Qürur duyduğum
dost
Eyruz Məmmədov
haqqında yazı hazırlamaq üçün
götürdüyüm qələm
elə əlimdəcə
qalıb, sanki vərəqə toxunmağa
cəsarət etmir. Xatirələrimi çözələyirəm. Dostumun portretini yaratmaq üçün həyatının
gözüm qarşısında
ötən günlərində
baş vermiş və ya mənə
danışdığı qeyri-adi məqamları axtarıram. Yaddaşımın gözlərinə birdən-birə
qaranlıq çökür.
Üzərimə götürdüyüm məsuliyyətdənmi, Eyruzun
jurnalist peşəkarlığı
qarşısında keçirdiyim
həyəcandanmı, beynimdə
hər şey keyfiyyətsiz Sovet televizorlarının ekranı
kimi bir-birinə qarışır. Sanki xatirələr mənimlə
gizlənqaç oynayır.
Ya da ağsaqqaldan həya edən gəlin obrazına girib yaşınıb gözə görünmək
istəmir.
...Əsəbiləşirəm. Qocalığı lənətləyirəm. Heç olmasa Eyruzla ilk tanışlığımı yada salım. Axı ilk tanışlıq həmişə
yaddaqalan olur. Bədbəxtçilikdən bu məqamda
yaddaş dəftərimdən
o da pozulur. Zaman qədim Misir ehramlarının bir çoxu kimi, o günün üstünü
səhra qumları kimi örtüb.
Bəlkə heç "günah"
nə qocalıqda, nə də yaddaşsızlıqda deyil. "Günah" bizim dostluğumuzda, bir-birimizi doğma insan kimi qəbul etməyimizdədir. Doğma insanların
münasibətləri ərk
üzərində qurulduğundan,
heç vaxt bir-birinin əməllərini
çək-çevir etmir,
hərəkətlərini təhlil
etmir, yaxşı, ya pis olduğu
barədə fikirləşmir.
Necə ki, şəhər əhli üçün doğulub boya-başa çatdığı şəhər
adiləşdiyindən onun
gözəlliyini və
ya bərbad küçələrini, binalarını
nə tərifləyir,
nə də tənqid edir. Sadəcə
doğma şəhərini
sevir, onunla qürur duyur. Mən də Eyruzu dost bilmişəm. Zarafatlarından da, danışıq
tərzindən də,
ciddiliyindən də zövq almışam.
Bütün çatan,
çatışmayan xüsusiyyətləri
ilə mənim üçün əvəzsiz
dost olub. Bu dostluqdan
qürurlanmışam və
qürurlanıram.
Eyruzun qürur
duyduğum xüsusiyyətlərindən
biri onun güclü xarakterə malik olmasıdır. Onda xarakterin
coğrafiyası olduqca
genişdir. Bu coğrafiya bütöv Azərbaycanı, keçmişi,
indisi, gələcəyi
ilə Azərbaycan mədəniyyətini, mənəviyyatını,
heysiyyatını əhatə
edir. Təbiətən sakit, mehribandır.
Abır-həyasını gözləyən, düzlüyü, xeyirxahlığı
özünə məslək
seçən insandır.
Heç
kimin xətrinə dəyən söz deməz, hərəkət
etməz. Öz davranışı
ilə heç kimə də şərait yaratmaz ki, onun xətrinə
dəysin. Mən Eyruzu
belə görmüşəm,
belə tanımışam.
Bəlkə elə onu
ideal insan kimi tanıdığıma görədir
ki, o dövrdə hər adamın edə bilmədiyi mərd, xeyirxah hərəkətləri mən
Eyruz üçün
adi hərəkət saydığımdan qiymətləndirib
yaddaş daxılıma
yığa bilməmişəm.
Bu sətirləri yazdıqca
bəzi məqamlar yaddaşımda boy verməyə
başlayır. Cavanlıq illərində Eyruz
bir mötəbər idarədə çalışırdı.
Yenicə həmin idarədə rəhbər
işə təyin olunmuş bir yaşlı yoldaş onu kabinetinə çağırıb demişdi:
- Araşdırdım, burada
mənə səndən
yaxın işçi
yoxdur. Atanı da yaxşı
tanıyıram. Aramızda səmimi
münasibət var. İşçilərlə
ünsiyyətdə olursan.
Görürəm, sənə hörmət
edirlər, inanırlar.
Sən belə elə, şöbələrdə
nə baş verir, kim
özünü necə
aparır, haqqımda nələr danışır,
gəl mənə de.
Mən də səni himayəmdə saxlayacağam.
Eyruz soruşur:
- Siz doğrudan mənim atamı yaxşı tanıyırsız?
- Əlbəttə.
- Atamda satqınlıq görmüsünüz?
- Yox, O, kişi
adamdır, sözü
üzə deyəndir.
- Axı mən də o kişinin oğluyam. Bəs Siz bu xahişi məndən niyə edirsiniz?
