Amnistiya Aktı necə icra ediləcək?

 

Milli Məclisin noyabrın 5-də keçirilən iclasında "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirə edilib. Qərar layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib. Qərar noyabrın 5-dən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, 16-17 min, bəlkə də daha çox şəxsi əhatə edəcək bu amnistiya aktı bugünədək qəbul edilən sayca 13-cü aktdır. Həm əhatə dairəsinə, həm də mahiyyətinə görə bu akt böyük əhəmiyyət daşıyır: "Müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib. Bütövlükdə 1995-ci ildən bugünə qədər qəbul edilən amnistiya aktları nəticəsində 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Xüsusilə qeyd olunmalıdır ki, 2007, 2009, 2013, 2016-cı illərdə qəbul olunan Amnistiya aktının təşəbbüskarı birinci vitse-prezident  Mehriban Əliyeva olub. Bu 4 amnistiya aktı ümumilikdə 40 minə yaxın şəxsi əhatə edib".

 

Əliməmməd Nuriyevin sözlərinə görə, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinə başlayandan indiyə qədər 34 əfv sərəncamı imzalayıb ki, bununla 4 mindən artıq şəxs cəzadan azad edilib: "Prezident İlham Əliyev imzaladığı əfv sərəncamları ilə məhkum olmuş insanlara bağışlanmaq imkanı, cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün şans verir. Bu, Prezident İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Azərbaycan Vətən müharibəsində qələbənin ildönümünü, Zəfər gününü qeyd edəcək. Bu məhtəşəm gün münasibətilə qəbul olunan amnistiya aktı minlərlə insana azadlıq, ailələrinə sevinc bəxş etmiş oldu. Zəfər Gününü minlərlə insan evində, ailəsi ilə birgə qeyd edə biləcək".

 

Fond prezidenti bildirib ki, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların icrası məcəlləsinin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr tərəfindən tətbiq edilir. Qərarın bəndlərində nəzərdə tutulan orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməli olduğu qeyd olunub: "Tədqiqat və ibtidai istintaq orqanları amnistiya tətbiq edərkən Azərbaycan Respublikası cinayət - prosessual məcəlləsində nəzərdə tutulan cinayətlərin təqibinə xitam verilməsi qaydalarına riayət etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 41.2 ci maddəsinə müvafiq olaraq barəsində amnistiya tətbiq edilən şəxsin razılığı alınmalıdır. Bu, çox vacib bir məsələdir. Təqsirsizlik prezumpsiyası deyilən bir prezumpsiya var. Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var və bunu tələb etmək hüququ da. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ da var".

 

Əliməmməd Nuriyevin sözlərinə görə, amnistiya aktı 4 ay müddətində icra olunmalıdır: "Ancaq bu o demək deyil ki, amnistiyanı tətbiq edən orqanlar bu müddəti  gözləməlidir. Xeyr. Burada hər seydən əvvəl, daha sürətli amnistiya aktının tətbiq edilməsi zərurəti var. Çünki bu akt qəbul edilən andan qüvvəyə minir. Bu qanunun tətbiqi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməli və amnistiya aktı vaxtında icra olunub başa çatdırılmalıdır. Ötən illərin təcrübəsinə nəzər yetirsək görərik ki, hətta bəzi amnistiya aktları 3 ay müddətində icra olunub. İnanıram ki, bu il ən geci 4 aya bu proses tamamilə başa çatdırılacaq. Burada bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Əgər aktın tətbiqi müddəti tam başa çatandan sonra şikayətlər olarsa, onlara da mütləq baxılmalıdır. Bu şikayətlərə baxılması müddəsi isə cinayət prosessual qanunvericiliyin tələblərin uyğun olaraq müəyyənləşdirilir".

 

Fond prezidenti qeyd edib ki, amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir: "Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər".

 

Əliməmməd Nuriyevin sözlərinə əsasən, amnistiya aktının tətbiq edilməsi ilə bağlı müraciətlər qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən hazırlanıb təqdim edilir. Eyni zamanda, ayrı-ayrı şəxslər də, cinayət məsuliyyətinə cəlb olunanlar, məhkumların vəkilləri də cəza çəkənlərə amnistiyanın tətbiq edilməsi üçün müraciət edə bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur.

