Müdrik siyasətin möhtəşəm təntənəsinə çevrilən zəfər

 

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il ötür. Xalqımızın şərəf və qəhrəmanlıq səhifəsinə çevrilən bu müharibəni zəfərlə başa vurmaqla dövlətimiz özünün yeganə ağrılı problemini həll etdi, işğal altındakı torpaqlarımız azad olundu. Bütün dünya Azərbaycanın timsalında hər cür təzyiqlərə rəğmən, torpaqlarını azad etməyə qadir dövləti, Prezident İlham Əliyevin nümunəsində müdrik, qətiyyətli və cəsarətli siyasi lideri gördü. Xalqımız bu müharibədə sarsılmaz milli birliyin örnəyini yaratdı.

 

Bu qələbə ilə Azərbaycan 30 ilə yaxın üzləşdiyi tarixi ədalətsizliyə son qoydu. Bu zəfərlə Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş, lakin Ermənistan tərəfindən kobud şəkildə tapdalanmış hüquqlarını bərpa etdi. Həm də güc yolu ilə, "dəmir yumruq"la...

 

Ümumiyyətlə, çağdaş dünya elə bir dövrünü yaşayır ki, beynəlxalq hüquq normaları kağız üzərində qalıb və heç nəyi həll etmir. 30 ilə yaxın Azərbaycan ərazilərinin işğal altında qalması da ilk növbədə bu acı reallığın təsdiqi idi. Azərbaycanın ərazi bütövlüyü BMT başda olmaqla, üzvü olduğumuz bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınsa da, bu illərdə onların böyük əksəriyyəti həqiqətləri deməkdən çəkindi, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün qətiyyət, dirəniş göstərmədilər. Hətta münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu bir addım belə irəliləyişə nail olmadı. İşğala məruz qalanın Azərbaycan, işğal edənin Ermənistan olduğu gün kimi bəlli olsa da, həmsədrlər heç vaxt ədalətli olmadılar, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını, BMT-nin 1993-cü ildə qəbul etdiyi 5 qətnamənin tələblərinin yerinə yetirilməsini Ermənistandan tələb etmədilər.

 

Amma o da faktdır ki, bu illər ərzində qlobal güclər məhz beynəlxalq hüququn normalarını əllərində rəhbər tutaraq ondan bir sıra dövlətlərə qarşı istifadə ediblər. Ərazi bütövlüyünün pozulması, terrorçuluq və digər hüquqazidd fəaliyyətə son qoyulması məqsədilə bəzən BMT-nin tələbləri dərhal və güc tətbiq edilməklə yerinə yetirilib. Azərbaycana gəldikdə isə, 30 ilə yaxın dövr ərzində ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər beynəlxalq hüququn normalarının pozulmasına əhəmiyyət verməməklə, laqeydlik və biganəliklə dolayısı şəkildə Ermənistanın işğal siyasətinə dəstək oldular. Əslində, bununla həm də Azərbaycana təzyiq etmək istədilər. Qərbin bəlli siyasi mərkəzlərinin, erməni təəssübkeşlərinin fikrincə, zaman keçdikcə Azərbaycan xalqı işğal faktı ilə razılaşacaq.

 

Lakin onlar yanılırdılar. Bütün ədalətsizliklərə, Ermənistanın işğalçı mövqeyinin bəzən dolayısı, bəzən isə açıq şəkildə müdafiə olunmasına baxmayaraq, Azərbaycan xalqı ümidlərini heç vaxt itirmədi. Hələ Ulu öndər Heydər Əliyevin iştirakı ilə aparılan danışıqlar prosesində dövlətimizin və xalqımızın milli maraqları qətiyyətlə təmin olundu, Qarabağın Azərbaycandan qoparılmasına xidmət edən bütün antimilli təşəbbüslərin qarşısı alındı.

 

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətində ən əsas istiqamətlərdən biri torpaqlarımızın işğaldan azad olunması idi. Cənab Prezident sülh danışıqlarına tərəfdar olmaqla yanaşı, müharibə variantını da istisna etmirdi. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini bəyan edən Prezident İlham Əliyev onu da bildirirdi ki, danışıqlar mənasız olacağı təqdirdə, ordumuz öz sözünü deyəcək. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarının artırılması ilk gündən Ali Baş Komandan kimi cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində idi.

 

Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər Quru Qoşunlarının, istər Hərbi Hava Qüvvələrinin, istərsə də Hava Hücumundan Müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.

