Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Ruhiyyəni şayiələr izləyir.

Nərgiz əhvalatı

 

Televiziya kanalları ilə işlədiyi ilk ay uğurlu oldu, kinoproqram redaksiyaları onun tərcümələrini razılıqla qarşıladı və dublyaj üçün rejissora verdilər. Beləliklə, iki kanalda az sonra göstəriləcək İran filmlərinin bədii tərcüməsi ona məxsus olacaqdı. Ümumiyyətlə, yaradıcı heyətlər onu mehribanlıqla qarşılayırdılar, iş prosesində bir çətinlik olsa, ona müraciət edəcəklərini bildirməklə, bunun üçün onun razılığını almaq istəyirdilər. Nəşriyyatlar isə hələ fikirləşirdi, birinin hüquqşünas sahibi zəng edib bildirdi ki, Yazıçılar Birliyinin sifarişi ilə bir neçə kitab nəşr etdiklərinə görə, digər nəşrlərə girişə bilmirlər, ancaq onunla olan razılaşma qüvvədə qalır, gecikməni kompensasiya etmək üçün, bəlkə də, ona eyni vaxtda iki romanın tərcüməsini sifariş edəcəklər və qonorar barədə, yəqin ki, sizi də razı sala biləcək kontrakt bağlayacağıq.

 

Bunların hamısı Ruhiyyəni qane edirdi. Özünə söz vermişdi ki, Hamnet ali məktəbə daxil olana qədər atasının vəsiyyət etdiyi pula toxunulmayacaqdır, qoy bank depozitinin üstünə faiz gəlsin, məbləğ bir az da böyüsün. Ancaq yaxşı bilirdi ki, bir iri dövlət bankında milyard dollarlarla olan məbləğdə vəsaitin oğurlanması aşkara çıxdıqdan sonra, əmanətçiyə olduqca xırda məbləğdə faiz ödənilirdi. Bankın direktoru həbs edilsə də, oğurlanmış pulların kiçik bir hissəsini də geri qaytarmaq mümkün olmamışdı.

 

Onun həyəcanına səbəb olan başqa məsələ idi. Restoranda qabyuyan işləyəndə baş aşpazın - şefin onunla yaxınlaşmaq istəməsi səhnəsi bir televiziya kompaniyasında da təkrar olunmağa başladı. Bədii rəhbər onu görən kimi dil boğaza qoymurdu, onun gözəlliyinə hamının valeh olduğunu deyir, yaradıcılıq qabiliyyətini də göylərə qaldırırdı. O, buna görə televiziya işçilərindən incimirdi, onları bəzi müğənni və rəqqasə qızlar pozmuşdu, ekranda tez-tez görünmək xatirinə onların əndazədən çıxan təkliflərini də çox hallarda razılıqla qarşılayır, ən azı mazaqlaşmaqda, flirtdə güzəştə getməsələr, heç nəyə nail ola bilməyəcəklərini nəzərə almalı olurdular. Bir fəaliyyətinə son qoyulmuş televiziya kanalının rəhbəri kollektivdə "sərhədsiz məhəbbət" qaydalarının bərqərar olmasına can atırmış, görünür, Mirzə Cəlilin Şeyx Nəsrullahı özünə yeni, modern yuva tapıbmış. Yaşlı rus aktrisaları açıq etiraf edirdilər ki, Moskva Satirik Teatrının mərhum baş rejissoru N.V.Pluçek gənc aktrisaları işə qəbul edəndə, onları "çarpayı müsabiqəsindən" keçirirmiş. Bizimkilər də bu iyrənc metoda müraciət etsəydilər, biabırçılıq olardı.

 

Adamlar vaxtilə digər bir kanal rəhbərinin də bir ərli cavan qadın barədə xüsusi məqsədi olduğundan, ona müxtəlif səpkidə olan verilişlər bolluğu yaratmağından hali idilər. Həqiqətən də, təbii gözəlliyə malik olan bu qız müxtəlif mövzulara həsr olunmuş verilişlərdə özünü mütəxəssis, bacarıqlı ekspert kimi aparmağa çalışırdı, az-çox səriştəsi olan tamaşaçı isə aparıcının uğursuzluğunu addımbaşı hiss edirdi, çünki onun mövzudan baş çıxarda bilməməsi tez-tez gözə çarpırdı. Televiziya rəhbərinin özü də primitiv çıxışları ilə fərqlənirdi,vəzifədən getdikdən sonra özü ilə yanaşı, gözəl aparıcı qadının ekranı "bəzəməsinə" də birdəfəlik son qoyuldu.

