Şuşalı dünyam
Şuşa - uşaqlığımın əziz xatirəsi, mənə "şah Qacarın tacını axtarmaq xəyalı qurduran" nağıl dünyam idi... Şuşa - özümü
dərk edəndən
yay aylarımın unudulmaz istirahəti, möcüzəli əyləncəsi,
əsrarəngiz səyahəti,
ən xoş günlərimizi şərəfləndirən
ən özəl məkan idi... Şuşa - yeddi dolamasının hər birini uşaq sevinci ilə qalxdığım,
çayçı Süleymanın
məxsusi qoxulu kəklikotlu çay stəkanlarını üst-üstə,
sürətlə, gümrah
şəkildə enməsini
böyük təəccüblə
izlədiyim, 100 yaşını
haqlamış Mürsəl
dayının İsa bulağındakı ölməz
ifasını yaddaşıma
həkk elədiyim, Xan qızı bulağının suyundan
doyunca içdiyim, dadını belə unutmadığım Qarabağ
xəngəli yediyim, Üzeyir bəyin ev-muzeyini maraqla gəzdiyim, Cıdır düzü boyu nəfəsim kəsilənədək
qaçdığım, dağlarındakı
xına daşlarında
ovuclarımı boyadığım
gözəlliklər diyarı
idi...
İllər öncə çalışdığım
televiziyada (2012) Şuşanın
işğal gününə
həsr olunan süjet hazırlamışdım
vaxtilə. "Yuxarı Gövhər ağa məscidinin minarələrindən
yenə bir gün azan səslənəcək"
fikri ilə bitən bir süjet... Nə qədər inanmışdım
bu fikrə xatırlamıram, amma ümid etmişdim... Nə az,
nə çox bir sutka Şuşanın
fotolarını toplamışdım
internet səhifələrindən.... Xalq artisti Flora Kərimovanın yanıqlı
ifasında "Darıxıram,
sənin üçün,
Şuşam mənim"
mahnısını dinləyib,
uşaqlığımda keçdiyim
küçələri, gördüyüm
hər detalı təkrar-təkrar xatırlamağa
çalışmışdım, yaşa dolduqca bir gün yaddaşımdan
o xatirələrin əksi
silinər qorxusuyla...
Və illər ötdü... Möcüzə gerçəkləşdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşa
şəhərini işğaldan
azad etdi... Və bir nağıl kimi, ən gözəl
xəyal kimi mən illər sonra yenidən Şuşaya ayaq basdım.
Azad Şuşaya.... Bizim
olan Şuşaya... Özümü dərk edəndən - hələ
azyaşlı məktəbliykən
Qarabağ yarası ilə böyüməyə
adət edən, təqdim etdiyi verilişlərdə Qarabağ
sözü ilə ürəyi parçalanan
mən Azərbaycan Televiziyası üçün
Şuşa şəhərinə - azad
Şuşadan veriliş
hazırlamağa gedirdim.
Bu, sözlə ifadəsi mümkün olmayan, ürəyə sığmayacaq, boğazda
düyünlənən hisslərlə
müşayiət olunan
ən təkrarsız
səfər idi.
Qismət olsa, inşallah Şuşaya hələ çox gedəcəyik, amma heç biri bu ilk səfər qədər fərqli olmayacaq...
Təxminən 30 il sonra gerçəkləşəcək Şuşa səfərinin
doğurduğu duyğuların
təsirindən, səhər
sübhü dirigözlü
açdım. Həyəcandan nəsə düşünə
bilmirdim. Həm Şuşanı görə
biləcəkdim, həm
də illər sonra - doğma şəhərim, viran yurdum, yaralı Füzulidən keçəcəkdim
ilk dəfə... Özümə söz vermişdim, ağlamayacağam deyə.
Ağdama çəkilişə
gedəndə gördüyüm
vəhşilikdən heyrətlənib,
vahimələnib donmuşdum...
Yandırılmış Qiyaslı məscidinin
uçuq divarlarına
əlimi sürtəndə,
şəhidlərin ruhuna
fatihə oxuyanda, rəngini belə itirmiş Ağdama da söz vermişdim,
sınmayacağam, ağlamayacağam
deyə. Amma Füzulini - dünyaya göz açdığım,
suyuyla, havasıyla böyüdüyüm, nisgilini
ruhumda və qəlbimdə bir nişanə olaraq gizlicə daşıdığım
yox olmuş şəhərimi görəndə
hıçqırığıma qalib gələ bilmədim. Yarımçıq divarlar, uçurulmuş
bünövrəsindən balaca
ağaclar, kollar pöhrələnən xaraba
evlər sanki qucaq açmışdı
mənə. "Dədə
Qorqud" filmində daşların haray çəkdiyi fəryad dolu o lal səhnədə
olduğu kimi... İçimdəki dəli istəyi
zorla boğub xarabalıqlara doğru yüyürmədim. İcazə yox
idi... mina təhlükəsinə
görə. Biz sadəcə Zəfər yoluna doğru düz irəliləyə
bilərdik. Çəkilişə birgə yollandığım
heyət lal baxışlarla məni izləyirdi, yolumuza davam etməli idik. Bəlkə o acı günlərin ağrılı nişanəsi
olan divarları qucaqlamaq istəyimi boğa bildim, amma.... Bir də onda ayıldım ki, nəm torpağı yalın əllərlə
qazıram. Bu torpağa
az şəhid
qanı axmayıb, bu torpaq az
zülm görməyib,
bu torpaq illərin əsirliyindən
çıxıb. Bu torpaq sümükləri belə əriyib onunla qovuşan əzizlərimin tək yadigarı, bu torpaq son nəfəsini verən igidləri soyuq sinəsinə sıxan dərdli ana idi mənim
üçün. Ovuc-ovuc yığdığım,
hər zərrəciyini
barmaqlarımın ucunda
hiss etdiyim torpaq içimdəki kədəri,
nisgili, həyəcanı,
sevinci canına çəkdi sanki. İkimiz də sakitləşdik.
