemlər haqqında Azərbaycan oxucusunun kifayət qədər təsəvvürü vardır.
***
Qulu Məhərrəmli gündəm axtarmayan, amma həmişə gündəmdə olan söz adamı və ictimai xadimdir. Həmişə gerçəyi deməyə,həqiqəti söyləməyə, haqqın yanında olmağa çalışır, çünki mayası ilahidəndir, içi doludur, mənəvi dünyası zəngindir, dinləyicisi ilə üzbəüz danışmağı, gözəl dialoq qurmağı bacarır. Ən başlıcası, fikir qənaətlərində, doğruluğuna inandığı hökmlərində ədalətlidir. Elə bu səbəbdən də sevilir və onu sevən adamların əhatəsində olmaqdan da məmnunluq duyur.
Bəli, Qulu Məhərrəmli kimi HƏQİQƏT və ƏDALƏT duyğusu yüksək olan kamil insanların ibrətamiz ömür yolu göstərir ki, həyat Qurd ağzından keçən yoldur, bu yolu yalnız amalı və əməlində sabitqədəmlər, doğruluğa doğru yoldan ağzıdönməzlər uğurla keçə bilərlər.
...Qurd
türkün totemidir. Mifik obrazdır. Ancaq onun həqiqətdən kənar heç nəyə
və heç kimə güzəşti yoxdur. Qurdun əbədiyyət anlamını yaradan və
bu yolda onu qoruyan, ədalətə söykənişlə təzahür
edən yalnız bu keyfiyyətidir.
Əli
Rza XƏLƏFLİ
525-ci qəzet.- 2021.- 2 noyabr.- S.10.