Milli parklarımız: təbiətin təkrarsız
həyat palitrası
Azərbaycanın xüsusi mühafizə olunan təbiət
ərazilərindən biri də Milli parklardır. Ölkəmizdə
Milli parklar 2003-cü ildən etibarən yaradılmağa
başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən
Akademik Həsən Əliyev adı verilən Zəngəzur
Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli
Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac
Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı
ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl
Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı
yaradılıb.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyindən verilən məlumata
görə, Kiçik Qafqaz və Naxçıvan Muxtar
Respublikası Akademik H.Əliyev adına Zəngəzur
Milli Parkı ərazisində yerləşir. 2003-cü ildə
Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar
sahəsində Ordubad Milli Parkı yaradılıb. Milli Parka akademik Həsən Əliyevin adı
verilib. 2009-cu ildə Prezidentin müvafiq sərəncamı
ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa,
Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək
sahəsi 42797,4 hektara
çatdırılıb. Eyni sərəncamla Milli Parkın
adı dəyişdirilərək Akademik Həsən
Əliyev adına Zəngəzur Milli
Parkı adlandırılıb. Milli Parkla yanaşı,
xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət
Yasaqlığı yerləşir. Orta
hündürlüyü 3200 metrə çatan Zəngəzur
silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən
yüksəkdir. Onun ən yüksək
zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində
olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik
Qafqazın Azərbaycan ərazisində ən yüksək
zirvəsidir. Zəngəzur silsiləsinin
sonuncu - üçüncü hissəsi Soyuq dağdır ki,
o da Zəngəzur Milli Parkının ərazisinə daxildir.
Naxçıvan Muxtar Respublikası öz
quş faunasının zənginliyinə görə Azərbaycanda
özünəməxsus yer tutur. Ərazidə
217 növ və yarımnöv quşa rast gəlinir ki,
bunlardan 15 növü "Qırmızı Kitab"a daxil
edilib. Naxçıvan Muxtar
Respublikasında 62-yə qədər məməli heyvan
növünə və ya yarımnövünə təsadüf
edilir. Bunlardan 32 növ və ya
yarımnövə Zəngəzur Milli Parkının və
Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində
rast gəlinir. Naxçıvan Muxtar
Respublikası ərazisində 12 növ yırtıcı
heyvan yayılıb. Bunlardan Milli Parkın ərazisində
canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar,
daşlıq dələsi, porsuq, meşə pişiyi və
s. rast gəlmək mümkündür. Azərbaycan
sularında 100-dən artıq balıq növü
yaşayır. Bunlardan Naxçıvan
sularında 16 növ balığın olması müəyyən
edilib. Zəngəzur Milli Parkının və Ordubad
Dövlət Təbiət Yasaqlığının ərazisi
ali və nadir bitkilərə görə də
zəngindir.
Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində,
Lənkəran və Astara inzibati rayonlarının ərazisində
yerləşir. Parkın ərazisinin çox hissəsi
meşələrlə örtülüdür. Milli Parkın meşələrində
ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan
şümşadı, pırkal, müxtəlif lianlar geniş
yayılıb. Bu bitkilərin əksəriyyətinin
adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib. Parkın heyvanat aləmi
çox zəngindir. Burada məməlilərdən bəbir,
xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s.
növlərə rast gəlmək olar.
Şirvan Milli Parkının ərazisində relyefin, bitki
və torpaq örtüyünün müxtəlifliyi burada bir
sıra təbii landşaft sahələrini ayırmağa
imkan verir. Ərazinin əsas hissəsini yovşanlı,
şoranotlu yarımsəhra xırda təpəlikləri və
şoranotlu yarımsəhra düzənliyi təşkil edir.
Milli Parkın ərazisində qaraşoranlı,
şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra
bitkiləri və çərənli-yovşanlı,
yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu,
efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu)
bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4
növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar
Suriya sarımsaqiyli qurbağa, yaşıl quru
qurbağası, Kiçik Asiya ağac qurbağası və göl
qurbağasıdır. Suriya sarımsaqiyli qurbağa nadir və
nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş
növ olduğu üçün "Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının Siyahısı"na və "Qırmızı Kitabı"na
daxil edilib, qanunla qorunur. Şirvan Milli
Parkının heterofaunasını 17 növ sürünən
heyvanlar təşkil edir. Cənubi Qafqaz
gürzəsi Milli Parkın ərazisində geniş
yayılan sürünən növlərdəndir. Quşların miqrasiyası və qışlama
dövründə göllərin və dənizin dayaz yerlərində
əsasən yaşılbaş ördəklər, fitçi
cürə, boz ördək, marek, bizquyruq və rast gəlinir.
Azərbaycan və dünya miqyasında təhlükədə
olan quşlardan Milli Parkın ərazisində 34 növə
rast gəlinir.
Ağ göl Milli Parkı Azərbaycanın ən məşhur
çöl-göl ekosistemi olub, köçəri və yerli
quşların və digər heyvanların məskunlaşdığı
ərazilərdən biridir. Ağ gölün
qorunmasının beynəlxalq əhəmiyyəti vardır.
