Qadınların incə xətti  

 

 

Ötən həftə ölkə azyaşlı qızın başına gələnlərlə sarsıldı. Hadisənin başdan ayağa dəhşət saçması qalsın bir yana, ondan daha betəri bəzi qadınların məsələylə bağlı mövqeyi oldu. Təsəvvür edin, on yaşından etibarən qırx iki yaşlı şəxs tərəfindən zorlanan uşaq başına gələnlərə görə qınanır. böyük haqsızlıq, necə ədalətsiz yanaşmadır deyə düşünürsən. Qadın çəkişmələri, intriqaları, dedi-qoduları, əlinə fürsət düşən kimi dünyanı həmcinslərinin başına yıxmaqları psixi pozuntu sayılsa da, cəmiyyətdə içində alışılmış haldır. Həmcinslərini əzmək, onun gücsüzləşməyi üçün əlindən gələni etmək çoxlarına yad deyil. Lakin hədəf taxtasına on bir yaşlı uşağı qoyub, ona qarşı alçaldıcı fikirlər səsləndirmək, əzici davranmaq, ittiham etmək, dəyərsizləşdirmək anormal haldır.

 

Ümumiyyətlə, "qadın qadının qurdudur" deyimi doğruluğunu həmişə sübut edir. Əslində, bir-birilərini anlayırlar, yaşadıqları əzab, ağrılar az-çox bir-birininkinə bənzəyir, di gəl ki, içəridəki o "yırtıcı" sərhəd tanımır. Parçalamaq istəyirsə, parçalayır, içindəki xıltı qusmağı düşünürsə, qusur qadın bu davranışları sərgiləyərkən qoruyucu, qurucu təbiətini çox tez unudur. Qadın çəkişmələrinin tarixi insanın yaradılışına qədər gedib çıxır. Sadəcə XXI əsrdə buna şahid olmaq gözə bir az qəribə görünür. Bu qədər imkanlar, fürsətlər varkən bir qadın digərini niyə gözümçıxdıya salsın ki? Niyə badalaq vurmaq üçün pusquda dayansın? Ya da belə deyək, sırf cinsi qadındır deyə azyaşlı birini kirli sözlərlə boğmaq qədər adildir? Adətən kişilərin güc sahibi olduğu toplumlarda qadınlar bir-birinə qarşı bu cür qəddar olurlar. Çünki əks cinsin üzərlərindəki gücü, təzyiqi onları anormal davranışlara sürükləyir içlərindəki hirsi başqalarında çıxmağa meyl edirlər. Amma dağ kimi uca, güclü qadınlar da az deyil normal ölkələr uğurun yarısını belə qadınların, yarısını da yetişdirdikləri övladların sayəsində qazanırlar.

 

Bu günlərdə Qədim Yunan tarixi ilə bağlı araşdırma apararkən oxuduğum bir hadisə ilə qadınların əfsanəvi varlıq olduqlarına bir daha əmin oldum. Xəyalları və idealları üçün öz cinsiyyətini gizləyən, kimliyindən, azad yaşamaqdan vazkeçən yunan qadını idi, Aqnodice. Eradan əvvəl patriarxal dövlət anlayışına sahib olan Qədim Yunanıstanda, qadınların həkim olmağı qadağan edilən dönəmdə onun arzusu bu ixtisasa sahib olmaq idi. Tezliklə istəyi üçün hərəkətə keçir, atasının dəstəyi ilə saçlarını kəsir, cinsiyyətini gizləyərək kişi qiyafəsinə bürünür və İskəndəriyyədəki tibb məktəbinə daxil olmağı bacarır. Ən qədim anatomistlərdən biri kimi tanınan Herophilosun tələbəsi olur. Tibb təhsilini uğurla sonlandırır. Bir gün Afina küçələrində gəzərkən doğum sancısı çəkən qadının qışqırığını eşidir. Yardım etmək üçün yanına qaçır, amma hamilə qadın kişi olduğunu zənn etdiyi həkimin ona toxunmağına icazə vermir, köməyini rədd edir. Aqnodice yerdə qıvranan qadını yola gətirmək üçün köynəyini açıb ona bədənini götərir. Qarşısındakının həmcinsi olduğunu görən qadın doğuma müdaxiləni qəbul edir. O gündən sonra digər qadınlar Aqnodicenin varlığından xəbər tutur və müayinə üçün yanına gedirlər. Vəziyyətdən xəbər tutan kişi həkimlər Aqnodiceni qısqanır və onu qadınları başdan çıxartmağa çalışdığını iddia edərək şərləyirlər. İftiraların altından çıxa bilməyən Aqnodice xalq məhkəməsinə çıxarılır və ölüm hökmü kəsilir. Başqa çarəsi qalmadığını görür, cəzadan qurtulmaq, həyatını xilas etmək üçün həqiqi kimliyini açıqlayır. Fəqət bu səfər də bir qadın olaraq tibb təhsili aldığı və həkim işlədiyi üçün ölüm cəzası kəsilir. Hakimlərin arvadları da daxil olmaqla Afinadakı qadınlar bu cəzaya qarşı birlik olub ayağa qalxırlar. Aqnodiceyə verilən cəzanın ləğv edilməsini, əks halda onunla birlikdə ölümə gedəcəklərini söyləyirlər. Qadınların qərarlarının qəti olduğunu görən məhkəmə sadəcə həmcinslərini müayinə etmək şərti ilə həkimliyə davam etməyinə qərar verərək onu azad edir. Bu mübarizə ilə Aqnodice tarixdəki ilk ginekoloq olur. Əslində, tarix bu cür yazılır, yeni dünya belə qurulur; əl-ələ verərək, birlik olaraq, bir-birini qoruyaraq. Dağıdaraq, öldürərək, yox edərək irəli getmək mümkün deyil. Daşlamağa, aşağılamağa, məhv etməyə nə var ki. Bunları bir göz qırpımında da etmək mümkündür. Əsas olan yanında dura bilmək, dəstək olmaq, empatiya qurmaq, yeri gələndə bağrına basmağı bacarmaqdır. Sağlam, keyfiyyətli cəmiyyətlər məhz bu cür ərsəyə gəlir. Yoxsa toplum saray, qadınlar isə orada bir-birini qanına qəltan edən cariyələr olmamalıdır. Bu incə xəttə diqqət edək!

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.18.