 

Kinoproqram şöbəsində işləyən bir qız Ruhiyyə ilə rəfiqəlik etməyə başlamışdı, tez-tez ona zəng edir və kollektivdəki əhvalatlardan söhbət açırdı. O, gizlində Ruhiyyəyə dedi ki, direktorumuzun səndən xoşu gəldiyini, yaxınlaşmaq üçün məqam axtardığını hamı başa düşmüşdür. Bir dəfə müzakirəyə dəxli olmasa da, bildirdi ki, ölkəmizin İranla əlaqələrinin möhkəmlənməsi xatirinə biz Cənub qonşumuzun kino incilərindən əvvəlki illərdə olduğu kimi uzaq qaçmamalıyıq, əksinə, dini yaxınlığımızı və on milyonlarla həmvətənimizin həmin ölkənin vətəndaşları olduğunu nəzərə alaraq, İranda istehsal olunan bədii filmlərin nümayişinə daha çox vaxt ayırmalıyıq. Qoy tamaşaçılarımız da türk filmlərinə maraq göstərdikləri kimi, fars filmlərinə də, yaxından tanış olmaq hesabına rəğbət göstərməyə uyğunlaşsınlar. Biz İran televiziya kanallarından da bizim filmlərin praymtaymda göstərilməsini tələb edə, güman edirəm ki, razılığa da gələ bilərik.

 

Telekanalın əməkdaşı Ruhiyyəyə danışırdı ki, kanalın yaradıcı kollektivi, ayrı-ayrı üzvləri müxtəlif dinə sitayiş edən ailələri yada salırlar. Ümumi işi gördükləri halda zövqləri, ideya platformaları da müxtəlifdir. Hamı bir-birinə öz paxılı kimi baxır, kollektivdə mehribançılıqdan əsər-əlamət yoxdur. Kim direktorun hörmətini qazanırsa, bundan sui-istifadə etməyə can atır, öz arvadını da verilişlərə cəlb edir, uşaqlarını da ekranda göstərməklə, onlar üçün də pul verilməsini tələb edir. Studiyanı ailə məclisinə çevirir, köçəri tatar-monqolların arabalarına döndərmək istəyirlər. Axı köçəri xalqların nümayəndələri arabada dünyaya gəlir, orada böyüyür, arabadan da o dünyaya yollanırdılar.

 

Bəzi aparıcı qızlar onlara himayə edənlərin hesabına az qala özlərini Mulen Rujun kankan rəqqasələri hesab edirlər. Bəzən isə reklam xatirinə onlar fiziki qüsuru olan müasir Anri Tuluz-Lotreklə də yaxınlıq etməyə də razılıq verirlər. Bu görkəmli fransız rəssamı öz qrafik üslubda çəkilmiş reklamları ilə həmin gecə klubunun şöhrətinin böyüməsinə nail olmuşdu, rəqqasələr isə onun istəklərinə biganə qala bilməzdilər. Bir aparıcı qız isə veriliş boyu Motsart kimi yersiz gülməyini kəsmir, nəyə güldüyünü heç özü də bilmir. Kiçik kollektivlər sözsüz, mübahisəsiz ötüşmür, televiziya kanallarında isə bu, bir xroniki xəstəliyə çevrilmişdir.

 

Artıq həmin kollektivdə söz gəzir ki, guya yenicə əməkdaşlığa başlamış Ruhiyyə ilə direktorun yaxınlığı heç bir şübhə doğurmur, bu cavan gəlini vaxtaşırı onun kabinetindən çıxan görmüşlər. Ruhiyyə bunu olduqca qəzəblə qarşıladı, çünki hər şeydən əvvəl ərinin xatirəsinə bu, onun hörmətsizliyi olardı, həm də matəm ötüb keçməmiş onun cavan arvadı sədaqətsizlik nümunəsinə çevrilərdi. Ona görə də rəfiqəsi olan qıza dedi ki, bu, sadəcə dedi-qodudan başqa bir şey deyildir, bircə dəfə, özü də digər rəhbər işçilərin iştirakı ilə direktorun yanında olmuş, gələcək əməkdaşlıqlarını müzakirə etmişdilər.

