Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu?

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Macarıstana gəlib çıxmasının qəribə, bir qədər də romantik tarixçəsi vardı. Həqiqi hərbi xidmətini bu ölkədəki Sovet ordusu hissələrində keçmişdi. Təsadüfən bir macar qızı ilə tanış olmuşdu. Özünün dediyinə görə, ilk tanışlıqdan bir-birlərinə bağlanmışdılar. Nəyin bahasına olursa olsun ailə qurmağa, talelərini birləşdirməyə qərar vermişdilər. Amma niyyətlərinə asanlıqla çata bilməmişdilər. Macarıstan sosialist ölkəsi olsa da, istəklərinə yetişənə qədər ciddi maneələrlə üzləşmişdilər. Çünki hər eşq macərası yaşamış Sovet əsgərinin  xidmət keçdiyi xarici ölkədə (hətta kommunist ideologiyasının hakim olduğu ölkədə də!) qalması elə də asan deyil.

 

Odur ki, Ramiz ordudan tərxis edildikdən sonra Azərbaycana qayıtmışdı. Özü Bakıdan, sevdiyi qız Budapeştdən Moskvaya biri-birinin ardınca məktublar, teleqramlar göndərməyə, ailə qurmaq üçün Ramiz Əmirlinin Macarıstana gəlməsinə icazə istəməyə başlamışdılar. Sovet bürokratiyasının ağır çarxlarını necə hərəkətə gətirmələri mənə qaranlıq qalsa da, inadkarlıqları sonda  bəhrəsini vermişdi. Göz yaşlarına (xüsusən də bir azərbaycanlının göz yaşlarına!) inanmayan Moskva sonda gözlənilmədən sevən gənclərə lütfkarlıq göstərmişdi. 1980-ci illərin əvvəllərində, Sovet rejiminin hələ dağılmaz qala təsiri bağışladığı bir vaxtda Macarıstana gələn Ramiz tezliklə yad mühitə uyğunlaşıb Budapeştdə yaşamağa başlamışdı. Səmimiyyəti və istiqanlılığı sayəsində yeni vətənində özünə çoxlu dostlar qazana bilmişdi.

 

Oğlu, o zaman Budapeştdəki Eötvöş Lorand universitetinin filologiya fakültəsində təhsil alan Rüstəm Əmirli macar dilində şeirlər yazırdı. Ədəbiyyat maraqlısı macar tanışımdan onun poetik təcrübələri barəsində soruşdum. İstedaddan məhrum olmadığını dedi. İlk şeirlər kitabının çapına sponsorluq etdik.  Sonra ikinci kitabı da çıxdı. Hətta Səfirlikdə təqdimat mərasimi də təşkil olundu. Onu Azərbaycan dilini öyrənmək üçün Bakıya, dil profilli ali məktəblərdən birinə göndərməyə çalışırdım. Amma bir az çəkingən idi. Riskli addım atmaqdan qorxurdu. Bilmirəm, atasının təlqini, yoxsa öz təşəbbüsü ilə şeirlərindən birini Ramil Səfərova həsr etmişdi.

 

Bir sözlə, bu ailə dustaq zabitə yad deyildi. Ramizin dediyinə görə, Ramil həbsə düşdüyü ilk gündən onun taleyi ilə yaxından maraqlanmışdı. Məhkəməsində iştirak etmişdi. Həmişə mənəvi dəstək olmağa çalışmışdı. Aradan keçən 7-8 il ərzində yenə öz sözlərinə görə, tez-tez ona baş çəkmiş, həftədə azı bir dəfə telefonla danışmışdılar. Azərbaycana yolu düşəndə ailə üzvləri ilə görüşmüşdü. Atası ilə mütəmadi əlaqə saxlayırdı.

