Yevlax fədailəri bədii-publisistik
esselərdə
Torpaqlarımızın düşmən
tapdağından azad olunması uğrunda canını fəda
etmiş hər bir əsgərimizin ünvanına yazılan
"şəhid" kəlməsi müqəddəsliyin zirvə
nöqtəsidir. İstər Birinci Qarabağ döyüşlərində,
istərsə də 44 günlük Vətən müharibəsində
şəhid olmuş qəhrəman oğullarımız
xalqımızın qəlbində, ana dilimizin leksikonunda
müqəddəs "şəhid" sözü ilə
anılır. Şəhid düşmüş əsgərlərimizin
ruhu o qədər əzizdir ki, bu ruhdan söz salmaq, bu ruhu hər
an xatırlamaq indi Tanrı anlamı qədər
yüksək bir zirvədə səslənir. Şəhid
özü, şəhid ailəsi, şəhid ana-atası,
şəhid övladı - bir sözlə, şəhid
doğmaları bu gün dövlətin, onun
başçısının diqqət və
qayğısındadır. Prezident
İlham Əliyevin bütün görüşlərdəki
çıxışlarının məzmununda şəhid
anlayışına dərin hörmət və diqqətin
duyğulu, həm də qürurlu anlarını hiss edirik.
Bu sırada biz Azərbaycan media sisteminin də sonsuz fəallığını
görməkdəyik. Bu gün mediamızın daha bir sahəsi
- kitab dünyası da şəhidlərimizin qəhrəmanlıq
salnamələrini tarixin əbədi sətirlərinə
çevirmək üçün intensiv fəaliyyətə
başlamışdır. Bu yerdə onu da
qeyd etmək istərdim ki, kitab sözü özü də
müqəddəs bir anlayışdır və müqəddəs
şəhid obrazının müqəddəs kitab
formatında təqdim olunmasını bu obrazların
birbaşa tarixə yazılması kimi qiymətləndirmək
olar.
Bütün
bu fikirləri mənə lap təzəcə çap
olunmuş bir kitab xatırlatdı: "Zəfər fədailəri.
Yevlax şəhidləri". Kitabın adından aydın olur ki, belə bir nəşr
nümunəsi Yevlax şəhidlərinə həsr olunub.
"Zəfər fədailəri..." birbaşa Yevlax Şəhər
İcra Hakimiyyətinin nəşridir və elə mən
Yevlax Şəhər İcra Hakimiyyətinin
başçısı Anar Tağıyevin kitaba
yazdığı çox maraqlı ön söz hissəsindən
son sətirləri oxucuya təqdim etmək istəyirəm:
"Vətən müharibəsinin şanlı irsinin gələcək
nəsillərə doğru-düzgün
çatdırılması prosesində təqdim olunan "Zəfər
fədailəri. Yevlax şəhidləri"
kitabının da özünəməxsus təsiri olacaq.
Öz igidlikləri ilə bütün Azərbaycanın
şanlı övladlarına, qürur yerinə çevrilən
65 eloğlumuzun ruhuna əbədi ehtiramın tərənnümü
olan bu kitab hər bir yevlaxlının sevimli nəşri
olmaqla bərabər, həm də iftixar mənbəyinə
çevriləcək. Bu kitab vasitəsilə
onilliklər sonra da insanlarımız Vətən uğrunda
canlarını fəda edən bu şərəfli
insanları tanıyacaq, yad edəcək və Yevlaxın
şəhidlərinə mənəvi borclarını
anlayacaqlar".
Mən
Anar Tağıyevin bu maraqlı sətirlərinə xırda
bir əlavə etmək istərdim: bu kitab təkcə
yevlaxlıların deyil, həm də bütün vətənsevərlərimizin
sevimli nəşri olacaq. Çünki "Zəfər fədailəri..."
kitabındakı yevlaxlı şəhid övladlarımız
haqqında yazıların, duyğulu üslubu, şəhid
obrazlarının, şəhid doğmalarının qürur
və kədər hisslərinin bədii-publisistik ifadəsi bu
kitabdakı qəhrəman döyüşçülərimizin
Vətən sevgisini ümumiləşdirərək
bütün xalqın - Azərbaycanın hər bir nöqtəsinin
övladına çevirir.
Bu kitab,
ön sözün müəllifi Anar Tağıyevin
sözü ilə desək, "ona görə iftixar mənbəyinə
çevriləcək" ki, burada 44 günlük Vətən
müharibəsindəki qələbəmizi təmin edən
"Dəmir yumruq" fenomeni də öz əksini
tapmışdır.
