Şirməmməd Hüseynov - böyük istiqlalçı alim

 

Görkəmli alim, publisist, pedaqoq, professor Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu milli mətbuatımızın araşdırılmasına sərf edib. Ustad tədqiqatçı milli mətbuatımızın hansı səhifəsinə nəzər salıbsa, orada obyektivlik, doğruluq, ədalət prinsiplərini bütün parametrlərdə qoruyub, tarixi sənədləri zərgər dəqiqliyi ilə araşdırıb və xalqa, geniş oxucu auditoriyasına əsl həqiqəti çatdırıb. Görkəmli alimin dərin təfəkkürü, qəlbində yaşatdığı Azərbaycan sevgisi, bitib-tükənməyən yaradıcılıq enerjisi, əlindən düşməyən sadiq qələmi yalnız bir əqidəyə - Azərbaycanın istiqlalına xidmət edib. Bu baxımdan alimin Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin "Nəşrlərdən kənarda qoyulmuş mətbu əsərləri", "Redaktə və ixtisar olunmuş əsərləri"nin yenidən nəşrə hazırlaması həmin ideya xəttinin məntiqi davamıdır.

 

Şirməmməd Hüseynov tədqiqatlarında daha çox XX əsrin əvvəllərində baş vermiş mürəkkəb ictimai-siyasi hadisələrə, dövrün paradoksallıqlarına, xalqımızın tarixinin az öyrənilən, qaranlıq səhifələrinə işıq salırdı. Xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, milli istiqlal uğrunda mübarizənin ideoloqu və öncülü Məhəmməd Əmin Rəsulzadənin keçən əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında dərc edilmiş əsərlərinin toplanması, transliterasiya olunması və kitab şəklində çap edilərək ədəbi irsinin yenidən xalqa qaytarılması alimin böyük xidmətlərinin nəticəsi kimi olduqca qiymətlidir. 1990-cı ildən başlayaraq bu çətin və şərəfli işin məsuliyyətini öz üzərinə götürən görkəmli alim üzün müddət bu külliyyatın hazırlanmasına böyük əmək sərf etmişdi.

 

Şirməmməd Hüseynov fərqli dünyagörüşə, müxtəlif məfkurəyə məxsus olan böyük ziyalılarımızın vahid Azərbaycan ideologiyası ətrafında birləşərək bütövlükdə xalqımızı elmə, mədəniyyətə, tərəqqiyə səsləməsi kimi önəmli məsələləri diqqətlə, ardıcıl və sistemli şəkildə araşdırmış, ümumilikdə Azərbaycan publisistikasının mövzu və ideyasını, milliliyə söykənərək xalqa təmənnasız xidmət göstərməsini, millətin taleyini, gələcəyini düşünən fikir adamlarının əsas məram və məqsədini çoxsaylı məqalələrində əks etdirərək mətbuatımızın möhtəşəm salnaməsini yaratdı. Müstəqillik illərində, ideoloji qadağaların səngidiyi, aradan götürüldüyü bir dövrdə Şirməmməd Hüseynov zamanın ictimai-siyasi baryerlərinin dağılmasından uğurla yararlanaraq XX əsr mətbuat tariximizin ən maraqlı, mükəmməl və geniş oxucular üçün müəmmalı görünən səhifələrinə işıq saldı, bugünümüz və gələcəyimiz üçün dərin qatları açmağa və xalqa tanıtdırmağa müvəffəq oldu.

 

Şirməmməd Hüseynovun müstəqillik illərində qələmə aldığı publisistik məqalələrində Qarabağ probleminin, erməni terrorizminin dərin kökləri araşdırılır, nankor qonşularımızın Azərbaycan xalqına qarşı torpaq iddialarına və başqa önəmli məsələlərə geniş yer verilir: "Tam bir əsrdir ki, erməni millətçilərinin daşnaksütyun partiyası dünya ermənilərini "böyük Ermənistan" uğrunda səlib yürüşünə səsləyir. XX əsr tarixinə bələd olanlar keçən müddət ərzində ermənilərin Qafqaz, Türkiyə və İran torpaqlarında nə oyunlardan çıxdıqlarını yəqin ki, xatırlayırlar. Erməni millətçilərinin üzdəniraq "planlarında"Azərbaycana xüsusi yer ayrılır. Azərbaycanı parçalamaq, onun ata-baba torpaqlarını tutmaq, əhalisini məhv etmək üçün təkcə bizim əsrimizdə dörd iri cəhd edilmişdir".

