Qürur tariximizə şərəflə
yazılan şəhid adı
Gəncənin məşhur tarixi göz xəstəxanasının
qarşısında hər
kəs iftixar hissi ilə bir dəqiqəlik ayaq saxlayır. Şəhid Hüseyn
Quliyevin şəkildəki
əzmli duruşu, nəinki onun qonşularına, ordan ötən hər kəsə 44 günlük
Vətən müharibəmizin
zəfərinin səbabkarlarını
xatırladır. Elə Gülxar
anaya zəng edəndə də "balamın şəklindən
ünvanımızı tapacaqsınız"
demişdi. Ananın səsindəki
qürur mənim Hüseyngilə gedən addımlarımı sürətləndirdi.
Söhbətə tələsirdim.
İlk dəfə
görüşməyimizə baxmayaraq, Gülxar ananı uzaqdan görən kimi tanıdım. Şəhid analarının hamısı
bir-birinə bənzəyir:
dik qamət, bəmbəyaz saçlar,
"Vətən sağ
olsun" deyən baxışlar. Elə Hüseynin atası da belə dedi:
"Torpaq yolunda oğul itirməyimə heyifislənmirəm, qızım".
İçəri daxil olan kimi məni Hüseynin divardan asılmış böyük
portreti qarşıladı.
"Hüseyn qonaqpərvər oğlanıydı,
hamıya canı yanırdı. Küçədə iki uşaq dalaşanda
həmişə zəifin
tərəfində olurdu.
Məktəbdə də eləydi.
Ona görə evimizə çox şikayətə
gəlirdilər", acı
gülümsəməylə söylədi Gülxar ana. Qonaq otağı Hüseynin xatirələri ilə bəzənmişdi: şəkillər,
diplomlar, idmanda qazandığı medallar,
hərbi geyimi. Diqqətimi universitet diplomu çəkdi. Bakı
Dövlət Universitetinin
Tarix fakültəsinin
2020-ci il məzunu idi Hüseyn. Uşaqlıqdan arzusu prokuror
olmaq idi. Məktəb
vaxtı dərs oxumaqda zirək olan Hüseyn, bütün fənlərdən
əlaçı idi.
Elə şəhidlik zirvəsinə
yüksələndən sonra
təhsil aldığı
Gəncə şəhər
4 nömrəli tam orta
məktəbdə onun
şərəfinə guşə
yaradılıb.
Balaca Hüseyn
valideynlərinin onun üzərində çəkdikləri
əziyyəti heç
vaxt hədər verməyib. İdman sahəsində də
uğurları ilə
fərqlənməyi bacarıb.
Elə bil balaca vaxtından
qəhrəman olmağa
hazırlaşırmış igid şəhidim. Həsən dayı oğlunun necə ağzıbütöv,
mərd, cəsur, qorxmaz olduğunu vurğulayaraq "prokuror atası" kimi fəxrlə danışırdı.
"Hüseyn ali məktəbə ayaq basanda universitetin
yarısı onunla salamlaşırdı", ata
oğlunun hörmət
sahibi olmasından qürurla söz açdı. Valideynləri onun həkim
olmasını istəsələr
də, qəhrəmanım
ədalətin keşikçisi
olmağını özünə
daha çox yaraşdırırdı. "Sən demə, magistraturaya da qəbul olubmuş. Amma istəmədiyi ixtisas olduğuna görə bizdən gizlədib.
Dostlarına deyibmiş ki,
əsgərlikdən qayıdandan
sonra yenidən hazırlaşacaq. Bəlkə də
vətənə borcunu
ödəmək üçün
o, təhsilini davam etdirmək istəməyib".
Gülxar ananın sözünü Həsən
dayı davam etdirdi: "Elə həvəsliydi əsgər
gedəcəyinə görə.
Qapıdan uça-uça çıxdı, elə bil tələsirdi".
Hüseyn cənnətə tələsirdi, Həsən
dayı. "Hə, heç mənimlə də düzəməlli görüşmədi,
onsuz da qayıdacağını söylədi.
Dedi, arxamca hərbi hissəyə gəlməyin!" Gülxar ana
həyəcanlı idi.
