Dil paradoksları  

 

DİLÇİ ALİMLƏRƏ, DİL VƏ ƏDƏBİYYAT MÜƏLLİMLƏRİNƏ ÜNVANLANMIŞ MONOLOQLAR

 

 

KEÇMİŞ İNDİKİ ZAMAN,  YOXSA...

 

İki il əvvəl  "Kinonun fəlsəfəsi" kitabı üzərində işləyərkən feilin xəbər şəklinin zaman kateqoriyaları ilə bağlı çox maraqlı, amma həm də qəribə və paradoksal bilgilərə çıxdım. Belə ki, kinoda əyanilik illüziyasının istər keçmiş zamanda baş vermiş, istərsə də gələcəkdə baş verəcək hadisələrin indiki zamanda gözlərimiz qarşısında baş verməsi effekti doğurması məni, ümumiyyətlə, feilin xəbər şəklinin bəzi incəliklərinə dərindən nəzər salmağa sövq elədi və nə qədər gözlənilməz olsa da, yazı mətnləri, şifahi nitq nümunələri ilə filmlər arasında apardığım analogiyanın nəticələri  əvvəlcə məni əməllicə çaşdırdı - çünki yuxarıda yazdıqlarıma oxşar vəziyyəti elə yazı mətnlərində də gördüm və aləm dəydi bir-birinə - indiki zaman gedib "girdi"  keçmiş zamanın içinə, keçmiş zaman "dönüb oldu" indiki zaman və s...

 

Azərbaycan dili fənnindən abituriyentlər üçün nəzərdə tutulmuş vəsaitlərdən birini açıb feilin xəbər şəklinin zamanlarına verilən təriflərə baxdım və ilk ağlıma gələn fikir bu oldu ki, bu təriflər dilin təcrübəsindən geri qalır, onun incəliklərini əks etdirmir və yenidən, daha mükəmməl tərzdə yazılmalıdır.

 

Gəlin baxaq.

 

Keçmiş zamana həmin vəsaitdə (ümumiyyətlə, bütün dərsliklərdə) belə tərif verilir: "Keçmiş zaman iş və hərəkətin danışılan zamandan əvvəl baş verdiyini bildirir". Bu o deməkdir ki, məsələn, 1 saat əvvəl baş vermiş hadisədən danışırıqsa, mütləq keçmiş zaman şəkilçilərindən istifadə etməliyik. Amma praktika ayrı şey deyir, elə mətnlər ortaya çıxarır ki, orada nəinki 1 saat, hətta 300 il bundan əvvəl baş vermiş hadisə haqqında indiki zaman şəkilçiləri ilə danışılır. Sübut kimi hamımıza tanış olan nağıllarımızdan tipik bir mətn parçasını misal gətirirəm:

 

"Qədim zamanlarda bir padşah vardı. Onun varı-dövləti başından aşıb-daşırdı, amma övladı olmurdu.

 

Bir gün padşah yatıb yuxuda görür ki, bir nurani dərviş ona yaxınlaşıb deyir:... Ertəsi gün padşah yuxudan ayılan kimi əmr etdi ki, qalanın 40 qapısında yemək bişirib kasıblara paylasınlar" və s...

 

Bu mətn parçasında keçmişdə baş vermiş hadisələr haqqında əvvəlcə keçmiş, sonra indiki, daha sonra yenə də keçmiş zaman şəkilçilərinin köməyi ilə danışılır və mətnin, necə deyərlər, heç "tükü də" tərpənmir. Halbuki yuxarıda yada saldığım tərif bu mətndəki zaman parametrlərinin məntiqini heç cür izah edə bilmir. Üstəlik, bu nümunə indiki zamanın "İş, hərəkət danışılan zamanda baş verir" tərifinin tamlığını və dəqiqliyini də şübhə altına qoyur.

 

Yaxud aşağıdakı cümlədə hadisə barədə danışılan zamanla onun baş verdiyi zaman arasında zaman distansiyası olduğu halda,  indiki zaman şəkilçisinin işlədilməsi həmin təriflərin təcrübəyə dözümsüzlüyünü göstərmirmi?

 

"Yüz illərdir ki, filosoflar bu sualın dəqiq cavabını tapa bilmirlər".

 

Necə olur ki, indiki zaman  yüz illərdir davam edən hadisənin təqdimində əsas zaman  kateqoriyasına çevrilir? Axı "yüz illər" bu illər ərzində baş verən hadisələr barədə danışılan indiki zamandan yüz-yüz illər geridədir.

 

Mən bütün bunların  səbəblərini,  təbii ki, axtarıb tapdım,  elmi izahını da verməyə çalışdım və onları burada açıqlasam, iri bir məqalə alınar. Lakin söhbətin nədən getdiyi artıq sizə məlum oldu. Qısası belədir ki, konkret bir zaman intervalında baş verən hadisələr haqqında eyni vaxtda həm indiki, həm də keçmiş zaman şəkilçiləri ilə danışmağın mümkünlüyü müəyyən qanunauyğunluqla şərtlənir və dilin təcrübəsinin nəzəriyyədən önə keçməsini bildirir.