 

Şirməmməd Hüseynov özünün "Zaman keçsə də, bəla elə həmin bəladır" adlı məqaləsində Qarabağda getdikcə mürəkkəbləşən, kritik həddə çatan ictimai-siyasi vəziyyətin əsl səbəbkarlarının erməni millətçiləri, onların başında dayanan Zori Balayan kimi şovinistlər olduğunu diqqət mərkəzində saxlayır. Eyni zamanda, bu avantüristlərin Qarabağı ələ keçirib bizim torpaqlarımız hesabına öz ərazilərini genişləndirmək kimi cinayətkar əməllərini pisləyərək yazır: "Qarabağın təkcə dağlıq hissəsində deyil , ətraf rayonlarda da qan tökülür. Erməni yaraqlıları azğınlaşmışlar. Vəziyyət həddindən artıq çətindir. Yerevanın rəsmi dairələrinin köməyinə arxalanan erməni millətçiləri nəyin bahasına olursa olsun Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq, əgər baş tutmasa, onu viranəyə çevirməyi qarşılarına məqsəd qoymuşlar. Dəhşətlisi budur ki, qan tökən də erməni quldurları, hamıdan bərk qışqıran da onlardır. Erməni daşnak mafiyası çoxdandır ki, Azərbaycan torpaqlarına göz dikir. Onun hesabına öz ərazisini genişləndirmək istəyir. Bunun üçün isə heç bir yalan və iftiradan çəkinmir".

 

Şirməmməd Hüseynov keçən əsrin əvvəllərində nəşr edilən mətbuat orqanlarından erməni vandalizminin Qarabağda, Zəngəzurda törətdiyi qanlı cinayətlər və soyqırımlar haqqında məlumatları oxuculara çatdırırdı. "Şeytan əli ilə yapılan erməni-müsəlman müqatiləsi, necə ki, gözləmək olardı, bizə bir böyük səfalət, tükənməz fəlakət, yaddan çıxarılmayan rəzalət və həlakət yetirməkdədir. Budur, Qarabağ dağılmış, Zəngəzur talan olunmuş, yüzlərcə kəndlər yəğmaya getmiş... Bu mənzərə görüləcəyi şərhə gələsi, qələmlə vəsf ediləsi iş deyil..." ("Təkamül" qəzeti). Tədqiqatçı əsrin sonunda tarixin yenidən təkrarlandığını göstərməklə yanaşı, həm də xalqımızı mənəvi birliyə və ayıq-sayıq olmağa səsləyirdi.

 

Şirməmməd Hüseynov çoxsaylı tədqiqatlarında Azərbaycanda milli mətbuatının əsasını qoyan, "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Bala Məmmədzadə, Ömər Faiq Nemanzadə və başqalarının zəngin publisistik yaradıcılığını, ədəbi fəaliyyətini, milli istiqlal, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması uğrunda mücadilə və mübarizələrini aşkarlayıb xalqa çatdırmağı həyatının əsas fəaliyyət proqramına çevirmişdi.

 

 

 

