Karantindən sonrakı "Qızıl toy"
Mədəni istirahətimizin əsas ünvanı olan teatrların açılışı
əsasən teatrsevərlər
üçün əsl
bayrama çevrilib. Bu günlərdə
teatrlara olan sonsuz marağın da əsas səbəblərindən
biri məhz budur: iki illik
fasilədə yetərincə
darıxmaq. Ona görədir ki,
tamaşaçılar axın-axın
teatra üz tutur, bir aylıq
repertuarın biletləri
indidən satılıb
qurtarır.
Oktyabrın 31-i Akademik Musiqili
Teatrın qarşısında bunun
bir daha şahidi oldum. Bir gün öncə "O olmasın, bu olsun" tamaşasıyla
teatr mövsümünü
açıq elan edən Musiqili Teatrda həmin gün "Qızıl
toy" tamaşası oynanılacaqdı.
Tamaşaya hələ 20 dəqiqədən
çox zaman qalsa da, giriş
qapısı və foye adamla dolu
idi. Bir teatrsevər və
illərdir teatrdan yazan mədəniyyət müxbiri kimi ilk sevincimi bu mənzərəyə
şahid olduğum foyedə yaşadım və bu sevincimi
Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi
Əliqismət Lalayevlə
də bölüşdüm.
Əliqismət müəllim
teatrlara olan maraqdan ağızdolusu danışdı: "Bildiyiniz
kimi, pandemiyayla əlaqədar teatrlar uzun müddətdir işləmədiyindən biz də
fəaliyyətimizə ara
vermişdik. Dünən, yəni oktyabrın
30-da biz Üzeyir Hacıbəylinin
"O olmasın, bu olsun" komediyası ilə mövsümün
ilk tamaşasını göstərdik.
Çox
sevincli idik. Tamaşaçılarımız da çox sevinirdilər. Bizim zalımız
450 nəfərlikdir. İndi pandemiya
şərtlərinə görə
225 nəfər tamaşaçı
qəbul etmək icazəmiz var. Zal bütünlüklə dolu
idi. Ondan bildik ki, tamaşaçılar həddindən
çox darıxıblar
teatr üçün.
Onu qeyd edim ki,
noyabr ayının sonuna kimi elan
olunan bütün tamaşalarımıza biletlər
satılıb, yer yoxdur. Bu da
onu göstərir ki, necə biz onlar üçün darıxmışıq, onlar
da bizimçün darıxıblar. Arzu edirik
ki, bundan sonra qapanmalar olmasın və Musiqili Teatr da daxil olmaqla,
bütün teatrlar öz gözəl səhnə əsərləriylə
tamaşaçılarımızı sevindirməkdə davam etsin. Çünki tamaşaçısız mümkün deyil".
Ə.Lalayev köhnə tamaşalarla
yanaşı, yeni səhnə əsərlərinin
də müjdəsini
verdi: "44 günlük
müharibədən sonra
böyük zəfərimizə
həsr olunmuş tamaşa üzərində
işləyirik. "Bir nəfəs qədər" adlanan həmin tamaşa yaxın günlərdə
təhvil veriləcək.
Biz bu səhnə
əsərini şəhidlərimizin
ruhuna həsr etmişik və düşünürəm ki,
yaxın gələcəkdə
bu mövzuda əsərlərimiz hələ
çox olacaq".
Əliqismət müəllimlə söhbətdən
sonra zala keçirik. Tamaşaya çox az
zaman qalıb. Burda da mənzərə çox gözəldir.
Oturacaqların yarısı bağlanmış
olsa da, zal tamaşaçılarla
doludur.
Bu gün Musiqili
Teatrın səhnəsində
"Qızıl toy" (O.Kazımi
və R.Heydər) iki hissəli musiqili komediyası 50-ci dəfə (2014-cü ildən)
oynanılır. Ondan öncə isə
səhnəyə tanınmış
telejurnalist, Əməkdar
mədəniyyət işçisi
Telli Pənahqızı
çıxdı. Teatrların
fəaliyyətinin bərpasıyla
bağlı sevincini bölüşən Telli
xanım, eyni zamanda qeyd elədi
ki, bugünkü
"Qızıl toy" tamaşası
bir zamanlar bu tamaşada rol alan, bu
il martın 21-də uzun sürən xəstəlikdən dünyasını
dəyişmiş mərhum
sənətkar, Xalq artisti Ramiz Məmmədovun
70 illik yubileyi münasibəti ilə təqdim olunur. Telli Pənahqızının çıxışından
sonra bütün zalda işıqlar söndü. Bu, çoxdandır gözlənilən
anın yaxınlaşdığının
əsas göstəricidir.
Bəli,
teatrlarımız fəaliyyətinə
davam edir. Budur, səhnədə aktyorlar görünməyə başlayır.
Qeyd edim ki, yazıçı-dramaturq Ramiz Heydərlə Oqtay Kazıminin müştərək yaradıcılıq nümunəsi olan "Qızıl toy" tamaşasının quruluşu rejissor Yusif Əkbərova məxsusdur. Maraqlı və rəngarəng süjet xətti olan bu tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Gültac Əlili, Şaban Cəfərov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və başqaları çıxış edirlər.
Xalq artisti Ramiz Məmmədov vaxtı ilə bu səhnə əsərində Qədir obrazını yaradıb.
İki ilə yaxındır səhnədən uzaq düşən aktyorların da sevinci, özləmi ifalarına da təsirsiz ötüşməmişdi. Sanki onlar daha şövqlə, daha böyük sevinclə rollarını oynayırdılar. Ülvi məhəbbəti və vətən sevgisini mövzu alan musiqili komediya cəmiyyəti maraqlandıran bir sıra önəmli mətləblərə də toxunur. Əsərin əsas ünvanı Bakı olsa da, toxunduğu mətləblər bəşəridir. Əsərin əsas qəhrəmanlarından Azər Fransadan atasının doğulub boya-başa çatdığı torpaqlara - Azərbaycana gəlir. O, atasının qohumlarının, qan bağı olan nəslinin nümayəndələrinin sorağıyla vətənə ayaq basır və elə hava limanındaca kimliyini bilmədən bələdçi qıza aşiq olur. Ata-baba yurdu Azərbaycanın tarixi-mədəni abidələrini, açıq səma altındakı möhtəşəm Qobustan muzeyini gəzdikcə, aid olduğu torpağın zəngin tarixini vərəqlədikcə həm vətən sevgisi, həm də azərbaycanlı qızına duyduğu məhəbbət daha da artır. Lakin Azər ağlına belə gətirmir ki, ona məhəbbəti daddıran, torpağını daha da çox sevdirən o qız elə illərdir sorağında olduğu qohumlarının qızı imiş.
Komik situasiyalarla zəngin səhnə əsəri toxunduğu mətləblərlə yanaşı, uğurlu rejissor işi, peşəkar aktyor oyunu ilə uzun illərdir ki, tamaşaçıların sevimli əsərlərindəndir və inanırıq ki, belə də qalacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.21.