Vətən müharibəsinin ilk günü hər bir
azərbaycanlının həyəcanlı hisslər
keçirdiyi bir tarixdir. Yaxın yaddaşımızda o da var ki, həmin gün
- 2021-ci il sentyabrın 27-də Prezident
İlham Əliyevin Hərbi vəziyyət elan edən fərmanı
xalqa çatdırıldı. Sentyabrın 28-də
isə Azərbaycan Respublikasında qismən səfərbərlik
haqqında da Prezident sərəncamı elan olundu. "Zəfər
fədailəri..."nin ilk səhifələri
bu fərman və sərəncamla açılır. Bu fərman və sərəncamdan 44 gün sonra
şanlı tariximizə Tanrı hərfləri və şəhid
qanı ilə yazılan Qələbə xəbəri
dünyanı bürüdü. Bir müddət
keçdi və Prezidentin yeni sərəncamı təqdim
olundu: Azərbaycan Respubilkasında Zəfər
Gününün təsis edilməsi haqqında. 2020-ci il dekabrın 3-də imzalanan bu sərəncam hər
il noyabrın 8-nin Azərbaycan Respubilkasında Zəfər
Günü kimi təntənəli şəkildə qeyd
olunmasına qərar verir.
"Zəfər fədailəri..." kitabında
Prezidentin bu fərman və sərəncamlarının ilk səhifədə
təqdim olunması sadəcə tərtibat məsələsi
deyil. Bu üç mühüm sənəd Zəfərə
aparan, Zəfəri yaradan və bu böyük Zəfərin əbədiləşməsini
təmin edən ard-arda tarixin möhürüdür.
Kitabdakı
faktlardan məlum olur ki, təkcə 44 günlük Vətən
müharibəsində 65 nəfər yevlaxlı qəhrəmancasına
həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir.
Bu faktların ardınca kitaba 65 şəhid barəsində
65 portret-esse daxil edilmişdir. Məni bir oxucu kimi həm
də belə bir sual maraqlandırırdı: görəsən,
eyni mövzuda 65 esseni necə qələmə almaq olar ki,
onların hər birində müəllifin orijinal üslubu öz
keyfiyyətini göstərə bilsin? Mən bu yazıları
diqqətlə oxuyuram və ürəyimdən keçən
qəribə bir mənzərə yaranır: hər bir şəhid
haqqında ərsəyə gələn bu yazılar həmin
şəhidin - gənc yaşında Vətəni
işğaldan azad etmək kimi müqəddəs bir
missiyanı çiyninə almış bu oğulların cəbhəyə
qədərki həyatı və döyüş anları,
adi həyatdakı arzuları və hərbi səhnədəki
arzuları, məktəb illəri və cəbhə günləri,
ata-anaya, doğmalarına münasibətləri və qələbə
diləkləri, hər birində Tanrıdan gələn
insanlıq keyfiyyətləri və vətənimizə təcavüz
edən düşmənə nifrət motivləri -
bunların hamısı esselərin dayaq nöqtəsi kimi
yüksək jurnalist peşəkarlığı ilə qələmə
alınmışdır. Esselərin hər birində
obrazların hələ məktəb illərindən
formalaşan Vətən sevgisi bir qürur hissi yaradırsa,
onların bu sevgi yolundakı qəhrəmanlığı,
yağı düşməndən intiqam anları oxucunun
özünü də vətənsevərlik istiqamətinə
yönəldirsə, onların şəhidlik anı ilə
bağlı səhnələri içimizi yandıran qərib
duyğularla da bu qədər gənc yaşında həyata
vida deyən oğullarımıza görə ağır bir
narahatlıq hissi keçiririk. Lakin bu gənc oğulların
atalarının, analarının, gözü yollara dikilən
sevgililərinin-həyat yoldaşlarının,
övladlarının hər birinin dilindən səslənən
"Vətən sağ olsun!" nidası qəlbimizə sərin
su səpir və təsəlli yerimiz olur. Şəhid Fərid
Abışovun anası Gülşən xanım oğlunun
döyüşdüyü uca dağlar qoynundan ona son zəngini
xatırlayır: "Axırıncı dəfə saat 5-də
zəng vurmuşdu. Deyirdi ki,
çıxacağıq yuxarı, ora zəng çatmasa,
narahat olmayın. Elə axırıncı
zəngi olub bu zəng. Bilirmiş ki, onun
ucaldığı zirvəyə zəng çatmayacaq".
Bu duyğulu və ağır xatirələr
bütün şəhid ata və analarının dilində,
qəlbindədir.
Maraqlı orasıdır ki, şəhid doğmalarının, xüsusilə şəhid analarının hər birinin nitqində aydın bir üslub, aydın bir danışıq tərzi var. Bu anaların övlad ağrısı nə qədər ağır və qəhərli olsa da, onların bütün söhbətlərinin sonunda qəhrəman övladları ilə qürur duyduqlarının şahidi oluruq. Bu valideynlərin övladları ilə bağlı xatirələri belə bir qənaətə gəlməyə əsas verir ki, şəhid oğullarımız, qələbəni təmin etmiş cavanlarımız içindəki Vətən sevgisini doğulduqları, boya-başa çatdıqları ocaqdan almışlar.
