Zəfərin ecazkar təcəssümü: "Qarabağın xalça xəritəsi"

 

 

8 noyabr - Zəfər Günü müstəqil dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrildi. Yaşadığımız böyük qalibiyyət, müasir hərb tarixinə yazılan möhtəşəm qələbə xalqımızın məğrur ruhunu özünə qaytardı. "Qarabağ Azərbaycandır!" şüarı ilə hər kəsin vətənin müdafiəsinə qalxması, bacardığı sahədə səfərbər olması, qələbə üçün can atması qürurlu tarix kimi yaddaşlara əbədi həkk olundu.

 

Bu əzəmətli tarixin əbədiləşdirilməsi gələcəyə ötürülməsində sənət əsərlərinin gücü danılmazdır hətta çox önəmlidir. Onlar yaşanmış tarixi sonrakı nəsillərə vizual olaraq, əyani şəkildə ötürür. Azərbaycan Milli Xalça Muzeyi bu tarixi qələbəyə öz töhfəsini verməklə şanlı Zəfər Günü ərəfəsində, "Qarabağın xalça xəritəsi" layihəsi əsasında toxunan qələbə simvolu "Zəfər" xalçasını geniş ictimaiyyətə təqdim etdi.

 

Onu da qeyd edək ki, muzey müharibənin ilk günlərindən Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında aktiv fəaliyyətə başladı burada mövcud olan tarixi mədəni irsin düşmən vandalizmindən qorunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdı, bəyanatlar verdi. 

Ecazkar Azərbaycan xalçalarının bir qrupunu təşkil edən erməni saxtakarlığının əsas hədəflərindən olan Qarabağ xalçalarını bir daha dünyada təbliğ etmək, onun xalqımıza xas zəngin mənəvi irs olduğunu vurğulamaq məqsədilə tərtib olunan "Qarabağın xalça xəritəsi" müharibə günlərində böyük maraqla qarşılanaraq qalibiyyətimizin mənəvi simvollarından birinə çevrildi. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edir ki: "Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib. Bunu nəzərə alaraq, müharibə günlərində Azərbaycan Milli Xalça Muzeyi "Qarabağın xalça xəritəsi"ni hazırladı izləyicilərinə təqdim etdi. Bu gün nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan, biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar".

 

Layihənin eskizi ilk dəfə muzeyin rəsmi sosial media hesablarından tamaşaçılara təqdim edilib. Əvvəlcə ağ-qara rənglə tərtib olunmuş interaktiv xəritə qəhrəman ordumuzun torpaqlarımızı azad etməsi Ali Baş Komandanın bu müjdəli xəbərləri xalqa çatdırması ardıcıllığı ilə xalçalarımızın al-əlvan, şux rəngləri ilə boyanıb. Burada Qarabağın 12 bölgəsinin məşhur xalça kompozisiyalarından əsas naxış elementləri yer alıb.

 

 

 

Artıq muzeyin Ənənəvi texnologiya şöbəsində ilmələrə köçürülmüş "Zəfər" xalçasının qədim ənənələrə uyğun dəzgahdan kəsim mərasimi keçirildi xalça 44 günlük Vətən müharibəsinin simvolu olaraq Azərbaycan Milli Xalça Muzeyinin qiymətli kolleksiyasında öz fəxri yerini aldı.

"Zəfər" xalçasının ara sahəsinin fonu Qarabağın məşhur "Xantirmə" kompozisiyasına istinad edilməklə dörd ünsürü ifadə edən elementlərlə işlənmişdir. Burada torpağı ağac, odu buta, havanı Vətən müharibəsinin simvoluna çevrilən xarıbülbül (rəmzi olaraq quş obrazı kimi) suyu isə Qarabağ xalçalarının məşhur naxışlarından olan, əjdahanı rəmzləşdirən "S" formalı element təmsil edir.

 

Xəritə üzərində Qarabağın "Çələbi", "Xanlıq", "Bəhmənli", "Qubadlı", "Ləmpə", "Qasımuşağı", "Şabalıd-buta", "Açma-yumma" xalçalarının əsas naxış elementləri, məşhur kilim zililərdən təsvirlər əks olunub. Xalçanın kənarə hissəsi dövlət başçısı müzəffər ordu ətrafında sıx birləşən xalqın birliyinin ifadəsi kimi yallı rəqsi ilə işlənmişdir. Yuxarı mərkəzi hissədə isə Ali Baş Komandanın parlaq zəfərin leytmotivinə çevrilən "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

 

Qarabağın rəngarəng, məşhur kompozisiyalı xalçalarından seçilmiş fraqmentlərlə xalçanın kolorit həllində qırmızı rəngin üstünlüyü əldə edilib.

 

Bu da təsadüfi deyildir, çünki qırmızı rəng gücün, iradənin, azadlığın, özünə inamın, qələbənin simvoludur.

 

Xalçanın ara sahəsini tərtib edən ana haşiyə qurşağında isə dörd xalça qrupundan seçilmiş naxış elementlərindən nümunələr verilmiş, bununla da kompozisiya bütünləşib və Azərbaycan xalçasının bütöv bədii obrazı yaradılıb.

 

Ana haşiyənin hər dörd küncündə Bakı xalçalarında tez-tez rastlanılan kufi xətti ilə yazılmış Allah sözünün təsviri verilib. Xalça eskizinin müəllifi Əməkdar rəssam Taryer Bəşirov söyləyir ki, qeyd edilən elementin simvolik mənası var: "Bu, həm Bakı şəhərinin paytaxt olmasına, həm də bizim işimizin haqq işi olmasına işarədir".

 

Ümumiyyətlə, "Zəfər" xalçasında istifadə olunan hər bir naxış elementi doğma Qarabağın işğaldan azad olunması uğrunda aparılan müharibənin yüksək mahiyyətinə uyğun seçilibonu sənət dili ilə simvolizə edən naxışlarla tərtib olunub. Əjdaha ilə Simurğ quşunun savaşını əks etdirən fraqment məşhur Qazax xalçasından götürülüb. O, özündə Xeyir və Şərin mübarizəsini əks etdirir. "Qarabağ Azərbaycandır!" şüarı altında isə "Muğan" xalçasından götürülmüş günəşi simvolizə edən naxış elementi verilib. O, parlayan Zəfər günəşidir.

 

Vətənə, torpağa sevgi ruhunu Təbriz qrupuna aid xalçalarda geniş istifadə olunan üz-üzə təsvir edilmiş iki quş simvolizə edir.

 

Uğurlu kompozisiya həlli, fikir bütövlüyü, özünəməxsus bədii ideyanın tamlıqla ifadə olunması ilə seçilən "Zəfər" xalçasında ulularımızdan miras qalan bu qiymətli sənət dili ilə möhtəşəm Qələbə, qələbəyə gedən inamlı yol, dönməz, sarsılmaz iradə ifadə olunub.

 

 

Nuranə SƏLİMLİ

Azərbaycan Milli Xalça Muzeyinin Elmi katibi,sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.19.