Məhəmməd Əmin Rəsulzadə keçən əsrin əvvəllərində yazırdı: "Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdır... Bu xüsusda biz azərbaycanlılar hamıdan çox işıqlanmaq ehtiyacındayız". Şirməmməd Hüseynov müdrik şəxsiyyətin bu arzusunu gerçəkləşdirmək missiyasını vətəndaşlıq yanğısı ilə yerinə yetirən məsuliyyətli və zəhmətkeş bir alim kimi böyük işlər görmüşdür. O, Məhəmməd Əmin Rəsulzadənin "Tərəqqi", "Yoldaş", "İrşad", "Təkamül", "Açıq söz", "Azərbaycan" və başqa mətbuat orqanlarında dərc etdirdiyi çoxsaylı məqalələri toplayıb oxucuların ixtiyarına vermişdir. Bu məqalələrin toplanması və nəşri ilə Şirməmməd Hüseynov üç mühüm problemin həllinə nail olmuşdur: birincisi, M.Ə.Rəsulzadənin çox böyük uzaqgörənliklə Azərbaycan dövlətçiliyi haqqında yüksək məfkurəli ideyalarını aşkara çıxararaq ictimai-siyasi fikir tariximizi zənginləşdirmiş; ikincisi, böyük dövlət xadiminin keşməkeşli həyat yolunun müxtəlif mərhələlərinin diqqətçəkən epizodlarını vahid bir nöqtədə təmərküzləşdirərək onun tərcümeyi-halının geniş panoramasını yaratmış; üçüncüsü, xalqımızın dövlət quruculuğu uğrunda mübarizə və mücadilələrlə dolu tarixi keçmişi, milli müstəqilliyimizin qazanılmasında xidmətləri olan böyük ideoloqların, dahi mütəfəkkirlərin, onların həyat və fəaliyyətini əks etdirən müəyyən bir ictimai-siyasi və ədəbi-mədəni mühit haqqında tam təsəvvür yaratmış və eyni zamanda gələcək tədqiqatlar üçün zəngin bir mənbənin əsasını qoymuşdu.

 

Şirməmməd Hüseynov Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və başqa görkəmli fikir adamlarının oxuculara az məlum olan, bir çox hallarda məxfi saxlanılan aktual və taleyüklü problemləri özündə ehtiva edən publisistik əsərlərini arxivlərdən, qəzet səhifələrindən axtarıb tapmış, onları xalqın ixtiyarına verib, əksəriyyəti isə tədqiqatçının müəyyən şərh və izahları ilə birlikdə qəzet səhifələrində yer alıb. Tədqiqatçı müstəqillik illərində aşkara çıxardığı bu arxiv materiallarını əsasən "Günay" və "525-ci qəzet"də dərc etdirib. Bu mətbuat orqanlarında alimin 150-dən artıq sanballı publisistik məqaləsi çap olunmuşdur. Xüsusilə, "525-ci qəzet"də Məhəmməd Əmin Rəsulzadə haqqında yazdığı silsilə məqalələri sonralar istiqlalçı liderin beş cild əsərlərinin kitab şəklində oxuculara təqdim olunması ilə nəticələndi.

 

Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" (2009) kitabına yazdığı ön sözdə Xalq şairi Bəxtiyar Vahabzadə görkəmli alimin prinsipiallığından, obyektivliyindən, öz işinə məsuliyyətlə yanaşmasından bəhs edərək yazır: "...toxunulan məsələlərlə və bu məsələlərə müəllif münasibəti ilə tanış olduqda, bütün bu yazıların içindən keçən vahid bir xətt görürəm. Bu xətt bunları yazan müəllifin vahid prinsipi, fikri və əqidəsidir. Bu prinsip, bu baxış və bu əqidə məqalədən-məqaləyə dərinləşir və əqidə qardaşım Şirməmməd Hüseynovun vətəndaş obrazını tamamlayır. Şirməmmədi yaxından tanıyanlar çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün deyil. O, inandığına inanır, nifrət etdiyinə sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz sevir. Bir sözlə, qələmindən çıxan bütün yazılarının arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır".

 