Dediyinə görə, öz təşəbbüsü ilə Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsini Bakıda müxtəlif şəxslərlə müzakirə etmişdi. Bəzi vədlər olsa da, heç kim işin sonuna qədər getməmişdi. Bəlkə də yuxarıda sadaladığım keyfiyyətlərinə görə onu ciddi qəbul edən olmamışdı. Şikayətlənirdi ki, biz tərəfdən laqeydliyi və qeyri-ardıcıllığı görən macar tanışları da təşəbbüslərinə ciddi yanaşmamağa başlamışdı. Söhbətlərimizin birində məsələnin yenidən gündəliyə gələcəyi təqdirdə konkret variantının olub-olmaması ilə maraqlandım. Ramiz məni Qabor Baroş adlı hüquqşünasla tanış etmək istədiyini dedi. Onun hökumət dairələrinə yüksək səviyyədə çıxışının olduğunu və bu məsələdə bizə yardım göstərə biləcəyini inamla vurğuladı. Əlbəttə, təklif cəlbedici görünürdü. Amma məndə dərhal suallar yarandı: cənab Baroşun bu xeyirxahlığının arxasında nə dayanır? Hansı niyyətlə belə çətin yükün altına girir? İstəyi nədir? Avropalılar əksərən praqmatik olurlar. Romantika, yaxud quru "sağ ol" xatirinə vaxt, qüvvə itirməyi sevmirlər. Deməli, bir hüquqşünas kimi məsələnin çətinliyini, həm də Azərbaycan üçün əhəmiyyətini kifayət qədər yaxşı anladığı halda, üzərinə belə məsuliyyət götürürsə, qarşılığında bir təmənnası olmamış deyil. Müəyyən şərtləri ola bilər və təbii ki, onları yerinə yetirmək lazımdır. Əks-təqdirdə məsələ yenə də sona çatdırılmamış qala bilərdi.

 

Gələcəkdə hər hansı anlaşılmazlıq yaranmaması üçün bəri başdan Ramizə açıq dedim ki, heç kimə heç nə vəd edə bilməyəcəyəm. Əvvəla, belə həssas siyasi-mənəvi məsələni sırf alver predmetinə çevrilməsinə tərəfdar deyiləm. İkincisi, müəyyən sərfəli biznes layihəsini, yaxud kommersiya marağını təmin etmək də imkanlarım xaricindədir. Ortalıqda hansısa bir pul söhbəti varsa, ümumiyyətlə bu işdə yoxam. Əgər Ramiz özü, yaxud bizə kömək etmək istəyən şəxs bir vaxtlar Azərbaycan hökumətində nazir vəzifəsini tutduğumu bilib çətin işə girişir və uğur qazanacağımız təqdirdə onların bütün istəklərini yerinə yetirəcəyimi düşünürlərsə, burada da əsassız vəd, yaxud ümid vermək doğru seçim saymıram.

 

Hadisələrin sonrakı gedişi göstərdi ki, necə deyərlər, şərti şumda kəsməklə çox doğru, hətta uzaqgörən addım atmışam. Çünki başlanğıcda ehtiyatlandığım iş sonda başıma gəldi. Bu haqda  sonra...

 

Məşhur rus məsəlində deyildiyi kimi, öldürülməmiş ayının dərisini bölmək mənasız məşğuliyyət idi. Amma bu, növbəti addımı atmağa mane olmurdu. Odur ki, macar hüquqşünasla ünsiyyət təklifindən  boyun qaçırmadım. Ən azı fikir mübadiləsi etmək, qarşı tərəfin təklifini öyrənib dəyərləndirmək baxımından maraqlı idi. Görüşümüz 2011-ci il oktyabrın 10-da Səfirlikdə baş tutdu. İlk söhbətimizdən indi təəssüf ki, həyatda olmayan Qabor məndə etimad hissi doğurdu. Sakit, təmkinli adam idi. Hər sözündən, hərəkətindən ziyalılığı, yüksək daxili mədəniyyəti hiss edilirdi. Ramiz onun barəsində bir az məlumat vermişdi. Yaxından tanışlıq zamanı həqiqətən də deyilən  keyfiyyətlərə artıqlaması ilə malik olduğunu gördüm.

