Böyük zəfərin təməl
daşları
ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEVİN MÜDRİK
SİYASƏTİ VƏ PREZİDENT, MÜZƏFFƏR
ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN
YENİLMƏZ QƏTİYYƏTİ PARLAQ
QƏLƏBƏMİZİ TƏMİN ETDİ
Vətən
torpaqlarının düşmənin otuz illik
işğalından qurtarılmasının birinci
ildönümü tamam olur. Bu bir il müstəqillik tariximizin ən şərəfli
və qürurlu ili olaraq hər bir vətəndaşımızın
və soydaşımızın həyatının unudulmaz
dövrü kimi tarixi yaddaşımıza əbədi həkk
olunub. Xalqımızda müqəddəs
azadlıq müharibəsində qələbə çalmaq əzmi
necə qətiyyətli idisə, bu bir ildə vəhşicəsinə
dağıdılıb viran edilmiş şəhər və kəndlərimizi
qısa zamanda yenidən qurub məskunlaşdırmaq eşqi də
o qədər yüksəkdir. Biz Vətən müharibəsində
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin fövqəladə dərəcədə
yüksək rəhbərlik və komandanlıq məharəti,
əziz xalqımızın və
rəşadətli ordumuzun mətanət və qəhrəmanlığı
ilə qürur duyduq, bir millət kimi
böyüklüyümüzü, qalibiyyəti haqq etdiyimizi dərk
etdik. Keçən illər ərzində Ulu
öndər Heydər Əliyevin daxili və xarici siyasətinin
uğurla davam etdirilməsinin və yaradıcılıqla zənginləşdirilməsinin
əməli bəhrəsini gördük. "Xoşbəxtəm
ki, ata vəsiyyətini yerinə yetirdim!" deyən Azərbaycan
Prezidentinin polad iradəsini, Dəmir Yumruğunu gördük,
eyni zamanda, onun bütün Azərbaycan xalqı və
dünya azərbaycanlıları ilə, qardaş Türkiyə
ilə bir döyünən həssas qəlbinin həyəcanlarını
duyduq, şəhidlərimizin ruhuna dərin ehtiramının və
qazilərimizə qayğısının şahidi olduq. Prezidentimiz 44 günün hər anında qələbəni
təmin etməklə, xalqı və ordunu qələbəyə
kökləməklə və hər axşam qələbə
müjdəsi verməklə xalqımızı kütləvi
fədakarlığa sövq edir, həm hərbi sahədə,
həm də diplomatiya cəbhəsində əsl qəhrəmanlıq
nümayiş etdirirdi. Təcavüzkar Ermənistan
dövlətinin üzun illər davam edən
işğalçılıq siyasətinə qarşı 27
sentyabr 2020-ci il tarixində başlanan Vətən
müharibəsi xalqımıza tarixən xas olan igidlik və
mərdlik xüsusiyyətlərini parlaq şəkildə
üzə çıxartdı və bütün dünyaya
nümayiş etdirdi.
Qəhrəmanlıq insan cəmiyyətinin ən
kiçik ibtidai qurumlarından başlamış bəşəriyyətin
müxtəlif tarixi inkişaf mərhələlərində
özünü göstərən xüsusi insani keyfiyyətdir. Bu, xalqların, millətlərin,
dövlətlərin, insanların, hətta cəmiyyətin
kiçik bir zərrəsi olan ailənin gözlənilməz
və çıxılmaz təhlükələrlə
üzləşdiyi zaman cəsur, igid, qorxmaz, dönməz,
hünərli, dəyanətli, fədakar insanlarda büruzə
verilən yüksək davranış və fəaliyyət
formasıdır. Əlbəttə, cəmiyyətlərin
tarixi onun yetişdirdiyi qəhrəmanların adları və
onların fəaliyyətləri ilə sıx
bağlıdır. Böyük türk
xalqının, o cümlədən, bizim xalqımızın
min illər boyu yetişdirdiyi, adları qədim
dünyanın əfsanəvi qəhrəmanları ilə
yanaşı çəkilən qəhrəmanlarımız
olmadan tarix və mədəniyyətimizi təsəvvür
etmək olmaz. Qəhrəmanlıq
özü bir fövqəladi hadisədir, insana daxilən
xasdır, bu keyfiyyət varsa, o, zamanın, şəraitin tələb
etdiyi vaxt bir yatmış vulkan kimi püskürüb üzə
çıxır. Digər tərəfdən,
öncədən, ya hadisələrin gedişi prosesində məqsədyönlü
şəkildə düşünülən, içdən gələn,
ürəyin hökmü və əqlin mühakiməsi ilə
hazırlanan və zəruri anında üzə çıxan
qəhrəmanlıq da vardır. Xalq
üçün, dövlət üçün, onları təmsil
edən rəhbər üçün fədakarlıqla
döyüşə atılıb misilsiz hünər göstərən
qəhrəmanlarımız tariximizin hər mərhələsində
olmuşdur, yaşadığımız
üçüncü minillikdə də vardır, hər
zaman da olacaqdır.
