Mühacir şuşalının "Şirvanşahlar yurdu"
Azərbaycanın mühacir alimi Cahangir Zeynaloğlunun
1931-ci ildə İstanbulda
nəşr etdirdiyi
"Şirvanşahlar yurdu"
əsəri Azərbaycan
türkcəsinə tərcümə
olunub. "Elm və təhsil" nəşriyyatında
çıxan kitabın
tərtibçisi, giriş
mətninin müəllifi
tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayeva, tərcüməçisi
Azərbaycan Milli Elmlər Akademiyasının
Əlyazmalar İnstitutunun
baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadə,
redaktoru tarix elmləri doktoru Tofiq Nəcəfli, ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fərzəliyevdir.
Hərbçi və tarixçi Cahangir Zeynal oğlu Nəsirbəyov həyatı və yaradıcılığı haqqında
gec yazılan şəxsiyyətlərdəndir. Onun taleyi
və çoxcəhətli
yaradıcılığı elmi ədəbiyyatda layiqli əksini tapmayıb.
Tamilla Kərimova-Kocayevanın
Cahangir Zeynaloğlunun
həyat və yaradıcılığına dair
bir neçə illik elmi axtarışları
heç bir nəticə verməmişdi. Nəhayət,
İstanbulda Cahangir Zeynaloğlunun övladlarını
tapandan sonra onun soyadı dəqiqləşdirildi: Nəsirbəyov.
Bundan sonra Azərbaycan arxivlərində axtarışlar
aparıldı və uğurla nəticələndi.
Alimin həyat və fəaliyyəti ilə bağlı bir çox hadisə, fakt və fotoşəkillər
Dövlət Arxivindən,
Dövlət Təhlükəsizliyi
Xidmətinin arxivindən,
Mehman Süleymanovun Azərbaycanın hərb tarixinə həsr olunan əsərlərindən,
Cahangir Zeynaloğlunun
ailə arxivində aşkar edilib, ailə üzvlərinin xatirələri əsasında
dəqiqləşdirilib. Həmçinin, onun Bakıda və Şuşada yaşamış qohumları
haqqında məlumatlar,
şəcərəsi verilib,
həyatı və elmi fəaliyyəti haqqında məqalələr
əlavə olunub.
Kitabda şəxs adları, coğrafi göstəricilər,
çoxlu fotoşəkil
də yer alır.
Oğlu
Baykal Sultanın sözlərinə
görə, Cahangir Zeynal oğlu Nəsirbəyov 1892-ci ildə
Şuşa şəhərində varlı
zadəgan ailəsində
doğulub. O, ilk təhsilini
doğulduğu şəhərdə
alıb. Birinci Dünya müharibəsi
başlayanda hərbi xidmətə çağırılıb,
Qafqaz cəbhəsində
kiçik leytenant və leytenant kimi döyüşüb,
orden və medallarla təltif edilib.
Cahangir Zeynal oğlu (Nəsirbəyov) Azərbaycan Xalq Cümhuriyyəti dönəmində
milli ordu quruculuğunda iştirak edib, Azərbaycanın ilk milli hərbi təhsil ocağı Milli Hərbiyyə Məktəbinin rəisi olub.
Şimali Azərbaycan sovetləşdirildikdən
sonra Azərbaycan Demokratik Respublikası ordusunun rəhbər heyəti repressiyaya məruz qalır, bir çox siyasi və hərbi xadim mühacirət etməli olur. 8 dekabr 1920-ci ildə həbs hökmü gözləyən
Nəsirbəyov istintaqdan
yayınmağı qərara
alır, Azərbaycanı
tərk edir, Tiflisdən Türkiyəyə
qaça bilir. İkinci Dünya müharibəsi başlayanadək orada yaşayır. Bu dövrdə müxtəlif
məktəblərdə rus,
alman, fransız və italyan dillərini tədris edir. Sonra ticarətlə məşğul
olur, Sivasda "Vətən" fabriki yaradır.
Cahangir bəyin
Türkiyədə yaşayan
və Sovet hakimiyyətini qəbul etməyən azərbaycanlı
mühacir dostları varmış. Sonralar onların bəziləri
Avropaya və Amerikaya köçürlər.
Nəsirbəyov bir neçə
dostu ilə birlikdə Almaniyaya köçərək burada
könüllülər ordusunun
sıralarına daxil olur. Almaniyada olarkən ailəsinə
məktublarının birində
yazır ki, ən qısa zamanda Azərbaycan azad olacaq, müstəqilliyini
bərpa edəcək
və biz hamımız
birlikdə Vətənimizə
dönəcəyik.