Bu da göldə adları Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının "Qırmızı
Siyahı"sına və Azərbaycanın
"Qırmızı Kitabı"na daxil
edilən quşların məskunlaşması ilə
bağlıdır. Göl əsasən
qamışlıqlarla əhatə olunub. Milli
Parkın ərazisində yayı quraq keçən yarımsəhra
və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir.
Belə iqlim şəraiti burada quşlar və
məməlilərin məskunlaşması üçün əlverişli
şərait yaradır. Ağ göl Milli Parkında
quşlardan mərmər cürə, turac, bəzgək, qara
leylək, böyük və kiçik qarabattaqlar,
harayçı və fısıldayan qu quşları, Misir
vağı, çobanaldadan, böyük su fərəsi,
sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan,
ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi
qızılqaz, yaşılbaş ördək, qazlar və s.
məskunlaşıb. Milli Parkın ərazisində
məməli heyvan növlərindən canavar, çaqqal,
çöl donuzu, tülkü, dovşan və müxtəlif
yarasalara rast gəlinir.
Abşeron Milli Parkı Abşeron Dövlət Təbiət
Yasaqlığının bazasında yaradılıb. Milli Park
yarımadanın cənub-şərq qurtaracağında -
Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının heyvanat aləmi
çox zəngindir. Quşlardan gümüşü
qağayı, fısıldayan qu quşu, boz və
qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş
ördək, ağgöz qara ördək, kəkilli
dalğıc, böyük ağ vağ, qumluq
cüllütü, qaşqaldaq, bataqlıq
belibağlısı, dəniz bozcası və s., məməli
heyvan növlərindən isə ceyran, canavar, çaqqal,
çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq,
dovşan, Xəzərin sularında suiti və həmçinin,
müxtəlif növ balıqlar məskunlaşıb. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində
xeyli miqdarda Xəzər suitisi yayılıb. Bu növ, pərayaqlıların
yeganə nümayəndəsidir ki, Dünya okeanının ən
kiçik suitisi kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.
Altıağac Milli Parkı Altıağac Dövlət
Təbiət Qoruğu və ona həmsərhəd olan
dövlət meşə fondu torpaqlarının bazasında
11035 hektar ərazidə yaradılıb. Milli Parkın ərazisində
qonur dağ-meşə,
çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi
dağ-meşə, bozqırlaşmış dağ-çəmən
və s. torpaq tipləri yayılıb. Milli
Parkın ərazisinin çox hissəsini meşələr əhatə
edir. Parkın ərazisində məməlilərdən
cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot,
dovşan, tülkü, dələ, canavar, quşlardan
qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl
qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir.
Ərazidə adları Azərbaycanın
"Qırmızı Kitab"ına daxil
edilən qonur ayı, çöl qartalı kimi məməli
heyvan və quş növləri diqqəti daha çox cəlb
edir.
Göygöl
Milli Parkı Göygöl, Goranboy və Daşkəsən
rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində
Göygöl Milli Parkı yaradılıb. Milli
Park Göygöl Dövlət Təbiət Qoruğunun
bazasında və ona bitişik meşə və dövlət
torpaqlarının hesabına yaradılıb. Parkın
heyvanlar aləmi bir çox vəhşi məməli və
quş növlərindən ibarətdir ki, bunlardan nəcib
Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə
pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər
uları, qara kərkəs, kəklik və s. göstərmək
olar. Göygöl Milli Parkının əsas
hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və
alp dağ-çəmən bitki ekosistemləri yayılıb.
Şahdağ
Milli Parkının ərazisi ilkin olaraq 115895 hektar təşkil
edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət
Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ,
Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində
olan dövlət meşə fondu torpaqları 81797 hektar və
həmin rayonların hüdudlarındakı yüksəkliklərdə
yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil
edir. Nazirlər Kabinetinin sərəncamı ilə
Şahdağ Milli Parkın ərazisi 14 613,1
hektar genişləndirilərək, 130 508,1 hektara
çatdırılıb. Milli Parkın ərazisinin
yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə,
bitki örtüyünün torpaqlarının və heyvanlar
aləminin zənginliyinə əsaslı təsir göstərib.
Buradakı meşələr zəngin,
füsunkar və gözəl mənzərələr yaratmaqla
məşhurdur.
Samur-Yalama
Milli Parkı Xaçmaz rayonunun inzibati ərazisində olan
dövlət meşə fondu torpaqlarının əlavə
olunan yer quruluşu planında göstərilən 11772,45 hektarlıq sahəyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq,
dazı otu, yağı otu, ballı nanə və başqa dərman
bitkiləri geniş yayılıb. Xaçmaz
faunasının əsas nüməyəndələri
Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil
suları balıqla zəngindir. Termal və
mineral su bulaqları var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə
Olunan Təbiət Ərazilərinin İnkişafi
Departamentindən bildirilib ki, Milli parklar da Azərbaycanın
xüsusi mühafizə olunan təbiət ərazilərindəndir. Milli parkların
üstünlüyü ondan ibarətdir ki, burada həm təbiət
qorunur, həm də turistlərin əraziyə girmələri,
təbiət ilə tanış
olmalarına imkan yaradılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 6 noyabr.- S.23.