Şübhə yoxdur ki, xalqa daxilən xas olan qəhrəmanlıq
bir cəmiyyət hadisəsi kimi yönəldilməli, idarə
olunmalıdır. Tarixin müxtəlif dövrlərində
hökmdarlar xalqın içindən çıxan cəsur,
igid şəxsiyyətlərə söykənmişlər.
Yaxın tariximizə nəzər salsaq, Azərbaycan
Səfəvilər dövlətinin tənəzzülə
getdiyi, hər tərəfdən işğala məruz
qaldığı bir vaxtda 1720-ci illərdə böyük
türk xalqının əfşarlar tayfasından olan Nadir
xanın Səfəvi hökmdarı Şah Təhmasib tərəfindən
tarix səhnəsinə çıxarılması və
ordunun başına gətirilməsi bunun ən yaxşı
nümunəsidir. Qəhrəmanlıq
tarixi ehtiyacdan doğan fenomenal hadisədir. Əlbəttə,
hər hansı
ekstremal vəziyyətlər, ya təbiət-texnogen
hadisələri də insanlarda igidlik, cəsurluq hisslərini
oyada bilər, belə şəraitdə də qorxmaz, cəsur
qəhrəmanlar meydana çıxarlar.
1918-1920-ci illərdə müsəlman şərqində
ilk müstəqil demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin rus işğalı nəticəsində
devrilməsi və Azərbaycanın dövlət müstəqilliyini
itirib sovetləşdirilməsi illər boyu bu
işğalçı rejimə qarşı üsyanlara, xalq
hərəkatına səbəb oldu. Xalqımızın qəhrəman
oğulları 1804-cü ildə Gəncənin
işğalı zamanı Cavad xanın rəşadətini təkrar
edərək uzun müddət bu rejimə boyun əymədilər.
O zamanlar xalqımızın içərisindən
çıxan kommunist rejiminə üsyan edən mübarizlərin
xatirəsi indi də yaşamaqdadır. Eyni
zamanda, 1941-1945-ci illərdə Almaniya-SSRİ müharibəsində
də "Vətəni" müdafiəyə qalxanlar
içərisində, öndə gedənlər
sırasında bizim xalqımız da yer alırdı. Çünki bu böyük "Vətənin"
içərisində doğma, əziz Vətən də - Azərbaycan
da yer alırdı. Neft iyi imperialsit dövlətləri
çoxdan məftun etmişdi və Azərbaycan
xalqının da taleyi bu müharibənin nəticələrindən
xeyli asılı ola bilərdi. Cəbhəyə yollanan 700 minədək Azərbaycan
əsgərinin təqribən yarısı həlak oldu.
Bu müharibədə Azərbaycandan 114 nəfər
Sovet İttifaqı Qəhrəmanı adı aldı, arxa cəbhədə
də xalqımız əsl qəhrəmanlıq nümunəsi
göstərdi. Bakı neftçilərinin
qəhrəmanlığı heç də cəbhədəki
qəhrəmanlıqlardan əskik deyildi. Bu
tarixi təcrübələr göstərdi ki, xalqın
içində ona xas qəhrəmanlıq əbədiyaşardır,
tarixi tələbat anında qaynayıb üzə
çıxmağa qadirdir.
