Qısa tamaşalar - böyük mətləblər festivalı
Azərbaycanın Vətən müharibəsində
qazandığı böyük
qələbənin birinci
ildönümünə sayılı
günlər qala mədəniyyətimizdə və
incəsənətimizdə bu mövzuya müraciət daha da artmaqda, aylardır
hazırlanan işlərin
təqdimatları baş
tutmaqdadır. Şair və yazıçılar
öz əsərlərində,
kitablarında, rejissorlar
filmlərində, tamaşalarında,
bəstəkarlar musiqilərində,
rəssamlar rəsmlərində
bu mövzuya öz yanaşma tərzlərini nümayiş
etdirirlər.
Yaşadığımız bu günlər Azərbaycan incəsənətində
Qarabağ zəfəri
mövzusu üçün
çox əlamətdar
sayıla bilər. Çünki Teatrda Mədəniyyət
Nazirliyi və Teatro.az
sənət portalının
birgə təşkil
etdiyi və aylardır mətbuatdan hazırlıq proseslərini
izlədiyimiz "4.4" Qısa
Tamaşalar Festivalı,
nəhayət, öz işinə başlayıb.
Festivalın açılış mərasimi
noyabrın 1-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrda keçirildi. Nazirlik nümayəndələrinin, sənət adamlarının,
teatrsevərlərin, gənclərin
və media mənsublarının
qatıldığı tədbirdə
festivalın məqsədi
haqqında məlumat verildi.
Qeyd olundu ki, festival xalqımızın
44 günlük Vətən
müharibəsində qazandığı
zəfəri və bu qələbənin təməlinin qoyulduğu
Aprel döyüşlərini
simvolizə edir. Bu zəfəri bizə yaşadan şəhidlərimizin
xatirəsinə ithaf edilən festival müharibə
mövzusuna həsr olunub.
Açılışdan öncə ölkəmizin
ərazi bütövlüyü
uğrunda canından keçən qəhrəman
Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) müəllimi,
tanınmış teatrşünas
Elçin Cəfərov
çıxış edərək
festival haqqında məlumat
verdi. Bildirdi ki, teatr ictimaiyyətinin
geniş marağına
səbəb olan festivalın proqramına Bakı ilə yanaşı, ölkəmizin
8 şəhərində fəaliyyət
göstərən 11 dövlət,
6 özəl teatr, 5 müstəqil sənətçi
tərəfindən təqdim
olunmuş 22 tamaşa
daxil edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən
sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə müzakirələr təşkil
olunacaq. Münsiflər heyətinin tərkibinə
İsrafil İsrafilov,
Aydın Talıbzadə,
Mehriban Ələkbərzadə,
Əli Əmirli və Pərviz Məmmədrzayev daxildir.
Vurğulandı ki, festival çərçivəsində
həmçinin, tanınmış
teatr mütəxəssislərinin
iştirakı ilə
"Bədən dili"
və "Pyes necə yazmalıdır?"
mövzularında vörkşop,
"Müharibə və
teatr" mövzusunda
panel-müzakirə keçiriləcək.
Mədəniyyət Nazirliyinin İncəsənət və
qeyri-maddi mədəni
irs şöbəsinin
müdiri Fərəh
Acalova çıxış
edərək dedi:
"Çox şadam
ki, uzun müddətdən sonra teatrda görüşmək
imkanı əldə etmişik. Biz Mədəniyyət
Nazirliyi olaraq teatrlarımızın normal fəaliyyət
göstərməsi üçün
səylər göstəririk.
Bu festival ölkəmizin Vətən müharibəsində
qazandığı zəfərə
ithaf edilən ilk festivaldır. Belə festivalların
təşkil olunmasını
mədəniyyətimizdə canlanmaya səbəb olacaq fəaliyyət kimi dəyərləndirmək
olar. Bu festival uğurlu təşəbbüsdür.
İnanıram ki, proqramı
zəngin olan festival maraqlı olacaq".