 

Lakin o, başa düşürdü ki, yanmayan yerdən tüstü çıxmır, bəlkə də, direktorun xoşuna gəlir, axı milli xüsusiyyət kimi bəzi kişilər ilk dəfə gördükləri gözəl qadına özlərinin potensial oynaşları, gələcək məşuqələri kimi baxır, bununla onların haqqında pis rəyin formalaşmasına şərait yaradırlar. Əlbəttə, Ruhiyyə kişilərin diqqətini cəlb edirdi, hətta sağlığında Hüseynlə toy və ya ad günü məclislərində olanda, bəzi kişilər əri ilə məclisdə iştirak edən bu gəlinə erkək hərisliyi ilə baxır, onunla söhbətə girişmək üçün fürsət axtarırdılar. Onun dəbə uyğun olaraq geyinməsi də gözlərin ona cəlb olunması imkanlarını artırmışdı. Başqa qadınlarla müqayisədə o, məğrur qu quşunu andırırdı, boyu o qədər hündür olmasa da, bədənindəki simmetriya onu olduğundan daha cazibədar edirdi. Özünün ətrafa müəyyən işıq saldığını, onun gözəlliyinə kişilərin, hətta cavan oğlanların biganə qalmadıqlarını o, hiss edirdi, baxışları ilə onu udmağa çalışanları başa düşürdü. Çünki son illərdə onun gözəlliyi bəxtəvər, rahat yaşayış hesabına, məhəbbətlə dövrələndiyindən daha da artmış, canlanmışdı. Bəziləri mübaliğəyə dalaraq onu Füsunkar Yelena adlandırırdılar. Yelena gözəl idi, Parisin məhəbbəti isə onun bədəninin və sifətinin cazibədarlığını xeyli artırmışdı. Ruhiyyə, əvvəlki Bollivud xəyalları kimi indi də belə bənzətmələrə əhəmiyyət verməməyi qərara almışdı. Ona deyirdilər ki, Nərgizinki kimi sənin də bir vurğunun olsaydı, şəhərin məşhur kafe və ya restoranlardan birini şərəf əlaməti kimi sənin adınla adlandırardı. O, Füsunkar Yelena barədə Homerdən çox şeyi öyrənsə də, Nərgiz haqqında heç nə bilmirdi.

 

Ona görə də qeybətcilliyi ilə ad çıxarmış, şəhərdəki yaşından əvvəl baş vermiş əhvalatları da əzbər bilən, onları yəhudi anektodları kimi yüksək maraq səviyyəsinə qaldıran və rəfiqəsinə çevrilmiş bu qadından Nərgizin kim olduğunu soruşduqda, həmin adam təəccüblənərək dedi:

 

- Ağəz, necə, sən Nərgizi tanımırsan, vaxtilə, keçən əsrin 60-cı illərində gözəlliyi əfsanəyə çevrilmiş bu qızı çoxları tanıyırdı, hamı onu görməyə can atırdı. Həqiqətən də o, qənirsiz gözəl idi və şəhərin o vaxtkı meri də SSRİ-dəki məşhurluğu ilə yanaşı, gözəlliyə biganə qala bilmədiyindən ona vurulmuşdu, bəlkə də, qıza olan məhəbbəti ancaq platonik xarakter daşıyırmış. Çünki o, bu Dezdemonaya vurulsa da, Otello xoşbəxtliyini və faciəsini yaşamaq istəməmişdi. Lakin o, Bakının mələyi, gözəllik etalonu sayılan qıza öz sönməz hisslərinin solmayan xatirəsi kimi, onun şərəfinə şəhərin indiki Fəvvarələr meydanında, Fransanın Kot de Azurundan - Lacivərd sahilindən götürdüyü bir yay kafesini tikdirmişdi. Və bu kafedə müştərilər bakılıların o vaxta qədər tanımadığı süd kokteylinə qonaq edilirdi. Kafe səhərdən gecə keçənə qədər adamlarla dolu olurdu və nazik neon boruları lampaları vasitəsilə aralı məsafədə yerləşən, bir qədər də uzadılmış hərflərdən düzələn "Nərgiz" sözü lap uzaqdan diqqəti cəlb edirdi.