Sonra yolumuza davam etdik. "Quruçay" lövhəsi
yazılan balaca körpüdən keçəndə,
filmlərdəki kimi sanki kadrlar dəyişdi,
ağ-qara olanlarla əvəzləndi. İllər öncəyə
qayıtdım. Uşaqlığımın Füzulisindəki Quruçayı və onun üzərindəki körpünü xatırladım.
"Bu körpü əvvəl də vardı, onunla gedib, sonra sağa
dönürdük deyəsən
və kəndə yola düşürdük"
deyib sevincdən qışqırdım. Sonradan bərpa
olunsa da, bu bir detalı
tanıyıb, görə
bildiyim üçün
xoşbəxt idim.
Məhv olmuş uşaqlığımın
Füzuli adlı yeganə pazl parçasını tapıbmış
kimi sevinirdim.
Sonra Zəfər
yolu ilə irəlilədik. Qət etdiyimiz hər metr məsafə Qələbə tarixi, igidlik salnaməsi, qürur yeri idi... Yüksəklərə doğru yol
aldıqca doğma Şuşanın illər
öncəki meşələrini,
ağacları xatırlamağa
çalışır, hər
şeyi acgözlüklə
beynimə qazımaq istəyirdim. Şuşa yay
fəslində belə
sərin olan, adamı üşüdən
bir havaya malik idi. Amma bu gün
illərin həsrət
dolu görüşünə
Şuşa da məxsusi hazırlaşmışdı sanki.
Payızın ortasında günəş
şəfəqləri ilə
isidirdi bizi. Qarşımıza çıxan hər
bir əsgərin boynuna sarılmaq, təşəkkür etmək
istəyirdim. O qədər
doğma, o qədər
səmimi, o qədər
təmiz baxışları,
gülər üzləri
var idi ki...
Sanki bu torpağın
sehrinə düşmüşdük
hamımız. Möhkəm
sıxılmış bir
yumruq kimi... həyəcanla döyünən
ürək kimi... Qalib Azərbaycanın vətəndaşları kimi...
Şuşada saatlar bir an qədər sürətlə ötdü.
Amma dolu-dolu, bir ömrə sığacaq təəssürat
və xatirəylə
zəngin... Yuxarı Gövhər ağa məscidində dua etdim, Şuşa
qalası, Vaqifin məqbərəsi önündə
qürurla aparıcı
mətnimi söylədim....
Sonra Xan qızı bulağından
su içdim, Cıdır düzünün
əfsanəvi qayalıqlarına
qucaq açdım, Şuşa havası
uddum, Qarabağ unundan Şuşada bişirilmiş isti çörək yedim.... Mən dünyanın ən varlı, ən xoşbəxt insanı idim...
Sonra qəribə bir hiss yaşadım. Mən itirdiyim uşaqlığımla
qarşılaşdım o küçələrdə....
qucaqlaşdıq... bağrıma
basdım onu... Yarı uçuq divarlara həkk olunan igid oğullarımızın
adlarını oxuduqca
yanağımdan süzülən
göz yaşlarını
əlləri ilə sildi uşaqlığım.
Təbəssüm etdi mənə,
"nəhayət gəldin"
deyə pıçıldadı.
"Al məni, qəlbinə,
ruhuna hopdur, öz yerimə, yarım qaldığım
yerimə göndər"
dedi. "Şuşalı
dünyama, Qarabağlı
dünyama xoş gəldin" söyləyib,
onu ömür kitabımın əzilib bükülmüş, amma
yazılmamış, yaşanmamış
səhifələrinə geri
göndərdim. Və
Şuşa səmalarına baxıb, səssiz şəkildə
bağırdım: "Mən
məktəbliykən səndən
qoparılan, bir jurnalist, bir tədqiqatçı kimi qoynuna qayıdan övladınam, Qarabağ!"
Günəşin şəfəq
saçdığı bu
səmanın hər nöqtəsindən ruhları
boylanan Şəhidlərimizə
Allah rəhmət eləsin!
Qazilərimizə Allah şəfa
versin! Bizi bu torpağa qovuşduran hər bir qəhrəmanın önündə baş əyirəm...
Bakı
- Füzuli – Şuşa
Billurə ASLANQIZI
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.10.