 

 

 

Qabor tanınmış macar dövlət adamı Peter Baroşun oğlu idi. 1928-ci ildə doğumlu bu siyasət veteranı hadisələrin cərəyan etdiyi 2011-ci ildə artıq 83 yaşını tamamlamasına baxmayaraq, Viktor Orbanın təqdimatı ilə ölkənin yeni konstitusiyasını hazırlayan komissiyanın tərkibində çalışırdı. Daha əvvəl isə uzun müddət hökumət başçısının hüquq məsələləri üzrə müşaviri olmuşdu. Hadisələrlə dolu uzun və maraqlı ömür yaşamışdı. Hələ sağlığında adını çağdaş macar tarixinə həkk edə bilmişdi. Budapeşt universitetinin hüquq fakültəsində təhsil almışdı. Gənc yaşlarından  ölkəsinin demokratikləşdirilməsi uğrunda mübarizəyə qoşulmuş, 1956-cı il macar inqilabının fəal iştirakçısı kimi tanınmışdı. Bu səbəbdən də kommunistlərin hakimiyyətdə olduqları dövrdə uzun illər siyasi səhnədə görünməmişdi. Yalnız dünya sosialist sisteminin süqutu ərəfəsində ölkənin əsas müxalif qurumunun - Macarıstan Demokratik Forumunun təsisçiləri sırasında yenidən böyük siyasətə qayıtmışdı. 1990-1993-cü illərdə postkommunist Yojef Antal hökumətində daxili işlər naziri vəzifəsini tutmuşdu. 1993-cü il dekabrın 12-də, Baş nazir Antalın ölümündən sonra 1994-cü il iyunun 15-nə, seçkilərdə sosialistlərin qələbəsinə qədər yarım il ərzində  Macarıstan hökumətinə rəhbərlik etmişdi.

Viktor Orbanın siyasi karyerasında Piter Baroşun rolu mənə dəqiq bəlli deyil. Amma bu bir faktdır ki, ötən əsrin 90-cı illərindən siyasi həyata can atan perspektivli gənc hüquqşünasın  Baroş ailəsi ilə dostluğu başlamışdı. Gələcək Baş nazirin həmyaşıdı və həmkarı olan Qabor Baroş da bu dostluq münasibətlərindən kənarda qalmamışdı. O, heç vaxt dövlət qulluğunda, administrativ sahədə çalışmaq fikrinə düşməsə də, özünün dediyinə görə, istədiyi vaxt Viktor Orbanın qapısını aça bilirdi. Amma dəfələrlə münasib fürsət yaranmasına rəğmən, hökumət başçısından heç bir xahişi, istəyi olmamışdı. Sadəcə, ehtiyac duymamışdı. Ekstradisiya məsələsində isə söz deməyə hazır idi. Həm də sözünün yerə düşməyəcəyinə inanırdı. 

 

Beləliklə, elə ilk görüşümüzdə Qabor məni əmin etdi ki, dustaq zabitin Azərbaycana qaytarılması prinsipcə mümkün olan bir işdir. O, Ramil Səfərovun hələ uzun illər bundan sonra da macar vergi ödəyicilərinin hesabına həbsxanada qalmasını, həm də digər məhbuslarla müqayisədə müəyyən imtiyazlı şəraitdə saxlanmasını ağılsız, düşünülməmiş addım adlandırdı. Üstəlik, ölkəsinə heç bir şey verməyən, daha çox Ermənistanın insanlığa zidd iddialarının keşiyində dayanan "həbsxana nəzarətçisi" funksiyasının Macarıstan üçün  böyük imkanlara malik Azərbaycanla əməkdaşlıq yolunda ciddi maneə olduğunu sözlərinə əlavə etdi. Bildirdi ki, cəsarətli və praqmatik siyasətçi kimi tanıdığı Viktor Orban məhz belə amilləri nəzərə alıb ekstradisiya məsələsində həlledici qərar verə bilər. Şəxsən özü üçün heç nə istəmir. Əgər Ramil Səfərovun cəzasının qalan hissəsini çəkmək üçün vətəninə qaytarılması müqabilində iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrində müəyyən irəliləyişlər əldə etmək mümkündürsə, macar patriotu və Azərbaycanın dostu, "Şərqə açılım" siyasi kursunun memarı kimi tanınan Baş nazirin bu xeyirxah, insanpərvər addımı atacağına inanır. 

