Kitab tamadası  

 

Hekayə

 

- ...Deyirəm, Allahın işinə bax, ata öz oğluna Nasir adı qoya, oğul da məktəb vaxtından yazıçı olmağı qarşısına məqsəd qoya, böyüyüb öz gücünə filologiyaya qəbul olub, axırda möhtəşəm əsərlər yazan yazıçı ola, - yetmiş beş yaşa çatmış Nasir Əhmədin növbəti hekayələr kitabının təqdimatını dostu, BDU-nun filologiyasında kafedra müdiri işləyən Həsən müəllim aparırdı. - Bəlkə də burda oturanların bəziləri bilir, bilməyənlərə deyim, bilsinlər. Nasirlə mənim dostluğum min doqquz yüz altmış səkkizinci ilə gedib çıxır. O il gorbagor Kirovun adına olan Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlətin filologiya fakültəsinə daxil olduq, beş il bir yerdə oxuduq. İkimiz də kənddən gəlmiş sadəlövh, kin-küdurətdən uzaq uşaqlar, fikrimiz-zikrimiz ancaq dərslər, seminarlar, Axundov kitabxanası, imtahan, belə şeyləriydi. Sonra elə oldu ki, mən aspiranturaya...

 

- Uzatma, - dostunun yanında dayanan Nasir onun qulağına pıçıldadı.

 

- Deyir, uzunçuluq eliyirsən, - Həsən bunu gülə-gülə zaldakılara deyəndə, hamı gülüşdü. - Yox, ay Nasir, nə danışırsan? Mən ürəyimdəkiləri deməsəm, ürəyim...

 

- Qoy partlasın, - yazıçı sifətinə ciddi görkəm versə də, məqsədi hamını güldürmək idi.

 

Zaldakı gülüş bu dəfə daha gur səsləndi. Sonra Həsən, yazıçı dostunun yaradıcılığından danışmağa başladı, onun iki hekayəsini xeyli təriflədi:

 

- ...Hər ikisində həm dolğun obrazlar, mükəmməl süjet xətti, möhtəşəm üslub var, hətta deyərdim ki, üslubda Əkrəm Əylislidən, Mövlud Süleymanlıdan geri qalmayan yazıçıdır bu gün kitabının işığına yığışdığımız Nasir Əhməd.

 

"Yenə başladı. Az şişirt də, zalım oğlu zalım," - yazıçı ürəyində dostuna əsəbiləşdi. Eləcə məzəmmətlə başını buladı.

 

- ...Sözləri, cümlələri zərgər dəqiqliyilə seçib düzür səhifələrə. Hətta çəkinmədən deyərdim, Nasir Əhməd bugünkü Azərbaycan nəsrində üslubun lideri sayıla bilər.

 

- Yaxşı, eləmə, - əsəbi təbəssümlə bunları deyən yazıçı, dostunun sözünü yarımçıq kəsib mikrofonu onun əlindən almaq istədi, ala bilmədi.

 

- Ağ-zad eləmirəm, öz də mikrofonu əlimdən alma, hələ sözümü qurtarmamışam. Ömrü boyu qısıldın qınına, yersiz utancaqlığına görə bu gün səni Azərbaycanda tanıyan çox azdı.

 

"Uff, əlacı olsa, deyər ki, adın it dəftərində də yoxdu", - yazıçı fikirləşdi. Zalda oturan cavan yazıçılardan bir-ikisi etiraz etdi: "Ağsaqqal, Nasir məllimi ədəbi cameədə tanımayan yoxdu!", "Elə deməyin, ustadı tanıyanlar çoxdu".

 

- Ay cavan oğlan, ədəbi cameəni demirəm e, xalqı deyirəm. Xalq arasında tanınırmı Nasir Əhməd? Hələ Çingiz Abdullayevi, Anarı qoyuram qırağa, heç olmasa, Sabir Əhmədli, İsi Məlikzadə kimi tanınınırmı?.. Görürsüz, susursuz.