Şirməmməd Hüseynov milli-ictimai fikrimizi formalaşdıran, böyük şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı tədqiqat əsərlərinin müəllifidir. Onun arxivlərdən topladığı zəngin tarixi materiallar, dövri mətbuat və onun yaradıcıları haqqında apardığı çoxsaylı araşdırmaları neçə-neçə kitabların ərsəyə gəlməsinə səbəb olmuşdur. Görkəmli publisist-alim "Həqiqət və ədalət carçısı"(1988), "Məhəmməd Əmin Rəsulzadə, Əsərləri, I cild" (1992), "Müstəqilliyin çətin yolu... Biz hara gedirik?" (1996), "Məhəmməd Əmin Rəsulzadəyə qarşı böhtan kampaniyasının arxasında kimlər durur?"  (1998), "Məhəmməd Əmin Rəsulzadə", Əsərləri, II cild (1999), "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr" (2007), "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" (2009), "Məhəmməd Əmin Rəsulzadə... Azərbaycanda milli hərəkat" (2009), "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri" (Beş cilddə, 2014), "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" (Üç cilddə, 2012, 2015, 2016, 2017) kimi çoxsaylı kitabları, məqalələr toplusu, transliterasiya materialları, elmi-nəzəri və publisistik yazıları, dərslik və dərs vəsaitləri, eləcə də tərcümələri ilə Azərbaycan mətbuatının, publisistikamızın milli salnaməsini yaratmışdır. Bununla yanaşı, Şirməmməd Hüseynovun ardıcıl şəkildə radio və televiziya ilə çıxışları, jurnalistikada öz sözünü demiş təcrübəli publisistlər, tanınmış alim və müəllimlər - Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov, Şamil Qurbanov, Nəsir Əhmədli, Yalçın Əlizadə, Cahangir Məmmədli və başqalarının bu peşəyə bağlanmasında, doğru seçim etməsində, alim kimi yetişməsində çox böyük rolu olmuşdu. Elmə, təhsilə, yüksək intellektual səviyyəyə böyük dəyər verən Şirməmməd Hüseynov yazır: "Cahil və nadanın əlinə odlu silah vermək ətraf üçün nə qədər qorxuludursa, siyasi mədəniyyəti, milli qeyrəti, şərəfi olmayan kəmsavadların və qələm dəllallarının əlinə söz silahı, mətbuat orqanı vermək cəmiyyət üçün ondan yüz qat qorxuludur... Azərbaycanda demokratik islahatlar və insan hüquqlarının müdafiəsi hərəkatına siyasi naşıları və qələm parazitlərini yaxın qoymaq ən azı tarix və xalq qarşısında məsuliyyətsizlikdir". Bu, əlbəttə, Azərbaycanın, onun müstəqil və demokratik mətbuatının taleyindən nigarançılıq hissi keçirən məsuliyyətli bir publisist alimin media aləminə vətəndaşlıq harayıdır.

 

Şirməmməd Hüseynov jurnalistlik fəaliyyəti ilə yanaşı, həm də təcrübəli, savadlı, obyektiv və təmənnasız bir müəllim ömrü də yaşayıb. Öz tələbələrinə Azərbaycanın tarixi taleyi ilə bağlı, onlara məlum olmayan gizli məqamları açıqlayıb, əsl həqiqətləri çatdırıb. Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasına rəhbərlik etdiyi dövrdə keçmiş SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq) universitetləri, eləcə də Kiyev, Rostov, Sverdlovski, Tbilisi, Minsk, Kişinyov, Daşkənd və başqa universitetlərin jurnalistika fakültələri ilə əməkdaşlıq əlaqələri qurmuşdu. Bu gün universitetin jurnalistika fakültəsinin ABŞ, Fransa, Macarıstan, Polşa, Türkiyə və digər ölkələrin jurnalist tədris mərkəzləri ilə yaratdığı əlaqələr həmin ənənələrə söykənir.

 

Şirməmməd Hüseynov 15-dən artıq kitabın, 600-ə qədər məqalənin müəllifidir. Bir zamanlar Azərbaycan xalqının tarixini cild-cild əsərlərə çevirərək onlara həyat bəxş edən, yaşadan görkəmli alimi indi də ikinci ömür verib, xalqına ərməğan etdiyi saysız-hesabsız əsərləri yaşadır.

"Azərbaycan mətbuatının canlı ensiklopediyası" olan Şirməmməd Hüseynov belə bir fikir irəli sürürdü ki, Azərbaycan jurnalistikasının fundamental tarixini yaratmaq üçün bizə yad olan arxiv və mənbələrdən deyil, milli mənbələrə, özümüzə, xalqımıza məxsus tarixi qaynaqlara, qiymətli məxəzlərə istinad etmək lazımdır və önəmlidir. Buna görə də Şirməmməd Hüseynov bütün fəaliyyəti boyu bu yaradıcılıq prinsipinə sadiq qalaraq Azərbaycan jurnalistikasının ilkin örnəklərini səbirlə, təmkinlə, zərgər dəqiqliyi ilə araşdırıb xalqa çatdırmaq missiyasını uğurla həyata keçirdi. Tədqiqatçı nəinki publisistikamızı, bununla yanaşı, çoxəsrlik ədəbiyyatımızın və mədəniyyətimizin, ictimai-fikir tariximizin geniş və hərtərəfli panoramını böyük zəhmət hesabına yaratmağa nail oldu.