 

Qabor Baroş peşəkar hüquqşünas və vəkil bürosunun rəhbəri olduğunu, özünün bu statusundan çıxış edərək Ramil Səfərova verilən ömürlük həbs cəzasının törətdiyi cinayət əməlinə adekvat saymadığını ayrıca vurğuladı. Onun fikrincə, təkcə indi yox, hökmün çıxarıldığı dövrdə də Macarıstan qanunları daha çox humanistlik və ədalət nümayiş etdirməyə imkan verirdi. Lakin məhkəmə prosesi zamanı bir tərəfdən güclü, mütəşəkkil erməni lobbisinin təzyiqi, o biri tərəfdən isə NATO və Avropa Birliyi kimi təşkilatların yenicə bu panavropa qurumlarına üzv olmuş Macarıstandan köhnə qitədə özünü qətiyyətli ədalət tərəfdarı kimi göstərmək tövsiyəsi çıxarılan hökmün ifrat sərtliyinə yol açmışdı. Qaborun fikrincə, əgər məhkəmə bizim günlərdə, Avropa ilə birlik eyforiyasının arxada qaldığı şəraitdə keçirilsəydi, onun ölkəsi heç zaman 2005-ci ildəki kimi ədalətsiz qərar qəbul etməzdi.

 

İkinci görüşümüz zamanı eşitdiyim yeniliklər məni xeyli ümidləndirdi. Qabor artıq lazımi əlaqə saxladığını və ilkin müzakirələr apardığını dedi. Onun bildirdiyinə görə, Viktor Orban təşəbbüsə bütünlükdə pozitiv mövqedən yanaşmış,  ekstradisiyanın mümkünlüyünü mahiyyət etibarı ilə istisna etməmişdi. Lakin işi daha dərindən öyrənməsi, habelə komandasının zəruri saydığı üzvləri ilə məsləhətləşmələr aparması üçün  vaxt tələb olunduğunu söyləmişdi. 

 

Bütün bu pərdə arxası söhbətlərin getdiyi 2011-ci ilin noyabrında Macarıstan Ədliyyə və İctimai İşlər nazirliyinin dövlət katibi Robert Repassi beynəlxalq konfransda iştirak məqsədi ilə Bakıda olmuşdu. Ədliyyə naziri Fikrət Məmmədov onu qəbul edərkən Ramil Səfərovun cəzasının yüngülləşdirilməsi, yaxud məhkumluğunun qalan hissəsini çəkmək üçün Azərbaycana ekstradisiyası məsələsinə toxunmuş, 1983-cü ildə Strasburqda imzalanan və Avropa Şurası üzvü kimi hər iki ölkənin qoşulduğu "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" ("Convention on the transfer of sentenced persons") konvensiyasına əsasən belə halın mümkünlüyünü həmsöhbətinin diqqətinə çatdırmışdı. Lakin macar rəsmisi hər hansı ümidverici söz deməmişdi. 

 

Bu barədə Qabora bildirdikdə məsələnin hələlik dar çevrədə müzakirə edildiyini dedi və nazir müavininin danışıqlardan məlumatsız olmasını tamamilə təbii saydı. Onun fikrincə, mövcud müzakirələrdən və rəhbərlikdəki əhval-ruhiyyədən xəbərsiz Repassinin indiyə qədər dövriyyədə dolaşan rəsmi versiyanı təkrarlamaqdan başqa çıxış yolu yox idi. "Biz birinci şəxslə işləyirik və belə təsadüfi məlumatlara qətiyyən əhəmiyyət verməməliyik" - deyə Qabor narahatlığımı görüb məni səbirli, təmkinli olmağa çağırdı.

