Sürəkli alqışlar sükutu pozdu...  

 

İki ilə yaxın fasilədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sevimli tamaşaçılarına yenidən qucaq açdı, sanki doğma ana övladlarını bağrına basdı. Teatr 112-ci mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilə başladı, pərdələr açıldı...

 

Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev teatrın peşəkar aktyorları ilə birlikdə səhnədə göründü bütün teatrsevərləri yeni mövsümün açılışı münasibəti ilə təbrik etdi. 

 

Direktor çıxışında istər uzun sürən pandemiyanın ən sərt karantin dönəmlərində, istərsə 44 günlük Zəfər salnaməsinin yazıldığı o müqəddəs günlərdə kollektivimizin əzmlə çalışdığını xüsusi vurğuladı, "Döyüşən teatr"ın nurlu şəhidi Əliağa Məmmədovun işıqlı xatirəsini ehtiramla yad etdi tamaşaçılara onun qəhrəmanlığından danışdı.

 

Ə.Lalayev II Qarabağ Müharibəsi iştirakçısı, teatrın balet artisti Murad Ağayevə döyüşlərdə ön cəbhələrdə vuruşan teatrın digər əməkdaşlarının ailə üzvlərinə təşəkkürünü bildirdi...

 

Beləliklə, uzun fasilədən sonra biz 112-ci mövsümümüzə yeni ab-hava ilə başladıq. 

 

Fikirlərimi teatrın mətbuat katibi kimi deyil, sadə tamaşaçı kimi yazıram. Teatr elə bir məkandır ki, hər anı xatirədir...

Səhnənin sayrışan, rəqs edən işıqlarını görəndə özümü qəribə hiss etdim. Bizim nurlu şəhidimiz - vaxtı ilə teatrımızın səhnəsini işıqlandıran o nurlu oğlanı - Əliağa Məmmədovu xatırladım. Tamaşa gedə-gedə ürəyimdə onunla danışırdım... Vətən müharibəsi iştirakçısı olan əməkdaşımız -balet artistimiz Muradı səhnədə görəndə ürəyim açıldı, fərəhləndim. 44 günlük Zəfər salnaməmizdə səngərdən səhnəyə Qalib əsgər obrazı göz önümdə canlandı.

 

Ölkədə əmin-amanlıq olmasa, teatr da olmaz! Bizə bu gözəl anları yaşadan cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı!

17 aylıq fasilədən sonra budur, canlı səhnə, orkestrin müşaiyəti, aktyorların, xor balet heyətinin peşəkar ifaları, sürəkli alqışlar...

Onlar bu alqışların min qatına layiqdirlər.

 

Layiqdirlər ona görə ki, peşə vərdişlərinə sadiqdirlər. Sənətlərini sevirlər. Teatrlar açılandan bəri, onlar bu qısa zaman kəsiyində bərpa proseslərini bir göz qırpımında keçə bildilər.

 

Teatrda fəaliyyətimizə yenicə başlayarkən fərqinə vardım ki, hətta otaqlarımızda kompüterlərimizin parollarını belə unutmuşuq. Bu, hələ harasıdır? Dolanbac dəhlizlər bizi azdırırdı... Biz ötüb keçən zaman kəsiyində ən adi vərdişlərimizi belə bu dərəcədə yadırğamışkən, aktyorların öz üzərilərində sürətli çalışması qısa zamanda tamaşaların bərpası əsl fədakarlıq nümunəsidir, fikrimcə.

 

Bütün bunları düşünə-düşünə tamaşanın sonuna qədər gözlərimi səhnədən çəkmədim aktyorlarımızı ürəkdən alqışladım... Onların peşəkar ifaları həmişəki kimi, yenə hər kəsi heyran etdi.

 

Əsrlərin sınağından çıxan "O olmasın, bu olsun" tamaşası dəfələrlə nümayiş olunmasına baxmayaraq, hər zaman rəğbətlə qarşılanır, teatrsevərlərə gözəl yaddaqalan anlar bəxş edir...

 

Pandemiya şərtlərinə uyğun davranmaq, maska taxmaq, ara məsafəsi saxlamaq dostlarla ünsiyyətə zidd olsa da, onlarla teatrda görüşün özü hər halı ilə gözəldir. Bir-birimizə uzaqdan "pandemiya salam"ı verib keçməyimizə qatlanmaq olar...

 

Pandemiyanın fəsadları teatrlara badalaq vursa da, büdrətsə də, sənət fədailəri onu yıxılmağa qoymadılar. Bütün bunlar bizim uğurumuzdur, qələbəmizdir.

 

İnanıram ki, gün gələcək ümumbəşəri bəla Yer sakinlərindən uzaqlaşacaq. Bu çətin dönəmdə əsas məsələ sağlamlığımızdır. Bir-birimizi qorumaq borcumuzdur. Onsuz da qəlblər bir-birinə sayqı duyursa, məsafələr əngəl deyil.

 

Akademik Musiqili Teatrın kollektivinə uğurlar və həmişə belə sürəkli alqışlar!

 

Səhnə əsərinə gəlincə isə, 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər müxtəlif rejissorların yozumunda nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından - 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

 

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri - ZakirLeyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri - Elməddin DadaşovSevinc Məmmədovadır.

 

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar - Elxan İsmayılov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili, Elçin İmanov, Telnaz Hüseynova, Fərid Rzayev, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Təranə Əliyeva, Rüstəm Rüstəmov, RahibNuray Məmmədzadələr və başqaları çıxış edirlər.

 

 

Fəridə Aslanova

 

525-ci qəzet.- 2021.- 4 noyabr.- S.16.