1991-ci ildə
Sovet Sosialist Respublikaları İttifaqı - SSRİ adlanan, Qərbdə
isə daha çox "Şər imperializmi" kimi
yanaşılan nəhəng bir dövlət və onunla
birlikdə yetmiş illik sosializm sistemi süqut edəndə
bu ittifaqdakı bütün xalqların taleyinin yeni
dövrü başladı. Lakin Azərbaycan
Respublikası müstəqilliyin ilk günlərindən sovetlər
dönəmində başlanan və mərkəzi hakimiyyət
tərəfindən rəvac verilən erməni təcavüzü
ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımızın və
dədə-baba torpaqlarımızın zalım düşməndən
qorunması, vətəni müdafiə edə biləcək
nizami milli ordu, asayişi və dövlətin təhlükəsizliyini
təmin edəcək təhlükəsizlik qurumları
yaradılmalı, xalqın bütün gücü müstəqillik
və milli dövlətçilik uğrunda mübarizəyə
səfərbər edilməli idi. Təəssüf ki, o
zaman daxili və xarici şəraitin olduqca mürəkkəbliyi,
hakimiyyət başına gətirilmiş, ya gəlmiş
qüvvələrin qarşıdurması, şəxsi, qrup mənafelərinin
milli maraqlardan üstün tutulması, dövlət rəhbərliyinin
səriştəsizliyi və idarəçilikdən bixəbər
olması, bir sıra hallarda isə hakim komanda daxilində ciddi
fikir ayrılıqları və mənəm-mənəmlik,
başqa xarici güclərə qulluq göstərmək,
torpaqları fürsətcil düşməndən elliklə
qorumaq əvəzinə, hakimiyyət bölgüsündə
daha çox pay almaq üçün mübarizə edilməsi
düşdüyümüz vəziyyəti daha da
ağırlaşdırırdı. Ölkə prezidenti isə,
emosional fikir və davranışlara yol verməklə,
ölçülüb-biçilməmiş xarici
siyasət yeridir, həlledici qərarlar qəbul etmək anlarında acizlik göstərirdi.
1991-ci ilin avqustundan 1993-cü ilin iyunun 15-dək ölkədə
yaranmış acınacaqlı idarəçilik şəraitində
Ermənistan Respublikasının silahlı qüvvələri
Azərbaycanın Dağlıq Qarabağ vilayətini əksər
ətraf bölgələrlə birlikdə işğal etməyə
müvəffəq olmuşdular. Qəhrəmancasına
vuruşaraq həlak olan şəhidlərimizin və minlərcə
qətlə yetirilmiş vətəndaşlarımızın
qanları yerdə qalmış, bir milyondan çox
qaçqın və köçkün öz doğma dədə-baba
yurdlarından didərgin salınmışdı.
Sovet
rejiminin irtica və qəddarlıq siyasəti nəticəsində
on minlərlə ən yaxşı oğul və
qızlarını itirən, 1930-cu illərdə otuz mindən
çox ziyalısı edam edilən, sonrakı illərdə
doğma torpaqlarından deportasiya olunan, 1990-cı ilin 20
yanvarında mənsub olduğu Sovet dövlətinin
özü tərəfindən qanlı təcavüzə məruz
qalan Azərbaycan xalqı dərin bir xəyal
qırıqlığı və məyusluq içindəykən,
xalqın qəlbinə və ruhuna yeni bir cəsarət
küləyi nüfuz etdi. Moskvada qanlı yanvarın səhərisi
günü, bütün təqiblərə və hətta
ölüm təhlükəsinə baxmayaraq, Azərbaycan
nümayəndəliyinə gələn Heydər Əliyevin
SSRİ hökumətini, onun başçısını kəskin
ittiham edən nitqi Azərbaycanda fikir və düşüncələrdə
əsl çevriliş əmələ gətirdi.
Xalqımızın mübariz istiqlal
şairləri Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd
Araz, Sabir Rüstəmxanlı və başqaları imperiyaya
meydan oxudular, xalq Azadlıq meydanını səngərə
çevirib birlik və mübarizə əzmi nümayiş
etdirdi. Məmməd Araz 1992-ci ilin martında
yazdığı "Ayağa dur, Azərbaycan!"
şeirində xalqı
erməni təcavüzü qarşısında dik
durmağa, düşmənə qarşı mətanətlə
sinə gərməyə çağırırdı, o
zamankı Azərbaycan rəhbərliyini iradəsizliyini və
hərəkətsizliyini sərt qınayır, xalqı
ağlayıb-sızlamağı dayandırıb Vətəni
qorumaq üçün savaşa atılmağa
çağırırdı:
Nə
yatmısan qoca vulkan, səninləyəm!