 

Qaborla apardığımız, nəticəsinə hələlik müəyyən inamsızlıq və tərəddüdlə yanaşdığım danışıqlardan heç kimin, ilk növbədə isə Ramil Səfərovun xəbər tutmasını istəmirdim. Ramiz Əmirlidən də dönə-dönə xahiş etmişdim ki,  kimsəyə bir söz deməsin. Məsələ üçümüzün arasında qalsın. Çünki Qabor işi yarıda buraxmaq fikrinə düşsəydi, ilk növbədə bizim  konfedensiallığı pozmağımıza istinad edə bilərdi. Üstəlik, ümidlənmiş məhbus da ciddi sarsıntılar keçirərdi.

 

2011-ci ilin noyabrında Macarıstanın keçmiş prezidenti Pal Şmittin ölkəmizə rəsmi səfəri oldu. Həmin ərəfədə Ramil çox həyəcanlı idi. Mənə bir neçə dəfə zəng vurub israrla Bakıdakı yüksək səviyyəli görüş və danışıqlar zamanı "məsələsinin" gündəliyə gətirilməsinə yardımçı olmağımı xahiş etdi. Yeddi ildən bəri bu günü gözlədiyini, belə şansın bir də çətin ələ düşəcəyini dedi. Həyəcanını anlayırdım. Amma ciddi bir proses başlatmağımızdan və gözləntilərimizdən xəbərsiz idi. Sadəcə adının yüksək səviyyəli görüşlərdə gündəliyə gəlməsinin hansısa nəticə verəcəyinə ümid edirdi. Unudurdu ki, parlament idarəçiliyinə əsaslanan Macarıstanda  prezidentlik institutu əslində, rəmzi  səciyyə daşıyır. Gerçək hakimiyyət parlamentdə çoxluq təşkil edən partiyanın rəhbəri kimi Baş nazirin əlindədir. Qərarları o verir. Hətta hansı siyasətçinin prezident kürsüsünə gətirilməsinədə təsir göstərir. Pal Şmitt də parlamentdə FİDES liderinin - Baş nazirin razılığı ilə ölkə prezidenti seçilmişdi. 

 

Bu amilləri nəzərə alanda təbiət etibarı ilə həqiqətən də xeyirxah insan olan, ölkəmizlə yaxşı münasibətlər qurmaq niyyətini gizlətməyən (hətta Bakıda macarlarla Azərbaycan türklərinin eyni kökə malik qohum xalqlar olduğunu da mətbuat qarşısında elan edən!) Pal Şmittin müdaxiləsi çətin ki, bəhrə verə bilərdi. Digər yandan dövlət başçımızın bir il əvvəl ekstradisiya ilə bağlı rəsmi müraciətin ön şərti kimi irəli sürdüyü pozitiv siqnal hələ də alınmamışdı. Belə şəraitdə müsbət nəticəyə ümid etmək əbəs idi. Ona görə də Macarıstan prezidentinin Bakı səfərindən nə isə gözləməyin xülya olduğunu Ramil Səfərova açıq şəkildə söylədim. Düşündüm ki, əvvəlcə ümid verib sonda adamın qol-qanadını yanına salmaqdansa, belə daha daha yaxşıdır. Məncə, özü də situasiyanı başa düşdü. Hər halda fikirlərimlə razılaşdı.

 

Bir neçə ay sonra plagiatda ittiham edilərək vəzifəsi ilə vidalaşan Pal Şmittin Bakı səfəri uğurlu keçdi. Danışıqlardan sonra verdiyi rəsmi bəyanatda əməkdaşlığın bütün sahələr və istiqamətlər üzrə inkişaf etdiriləcəyini ürəklə bəyan etdi. Keçmiş olimpiya çempionu, dünya olimpiya hərəkatının tanınmış simalarından biri kimi də bizim dövlət başçısı ilə onu yaxınlaşdıran, bağlayan maraqlar az deyildi. Qarşılıqlı rəğbət hər addımda duyulurdu. Amma bütün bunlara baxmayaraq, ekstradisiya məsələsinin onunla müzakirəsi heç bir perspektiv vəd etmirdi.

