Sandıq əhvalatı  

 

 

VƏ YA QONŞULUQ HAQQI

Hər şey o zəhrimara qalmış köhnə sandıqdan başladı.  Evin qapısını bağlayıb pilləkənlə yuxarı qalxırdım ki, elə pilləkənin başındaca iri bir sandıqla üz-üzə gəldim. Xeyli yer zəbt etmişdi deyə yanından ehtiyatla  keçib getdim. Düşündüm yəqin kimdirsə müvəqqəti qoyub, götürəcək... Amma sonrakı günlər də bu yaşlı-başlı necə deyərlər "dünyagörmüş" sandıqla qarşılaşmalı olanda anladım ki, xeyr, onu kimsə gərəksiz əşya kimi evindən çıxarıb atıb bura... Böyrü üstə üzü divara çevrilmiş sandığın azı 60-70 yaşı olardı. Nədən bilirəm?.., indi deyərəm siz də bilərsiniz...

 

Bu binada on ildən çoxdu ki, yaşayıram. Sakinlərdən çoxunu hələ tanımıram, demək olar heç kəslə isti münasibətim var, söz-sözə gəlmişəm. İsti yay aylarında axşamçağı qadınlar uşaqlarını, yaşlılar da nəvələrini götürüb həyətə düşür. Uşaqlar oynayır, onlar da oturub vaxt "öldürürlər". Kişilər isə dairəvi stolun ətrafında oturub domino oynayır, arada isə ölkədə, hətta ölkədən kənarda baş verən hadisələri öz düşündükləri kimi analiz edib yozurlar. Bununla guya "hər şeydən xəbərdar olduqlarını" nümayiş etdirməyə çalışırlar. Kriminal hadisələr, boşanmalar, məhəllədə kimin işlə məşğul olmasından tutmuş irili-xırdalı məsələlər qadınların dilindən-dişindən keçməsə olmaz...

 

Uşaqlıqdan belə dedi-qodu edənləri sevmədiyimdən sakitcə düşüb gedir, elə geri-evimə qayıdıram. Bir-iki nəfəri çıxsaq, heç kimlə "salam-əleykim" eləmirəm. Vacib olmasa heç məhəllə dükanına da getmirəm, çünki orda da qeybətsiz ötüşmürlər. Satıcı dəxli oldu olmadı etdiyin, hara gedib hardan gəldiyini soruşmasa olmaz! Sonra da başlanır məlumat mübadiləsi... Elə yaxşısını mən edirəm deyəsən...

 

Ümumiyyətlə az qala bir kəndin adamı yaşayan hündür mərtəbəli binalarda yaşayıb qonşu münasibətlərinə tam əməl eləmək mümkün deyil. Keçmişin bir çox dəyərli ənənələrindən olan qonşuluq əlaqələri zədələnmiş zəifləmişdir...

 

Qapı qonşumuz isə məndən qapalı adamdı. Hara getdikləri, işlə məşğul olduqları bilinməz. Bayramlarda bir-birimizə payımızı qapıdan verib qayıdırıq. Aildə yaşlı, ağbirçək xanımdan başqa heç kimi tanımıram. Onun da adını bu yaxınlarda öyrənmişəm. Tez-tez xəstə olur, həkimə gedəndən gedənə evindən çıxır. Həlim xasiyyətli, asta səslə danışan qadındı. Qonşular da onu elə sakit təbiətinə görə sevir, hörmətlə yanaşırlar...

 

, sizə sandıqdan danışırdım axı...  Vaxt keçdikcə başqa qonşuların da bəzi gərəksiz əşyalarını, aldıqları təzə televizor ya soyuducu qutularını çıxarıb sandığın yanına qoyub getdiklərini görəndə dözmədim. Sanki pilləkənin başında bir zibillik yaratmaq istəyirdilər... Günün birində qonşunun qapısını döydüm, elə sözümə yeni giriş verib mətləb üstə gəlmişdim ki, qadın sakit səslə dedi:

 

- Biz qoymuşuq, cehizim idi, ev təmirindən sonra çıxarmışıq, daha bizə lazım deyil, kim istəsə götürə bilər.

 

Dedim, ay ana, ay sənin qadanı alım, axı burda onu kim görəcək? Düşürüb uyğun bir yerə qoyun ki, kimsə görüb eləsin... Razılaşdı, amma...

O vaxtdan bu yana neçə ay keçib, Covid-19 özü bir yerdə dayanıb durmayıb, yoluxma sayına uyğun vəziyyət gah yumşalıb, gah da sərtləşib. Köhnə sandıq isə verib üzünə dayanıb pilləkənin başında. Hiss edirəm ki, sandıq özü halından narazıdır, utanır. Bir zaman içi qab-qacaqla, paltar-palazla dolu "Vağzalı" havasına gəlinlə birgə bəy evinə gələn bu sandıq, indi yaşlı vaxtında təmirli evə yaraşmır deyə çölə atılıb... Axı, elə bu qadın da həmin o gənc gözəl gəlin deyil...

 

Sandıq yiyəsindən səs çıxmayanda ehtiyacı olan adamı aramağa başladım və elə tapdım da. Bu kasıb, zəhmətkeş qadın duasını edə-edə sandığı götürəcəyinə sös verdi, amma bəzi səbəblər üzündən apara bilmədi. İndiki, sandığın müştəriləri  artıb. İki gün irəli bu qadının da, elə sevinclə yeni mənzilinə köçməyə hazırlaşan sandığın da qabağını kəsib getməyə qoymayıblar. Sən demə sandığın bəxti başqa yerdən də açılıbmış!.. Amma necə deyərlər, qısqanclıq üzündən ondan da olub, bundan da. Yenə qaytarıb qoyublar pilləkənin başına, üzü divara, əlləri qoynunda dayanıb. Hər yanından keçəndə xəcalətindən bir az da büzüşüb sıxılır divara...

 

... Atalar qonşu haqqına Allah haqqı, axirət haqqı deyib. Yəni bu ikisinə inanan qonşusunu narahat etməz. Bir hədisdə qonşuluq haqqına riayət olunmasının əhəmiyyəti isə belə vurğulanır: "Cəbrail mənə qonşu haqda elə israrla tövsiyələr verdi ki, elə bildim qonşunu qonşuya varis edəcək". (Buxari, "Ədəb"28, Müslim, "Birr"141)Nəzərə alsaq ki, insanın varisi onun ən yaxın adamları ola bilər, onda bu deyilənləri anlamaq elə də çətin deyil...

 

İndi oturub sandığın intizarının bitəcəyi, mənim də rahatlığımın başlayacağı günü gözləyirəm.

 

Bu dəfə də köç baş tutmasa.., yox, gəlin nikbin olaq, düşünək ki, köhnə sandığı bəh-bəhlə aparıb qoyacaqlar təzə mənzilinə, o da kiməsə lazım olduğunu hiss edib həyata bağlanacaq, ömrü bir az da uzanacaq. Mənim də axır ki, sandıq qayğım sona yetəcək, qonşuluq borcu haqqında uzun uzadı moizələr də etməyəcəm...

 

Ps. Mən elə məhz qonşuluq münasibətlərini qorumaq üçün bu yolu tutmuşam. Axı, qonşuluq bağlarının möhkəmliyi maddi məsələlərlə yanaşı, mənəvi  dayaqlardan da asılıdır. Təəssüf ki, hər sahədə öz problemini belə ucuz yol ilə həll edənlər var.  Yaponlar deyir ki, xeyirxah tənha qalmaz, həmişə qonşusu olar!.. Xeyirxahlıq isə hər kişinin hünəri deyil...

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2021.- 4 noyabr.- S.8.