 

Sonra iki cavan, bir həmyaşıd yazıçı, kitab oxuyan iki-üç qohum çıxış edib səbəbkarı xeyli təriflədilər. Böyük idman çantasında gətirdiyi kitabları imzalayıb təqdimata gələnlərə verəndən sonra Nasir Əhməd yaxın bildiyi beş-altı adamı balaca, xudmani bir restorana apardı. Orda da Həsən müəllim tamadalıq etdi, aşağı-yuxarı eyni tostlar deyildi. "Gözə girmirsən. Cavanlığında necəydinsə, indi də eləsən. Bir sözlə, öz qədrini bilmirsən". Nasir Əhmədin yaşlı qohumu Fikrətin son sözlərindən yapışan tamada tez qədəhinə araq süzüb qaldırdı: "Həə, bax bu söz necə deyərlər, lap yerinə düşdü. Qədəhlərimizi qaldıraq bu gün burda əkilən qədir ağacının şərəfinə. O ağacın ki, tez böyüsün, bar gətirsin, aşıb-daşsın meyvələri". - "Yetmiş beşdən sonra?" - yazıçı acı, kədərli təbəssümlə altdan yuxarı dostuna baxıb dedi. "Yetmiş beş nədi ki? Sən ən azı doxsan beş il yaşayacaqsan, dediyim qədir ağacı da beş ilə bar verəcək inşallah". Sonra başqa tostlar deyildi, "Səksən yaşına qədər Nobel alasan, bizi də bax bura yığdığın kimi aparasan Nobeli alacağın ölkəyə. Orda üç yüz il sərin zirzəmidə çəlləklərdə saxlanılan şəraba qonaq edəsən bizi". Araqdan başı dumanlanan yazıçı üç yüz yaşlı şərabı təsəvvürünə gətirəndə ağzı sulandı, qımışa-qımışa pıçıldadı: "Özüm içərəm də onu, sizi niyə qonaq eliyirəm? Sizə üç yaşı olandan təşkil eliyirəm". Sonra yan-yörəsinə baxıb əmin oldu ki, heç kim onu eşitmədi, rahat oldu.

 

Təqdimatdan iki ay sonra Həsən müəllim dostuna zəng edib dedi: "Altıncı gün saat ikidə olarsan "Şuşa" restoranında. Ac gələrsən ha. Son kitabından beş dənə götürərsən özünnən. Bizim dekan müavini, "Ümumi dilçilik" kafedrasının müdiri orda olacaq, onlara səni xeyli tərifləmişəm, yəni ədəbiyyatdan başı çıxan adamlardı. Üç nəfər də olacaq, biri vergidə işləyir, biri gömrükdə, o biri də Nazirlər Kabinetində şöbə müdirinin müavinidi. Kitabların pulunu sonra sənlə ayrıca görüşəndə verəcəm". - "Pul-zad lazım deyil, elə belə verərəm".

 

Qonaqlıqda yedilər, içdilər, Həsən müəllim dostunun sağlığına dediyi tostda onu bir xeyli tərifləyəndən, "Ay Nasir, gün o gün olsun, sənin təqdimatını burda oturduğumuz "Şuşa" restoranında yox, Şuşada, adı Şuşa olmayan balaca bir restoranda keçirək" deyəndən, bu sözlərə "İnşallah, elə də olacaq" kimi reaksiyalar gələndən sonra, həmişəki kimi yazıçı dostunu danlamağa başladı: "Əziz dostlarım, Nasir müəllim illərdi gözəl nəsr əsərləri yazır, amma gözə girmir, yersiz təvazökarlığından əl çəkəmmir. Baxın, adam qırx ilə yaxındı Yazıçılar Birliyinin üzvüdü, amma bir dəfə olsun Anar müəllimin otağına girib özü üçün fəxri ad-filan istəməyib". O birilərsə guya yazıçını yüngülvari tənbeh edirmişlər kimi başlarını buladılar.

 

Masaya çaylar, mürəbbələr, konfetlər gələndə, Həsən müəllim dostlarına üzünü tutub elan etdi ki, hörmətli yazıçımız sizinçün son kitabından gətirib, ardınca Nasir Əhmədə göz vurdu, yəni kitabları çantandan çıxart, başla imzalamağa. Nasir dostunun şöhrətpərəst olduğunu bilirdi, bilirdi ki, onu "qoy bu məclisdə bir yazıçı da olsun" məsələsinə görə restorana çağırıb, ona görə könülsüz kitabları çıxardıb üst-üstə masanın üstünə qoydu, köynəyinin cibindən qələmini çıxartdı... 

 

Restorandan çıxanda, Həsən yavaşca, heç kimə hiss etdirmədən əlli manatı dostunun şalvarının cibinə basıb qulağına pıçıldadı: "Bu, kitabların puludu... Etirazsız-filansız, - qoymadı dostu pulu qaytarsın. - Fəxri ad məsələsini yadından çıxartma ha. Elə günü sabah get Yazıçılar Birliyinə..." Nasir Əhməd dostunu başından etməkçün tələsik "Hə, hə, sabah mütləq gedəcəm", - dedi. Ayrılana yaxın dostu, Nasiri bağrına basıb, üzündən öpərək dedi: "Qadan alaram sənin".

