Uçuq divarlar labirinti  

 

 

vaxtdan bəri getməyə ürək eləmədiyimdən qəsdən təxirə saldığım Ağdam səfərimi, axır ki, gerçəkləşdirə bildim - otuz illik həsrətin, ağrının, itirilmiş gəncliyin, alt-üst olmuş xatirələrin səfərinə çıxdım. Gördüyüm mənzərədən sarsıldığımı demək, sözlə dopdolu olsa da, qəlbin əslində, susduğunu etiraf etmək kimidir. Şəhər, elə bil, ixtisar olunub, kiçilib, yumağa dönüb, xiffətdən sınıxıb bir qırıq qalıb. Enli, böyük küçələr bapbalaca dar cığırlara dönüb. O böyüklükdə şəhər indi uçuq divarların labirintidir elə bil. Damı-örtüyü olan bir dənə ev yoxdur. Damsız Ağdam... Çox ağır səslənir... Əməliyyatxana masasında, naşı cərrahın əlində qanlar içində yatan xəstəyə, ürəyi küt bıçaqla sökülüb çıxarılmış yaralıya bənzətdim səni, gözəl şəhərim, möhtəşəm şəhərim, doğma şəhərim!.. Otuz ili əlindən alınmış, bütün həyat işartıları dondurulmuş şəhərim!.. "Ruhlar şəhəri deyirdilər Ağdama, amma mən deyərdim, ruhunu itirib Ağdam bu illər ərzində - qaynar, coşğun ruhunu. Yol ayrıcında oturub övlad yolu gözləyən qoca kimiydi bu gün Ağdam...

 

...Torpağına ayaq basar-basmaz üzləşdiyim dəhşətli mənzərəni görəndə heyrət içində neçə il öncə şəhərimin - Ağdamımın dilindən yazdığım, insanlarına - bizlərə səslənən bir şeirimin bu misralarını xatırladım:

 

...Neçə vaxtdır yoxa çıxıb gözdən itən

İnsan oğlu, de hardasan?..

Tez ol, qayıt!

Qayıt, məni mənə qaytar,

O nəşəli günlərimi yenə qaytar...

 

Qayıtdıq - qayıtdım, doğma şəhərim!..

 

Doğulduğun, böyüdüyün, on il təhsil aldığın doğma şəhərinə gələsən yol ortasında azıb qalasan. Heç yol da demək olmaz, minalardan təmizlənmiş bir neçə cığır... Sən demə, qismətdə bunları da yaşamaq varmış. 

 

Bir daşın üstünə qalxıb evimiz olan səmtə boylandım - bəlkə, uçuq divarlarını görərəm deyə... Amma boyum çatmadı... Bir az da qısalmışdı, kiçilmişdi boyum... Heç "Ağdam" deyə-deyə dünyadan köçən valideynlərimin ruhu da dadıma yetmədi, əlindən tutub bələdçilik eləmədilər evlərinin yolunu azmış bu balaca qızcığaza...

 

Payız onsuz da hüznlü, kədərli fəsildir. Bilmirəm, təsadüf idimi, Ağdamla görüşüm bir payız günündə gerçəkləşdi. Və payız bu görüşü bir az da hüzünləndirdi.

 

Bu gün Ağdam başdan-başa bir payızdır: uçulmuş evləriylə,  tökülmüş yarpaqlarıyla bomboz bir payız. Qarşıda bir qış da var - son qış, amma sonra yaz gələcək, günəşli, gül çiçəkli həyat dolu bir yaz. Bax o şəhər - əvvəlki kimi qaynar, nikbin Ağdam yenə var olacaq. Əminəm, mütləq olacaq!..

 

 

Şahrun SÜLEYMANOVA

 

525-ci qəzet.- 2021.- 5 noyabr.- S.10.