 

Deyilənlərə görə, Nərgiz özü də kafeyə gəlib, pərəstişkarı olan merə qiyabi də olsa təşəkkürünü bildirmiş, həm də gileylənmişdi ki, deyəsən, o, məni yazda çiçək açan nərgiz gülü ilə dəyişik salmışdır. Mən fəsilə görə çiçək açmıram, mənim gözəlliyim bütün il boyu əks cinsdən olanları təkcə valeh deyil, bəlkə də, əsir edir. Mənim pərəstişkarlarımın dövrəsində bircə mer çatışmırdı, o da öz hisslərini, adımı daşıyan və yenilik nümunəsi olan kafeni yaratmaqla göstərdi. Belə münasibətinə görə televiziya ekranında gördüyüm o balacaboy kişini, təkcə özümə görə deyil, Bakını gözəlləşdirdiyinə, Dənizkənarı bulvarı yenidən qurub, əsl istirahət mərkəzinə çevirdiyinə, "Azərbaycan" kinoteatrının yanını, orada nəqliyyatın hərəkatına son qoymaqla, gəzinti zonasına çevirdiyinə, evlərdən birinci mərtəbələrinin pəncərələrini dustaqxanaya bənzədən və dəmir qəfəsi andıran çarpaz eybəcər şəbəkələrdən azad etdiyinə görə qucaqlayıb, bərk-bərk öpərdim və ona bildirərdim ki, bakılıların minnətdarlığının cavabı kimi onun kənizi olmağa da razılıq verərdim. Güman edirəm ki, Kommunist Partiyası qadına münasibətdə könülün hökmünə, üsyan qaldırmasına icazə vermir və mənimlə yaxınlıq onun tutduğu vəzifə kürsüsünü laxlada bilərdi və bakılılar nəciblik nümunəsi olan həmin adama, mənim özümdən asılı olmadan pislik etdiyimi heç vaxt mənə bağışlamazdılar. Dövr, zaman öz davranış qaydalarını diktə edir, yəqin, mer də onun üçün cızılmış dairədən kənara çıxmağa cəsarət etməzdi. O, həmin dövrdə rəhbərlikdə ən populyar adam idi. Lakin bəlkə də, mən səhv edirəm, əslində, o, mənim şərəfimə belə məşhur bir kafe tikdirməklə, mövcud qadağalara kölə qaydasında boyun əymək, xidmət göstərmək kimi eybəcərliyi kənara ataraq, sistemin imkan verdiyindən də xeyli hündürə tullanmış və özünün şərqlidən çox, avropalıya bənzər olduğunu göstərmişdi. Rafael sevdiyi Fornarinanı öz tablolarında əbədiləşdirdiyi kimi, gözəllik ilahəsi Veneraya təzim etməsindən çəkinməyən mer də, bunun nümunəsi kimi mənim adımı əbədiləşdirmişdir. Vaxt gələcək ki, kafe binası söküləcək, hər yeni şəhər rəhbəri öz zövqünə uyğun olaraq bu meydanda yeni nəsə edəcəkdir. Lakin "Nərgiz" kafesi və bu adı daşıyan qızın gözəlliyinin tərənnümü timsalındakı bu tikinti məhv edilsə də, yaddan çıxmayacaq, daim xatırlanacaqdır. Axı dünyanın yeddi möcüzəsindən də yalnız biri - Misir piramidaları bizim dövrə gəlib çıxmışdır. Nərgiz özü də dünyadan köçdükdən sonra da onun gözəlliyi barədəki söhbətlər əfsanəyə çevriləcək, ona sitayişə bənzər münasibət yoxa çıxmayacaqdır.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.22.