 

Artıq illər keçmişdi. Şuşa da, başqa rayonlar da geri alınmışdı və Nasir Əhməd növbəti hekayələr kitabını çapa hazırlayırdı. Arada dostlarıyla çayxanada yığışıb ədəbiyyatdan, siyasətdən söhbət edirdilər.

 

Bir gün axşam Nasir Əhməd feysbuk profilində gəzişərkən, dostluğundakı gənc yazıçılardan birinin paylaşdığı iki şəkil diqqətini çəkdi. On beş il öncə keçirilən təqdimatdakı hekayələr kitabının üz qabığının, müəllif imzası olan səhifənin şəkilləri idi. Sağdakı şəkli böyüdüb gözlərini monitora yaxınlaşdıran yazıçı öz xəttini, imzasını görəndə diksinən kimi oldu. "Əziz, qədim və ən əsası, etibarlı dostum Həsənə". Yanında tarix, imza. Nasir Əhməd gənc yazıçıyla inboksda yazışıb kitabı hardan əldə etdiyini soruşdu. Gənc yazıçı cavab yazdı: "Ustad, düzü, utanıram yazmağa, amma yalan danışa bilmirəm, ona görə nə varsa onu da deyəcəm. Biz tərəfdə zibil qutularından birinin yanına çoxlu kitablar atmışdılar, sizin kitabınız daxil, ordan bir neçəsini oxumaqçün seçib götürdüm. Bilirsiz, sizə yazıçı kimi, elə ziyalı kimi də böyük hörmətim var. Kitabı oxuyub bitirəndən sonra hekayələriniz haqda status yazacam". - "Diqqətinə görə sağ ol, gənc dost. Amma..."

 

Həsən müəllim kafedrada oturub karandaşla dərs yükü yazılan yekə vərəqi masanın üstünə sərib dirsəklənmişdi. "Off, bundan iki fənn alıb o birisinə verəcəksən, bu, səndən küsəcək. Əksini eliyəssən, ilboyu o birisi mısmırığını sallayacaq. Gəl indi bunların hər ikisini qane elə görüm necə eliyirsən". "Əşi, cəhənnəmə incisin", - deyib pozanı götürdü, dosent Sadiq müəllimin keçdiyi fənlərdən birini pozmağa başlayanda, iş telefonu zəng çaldı. Gözətçiydi: "Həsən məllim, sizə çatacaq konvert var". - "Hə, hə, tez onu çatdır mənə", - az əvvəl hirsli olan Həsən müəllimin kefi qəfil düzəldi, fənni pozmaq yadından çıxdı. "Axırı, bu gün bir şad xəbər aldım", - deyib əlini əlinə sürtdü. Özbəkistanın "Ədəbiyyat məcmuəsi" jurnalında məqaləsi çıxmışdı. Hardasa bir həftə əvvəl jurnalın baş redaktoru jurnalı poçtla yolladığını ona yazmışdı.

 

Sol əliylə konverti alan Həsən müəllim sağ əliylə masanın gözünü açdı, ordan plitka şokoladı çıxardıb gözətçiyə uzatdı: "Çayla içərsən". - "Sağ olun, Həsən müəllim. Ağzınız şirin olsun, " - gözətçi şokoladı götürüb otaqdan çıxdı.

 

Həsən müəllim "Aman Tello"nu zümzümə edə-edə üstündəki yazıya baxmadan, - "Orta əsrlər Şərq ədəbiyyatı" kafedrasının müdiri Həsən Qurbanova, - ağ konverti cırdı, içindəkini görəndə, gözləri kəlləsinə çıxdı. Dostu Nasir Əhmədin son hekayələr kitabıydı. "Başa düşmədim", - pıçıldadı, bədəninə soyuq tər gəldi. Kitabın üz qabığını açanda, cırılaraq arasına qoyulmuş ilk səhifəni gördü. Həmin səhifədə müəllif imzası yazılan yerə A4-ün yarısı olan kağız yapışdırılmış, kağızda isə xırda xətlə bunlar yazılmışdı: "Ay əclaf, bundan sonra hədiyyə edilən kitabları müəllif imzası olan səhifəylə bir yerdə zibilliyə atma. O səhifəni cır, sonra at kitabı. Bunu kitab verdiyim dostlarına mütləq de. Qadan alaram. Sənin əziz, qədim və etibarlı dostun Nasir.

 

P.S. Şuşa da bizdədi, qonaqlıq yaddan çıxmasın ha". Yanında isə imza və tarix.

 

17 aprel-17 oktyabr, 2021

Bakı

Alpay AZƏR

525-ci qəzet.- 2021.- 3 noyabr.- S.23.