Lakin onlar bir daha görüşə
bilmirlər.
Kitabda Nəsirbəyovun
ömrünün tədqiqatçılar
üçün ən
qaranlıq məqamları
barədə məlumatlar
verilib.
Cahangir Zeynaloğlunun həyatı
və taleyinin rəngarəngliyi ilə tanış olduqca XX əsrin ilk yarısında
Azərbaycanda, Rusiyada,
Almaniyada baş verən mühüm dramatik hadisələrin - Birinci Dünya müharibəsinin, fevral inqilabının, oktyabr çevrilişinin, Azərbaycan
Demokratik Respublikasının
yaranmasının və
süqutunun, rus ordusunun Azərbaycanı işğal etməsinin və İkinci Dünya müharibəsinin
əksini tapdığını
görürük.
Cahangir Zeynaloğlunun
elmi fəaliyyəti Azərbaycan elm və mədəniyyət tarixində
müəyyən iz qoyub. Onun tarix təhsili
olmayıb. Ancaq mükəmməl
təhsili, mütaliəsi,
fitri istedadı, geniş dünyagörüşü,
xidmət göstərdiyi
mühit sayəsində
Azərbaycanın görkəmli
ziyalılarından birinə
çevrilmişdi. Bütün bunlar
ona Azərbaycan tarixinin müxtəlif məsələlərinin uğurla
araşdırmasına imkan
yaratmışdı. O, 1924-cü ildə İstanbulun "Şəms" mətbəəsində
nəşr etdirdiyi tarixi və elmi-publisistik "Müxtəsər
Azərbaycan tarixi"
əsərində qədim
çağlardan yaşadığı
dövrə kimi zamanı qələmə
almışdı. "Müxtəsər Azərbaycan
tarixi" kitabı
1993-cü ildə Bakıda
təkrar nəşr olunub.
Cahangir Zeynaloğlunun
başqa tarixi əsəri "Azərbaycan
xanlıqlar dövrü"
kitabıdır. "Xalqın
sözü. Haqqın
sözü" kitabında
isə Azərbaycanın
5000 atalar sözü,
zərb-məsəl, söz
və onun sinonimi, tarixi və əcnəbi terminlər və s. təqdim olunur.
1000 illik tarixi əhatə edən Şirvanşahlar dövlətinin
tarixinin ilk azərbaycanlı
tədqiqatçısı da Atatürkün və marşal Fevzi Çakmakın yüksək dəyərləndirdiyi
Cahangir Zeynaloğludur. 18 avqust 1931-ci ildə İstanbulda işıq üzü görən
"Şirvanşahlar yurdu"
Türkiyədə daha
bir neçə dəfə nəşr olunub və bu gün də
öz əhəmiyyətini
itirməyib. Əsərdə Şirvanşahlar dövlətinin
tarixi ən qədim dövrlərdən
Rusiyanın Azərbaycanı
işğal etməsinə
kimi izlənib. Cahangir Zeynaloğlu Şirvanşahların
tarixinin araşdırılmasına
öz töhfəsini
verib, dövlətin inkişaf, çiçəklənmə
və tənəzzül
mərhələlərini araşdırıb,
bəzi qaranlıq məqamlara aydınlıq
gətirib, Şirvanın
daxili həyatını
və fəaliyyətini
öyrənməyə imkan
yaradıb. Müəllif Şirvanşahların tarixini
işıqlandırmaq üçün
onun müxtəlif aspektlərini - dövlətin
yarandığı tarixi-coğrafi
şəraiti, Şirvan
şəhərlərinin, tayfaların
və xalqların vəziyyətini, dövlət
quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini
nəzərdən keçirib.
O, Şirvanşahlar dövlətinin
yarandığı vaxtdan
ta süquta uğrayanadək genealogiyasını
araşdırıb, bir
sıra Şirvanşah
hakiminin adını və hakimiyyət illərini dəqiqləşdirib.
Əsərdə Şirvanşahlar dövlətinin tarixi, eləcə də dövləti idarə etmiş Məzyədilər,
Kəsranilər, Dərbəndilər
sülaləsindən olan
Şirvanşahlar barədə
müfəssəl məlumat
verilib.
Cəbi BƏHRAMOV
Tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.11.