Ayağa
dur Azərbaycan, səninləyəm!
...Gözünü
sil, Vətən oğlu,
Ayağa
qalx!
Üfüqünə
bir yaxşı bax,
Sərhədinə
bir yaxşı bax,
Sərhədinin
kəməndinə bir yaxşı bax!..
Təcavüzkar
Ermənistanın ölkəmizə başlatdığı
elan edilməmiş müharibə, əzəli Azərbaycan
torpağı olan Qarabağın və ətraf rayonların
işğal edilməsi və bu işğalın, həmçinin,
1992-ci ilin fevralın 26-da Xocalı şəhərində dinc
əhaliyə qanlı divan tutulmasına Azərbaycanın o
zamankı rəhbərliyinin seyrçi qalması, belə həlledici
məqamda acizlik nümayiş etdirməsi xalqda nə qədər
məyusluq yaratmış olsa da, hələ
formalaşmamış ordu hissələri, könüllü
silahlı dəstələr, yerli milis (polis) qüvvələri
düşmənlə qeyri-bərabər döyüşdə
misilsiz qəhrəmanlıqlar göstərir, böyük bir
fədakarlıqla torpaqlarımızı və əhalimizi qorumağa
çalışırdılar. Qeyrətli Vətən
oğullarının gücü onların vətənsevərliyində,
vətən uğrunda həlak olmaqdan çəkinməməkdə
idi. Döyüş texnikasının,
silah-sursatın yetərincə olmamasına baxmayaraq, ön xətdə
düşmənə zərbələr vurulur, igidlərimiz qəhrəmanlıqla
şəhid olurdular.
Atalarımızın dediyi kimi, arxalı köpək
qurd basar. Ermənistana hər vasitəylə yardım göstərən
keçmiş Sovet hərbi hissələri isə ermənilərin
ölkəmizə qarşı keçirdikləri hərbi əməliyyatlarda,
işğalçılıq və terror əməllərində
iştirak edirdi. Beləliklə, şəhidlərimizin
qanı ilə suvarılan torpaqlarımız 1990-cı illərin
əvvəllərində öncə Moskvapərəst Azərbaycan
rəhbərliyinin, sonra isə hakimiyyətdaxili mübarizəyə
başı qarışmış, regiondakı maraqlı
böyük siyasi güclərlə siyasəti qura bilməyən
AXC-Müsavat hökumətinin səriştəsizliyi nəticəsində
düşmən tapdağına dönmüşdü. Hakimiyyətdəki bəzi qüvvələrin Vətənə,
millətə xəyanət yolunu tutması, ölkədə
tam bir vətəndaş qarşıdurması və etnik zəmində
Azərbaycan xalqının parçalanması məqsədilə
xaricdən rəvac verilən separatizm hərəkətləri
səngərlərdə amansız düşmənlə
ölüm-dirim müharibəsi aparan Vətən
övladlarını ruhdan salırdı. Lakin
yenə də doğma torpaq uğrunda mərdliklə
döyüşürdülər, mövqelərimizi
qorumağa çalışırdılar.
O zamanlar
rayonlarımızın, şəhər və kəndlərimizin
bir-birinin ardınca düşmən tərəfindən
işğal edilməsinin əsl səbəblərini
araşdırsaq görərik ki, düşmən nə qədər
yaxşı təchizatlı və himayəli olmuş olsa da,
ölkəmizdə tədbirli, uzaqgörən vahid siyasi rəhbərlik
olsaydı, yüksək hərbi intizamlı vahid
komandanlıqlı ordu qurula bilərdi, xalqımızın
doğma torpağa məhəbbət və düşmənə
nifrət hisslərini Vətəni müdafiə işlərinə
səfərbər edə, 1991-1993-cü illərdə
düşmənin işğalçı niyyətlərinin
qarşısı alına bilərdi.
