Kür sahilində
"Bir
rəsmin dedikləri"
rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Həmidə
Sadıqovadır. Həmidə xanımla Vəcihə
Səmədovanın "Kür
sahilində" əsəri
haqqında danışmışıq.
***
- Əsərə keçmədən
öncə rəssam Vəcihə Səmədova
haqqında qısa məlumat verə bilərsinizmi?
- Vəcihə Səmədova
Azərbaycanın ilk peşəkar
qadın rəngkarlarından
olub. O, orta ixtisas təhsilini 1939-1944-cü illərdə
Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb. Sonra təhsilini V.Surikov adına Moskva
Dövlət Rəssamlıq
İnstitutunun rəngkarlıq
fakültəsində davam
etdirib. O, əsərlərindəki
modelinin obrazını
tapmaq üçün
müxtəlif xarakter,
talelərlə maraqlanır,
bu məsələyə
ciddi yanaşırdı.
Rəssam öz qəhrəmanlarının
proobrazlarını diqqətinin
süzgəcindən keçirir,
eskizlər çəkir,
modelin xarakterik cizgilərini tapmağa, ona öz münasibətini
bildirməyə çalışırdı.
Rəssamın bir-birindən
maraqlı portretləri
var. Aktrisa Leyla Bədirbəylinin portreti,
bacısı Solmazın
portreti, geoloq M.Məmmədbəylinin portreti
və s. Qeyd etmək istəyirəm ki, Vəcihə Səmədova qadın portretlərinə daha çox üstünlük
verirdi. Rəssamın "İmtahandan qabaq" (1958), "Xəbər
gözləyərkən" və haqqında danışacağımız "Kür sahilində" əsərləri var.
- Vəcihə Səmədova
yaradıcılığına xas cəhətlər bu əsərdə özünü necə göstərir?
- Rəssamın yaradıcılığının
səciyyəvi cəhəti
forma və məzmun dolğunluğu, mövzuya
sərbəst yanaşma
ustalığı və
zəngin kolorit həllidir ki, biz "Kür sahilində" əsərində bütün
bunları daha dəqiqliklə görə
bilərik.
- Əsərin yaranma
tarixçəsi haqqında
nə deyə bilərsiniz?
- Vəcihə Səmədovanın
1961-ci ildə yaratdığı
ən məşhur əsəri "Kür sahilində" tablosudur. Əsər rəssamın
yaradıcılığında əlamətdar hadisəyə
çevrilir. Sənətkar
bu əsərində həyatın ümumiləşdirilmiş
təzahürlərini kətan
üzərində ifadəsinə
tam dolğunluğu ilə
nail olaraq öz bədii-estetik axtarışlarının
zirvəsinə çatır.
"Kür sahilində"
tablosu tamamilə başqa tərzdə işlənib. Burada ağır iş günündən sonra Kürdə çimən
iki gənc qadın təsvir olunub. Qəhrəmanlardan biri olduqca plastik ifadəli hərəkətdə, çimdikdən
sonra saçlarını
sıxır. İkincisi isə
hələ də sudadır. Hadisə taxta körpünün
üstündə qürub
çağında cərəyan
edir. Bunu günəşin çaya düşən əksində görmək
mümkündür. Bütün
kompozisiya üçün
fon rolunu
oynayan çay gümüşü zərif
çalarlarla zəngindir.
- Rəsmin rəng koloriti necədir?
- Nəfis koloriti parlaq təzadlar üzərində qurulan nəhəng tablonun hər bir detalı, demək olar ki, simvolik əhəmiyyət kəsb edir. Baş qəhrəmanının plastik silueti inamlı, dolğun yaxmalarla çəkilib, bu da ona əyanilik və maddilik gətirir. İşıq-kölgə oyunu parlaq rəng çalarlarını gah gücləndirir, gah da yumşaldır. Qızın elastik bədəninin silueti çayın zərif göy, çəhrayı, yaşıl, bənövşəyi çalarlarda işlənmiş mürəkkəb koloriti fonunda aydın görünür. Əsərdə rəng ilə kompozisiyanın ahəngdar ritmi məharətlə tapılıb. Kənd qızı obrazında nə qədər cəzbedici güc var, lakin əfsus ki, onun çöhrəsini görmək bizə nəsib olmur...
- Sizcə, rəssam niyə qızın üzünü bizdən gizlədir?
- Təkcə kənd qadının islanmış qara saçlarını təsvir etməklə rəssam bu qadının gözəlliyini göstərmiş olur. Digər tərəfdən, bu müəmma özü də əsərə rəng qatır.
- Əsər hazırda harda saxlanılır?
- Əsər hazırda Bakı şəhərində yerləşən Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənt Muzeyində saxlanılır.
- Bu rəsm bizə nə deyir?
- Axşam düşür, qürub edən günəşin çevrəsi gümüşü-mirvari sularda əks olunur. Yandırılmış faraların su səthinə düşən qızılı şüaları işığında qadın paltar yaxalayır. Sakitliyi təkcə suyun şırıltısı və qadınların ardı-arası kəsilməyən söhbəti pozur. Budur, rəfiqəsi ilə söhbətinə bir dəqiqə belə ara verməyən qız islanmış qara saçlarını sıxır. Rəssam burada kənd qızının anidən görünən gözəlliyini təsvir edir...
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.21.