 

Məndə bəlli ümidlər yaradan 2011-ci ilin bitməsinə bir neçə gün qalmış Qabor və Ramizlə Budapeştin XII rayonunda daha çox sənət adamlarının toplaşdıqları  xudmani "Seyp İlona" ("Gözəl Yelena") restoranında görüşdük. Məqsədimiz həm katolik macarların Milad bayramını birlikdə qeyd etmək, həm də işlərimizin gedişi barəsində ümumi fikir mübadiləsi aparmaq idi. Şəhərin mərkəzdən aralı, Budapeştin sakit guşəsindəki restoran belə görüşlər üçün çox münasib yer sayıla bilərdi.

 

Qabor nikbin əhval-ruhiyyədə gəlmişdi. Sonuncu görüşümüzdən sonra Baş nazirlə bir də əlaqə yaratmağa müvəffəq olmuşdu. Dediyinə görə, bu dəfə məsələnin müsbət həllini tapacağına daha ciddi təminat almışdı. Hökumət başçısına istinadən bildirdi ki, rəsmi proseduraya növbəti il martın ilk günlərindən başlamaq mümkündür. Məhz həmin tarixin seçilməsi 2012-ci il yanvarın 1-dən etibarən ölkənin yeni Ana qanunun - Konstitusiyasının qüvvəyə minməsi və məhkəmə hakimləri korpusunda baş verəcək dəyişikliklərlə bağlı idi. Yeni hakimlərin vəzifələrinə başlaması ekstradisiya məsələsini asanlaşdıracaqdı. Çünki siyasi qərarla birlikdə məhkəmə hökmü də olmalı idi. Əlbəttə, bu, formal xarakter daşıyırdı. Lakin Ermənistanın dörd gözlə güddüyü bir işdə hətta ən adi formallığın pozulması, hansısa bir hakimin inadkarlıq göstərib fərqli mövqe nümayiş etdirməsi çəkilən zəhməti yerə vura bilərdi.

 

Əksəriyyəti hökumətə müxalif mövqedə dayanan sosialistlərin hakimiyyəti dövründə seçilmiş hakimlərin qərarın icrasına maneçilik törətmələrindən ehtiyat edilirdi. Ona görə də hakim korpusunun dəyişməsinə qədər gözləmək məqsədəuyğun sayırdı. Təbii ki, başqa çıxış yolumuz yox idi.

 

Həmin axşam Qaborla vidalaşıb ayrılandan sonra Ramiz macar tərəfini maddi və biznes baxımından maraqlandırmaq, daha dəqiq deyilsə, şirnikləndirmək üçün geniş imkanlara malik hüquqşünas və iş adamı İlham Rəhimovun da prosesə qoşulmasının məqsədəuyğun olduğunu bildirdi. Onun təşəbbüsümüzdən xəbər tutduğunu (təbii ki, Ramizin özünün vasitəsi ilə) və istənilən xərcin altına girməklə bağlı ilkin razılığını aldığını dedi. Əlbəttə, indiki halda ekstradisiyaya nail olmaq üçün bütün vasitələr məqbul sayıla bilərdi. Üstəlik də, Ramizin nədənsə həmişə "professor" adlandırdığı İlham müəllim xeyirxahlıq göstərib ümumi işə töhfə vermək, lazım gəldiyi təqdirdə bu yolda pul xərcləmək istəyirdisə, burada pis nə ola bilərdi? 