1993-cü ilin 15 iyununda Ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqının təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışı dörd
ildən çox davam edən bu qeyri-bərabər müharibənin
gedişində də təsirsiz qalmadı. Vətəni
qorumaq üçün Heydər Əliyevin xalqa müraciətindən
sonra minlərlə hərbçi, mülki şəxs,
xüsusilə gənclər orduya yazıldılar. Füzuli rayonunun düşməndən azad edilməsi
uğrunda döyüşlərdə əsgər və zabitlərimiz
hünər göstərdilər. İndi, İkinci
Qarabağ müharibəsindəki parlaq qələbəmizin
işığında həmin qəhrəman Vətən
övladlarının şəxsiyyələrini, nəsillərə
nümunə olacaq həyat və döyüş yolunu öyrənmək,
yeni nəsillərə çatdırmaq xalqımıza xas
olan qəhrəmanlığın heç də təsadüfi
olmadığını, bu yüksək insani keyfiyyətin
varisliklə davam etdirildiyini təsbit edən fakt kimi dəyərlidir.
Qarabağsız
ötən acılı illərdə, ölkəmizdə Vətən
torpaqlarının azad ediləcəyinə ümid heç
vaxt üzülməmişdi, işğala qarşı
mübarizəni əks etdirən dəyərli elmi, bədii əsərlər,
incəsənət nümunələri, televiziya-radio
verilişləri, kinofilmlər, teatr tamaşaları meydana
çıxmış, 1994-cü ilin mayında əldə
edilmiş atəşkəs rejimi tez-tez pozulduğu kimi,
düşmənə qarşı ideoloji müharibə də
səngiməmişdi. Ulu öndər Heydər Əliyevin
işğal edilmiş bütün torpaqlarımızın
azad ediləcəyi barəsində inamla söylədiyi sözlər,
ondan sonra isə Prezident İlham Əliyevin ölkə
iqtisadiyyatını və ordunu daha da gücləndirmək
sahəsində apardığı ardıcıl,
ölçülüb-biçilmiş daxili və xarici siyasət,
beynəlxalq aləmdə dövlətimizin nüfuzunun və
yerinin get-gedə möhkəmləndirilməsi, regionda və
dünyanın müxtəlif bölgələrində
dostlarımızın artırılması sahəsində
yürütdüyü strategiya xalqımızda qələbə
inamını daim yaşadır, zəfər
gününün yetişəcəyinə inamı
artırır və gənclərimizi torpaqlarımızın
azad edilməsi uğrunda mübarizədə qəhrəmanlığa
səsləyirdi.
Şair və yazıçılarımızın
Qarabağ və digər torpaqlarımız uğrunda şəhid
olan qəhrəman oğullarımızın rəşadətlərini
əks etdirən bir çox maraqlı bədii əsərləri,
həmçinin, bir sıra kinofilmlər, teatr
tamaşaları, digər sənət nümunələri
xalqımızı qəhrəmanlığa kökləyir, qələbə
inamı aşılayırdı. Bu əsərlərdəki personajların əksəriyyəti
real həyatdan götürülmüş, cəbhədə
mərdliklə düşmənə qarşı vuruşaraq
canlarını fəda edən qəhrəmanlarımız
idi. Sülh danışıqlarından doğan
kütləvi məyusluğu ifadə edərək şair Qabil
o zaman "Ümid sənə qalıbdır, Azərbaycan əsgəri!"
şeirində xalqımızı azadlıq savaşına səsləyirdi.