Eyruz bu mükaliməni mənə
danışdı. Onun cavabını
çox adi qarşıladım. Əgər o nadana razılıq versəydi, bu, mənə qeyri-adi gələrdi. Hər ikimiz
yəqin bildik ki, etirazdan sonra
həmin idarədə
Eyruzun vəziyyəti
yaxşı olmayacaq.
Karyerası da ki, o məsələ. Amma bunları
dilə gətirmədik.
Çünki karyeradan da vacib kişilik idi. Pulu, vəzifəni itirib
sonra qazanmaq da olar. Kişiliyi isə bir dəfə
itirdin, qurtardı, bir də qazana
bilməzsən.
Kədərlənmək əvəzinə, o "böyük
adamın" ünvanına
bir-iki "prikol" da deyib gülüşdük. Bununla da
həmin hadisə unuduldu.
Eyruzla mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə
qəbul imtahanları
verirdik. İmtahana gələnlərin əksəriyyəti istər-istəməz
həmsöhbət olurlar.
Həmsöhbətlərimizdən biri Sabirabad
əhli idi. 6-7 il idi ki, jurnalistikaya imtahan verirdi. Məlum oldu ki, o, kasıb
oğlandır. Atası atıb
gedib, indi də qoca anasının
himayəsindədir. Dediyinə görə,
atası rayonda, ya da kənddə
(indi xatırlaya bilmirəm) baytar həkimidir. Onlara əl
tutmur.
Eyruz qəbul imtahanlarının
birində mənə
dedi ki, gəl günorta çörək yeməyə
onu da özümüzlə
aparaq. Hiss etdik ki, o, bu dəvəti
gözləyirmiş, bəlkə
də bizi buna hazırlayırmış.
Görünür, onlarla abituriyentin
arasında məhz bizim üzüyola olduğumuzu yəqinləşdirmişdi.
Allahın köməkliyi ilə biz də, o qardaş da universitetə qəbul olunduq. Yenə də
himayəmizdə idi.
Arada bir bizə çaxır
da aldırırdı.
İçirdi, keflənirdi və
başlayırdı onları
atıb gedən atasını söyməyə.
Bir gün necə oldusa bizimlə arası dəydi. Səhərisi gün gördük
ki, bütün patok bizdən danışır. Tələbə yoldaşlarımız arasında
şayiə yayıb ki, Eyruzla Bəyalı
qəbul imtahanları
vaxtı mənim aldığım kolbasa ilə qarınlarını
doydurublar, gözlərindən
gəlsin. Əlbəttə,
heç kim
inanmadı. Əksinə, o adamı məzə,
gülüş hədəfinə
çevirdilər. Çünki tələbə yoldaşlarımız
bilirdilər ki, Eyruz da, mən
də Sumqayıtda sayılıb-seçilən, imkanlı
kişilərin övladlarıyıq.
Eyruz nəinki incidi, əksinə, həmin dostumuza qayğısını bir
az da
artırdı. Pulunu əskik
etmədi. Yenə də
naharını aldı.
Səbəbini də belə izah etdi: hər adam bir
xasiyyətdə olur.
Biz onunla çörək
və salam
kəsmişik. Bu iki müqəddəs şeyə hörmət hər kəsin borcudur.
E.Məmmədovla tələbəlik illərimiz
çox uzun çəkmədi, deyəsən,
ikinci kursdan filologiya fakültəsinin
qiyabi şöbəsinə
keçdi. Sumqayıtda özünə yaxşı
karyera qurdu. Şəhər Partiya Komitəsində
təlimatçı, Sumqayıt
superfosvat zavodunda həmkarlar ittifaqı komitəsinin sədri,
"Kommunist Sumqaita"
qəzetinin baş redaktoru vəzifələrində
işlədi.
Ölkəmizdə Sovet imperiyasına qarşı etirazlar başlayanda fəal azadlıq mücahidləri sırasında oldu. Təbii ki, qələmi ilə. O zaman bilinmirdi ki, hadisələr nə ilə nəticələnəcək. Hələ də ordusu, topu, tüfəngi olan imperiya etirazları yatırıb kütləvi həbslərə, repressiyalara da başlaya bilərdi. Amma Eyruzu bu təhlükələr qorxutmurdu.
1988-ci il Sumqayıtda Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi ixtişaş, bu ixtişaşda erməni izləri uzun illərdir ki, E.Məmmədovun tədqiqat mövzusudur. Bu mövzunu araşdırmaq məqsədilə Bakıda, Moskvada arxivlərdə olub, keçmiş SSRİ-nin rəhbər işçiləri ilə müsahibələr edib. Hadisə şahidlərinin dediklərini qələmə alıb. Hadisələrin mahiyyətini, məqsədini əsaslı şəkildə ortaya qoyub. Erməni yalanlarını, iftiralarını, böhtanlarını ifşa edib.
Böyük ürək sahibi, ruhu qocalmaq bilməyən Eyruz Məmmədov 70 yaşın bir-iki addımlığında olsa da, qələmi ilə hələ də müzəffər əsgər kimi Vətənin, ədalətin keşiyindədir.
Bəyalı
RZAYEV
"Ülfət"
qəzetinin baş redaktorunun
müavini, Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2021.- 4 noyabr.- S.14.