 

Əliməmməd Nuriyev bildirib ki, aktın 9 bəndi amnistiya tətbiq edən şəxslərin dairəsini müəyyən edib. Zəfər Günü münasibəti ilə hazırlanan və qəbul olunan amnistiya aktı şamil edilən şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə ən böyük Amnistiya aktıdır: "Heç şübhəsiz ki, bu aktı hazırlayan şəxslər və qurumlar peşəkardırlar. Məlumat bazaların həmin şəxslərdə olması aktın tətbiq ediləcəyi dairələri daha dəqiq müəyyən etməyə imkan verib. Bu amnistiya aktına məzmununa  nəzər saldıqdan görərik ki, əvvəlki aktlarla müqayisədə bu dəfə aid ediləcək kateqoriya  şəxslərin dairəsi  daha da genişləndirilib. Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumları, Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunan şəxslərə də akt şamil olunur. Akta Vətən müharibəsi və digər döyüş əməliyyatları bəndi əlavə edilib. Əvvəllər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə bağlı məsələ açıq qalırdı. Əvvəlki amnistiya aktlarında bu məqam qeyd olunmamışdı.  Bu amnistiyada isə öz əksini tapıb. Xocalı soyqırımında əlil olan şəxslər, həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumları na da amnistiya tətbiq ediləcək. Bu aktda Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin, həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına da akti tətbiq olunacaq. Məlumdur ki, Azəbaycan müstəqillik əldə etdikdən sonra Azerbaican Silahlı Qüvvələri bir çox sülhməramlı əməliyyatlarda iştirak edib. Bu kateqoriyanın da əlavə edilməsi çox önəmlidir. Amnistiya yalnız həbsdən azad etməni deyil, həm də cəzanın müddətinin azaldılmasını ehtiva edir. Belə ki, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş şəxslərin cəzası 6 ay azaldılacaq. Bu maddənin 3 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır".

 

Fond prezidenti vurğulayıb ki, bu aktda məhdudiyyətlərin miqyası çox kiçikdir: "Aktın ikinci hissə məhdudiyyətlərin dairəsini dəqiq göstərilir. "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edilmir. Məsələn, təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş şəxslər və sair. Əlbəttə ki, amnistiya aktlarına xüsusi ağır cinayətlər törətmiş şəxslər düşmürlər. İstənilən amnistiya aktında məhdudiyyətlər olmalıdır. Bu məhdudiyyətlər ona görə olmalıdır ki, cəmiyyətdə kriminal vəziyyət gərginləşməsin. Terror əməllərinə yol verənlər, vətənə xəyanət etmiş şəxslər, müharibə cinayətlərinə yol verənlər, insanlıq əleyhinə cinayət törədənlər, narkotacirlər amnistiya aktına düşmürlər. Bu, kriminal durumu pisləşdirə bilər.  Ancaq bəzi maddələr var ki, onlara amnistiya aktının tətbiqi ilə bağlı məhdudiyyətlər sırasında olması müzakirə edilə bilərdi. Məsələn, nəqliyyat cinayətləri ilə bağlı məsələlər və sair. Yaxşı olardı ki, bu amnistiya aktı ilə bağlı da vətəndaş cəmiyyəti nümayəndələri ilə də müzakirələr aparılardı. Çünki bizim də bununla bağlı təşəbbüslərimiz olub. İnanıram ki, gələcəkdə amnistiya aktlarının qəbulu ərəfəsində ictimai müzakirələr olacaq. Əsas odur ki, bu akt nəticəsində minlərlə şəxs cinayət məsuliyyətindən və cəzadan azad ediləcək. Ümid edirəm ki, amnistiya aktı çərçivəsində təkrar azadlıq hüququ qazanan insanlar bir daha səhvə yol verməyəcək və dövlət üçün faydalı vətəndaş olacaqlar. Bu ədalətli yanaşmadan doğru-düzgün nəticə çıxaracaqlar".

 

Komissiya üzvü deyir ki, indiki amnistiya aktı da yaşı 65-dən yuxarı kişilərə, 60-dan yuxarı qadınlara şamil olunub: "Düşünürəm ki, bu amnistiya aktından bəzi istisnalar olmaqla hər kəsə bir pay düşür. Çünki amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da mümkündür. Bu, həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini də asanlaşdırır. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Nəticədə məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları pis əməllərdən çəkindirir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.9.