Bu qələbə bəşərilik qələbəsidir...

 

 

(Dördüncü yazı)

 

Qubadlının yaranışından dağa söykənən Xəndək kəndi görünür. Adama elə gəlir ki, bərk yel bərkisə, dağ kəndin üstünə uçacaq. Dağ uçmaz, dağın kökü çox dərindədi. Dağ ona görə dağdı, ona görə dara düşən dağı arxa-dayaq bilir; qaçaqlar ona görə dağa dağ qardaşım deyirdi.

 

Xəndək kəndinin söykəndiyi dağın duruşundan göz doyur, könül (Məmməd İlqar deyərdi: bir könül doyur, göz əl çəkir...). Dağ qollarını balınc eləyib uzanmış pələngə bənzəyir. Elə bil bir hovurluğuna nəfəs dərir, bir azdan duracaq, yan-yörəsinə göz gəzdirəcək, ovunun görünməyinə məəttəldi, görününcə üstünə atılacaq. Ovlanasılıların bir il əvvəl qaçdığını, bir bu tərəflərə yön tutmayacağını bilmirmi? "Kim deyir ki, daşdı bu dağ, Xəndəyə qardaşdı bu dağ..." - pıçıldayıram. Kaş pıçıltımı dağ-pələng eşidəydi Rəmzin (dağ-pələng) yozumu Azıxdadı, Qobustandadı...

 

Həkəri görünür. Mənbələr deyir ki, Həkəri başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən alan Şəlvəçay Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlib. Gözəl çaydı (insanın gözəlliyi ürəyinin, çayın gözəlliyi suyunun təmizliyindədi...). Bir az aralı olsaq da, suyunun duruluğunu gözlərimizə, könlümüzə Tanrı töhfəsi bilirik. "Həkəri 345 gündü belə duru axır", - düşünürəm. Göy üzündə görünən bir əlçim buludu yağış buludu bilirəm. Yağsa, aydınlıq yağışı deyərəm. Yağmır. Əsgərlərimizlə kəlmələşəcəyimiz anları ləngitmək istəmir. Tələsirik.

 

Dibçəyi həmişə çiçəklərə zindan bilmişəm...

 

Qubadlının Muğanlı kəndində bir görüntü məni varımdan yox eləyir: evin damı sökülüb, qapı-pəncərəsi aparılıb, divarları xeyli daş töküb. Hansı dəlisov rüzgarın hökmüdü görəsən? - evin içində bir ağac bitib, göyərib, böyüyüb, divardan hündür olub. Ev bu gəlişi-bitişi arzulanmayan ağaca dibçəkdi elə bil. On illəri təbiətə vurğunluqla yaşamışam, ağacların kölgəsini illərimin sığalı-tumarı bilmişəm. Çiçəklərə görə dibçəkləri sevməmişəm, indi evə görə ağaca deyim, ? Qınasam, suç olarmı?..

 

Göy üzünə baxıram. Uçaraqda bircə quş da görünmür. Görəsən, bu kəndlərin quşları qəriblikdən dönühələ dönməyibmi? Yuvasını tapa bilməyəndə təzə yuvamı qurub, gerimi qayıdıb? Təzə yuva qurubmu? Görəsən, o ağacda yuva varmı? Kəndin camaatı qayıdanda o ağacın yuvası olacaq?..

 

Evin yan-yörəsində ağac yoxdu, quruyubmu, kəsilibmi? - ağacsız həyət laylasız beşiyin eynidi. İllərdi ağacsız, beşiksiz, laylasız, tırınqısız, qımqımasız qalmış evlərin səssiz fəryadı eşidilməyib...

 

Yol boyunca İranın kəndləri görünür. Görünənlərin , görünməyənlərin hamısının damı, qapı-pəncərəsi yerindədi. Görəsən, o kəndlərdən buralar görünürmü? Görünürsə, necə görünür? Görənlər düşünür?..

 

Qubadlının Mahmudlu kəndi...

 

345 gün əvvəl buralarda döyüşlər gedirdi. Onda hamı kimi, mənim ürəyim buralardaydı, indi ürəyim burdadı, özüm burdayam. Yaralanmış torpaq görürəm, sinəsinə dağlar çəkilmiş kəndlər görürəm, mərmi qəlpələri dəymiş daşlar görürəm, uçurulmuş evlər görürəm...

Yoldan beş-altı addım sağda Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun portreti çəkir diqqətimizi. 2016-cı ilin aprelin 6-da Lələtəpədə əlini sıxdığım, təbəssümünü təbəssümümə örtük elədiyim polkovnikin dedikləri bizi duyğulandırmışdı: Aprel döyüşləri Böyük Qələbəmizin başlanğıcıdı. Məni Şuşa işğaldan azad ediləndə təbrik edərsiniz.

 

- Bir Qubadlı azad ediləndə. Onda həm sizdən bir müsahibə xahiş edəcəm, - demişdim. Razılıqla gülümsünmüşdü. Əsgərlərə baxmışdı. Lələtəpədə gördüyüm ( baxışlarıma mətəris bildiyim) baxışların eynini görürəm şəhid polkovnikin baxışlarında. Bu baxışlar yüz illərlə, min illərlə bir mətləbin carçısı olacaq: Sevin Vətəni! Qoruyun Vətəni!

 

Polkovnik Şükür Həmidov qəhrəman idi. 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 2020-ci ilin oktyabrın 22-də Qubadlının işğaldan azad ediləsi uğrunda döyüşlər başladı. Ağır məğlubiyyətlər düşmənin ordusunun döyüş ruhunu çilikləmişdi. Düşmən çarəsiz müdafiə döyüşləri apara-apara geri çəkilirdi, geri çəkilə-çəkilə döyüşdən çəkinirdi. Yüzlərlə muzdlu, hərbi qulluqçu döyüşlərdən yayınmışdı, yayınırdı...

 

Polkovnik Şükür Həmidov da döyüşləri idarə edən zabitlərdən biri kimi döyüşənlərin sırasındaydı; döyüşürdü Şükür Həmidov, döyüşçüydü, polkovnik kimi döyüşürdü, Qəhrəman kimi döyüşürdü, döyüşənlərin özünün , ruhunun da komandiri kimi döyüşürdü, ...Armudlu kəndinin yaxasında - doğulduğu kəndin yolları ayaqlarına yapışanda mərmi qəlpəsindən şəhid oldu. Şəhid olduğu yerdə nişanə qoyulub, yaxın vaxtlarda xatirə abidəsi ucaldılacaq yəqin; Azərbaycanda şəhidliyə, şəhidlərə dövlət səviyyəsində ehtiram olub, var, olacaq...

Qubadlı işğaldan azad edildi...

 

Polkovnik Şükür Həmidovun ruhu işğaldan azad edilmiş Qubadlının göylərindən qubadlılara, Qubadlını yenidən quranlara ehtiramlarla əl edir: Sürünüz yerisin!..

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 4 noyabr.- S.8.