Sonra festival müəllif
və rejissor Zaur Əliyevin "44"
tamaşasının nümayişi
ilə açıq elan edildi. Sadəcə
musiqidən və rəqsdən ibarət tamaşada iki obraz vardı: qız və oğlan. Tamaşanın əvvəlində müharibədən öncəki
şən, qayğısız,
sevgi dolu həyat təsvir olunur. Ancaq qəfil atəş
səsləri, qaranlığa
bürünən ətraf-aləm
bu sevgini yarımçıq qoyur.
Vətənin dar günündə
oğlan silaha sarılaraq cəbhəyə
yollanır və düşmənlə üz-üzə
torpaqların müdafiəsində
savaşır. Qız isə
həm sevgilisinin həsrəti, həm vətənin dar günlərinin narahatlığı
ilə yaşayır.
Bu intizar, bu
həsrət, bu narahatlıq cəmi 44 gün çəkir.
44 gündən sonra həmin oğlan qalib əsgər, həmin qız isə qalib dövlətin qalib vətəndaşı
olurlar. Bir neçə dəqiqəlik
tamaşada müharibənin
dəhşətləri, həm
ön, həm də arxa cəbhədə
yaşatdığı ağrılar
uğurlu şəkildə
əks olunmuşdu.
Festivalın ilk gününün ikinci tamaşası müəllif
Günay Arda və rejissor Sevda Məmmədovanın
təqdimatında "İki
əsgər" adlanırdı. Bu tamaşada təkcə Vətən müharibəsini
deyil, ondan öncəki Qarabağ müharibəsini, ümumiyyətlə,
Qarabağ ətrafında
illərdir davam etməkdə olan münaqişəni əks
etdirirdi. 1988-2020-ci illərin
həkk olunduğu ekranda 1990-1993-cü illərdəki
məşum günlərdən
fotolar və videolar, eləcə də, 2016-ci il
Aprel döyüşləri,
2020-ci ilin iyulundakı
Tovuz döyüşləri
və nəhayət, Vətən müharibəsi
şəhidlərinin şəkilləri
də nümayiş edilirdi.
Tamaşadakı iki əsgərin söhbətindən anlaşılır
ki, onlardan biri I Qarabağ müharibəsinin, digəri
isə II Qarabağ müharibəsinin şəhidləridir
və o biri dünyada baş verənləri müzakirə
edirlər. 27 il
öncə şəhid
olan əsgər özlərinin ağır
günlərindən, silahsız,
sursatsız, yalın əllə düşmən
qarşısına çıxıb,
vətəni müdafiə
etməklərindən danışır,
o günləri ağrıyla
yad edir. II Qarabağ müharibəsinin
şəhidi isə qızı üçün
nigarandır. O, bu
müharibədə Azərbaycan
Ordusunun gücündən,
inkişaf etmiş hərbi texnikasından danışır və Azərbaycanın 30 il öncəki miskin dövlət olmadığını deyir.
İkinci şəhid həmçinin,
qələbəni döyüş
yoldaşlarıyla birgə
keçirə bilməyəcəyi
üçün də
məyusdur. Birinci şəhid
isə ona və onun timsalındakı
bütün şəhidlərimizə
təşəkkür edir.
Çünki onların qanını
yerdə qoymadılar,
onların qisasını
xain düşməndən
ən yaxşı şəkildə aldılar,
30 ildir əsirlikdə
olan Qarabağı və onların narahat ruhlarını azad etdilər. Birinci şəhid həmsöhbətinə
deyir ki, bizdən sonra insanlar bədgüman qalmışdılar, fikirləşirdilər
ki, bir daha
onlar kimi qəhrəman oğullar doğulmaz. Amma tarix göstərdi
ki, bu ölkənin
Mübarizləri, Poladları
və minlərlə qəhrəman oğulları
var. Yəni biz bir ölər, min dirilərik.
Həzin, kövrək, amma qürurlu dialoqlarla zəngin "İki əsgər" tamaşası
qələbənin elanı
və bu iki şəhidin o qələbəyə sevinci
ilə tamamlanır.