Vətən
uğrunda fədakarlıqlar göstərmiş igidlərimızın,
həmçinin, bu müqəddəs savaşda qəhrəmanlıqla
şəhid olan cəsur qızlarımızın - jurnalist
Salatın Əsgərovanın, tibb bacısı Gültəkin
Əsgərovanın, Xocalı faciəsi zamanı erməni və
rus hərbçiləri ilə qeyri-bərabər
döyüşdə şücaət gostərən, yüzlərlə
dinc sakinimizin həyatını qurtaran Əlif Hacıyevin,
Şuşa qəhrəmanı Ramiz Qəmbərovun, atası
Xəlil Rza Ulutükün Kreml ilə və Ermənistanla sözlə
apardığı mübarizəni səngərdə
azğın düşmənlə silahı və qeyrəti
ilə aparan, döyüşçülərimizin "Boz
qurd" adı verdiyi Təbriz Xəlilbəylinin xatirəsi
xalqımızın qəlbində daim yaşayacaqdır. Yaxud
bakılı yəhudi Albert Aqarunovun, göyçaylı rus,
polis starşinası Yuri Kovalyovun, əslən Tula vilayətindən
olan təlimatçı-təyyarəçi Yevgeni Karlovun, Gəncədən
çavuş İqor Makeyevin, ukraynalı pilot Ruslan
Polovinkonun, Samara vilayətindən təyyarəçi Sergey
Senyuşkinin, həyatını 1975-ci ildən Bakıya bağlayan
Mixail Slesarovun, Tiflisdən ukraynalı pilot Viktor Seryoqinin Azərbaycanın
ərazi bütövlüyünün qorunmasında və
mülki əhalinin erməni vəhşiliyindən
qurtarılmasında göstərdikləri fədakarlıqlar,
öz həyatlarını qurban vermələri bariz qəhrəmanlıq
nümunəsi kimi unudulmazdır. Döyüş
yoldaşları tərəfindən "Fred Asif"
adlandırılan qəhrəman komandir Asif Məhərrəmovun,
tanınmış jurnalistlər Alı Mustafayevin, Çingiz
Mustafayevin, milis kapitanı, 1990-cı ilin yanvarın 19-da
Naxçıvan Muxtar Respublikasına erməni quldurlarının
hücumu zamanı qəhrəmanlıqla həlak olmuş Məhərrəm
Seyidovun döyüş yolları bugünkü nəsillər
üçün əsl qəhrəmanlıq məktəbidir.
1994-cü ilin mayında əldə edilmiş atəşkəsdən
sonrakı illərdə də Azərbaycan dövlətçiliyinin
qorunmasında, ölkədə sabitlik və asayişin təmin
edilməsində qəhrəmanlıq göstərmiş bir
sıra vətən övladlarının xidmətləri
unudulmazdır və xalqımız hər zaman tarixi-siyasi
şərait tələb etdiyində öz içindən belə
qəhrəmanlar yetişdirməyə qadir olduğunu ortaya
qoymuşdur.
Məsələn, qəhrəmanlığı dillərdə
dastan olan, 2010-cu ilin iyunun 18-də həlak olan, lakin
düşmənin onlarla hərbçisini təkbaşına
məhv etmiş gizir Mübariz İbrahimovun, 2016-cı il Aprel döyüşlərinin qəhrəmanı
Murad Mirzəyevin fədakarlıqları nəsillərə
nümunədir. Ulu öndər Heydər Əliyevin
çağırışına yüksək vətənpərvərlik
eşqi və komandirlik məharəti ilə səs verən,
Horadizin düşməndən azad edən briqadanın
komandiri olmuş, bu gün də müntəzəm şərhləri
və dəyərləndirmələri ilə ordumuzun nailiyyətlərini
xalqa yetirən polkovnik Şair Ramaldanovun həyatı və
döyüş yolu bir vətənpərvərlik məktəbidir.
Qeyd edilməlidir
ki, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi
naminə xalq qarşısında müstəsna xidmətə
və rəşadətə görə verilən Azərbaycanın
Milli Qəhrəmanı adı 1992-ci il
martın 25-də təsis edilmişdir. Bu
adı daşıyan milli qəhrəmanlarımızın hər
birinin ailəsi, ya vərəsəsi dövlətimizin daimi
qayğısı altındadır. Vətən
və dövlətçilik uğrunda döyüşlərdə
xüsusilə fərqlənmiş Milli Qəhrəmanlarımız
215 nəfərdir. Onların böyük əksəriyyəti
1990-cı ilin əvvəllərində torpaqlarımız
uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak
olmuşlar, hazırda onların az bir qismi
həyatdadır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə,
onların problemlərinə hər zaman xüsusi həssaslıqla
yanaşırlar. Prezident İlham Əliyevin keçən
il seçkilərdən sonra ilk fərmanı
məhz şəhid ailələrinə yüksək dövlət
qayğısı ilə əlaqədar idi. 28 yanvar 2019-cu il tarixində şəhid ailələrinin
böyük bir qrupunun Prezident sarayında qəbul edilməsi,
şəhid ailələrinə birdəfəlik müavinətlərin,
maşın və mənzillərin verilməsi kimi dövlət
qayğısının bundan sonra da davam etdiriləcəyini təsdiqlədi.