 

Bəs onda nə üçün hörmətli dilçilərimiz bu məsələni aktuallaşdırıb gündəliyə gətirmirlər? Axı bu nağılları, digər mətnləri oxuyan şagirdlər qəfildən qarşılaşdıqları paradoksun səbəbləri barədə sual verib, izah tələb edə bilərlər.

 

Onda həmin cavablar, izahlar hansı elmi arqumentlərə əsaslanacaq?

 

DAHA BİR DİL PARADOKSU

 

Azərbaycan dilçiliyində vasitəli və vasitəsiz nitq problemi çox asan tərzdə və sanki birdəfəlik həll olunub. Hətta adama elə gəlir ki, bu məsələdə suala əl yeri qalmayıb.  Amma dərindən  fikirləşəndə, xüsusilə də mürəkkəb təhkiyə (nəqletmə) quruluşuna malik nəsr əsərlərini oxuyanda bəzi qaranlıq məqamlar ortaya çıxır.

 

Başlayaq vasitəli nitqdən.

 

1. Qaydalara görə, bu tip nitqdə başqasının dedikləri olduğu kimi verilmir, sadəcə məzmunu çatdırılır.

 

İndi aşağıdakı cümləyə baxaq:

 

Müəllim dedi: "Siz vətənin layiqli övladlarısınız".

 

Bu vasitəsiz nitqi vasitəli nitqə çevirəndə cümlə belə olacaq: "Müəllim dedi ki, biz  vətənin layiqli övladlarıyıq".

 

Qrammatik qayda-qanunlara görə, hər şey sanki yerli-yerindədir. Amma müəllimin nitqinin məzmunundakı dolaşıqlığı görməmək olmur. Məsələ burasındadır ki, başqasının (yəni müəllimin)  fikrini bildirən budaq cümlə  müəllifin nitqinə ("Müəllim dedi ki...") qoşulanda əvvəlki cümlədəki  "siz"in "biz"ə çevrilməsi işləri korlayır, bilmək olmur ki, "biz" əvəzliyində konkret olaraq kimlər ehtiva olunur - müəllimin müraciət etdiyi şəxslər, yoxsa onun öz şəxsində ümumiləşdirdiyi adamlar (yəni bütün müəllimlər). Daha doğrusu, burada cavabı tapmaca cavabına oxşayan dilemma yaranır. Onu aradan qaldırmaq üçün "siz" elə "siz" kimi saxlanılanda isə yuxarıdakı vaitəsiz nitq variantı olduğu kimi təkrarlanır, "ki" bağlayıcısı ona vasitəli nitq forması versə də, nitq əslində, yenə də vasitəsiz nitq statusunda çıxış edir.

 

2. Bədii nəsr əsərlərində çox vaxt elə mətn parçalarına rast gəlirik ki, cümlələr  danışanın nitqinə qoşulub (yaxud qarışıb) onun xüsusiyyətlərini alır, lakin vasitəli nitq forması almır. Bir az da konkretləşdirək: Cümlələr zahirən danışanın nitqi formasındadır, əslində isə ona yox, başqasına (məsələn, personajlardan birinə) məxsus olur.

 

Məsələn, aşağıdakı mətn paçasına baxaq:

 

"O, gördüyü mənzərınin gözəlliyindən vəcdə gəlmişdi. Sanki çiçəklərin rəngi kəpənəklərin rənginə qarışmışdı. Hərdən yüngül meh əsir, haradansa lap yaxınlıqdan   akasiya çiçəklərinin ona tanış ətrini də öz qanadlarında bura gətirirdi. İlahi, yaratdığın bu gözəlliyə alqış! İndi fikirləş - bu gözəlliyi qoyub harasa getməkmi olar? Deməzlərmi, bunun ağlı çaşıb?"

 

Bu mətn parçasında hekayəçi ilk 3 cümlədən sonra sanki haqqında danışdığı qəhrəmana çevrilib özünü onun şəxsində hiss edir, düşünür və danışır. Rus ədəbiyyat və dilşünasları belə nitqi  "özünün olmayan vasitəsiz nitq"  adlandırırlar ki, dolaşıqlıq aradan qalxsın. Yəni rus dilinin qrammatikasında başqasının nitqinin çatdırılmasında  3 forma var .

 

Həmişə dilimizin ifadə imkanlarının genişliyindən danışırıqsa, bu dil "hadisəsinə" nə üçün biganə qalmalı, onun elmi izahını verməməliyik?

 

ELƏ, YOXSA BELƏ?..