 

Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqdan sonra Məhəmməd Əmin Rəsulzadə bu tarixi hadisəyə böyük qiymət verir və uğrunda mübarizə apardığı dövlətin Şərq aləmində ilk müstəqil dövlət kimi əhəmiyyətindən bəhs edərək yazırdı: "Azərbaycan müsəlman aləmində ilk respublika və türk aləmində ilk dövlətdir... Türk mənşəli bütün digər millətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir". M.Ə.Rəsulzadə irsinin fundamental araşdırıcısı və təbliğatçısı Şirməmməd Hüseynov da bu ideyanı dəstəkləmiş və əsərlərində XX əsrin əvvəllərində Azərbaycanın erməni və rus şovinizminə qarşı mübarizəsində və istiqlaliyyət əldə etməsində türk dünyasının öncülü olan böyük Türkiyə dövlətinin qardaşlıq köməyini əsirgəmədiyini diqqət mərkəzində saxlamışdı. Vətənpərvər alimin ruhən, qəlbən bağlı olduğu Türkiyə dövləti bir il öncə zəfər qazandığımız Vətən müharibəsində də mənən bizimlə bərabər oldu, haqq savaşımızı dəstəklədi. Bu tarixi ənənəni yaşatdığına görə Türkiyə dövlətinə və türk xalqına minnətdarıq!

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etməyə çalışdığı ilk illərdə Şirməmməd Hüseynov həm özünün azad fikirli, demokratik düşüncəli, cəsarətli publisistik yazıları ilə cəmiyyətdə gedən proseslərin sürətlənməsinə təkan vermiş, xalqı mübarizəyə səsləmiş, həm də arxivlərdən mütəfəkkir ziyalılarımızın, görkəmli ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin klassik publisistik nümunələrini aşkara çıxararaq xalqa təmənnasız xidmət göstərmiş, milli mətbuatımızın zəngin xəzinəsinin qapılarını oxucuların üzünə açmışdı.

 

Görkəmli publisist "Ümidimiz, şərəfimiz, namusumuz-ordumuz" adlı məqaləsində müstəqil dövlətin əsas atributlarından olan milli ordunun yaranmasının zəruriliyini ön plana çəkərək yazır: "...Ordusuz müstəqillik olmaz. Qorunmayan torpağa göz dikən çox olar. Silahlı düşmən qarşısına əliyalın çıxmaqmı olar? Müstəqilliyin ən mühüm şərtlərindən biri onu qorumağı bacarmaqdır. Xalqın müdafiə və mühafizəsi həlledici məsələdir. Var olmaq və olmamaq məsələsidir. Bütün tarixi təcrübə buna şəhadətlik verir.

 

Azərbaycanın milli orduya daha böyük ehtiyacı var. Tarix və tale bizə naxələf, məkrli, qəddar, həm də yaltaq, ikiüzlü bir qonşu qismət edib. Belə bir qonşu ilə dinc, yanaşı yaşamaq yalnız o vaxt mümkün ola bilər ki, sənin qüdrətinə, gücünə bələd olsun. İnansın ki, sərhədini pozanlara, torpaq iddiasında olanlara həddini tanıdacaq real qüvvə vardır, xalq vardır... Qorunmayan torpaq vətən deyil".

 

Doğrudan da, Şirməmməd Hüseynovun çox böyük uzaqgörənliklə söylədiyi fikirlər özünü doğrultdu. 44 günlük Vətən müharibəsində Azərbaycanın müzəffər və qüdrətli ordusu 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı qəhrəmanlıqla, mərdliklə azad etdi və canları, qanları bahasına ərazi bütövlüyümüzün təminatçısına çevrildi. Tədqiqatçı məqalədə 1918-1919-cu illərə ekskurs edərək , Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ordunun da məhz o dövrdə Qarabağda erməni daşnaklarına qarşı ölüm-dirim savaşında göstərdikləri qəhrəmanlıqları xatırladaraq ön plana çəkir və bu ənənənin davam etdirilməsini təxirəsalınmaz vəzifə hesab edir. Ş.Hüseynov general Mehmandarovun Cümhuriyyət əsgərlərinə müraciətini diqqətə çatdırmaqla Azərbaycan əsgərlərinin tarixən böyük gücə və qüdrətə malik olduğunu faktların dili ilə açıqlayır: "Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində, bir çox müharibələrdə oldum, fəqət sizin qədər qəhrəman əsgərlərə nadirən təsadüf etdim. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu müdafiə etdiniz". Mehmandarovun fəxarət duyduğu yenilməz Azərbaycan Ordusu XX yüzilliyin əvvəlində olduğu kimi, XXI yüzilliyin 20-ci ilində də tarixi zəfər salnaməsini öz qalibiyyətilə yenidən təkrarladı.