Həmin gün Prezidentin fərmanı ilə
bütövlükdə 12268 şəhid vərəsəsinin
hər birinə, o cümlədən, keçən 2019-cu ildə
bu müavinəti almış 3100 şəhid vərəsəsinə
də 11 min manat birdəfəlik müavinət veriməsi qərara
alındı. Həmçinin, milli qəhrəman
və şəhid ailələrinə dövlətimizin
ayırdığı aylıq təqaüdlər də
artırılmışdır.
Təqdirəlayiqdir
ki, hansı ölkədə yaşamasından asılı
olmayaraq, hətta başqa ölkənin vətəndaşları
olsalar belə, milli qəhrəmanlarımızın ailələri
Azərbaycan dövlətinin daimi himayəsi
altındadırlar, onların ailələrinə xüsusi
aylıq təqaüdlər verilir, ölkəmizin müvafiq
qurumları onlarla müntəzəm əlaqə
saxlayırlar. Bu sətirlərin müəllifinə bir
neçə il bundan əvvəl, Ukraynada diplomatik xidməti
zamanı Xarkov vilayətinin Zmiyev şəhərində
yaşayan Polovinkolar ailəsi ilə görüşmək,
onların Milli qəhrəmanımız Ruslan Polovinko
üçün 22 il ərzində almadıqları təqaüdü
təqdim etmək həvalə olunmuşdu. Şəhid-qəhrəmanın
anası, həyat yoldaşı bank hesablarına keçən
böyük məbləğdə vəsaitin ailə
üçün yaxşı ev və sair
avadanlıqlar üçün kifayət qədər
olduğunu ifadə edərək dərin minnətdarlıqlarını
Azərbaycan Respublikasının Prezidentinə yetirməyi
xahiş etmişdilər. Bu fakt onun bariz göstəricisidir
ki, Azərbaycan dövləti qəhrəmanlarımızın
ailələrinə daim yüksək diqqət və
qayğı göstərir, qəhrəman şəhidlərimizin
məzarları da harada yerləşməsindən
asılı olmayaraq dövlətimiz tərəfindən himayə
olunur.
Nəhayət, Ali Baş Komandanın "Döyüşə!" əmrini gözləyən Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı başladığımız Vətən müharibəsində öz sözünü dedi. Vətən torpağının işğaldan azad edilib etibarlı qorunmasında Azərbaycan əsgəri, bütünlükdə xalqımızın vətənpərvər övladları yeni-yeni qəhrəmanlıq nümunələri ilə adlarını tarixə yazdılar. İndi üç rəngli uca bayrağımız Prezident İlham Əliyevin hər zaman inamla bəyan etdiyi kimi düşməndən azad etdiyimiz bütün torpaqlarımızda qürurla dalğalanmaqdadır. Əminəm ki, biz möhtəşəm qələbəmizin bir illik sevincini yaşayanda Vətən üçün fədakarlıqla öz canlarını qurban verən qəhrəmanlarımızın da intizarlı ruhları şad olur. Keçən illər ərzində öz əsərləri, çağırışları ilə xalqımızın qəhrəmanlıq ruhunu diri tutan, onu zəfərə səsləyən böyük şair və yazıçılarımızın da qəbirləri nurlanır. Şanlı Zəfər günümüzün astanasında könlümdən keçəni dilə də gətirmək istərdim: "Gözün aydın, Məmməd Araz, Azərbaycan ayağa qalxdı və Zəfər çaldı!"
Sonda bir daha vurğulamaq istərdim
ki, qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən
müharibəsi qəhrəmanlarımızın
döyüş yolu xalqımızın qəlbində və
zehniyyətində əbədi həkk olunan Zəfər yoludur, bölünməz,
vahid, qüdrətli, gələcəyinə
inanan və ona doğru inamla irəliləyən böyük
xalqın Qələbə yoludur, öz soy-kökümüzə,
əcdadlarımızın bizə miras qoyduğu ənənələrə
Sədaqət yoludur, azad edilmiş torpaqlarımızın
dirçəldilməsi və Quruculuq yoludur,
xalqımızın Ulu öndər Heydər Əliyev
siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən
həyata keçirən, Azərbaycanın ərazi
bütövlüyünü təmin edən, tarixi qələbənin
memarı və komandanı Prezident İlham Əliyevə
İnam Yoludur. Yolun açıq olsun Azərbaycan!
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, fövqəladə və
səlahiyyətli səfir
525-ci qəzet.- 2021.- 4 noyabr.- S.10-11.