Hələ də oğlunun
yoxluğunu qəbul etmir. Əsgərlikdən qayıdacağını gözləyir, çünki
Hüseyn geri dönəcəyinə söz
vermişdi. "İndi də görürsən ki, arada qızlarıma Hüseynin gələcəyi
ilə bağlı qurduğum planlardan danışıram. Onlar oğlumun
gəlməyəcəyini deyəndə
əsəbləşirəm. Deyirəm ki, deyin yaxşı, ay ana, gələcək. Axı Hüseyn şəhid olub. Şəhidlər isə heç
vaxt ölmür".
Hüseyn XTQ-nin əsgəri
idi. Kəlbəcər uğrunda gedən
döyüşlərdə iştirak edirdi. Elə şəhid olmamışdan
bir neçə gün əvvəl - 20 sentyabrda ailəsi ilə uzun-uzadı danışmışdı. Təxminən iki saata yaxın davam edən sonuncu telefon söhbətindən
sonra anasına "deyəsən, mənimlə
danışmaqdan yoruldun,
ana. Niyə sağollaşmağa can atırsan?" demişdi.
Gülxar ananın qulaqlarında
indi oğlunun iki saatlıq səsi də qalıb. Hələ də oğluyla
daha çox danışmadığının peşmançılığını çəkir. Həsən
dayının ürəyində
isə bir misgili var: "Şəhid olarkən yanındakı sirdaşını
tapa bilmədik. Görəsən, Hüseynin son sözü,
son istəyi nə olmuşdu?!" İndi atası
oğlunun son nəfəsdə
demək istədiklərini
heç olmasa yuxusunda görüb eşitmək istəyir.
Bəlkə Hüseynin atasından
bir xahişi, bir arzusu, bir
istəyi vardı?!
Həyat
ilə ölüm təzaddır. Hüseyn qəhrəmanlıq
məktəbinin imtahanından
alnıaçıq, mərd
və fədakarcasına
keçməyi bacardı.
Döyüş bölgəsində ayağından yaralanan əsgər yoldaşını
xilas etmək istəyərkən düşmən
snayperinin gülləsinə
tuş gəlmişdi.
Bir saatdan çox vaxt keçmişdi, nədənsə
zamanın su kimi axdığının
fərqində deyildik. Hüseynli xatirələr
ata-ananın dilində
dastana dönürdü.
"Elə xatirələr
var ki, danışsan,
gözəlliyi gedər". Ancaq Hüseyn
barəsində yada düşən ən xoş anlardan söhbət etdikcə xatirələr daha da gözəlləşir.
Şəhidin bacıları - Günel
və Gülnar qardaş həsrəti ilə barışa bilməsələr də,
birlikdə keçirdikləri
gözəl vaxtları
sevgiylə, təbəssümlə
xatırlayırlar. Evin kiçiyi
olsa da, bacıları Hüseyni böyük qardaş kimi qarşılayırdılar.
"Hüseyn elə kişi xarakterli, ciddi bir insan idi
ki, biz onu özümüzdən yaşca
böyük hesab edirdik, hörmətini saxlayardıq, məsləhət
alardıq". Günelin sözləri
boğazında düyünləndi.
"Yaxşı ki, heç olmasa ikimizin də toyunu gördü, belimizi bağladı qardaşım".
Şəkil çəkdirməyi sevmədiyindən qəhrəmanımın
fotoları çox azdır.
Ciddi, mərhəmətli,
eyni zamanda, sevgi dolu bir
xarakterə sahib idi. Kiçik
yaşlarında atası
ilə dost olan Hüseyn, böyüdükcə
anasına daha çox bağlanmışdı.
"Ana mahnılarına yaman çox qulaq asardı. O, mənim xarakterimi daşıyırdı. Bir-birimizə çox bağlıydıq.
Amma görünür, vətəni
məndən daha çox sevirmiş" - Gülxar ana oğlunun torpağa olan məhəbbətini fəxrlə vurğulayır.
Sağollaşıb ayrıldım. Gülxar ana məhlələrinin
qapısınadək məni
ötürməyə gəldi.