"Müharibənin qadın üzü yoxdur" adlı üçüncü tamaşa
festivala Akademik Milli Dram Teatrı tərəfindən təqdim
olunmuşdu. Svetlana Aleksiyeviçin
əsəri əsasında rejissor
Emil Əsgərovun quruluş
verdiyi tamaşanın
tək ifaçısı
Əməkdar artist Sənubər
İsgəndərlidir. O, müharibənin
ön cəbhədəki
çətinliklərindən yox, arxa cəbhədəki
ağrılarından, dəhşətlərindən
danışır. Obraz müharibənin
onun həyatına və şəxsiyyətinə
vurduğu ziyanların
fonunda müharibənin
çətinliklərini, insanların
taleyində açdığı
yaraları anladır.
Sumqayıt Dövlət Musiqili Teatrı tərəfindən festivala təqdim olunan "Missiya" tamaşası da özünün maraqlı yanaşma tərziylə seçilirdi. Hafiz Ataxanlının müəllifliyi, Firudin Məhərrəmovun rejissorluğu ilə hazırlanmış səhnə əsərində bir əsgərlə bir ruhun söhbəti əks olunub. O ruh həmin əsgərin 28 il öncə Şuşa döyüşlərində şəhid olan atasıdır. Cəmi bir yaşında ikən atasını vətənə şəhid verən o oğlan indi böyüyüb və özü Qarabağ döyüşlərinin qəhrəmanına çevrilib, Şuşa döyüşündə yaralanıb. Komada ikən atasının ruhuyla qarşılaşan döyüşçü ondan necə şəhid olduğunu soruşur. Atası da I Qarabağ müharibəsini, Şuşa həbsxanasındakı əsirlik günlərini danışır. Heç zaman üzünü görmədiyi atasıyla qalmaq istəyən oğlanı atası "hələ sənə ehtiyacı olan insanlar, bir yaşlı övladın, gənc həyat yoldaşın, məndən sonra səni zülmlə böyütmüş anan və vətənin var. Ona görə də geri qayıtmalısan" deyərək geri göndərir. Hospitalda olan yaralı döyüşçü gözlərini Şuşanın azad olunduğu gün, "əsgərlərim" deyərək açır.
Bu qısa tamaşanı izləyərkən aylardır haqqında yazdığım neçə şəhid, neçə tale gözümün önünə gəldi. Şəhid atanın şəhid oğlu, qazi atanın şəhid oğlu... Bu, I və II Qarabağ müharibələrinin ortaq taleyi idi.
İlk günün sonuncu tamaşası olan "Qoruq"u "Teatral" studiyası təqdim etmişdi. Müəllif Səbinə Məmmədova, Mirvüqar Nəsirov, rejissor Tural Baxışın araya-ərsəyə gətirdiyi tamaşada müharibənin arxa cəbhədəki əzabları, belə demək mümkünsə "astar üzü" uğurlu şəkildə əks olunmuşdu. Noyabrın 2-si, festivalın 2-ci günü isə "Storyboard" ("HUMAN" Teatrı. Müəllif Abdulla Elşadlı, rejissor Elvin Rüstəmzadə, Abdulla Elşadlı), "Zəfər yolu" (Gənc Tamaşaçılar Teatrı. Müəllif və rejissor İsa Əsədov), "Bir nəfəs qədər" (Müəllif və rejissor Samir Qulamov), "Dönüş" (Füzuli Dövlət Dram Teatrı. Müəllif və rejissor Nizat Mirzəzadə), "Ocaq" (Şamaxı teatrı. Müəllif və rejissor Ruslan Adıgözəlov) qısa səhnə əsərləri tamaşaçılar və münsiflər tərəfindən maraqla qarşılandı.
Həmin gün tamaşalardan və müzakirələrdən sonra Xalq artisti Pərviz Məmmədrzayevin "Bədən dili" mövzusunda çox maraqlı vörkşopu da baş tutdu.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində
qazandığımız Zəfərə həsr olunan "4.4 Qısa Tamaşalar
Festivalı" noyabrın 5-dək davam
edəcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.15.