 

Bir neçə il əvvəl görkəmli ziyalımız Sabir Rüstəmxanlı dövlət komitələrinin adlarındakı "üzrə"  sözünün dilimizin qrammatik qanunlarına uyğun gəlmədiyini və bu adlardan birdəfəlik çıxarılmasının zəruriliyini gündəmə gətirmişdi. Sabir müəllim haqlı olaraq göstərirdi ki, bu söz rus dilindəki "po" hissəciyinin sətri tərcümə olunaraq həmin adlara zorla pərçimlənməsinin nəticəsidir və dilimizin buna qətiyyən ehtiyacı yoxdur. Həqiqətən də, məsələn "Əmlak Məsələləri Komitəsi"  ifadəsi "Əmlak məsələləri üzrə Komitə" ifadəsi ilə müqayisədə dilimizin qaydalarına uyğun şəkildə qurulmuş daha uğurlu ifadədir, çünki bu söz birləşməsindəki "si" mənsubiyyət şəkilçisi rus "po"sunun tərcüməsi olan "üzrə"ni uğurla əvəz edir.  Mən bu qeydləri yazmaqla diqqəti bir daha bu məsələyə yönəltmək, eləcə də özümün kiçik bir əlavəmi etmək istəyirəm. Məncə, həmin adlardakı "dövlət" sözü "komitə"nin yanından götürülüb adın əvvəlinə gətirilsə, daha düzgün olar: yəni biz, məsələn, "Əmlak Məsələləri Dövlət Komitəsi"   yox, "Dövlət Əmlak Məsələləri Komitəsi" yazsaq və desək, daha düzgün olar. Çünki bu adların hamısında əsas predmet dövlət qurumları, yəni komitələrdir. Onları fərqləndirən, hər birinin öz təyinatını, simasını müəyyənləşdirən isə bu təyini söz birləşmələrinin tərkib hissələrinin arasına girib konkretlik yaradan "dini qurumlarla iş", "əmlak məsələləri" ... kimi ifadələrdir. Ona görə də, məsələn, "Ailə, qadın və uşaq problemləri Dövlət Komitəsi" əvəzinə "Dövlət Ailə, qadın və uşaq problemləri Komitəsi" yazılsa, dilimiz də, elə bu ifadə də özünü daha "rahat" hiss edər. Çünki onda bu mürəkkəb adın müfəssəl  açması belə olacaq: "Dövlətin Ailə, qadın və uşaq məsələləri Komitəsi". Yəni söhbət dövlətin hansısa konkret  problemlə məşğul olan Komitəsindən gedir, daha hansısa problemin Dövlət Komitəsindən yox. (Müqayisə edək: Azərbaycan Dövlət Xarici Dillər Universiteti. Daha belə yox ki, Azərbaycan Xarici Dillər Dövlət Universiteti)

                                                   

KİNOÇU, YOXSA KİNEMATOQRAFÇI?

 

Bir neçə il bundan əvvəl yazılarımın birində qeyri-ixtiyarı olaraq "kinematoqrafçı" sözü əvəzinə "kinoçu" sözünü işlətdim və  özümün bu kiçik "kəşfimdən" məmnun qaldım. Əvvəla ona görə ki, "kinoçu"  "kinematoqrafçı"dan  daha rahat tələffüz olunur (sözün yaranmasında iştirak edən səs və hecaların az olmasına görə). Digər tərəfdən, "kino"  və "kinematoqraf" sözlərinin bildirdiyi anlaylşlar eynidir. Elə isə filmin istehsalı ilə məşğul olan yaradıcı insanları (rejissor, ssenari müəllifi, operator, səs rejissoru, montaj edən və s.) bildirmək üçün niyə də "yazıçı", "musiqiçi", "tənqidçi"... kimi dilimizə oturuşmuş sözlərin sırasını genişləndirəcək "kinoçu" yox, çoxlarının "kinomatoqrafçı" kimi yazdığı (və tələffüz etdiyi) "kinematoqrafçı" sözünü işlətməliyik?

 

Həmin məqalənin çapı ilə  dövriyyəyə buraxılan bu söz  öz yaşamaq hüququnu təsdiq edərək dilimizin lüğət fonduna keçdi və bu gün  kino mövzusunda yazan jurnalistlərin, mütəxəssislərin leksikasında ondan geniş istifadə olunur.

 

Təbii ki, "kinoçu" sözü mənim kəşfim deyil. Dilimizin leksik normalarına uyğun olaraq sadə bir üsulla yaranan və sadə quruluşa malik bu söz fəlsəfi dillə desək,  reallaşmamış imkan kimi uzun illər ərzində mövcud olmuşdu, mən, sadəcə olaraq, bu imkanın reallaşması üçün kiçik bir impuls verdim.

 

Sözümün canı ondadır ki, biz imkan daxilində müəyyən anlayışları öz dilimizin qayda-qanunları ilə ifadə etməyə çalışmalı, dilimizə  yatmayan, deyilişi və yazılışı çətin olan alınma sözləri  həmin sözlərdə ifadə olunmuş anlayışları verən öz sözlərimizlə əvəz etməliyik. Bu, xüsusilə Sovet dövründə ölkəmizdə zəif inkişaf edən, öz leksikoqrafiyası tam formalaşmayan fəaliyyət sahələrinə  aiddir.

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 5 noyabr.- S.13.