 

Etiraf edim ki, özfəaliyyət də xoşuma gəlmədi. Əgər Qabor, Ramiz və İlham Rəhimov məsələni rəsmi dairələrin müdaxiləsinə ehtiyac duymadan özləri həll edə bilsəydilər, təbii ki, mənə heç nə deməzdilər. Amma yaxşı başa düşürdülər ki, arada nə qədər vasitəçi olsa da, son məqamda dövlətlə, onun institutları ilə danışmaq lazım gələcək. Burada isə rəsmi şəxslərin müdaxiləsi olmadan keçinmək mümkün deyil. Doğrudur, humanist təşəbbüsü ilk andan sərfəli biznes layihəsinə çevirməklə bağlı Ramizin hərəkətini təqdir etməsəm də, etiraz da bildirmədim. İşin bu tərəfinə qətiyyən qarışmadığımı, onların arasındakı söhbətlə maraqlanmadığımı və bu barədə heç vaxt heç bir şey soruşmayacağımı diqqətinə çatdırdım. Və özləri də təsdiq edə bilərlər ki, sona qədər  prinsipial məsələdə mövqeyimi dəyişmədim.

 

Amma eyni zamanda Ramiz Əmirli ilə Qabor Baroşun, ən çox da birincinin dara düşmüş Ramil Səfərovu qazanc vasitəsinə çevirmək istəmələri mənə xoş təsir bağışlamadı. Hələ ortada heç nə yox ikən pul söhbəti aparmaq yaxşı iş deyildi. Bu barədə heç vaxt açıq danışmayan Qaboru haradasa başa düşmək olardı. Öhdəsinə çətin vəzifə götürmüşdüsə, əvəzində mükafat gözləməyə haqqı vardı. Təbii ki, hər hansı bir şərt irəli sürsəydi, sonrakı mərhələdə onu yuxarı instansiyaların diqqətinə çatdıra bilərdim. Qəbul edilib-edilməyəcəyi isə artlq məndən asılı olmayacaqdı. Amma nəzakətli, türklər demiş əfəndi insan kimi tanıdığım Qabor hətta kiçik işarə də vurmamışdı. İşi insanlıq naminə gördüyünü demişdi.

Bu baxımdan necə deyərlər, mənim də vicdanım təmiz idi. Çünki əvvəldən heç bir vəd verməmişdim. Buna imkan və səlahiyyətim olmadığını açıq demişdim. Belə şəraitdə Ramizin hələlik yalnız arzu, ehtimal şəklində meydana çıxan  ekstradisiyanın gerçəkləşəyi təqdirdə fantastik məbləğdə pul qazanmaq fikrinə düşməsi, düzü,  mənə bir qədər xoşagəlməz təsir bağışlayırdı. Özlərinə tənqidi yanaşmağı bacaran türk qardaşlarımız belə hallarda adətən "Made in Turkey"in mənfi anlamına gələn sarkastik "türk işi" ifadəsindən istifadə edirlər. Qarşımızda eyni əməlin azərbaycansayağı nümunəsi vardı...

 

Dövləti "xərcə salmayıb" sponsorluğu boynuna götürmək istəyən İlham Rəhimova gəldikdə isə, onu 1990-cı illərin əvvəllərindən tanıyırdım. Etiraf edim ki, həyatımın çox çətin anında mənə yardım əli uzatmışdı. Bunu həmişə minnətdarlıq hissi ilə xatırlayıram. Budapeştdə ilk və son dəfə 2010-cu ilin dekabrında görüşmüşdük. Özünün dediyinə görə, hansısa çox mühüm biznes layihəsi ilə bağlı danışıqlar aparmaq üçün bir günlüyünə Macarıstan paytaxtına gəlmişdi. Səfirliyə telefon açıb mütləq Ramil Səfərovla görüşmək istədiyini dedi, icazə alınmasında yardımımı xahiş etdi. Normalda məhbusla görüş üçün adətən 5-7 gün əvvəlcədən yazılı müraciət göndərmək lazım idi. Lakin həbsxana rəhbərliyi ilə aramızdakı xoş münasibət nəticəsində həmin gün axşama müsbət cavab ala bildik.

