ZƏFƏR NƏĞMƏSİ

 

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu-

Zəfər nəğməsi.

 

Bu nəğmənin hər sədası "Cəngi"di,

Al-qırmızı kəlmələrin rəngidi,

Dar anında bir oyanış zəngidi-

Zəfər nəğməsi.

 

Yarıb keçər çəpərləri ,sədləri,

Tam əridər buz bağlamış hədləri.

Düzdə qoyar nankorları,bədləri-

Zəfər nəğməsi.

 

Döyüşlərdə dönər dəmir yumruğa,

Haya yetən xilaskar quş Simurqa,

Səslənəndə el qarışar xoş çağa-

Zəfər nəğməsi.

 

İgidlərlə o, eyləyər yoxdan var,

Mərd əllərdə ilmələnər, toxunar,

Azad eldə, azad dildə oxunar-

Zəfər nəğməsi.

 

 

İbrahim Yusifoğlu

 

525-ci qəzet.- 2021.- 4 noyabr.- S.15.