"Hələ başım dumanlıdı.
Hüseyn Bakıda oxudu,
sonra əsgər getdi, yanımda olmadı deyə hələlik yoxluğunu dərk eləmirəm.
Sonra necə olacağını
bilmirəm". Həzin payız
mehi vurdu üzümə. Qapıdan çıxanda
geriyə dönüb
Gülxar ananı qucaqlamaq keçdi ürəyimdən. "Tək
təsəlliniz onu vətən uğrunda itirməyiniz və 2913 şəhid anasıdır"
dedim və bağrına qısıldım.
Şəhid Hüseynin qoxusunu
anasının isti nəfəsində duydum.
Asta-asta küçələrindən ayrılırdım
ki, payızın soyuq yağışı çisələdi. O anda
anladım: bu yağış, şəhid
analarının göz
yaşıdır.
1999-cu ilin sərin
bir yaz səhəri
doğulmuşdu Quliyev
Hüseyn Həsən
oğlu. 2020-ci ilin bir soyuq payız
gecəsi isə ölümün ən ali uca məqamına - şəhidlik
zirvəsinə ucaldı.
Ali Baş Komandan, Prezident İlham Əliyev mədəniyyət
beşiyimiz Şuşa
şəhəri erməni
işğalçılarından azad olunanda Şəhidlər
xiyabanından bu xəbəri çatdırmağı
təsadüfi deyildi.
Ali Baş Komandan
şəhidlərin ruhu
qarşısında baş
əyərək, onlara
təşəkkürünü bildirmişdi. O, torpaqlarımızın
qəhrəman oğullarımızın
sayəsində geri qaytarılmasını vurğulamaq
üçün məhz
belə addım atmışdı. Bu, yaşından, irqindən,
cinsindən asılı
olmayaraq Vətən müharibəsində can qoyanlar
üçün sağol
idi. Bəli, İkinci Qarabağ
müharibəsi tarixdə
əbədi qalacaq.
Çünki dövlət başçısının
da dediyi kimi, Azərbaycan xalqının çoxəsrlik
tarixində buna oxşar parlaq və tam Qələbə
olmayıb. Biz 300-dən
çox şəhəri,
kəndi, qəsəbəni
döyüş meydanında
işğalçılardan azad etdik.
Prezident hərbçilərlə görüşündə şəhid ailələrinə təsəlli verərkən ürək yanğısını nitqi ilə ifadə edirdi: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin qanını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı". Daha bir çıxışında vətən uğrunda şəhid olmuş insanların xatirəsinin əziz olduğunu, onların ailələrinə xidmət etməyi hər birimizin mənəvi borcu bilib. Bu, həm də o deməkdir ki, indi hər bir Azərbaycan oğlu, qızı şəhid valideynlərinin övladlarıdır. Onların qulluğunda vətən qarşısında olduğu kimi, müsəlləh əsgər tək dayanmalıyıq. Prezident İlham Əliyev şəhidlər haqqında nə qədər qəlb ağrısı, oğul itirən ailə başçısı kimi çıxış edirsə, bir o qədər də sözlərindəki məğrurluğu ilə onlarla iftixar hissi keçirdiyini də hiss etdirir: "Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir".
Məhz igid oğullarımızın qəhrəmanlıqlarını qiymətləndirmək üçün onların şərəfinə medallar təsis olundu. Elə Quliyev Hüseyn də dövlət başçısının müvafiq sərəncamları ilə şəhadətindən sonra "Hərbi xidmətə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Şəhidin ailəsi tarixi qələbimizdə oğullarının da payı olduğundan fəxarət hissi keçirir. Onun geridə qoyduğu şərəfli ad hər kəsin yaddaşında əbədi həkk olunacaq. Çünki Hüseyn Bakı Dövlət Universitetində öyrəndiyi tarixi, indi özü yazdı. Yazdı, Vətənimizin şərəfini, xalqımızın başını ucaltdı!
Firuzə ƏLİYEVA,
BDU Yeni media və Kommunikasiya nəzəriyyəsi
kafedrasının I kurs
magistrantı
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.14.