Esselər xalqımızın qəhrəmanlıq şücaətini ulu tariximizin bizə miras qoyduğu vətənpərvərlik, el-oba sevgisi ilə bağlayır. Şəhid Faiq Adıgözəlovun qəhrəmanlıq salnaməsinə həsr olunan "Suqovuşanda əbədiyyətə qovuşan ömür" sərlövhəli essedə bu keyfiyyət daha aydın görünür: Essenin əsas məzmununda "atalarımızın, analarımızın, babalarımızın bizə miras qoyub getdiyi milli əmanətləri qorumaq" missiyası dayanır və essenin şəhid obrazı bu əmanətlərin düşməndən xilası üçün canını verməyə əvvəlcədən hazır olduğunu bildirmişdir.
Esselərin kontekstə uyğun çox maraqlı sərlövhələri var: "Atanın döyüşdüyü yüksəklikdə oğlu qəhrəmanlıqla şəhid oldu". İlk baxışda informasiya - xəbər təsiri bağışlayır. Lakin mətnin özü mükəmməl bir hekayə misalıdır. "Suqovuşanda əbədiyyətə qovuşan ömür" - məncə, sənətkarlıq keyfiyyətinin izahına ehtiyac qalmır. Beləcə, "Bir ananın övladıykən bir millətin qüruru oldu", "Cəsur qazinin şəhid övladı", "Hər azan səsində məni xatırlayarsan", "Doğum günü həm də şəhidlik günü oldu", "Qaytarılan torpaqlardan qayıtmayan oğullar", "Qönçə ömürlərə uzanan xain əllər", "Vətənin daş yollarına baş qoyan Kamran", "Oğullar geriyə dönmürlər - Ali Baş Komandan, "İrəli!" deyib", "Biz bu torpağın çörəyini də yeyirik, qurğuşununu da", "Əbədi dostlar - beşikdən məzara", "Ən uzun gecənin sabahı", "Nişan üzüyü bitməyəcək sevginin rəmzi oldu" və s. Bu sərlövhələrin hər biri özündə qəhrəman şəhidlərimizin həyatını daşıyır. Yevlax şəhidləri "Zəfər fədailəri" kitabının mündəricatı, məzmunudur. Lakin buradakı essələrin hər biri elə ürəklə, elə qürur və duyğularla qələmə alınıb ki, onların hər biri Vətən uğrunda can qoymuş bütün Azərbaycan şəhidlərinin ümumiləşdirilmiş obrazları kimi qəlbimizə hopur.
Kitabda toplanmış 65 essenin hamısı Yevlaxda nəşr olunan "Kür" qəzetinin redaktoru, jurnalistikamızda öz dəsti-xətti olan Əməkdar jurnalist Əminə xanım Yusifqızına məxsusdur. Əminə xanım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Kitabdakı esselərə imza qoyulmamasının rəmzi mənası var: Şəhidlərə xidmət bir vətəndaşlıq borcudur və bu xidmət sahibi öz ünvanından imtina da edə bilər. Ancaq xüsusi qeyd edim ki, Əminə xanımın bu qiymətli esselərinin hamısı həm "Kür" qəzetində, həm də respublika mediasının müxtəlif aparıcı orqanlarında müntəzəm dərc olunub. Xüsusilə mən onların çoxunu "Olaylar" qəzetində və qəzetin saytında oxumuşam. Kitabın dörd nəfərlik redaksiya heyəti var: Əminə Yusifqızı, Ramiz Həmidov, Vaqif Əliyev və Natiq Cəfərov.
"Zəfər fədailəri. Yevlax şəhidləri"
kitabı Bakıda fəaliyyət göstərən
"Tuna" QSC nəşriyyatında nəşr edilib. Bunu
ona görə xüsusi qeyd edirəm ki, kitab poliqrafiyanın ən
maraqlı, uğurlu nümunələrindən biri kimi də
maraq kəsb edir. Kitabın ilk və son səhifələrində
haqqında bəhs olunan 65 şəhidin rəngli portreti yer
alıb. Kitabdakı
digər illüstrativ materiallar da poliqrafik yeniliklərin
uğurundan xəbər verir. Esselərin - mətnlərin tərtibatında
da yeni keyfiyyətlər mövcuddur: hər mətnin sərlövhəsinin
altında essenin əsas tematik istiqamətini sərgiləyən
sətirlər verilir, sonda isə şəhidin Prezident tərəfindən
təltif edildiyi mükafatlar göstərilir. Kitabın
müxtəlif səhifələrində Yevlax
camaatının öz şəhidlərini necə
qarşılaması, onları Vətən torpağında
necə dəfn etmələri, ağsaqalların dəfn mərasimindəki
duaları, şəhid doğmalarının kədər və
qürur dolu baxışları və bu kimi digər məqamlar
təqdim olunan illüstrativ materialların əsas məzmununu
təşkil edir. Bütün bunlar kitabı nəşr
etmiş Yevlax Şəhər İcra Hakimiyyəti və onun
başçısı Anar Tağıyevin şəhid
mövzusuna - bu müqəddəs anlayışa xüsusi diqqətinin
məhsuludur. Yevlax Şəhər İcra
Hakimiyyətinin yevlaxlı şəhidlərlə
bağlı bu təşəbbüsü çox qiymətlidir
və məncə, bu təşəbbüs bir təcrübə
kimi bütün rayonlarımızda tətbiq olunmağa
layiqdir.
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.11.