 

Görüşdən sonra İlham Rəhimov  mühafizəçiləri və ətrafındakı  şəxslərlə birlikdə Səfirliyə gəldi. Burada qısa söhbətimiz oldu. İlham müəllim rəhbərliyində təmsil olunduğu Beynəlxalq Hüquqşünaslar Cəmiyyətini prosesə cəlb etməklə bağlı fikirlərini açıqladı. Təbii ki, o zaman hələ ortalığa heç bir konkret plan olmadığından sadəcə fikir mübadiləsi apardıq, darda qalmış həmvətənimizə yardım göstərməyin yolları haqda danışdıq. Məhbus zabitlə bağlı fərdi şəkildə, yaxud Hüquqşünaslar Cəmiyyətinin vasitəçiliyi ilə hansısa ağlabatan təşəbbüs meydana atsa, Səfirlik kimi dəstək verməyə, əlimdən gələni etməyə hazır olduğumu söylədim.

 

O, Bakıya qayıdandan dərhal sonra adı çəkilən qurumun vitse-prezidenti qismində özünə yaxın olan "Yeni müsavat" qəzetinə geniş müsahibə verdi, Ramil Səfərovun ekstradisiyası istiqamətində fəaliyyətə başladığını, artıq bir sıra görüşlər keçirdiyini, danışıqlar apardığını bildirdi. Bütün bunların nə dərəcədə həqiqət olması yalnız hörmətli İlham müəllimin özünə bəlli idi. Hər halda Budapeştdə mənə bir söz deməmişdi. Sadəcə, ümumi şəkildə gələcək planlarından bəhs etmişdi.

 

Aydın məsələdir ki, hətta Azərbaycan tərəfinin tam razılığı olsa da, Beynəlxalq Hüquqşünaslar  Cəmiyyəti macar hökumətinin başı üzərindən heç bir iş görə bilməzdi. Ekstradisiya ilə bağlı qərarı ölkənin hakimiyyət orqanları verdiyindən təbii ki, rəsmi müraciət edilməli, danışıq isə nüfuz və pullarından asılı olmayaraq hansısa "könüllü xeyirxahlar" deyil, iki ölkənin dövlət qurumları arasında aparılmalı idi. Azərbaycan hökuməti hələlik hər hansı müraciət etməmişdi.

 

Çünki hələ hər hansı "müsbət siqnal" yox idi. Təbii ki, belə olan təqdirdə planın həyata keçirilməsinin rəsmi qurumlar tərəfindən İlham Rəhimova tapşırılması haqda da söhbət gedə bilməzdi. Əgər müəyyən qərar  verilmiş olsaydı, Səfirlik bundan ən azı ümumi şəkildə xəbər tutardı. Amma məsələnin başqa bir tərəfi mənə yaxşı bəlli idi: Budapeştdəki iş təcrübəmdən mətbuatda ekstradisiya ilə bağlı yayılan hər belə xəbərin həqiqətə uyğunluğundan asılı olmayaraq istər həbsxana rəhbərliyi, istərsə də Ramilin özü üçün əlavə başağrısına çevrildiyini yaxşı bilirdim. Çünki qazdan ayıq ermənilər dərhal həyəcan təbili çalır, onlarla məktub və müraciətlər hazırlayır, Macarıstana emissarlar göndərir, beynəlxalq təşkilatları ayağa qaldırırdılar.

 

Macar mətbuatı yenidən "azəri baltalı qatilin" qansızlığından, vəhşiliyindən yazır, ermənilərə hüsnü təvəccöh izhar edilirdi. Hər belə situasiyadan sonra ortada  konkret fəaliyyət və nəticənin olmadığı halda qarşı tərəf məhbusla bağlı üzərinə götürdüyü təhəddüdlərə sadiq qaldığı və məhkəmənin qanuni hökmünün heç bir halda dəyişdirilməyəcəyi barədə yeni bəyanat verirdi. Bütün bunlar isə təbii ki, məhbusun psixoloji durumuna təsirsiz ötüşmürdü. Bizə də inamsızlıq yaranırdı.

 

(Davamı var)

 

Vilayət QULİYEV

Azərbaycanın Macarıstandakı keçmiş səfiri

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.10-11.