 

Şirməmməd Hüseynov 28 may 1918-ci il Azərbaycan xalqının öz müstəqilliyini elan etməsini tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirərək yazır: "Bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı. Biz bu tarixi həqiqətə əsaslanmaqla tariximizin 1918-1920-ci illər kimi çox mürəkkəb, ziddiyyətli və möhtəşəm dövrünü elmi cəhətdən tədqiq etməli, müasir və gələcək nəslə çatdırmalıyıq. Bunun üçün isə vacib şərtlərdən biri bu dövrdə təkcə inqilab beşiyi Bakıda deyil, digər şəhər və qəzalarda cərəyan edən hadisələri də diqqətlə öyrənmək vacibdir".

 

Təmiz mənəviyyatı, pak əməlləri ilə həqiqətin keşiyində dayanan Şirməmməd Hüseynov "Milli haqq və ədalət axtarışında" (Bakı, 2004) adlı kitabında yazır: "Əlimə qələm alıb müstəqil yaradıcılığa başladığım andan ən böyük arzum gördüklərimi, düşündüklərimi, həqiqəti yazmaq olub. Mətbuat tariximizi tədqiq edib qüdrətli qələm sahiblərinin XX əsrin ilk onilliklərində dövri mətbuatda dərc olunmuş müxtəlif janrlı yazılarını heyranlıqla oxuduqca bu istək yaşamaq qənaətimə çevrildi... Qələmə ala bilmədiklərimi müxtəlif yollarla auditoriyalarda demək yolunu seçmişdim..."

 

Şirməmməd Hüseynovun Azərbaycan mətbuatının obyektiv, dəqiq, sistemli şəkildə araşdırılması və öyrənilməsində, inkişaf mərhələlərinin, əsas istiqamətlərinin, aydın tendensiyasının doğru-dürüst aşkarlanmasında, bir çox məqamlarda çarpazlaşan ideoloji baxışların xarakterik xüsusiyyətlərinin müəyyənləşdirilməsində və müstəqil Azərbaycan mətbuatının zəngin tarixinin yenidən yazılması və gənc nəslə tanıdılmasında müstəsna rolu və xidmətləri vardır.

 

Bu gün azad, müstəqil, qalib bir ölkənin vətəndaşı kimi, qələbə müjdəsi ilə açılan sabahlarımız üçün üçrəngli bayrağımızı Qarabağda dalğalandıran Ali Baş Komandanımız cənab İlham Əliyev və öz qanlarıyla zəfər salnaməmizi yazan müzəffər Azərbaycan Ordusu ilə yanaşı, biz həm də gənclərimizə böyük vətənpərvərlik hissi, yurd sevgisi aşılayan, istiqlalımızın ilk yaradıcılarının mübarizə yoluna işıq salan və xalqımıza tanıtdıran böyük ustadımız, istedadlı alimimiz Şirməmməd Hüseynova borcluyuq!

 

Müstəqil Azərbaycan Dövlətinin qurucuları olan böyük düha sahibləri, tərəqqipərvər, millətsevər şəxsiyyətlər, xalqımızın tarixində silinməz izlər qoyan istiqlal mücahidləri müstəqilliyimiz uğrunda mübarizələrdə adlarını tarixin qızıl səhifələrinə yazdıqları kimi, istiqlalçı alim Şirməmməd Hüseynovin da adı onların zəngin və ölməz ədəbi irsinin yorulmaz təbliğatçısı və milli təəssübkeşi kimi xalqımızın qəlbində əbədi yaşayacaq!

 

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.16-17.