 

Cənab İlham Əliyev müdrik siyasətçi kimi onu da nəzərə alırdı ki, müharibə başlayacağı təqdirdə, biz yalnız Ermənistanla döyüşməyəcəkdik. Torpaqlarımızın hərb yolu ilə azad olunacağı təqdirdə, biz dünya erməniliyinə, erməni lobbisinə və təəssübkeşlərinə qarşı da mübarizə aparmalı olacaqdıq. Ona görə Prezident İlham Əliyev bütün bunları daim nəzərə aldı. Çünki atılan istənilən ehtiyatsız addım onsuz da ədalətsizliyin, ikili standartların baş alıb getdiyi, beynəlxalq hüququn işləmədiyi bir şəraitdə əleyhimizə işləyə bilərdi.

 

Bu gün dönüb geriyə baxanda görürük ki, Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş fəaliyyəti kompleks xarakter daşıyıb. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirib. Bunun da nəticəsində yeni müharibənin olacağı təqdirdə dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısı alınıb, onlar tamamilə neytrallaşdırılıb.

 

2020-ci il sentyabrın 27-də yeni hərbi əməliyyatların başlanması isə birdən-birə baş vermədi. 2018-ci ildən başlayaraq Ermənistanın aqressiv siyasət yürütməsi, respublikamızı hədələməyə başlaması sülh danışıqlarını tamamilə dalan dirəmişdi. Hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqların ziddinə açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət göstərdi ki, danışıqlar tamamilə mənasızdır. Onun təcavüzkar ritorikası, Azərbaycanın qarşısında qoyulan 7 şərt, "Yeni ərazilər üçün yeni müharibə" konsepsiyasının irəli sürülməsi kimi sərsəm addımlar və nəhayət, ötən ilin iyulunda Tovuza hücum edilməsi yeni müharibəni qaçılmaz etmişdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, Ermənistanda könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, işğalçı ölkə problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi.

 

Bütün bunlar əslində, Azərbaycana torpaqlarını döyüş yolu azad etmək üçün tarixi imkan yaratmışdı. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra isə Azərbaycan bu tarixi şəraitdən uğurla yararlandı. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli ordumuz həmin gün başlatdığı hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Tezlikdə Suqovuşanda, Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu.

 

Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisəsi oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı. Azərbaycanla müharibə etməyin mənasız olduğunu anlayan Ermənistanın Baş naziri noyabr ayının 10-da üçtərəfli bəyanata, işğalçı ölkənin məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşanın işğaldan azad olunduğu tarix isə Azərbaycanın əlamətdar günlər təqviminə "Zəfər Günü" kimi həkk olundu.

 

Onu da xüsusi vurğulamaq istərdim ki, üçtərəfli bəyanatda yer alan bütün müddəalar Prezident İlham Əliyevin şərtlərindən ibarətdir. Bu şərtlərə müvafiq olaraq Ermənistan üzərinə öhdəlik götürərək məğlubiyyətə uğradılmış qoşunlarının qalıqlarını digər ərazilərimizdən geri çəkdi, beləliklə, Ağdam, Laçın və Kəlbəcər gülə atılmadan işğaldan azad olundu. Artıq Dağlıq Qarabağ problemi yoxdur. Azərbaycan bu problemi BMT nizamnaməsini rəhbər tutmaqla güc yolu ilə həll etdi. Heç "Dağlıq Qarabağ" adlı coğrafi vahid də yoxdur, Qarabağ və Şərqi Zəngəzur var.

Bəzi beynəlxalq təşkilatların onilliklər boyu məqsədyönlü şəkildə ortaya atdıqları "problemin güc yolu ilə həlli yoxdur" tezisini darmadağın edən İlham Əliyev sübut etdi ki, işğalın qarşısını, işğalçını güc yolu ilə cəzalandırmaqla almaq mümkündür. Bu baxımdan respublikamız işğala son qoymaqla Qərbin siyasi mərkəzlərinin müharibələrin yolverilməzliyi barədə formalaşdırdıqları stereotipləri dağıtdı, öz hüquqlarını təmin etməyin nümunəsini ortaya qoydu.

 

Bu savaş dostlarımız üçün də bir sınaq oldu. Qürur hissi ilə qeyd etməliyik ki, miqyasına və məzmununa görə dünyada analoqu olmayan Azərbaycan-Türkiyə münasibətləri ötən ilin 44 günlük Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatan bu savaş Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı, əlaqələri daha da sarsılmaz etdi.

Ötən ilin bu günlərində təsəvvür belə etməzdik ki, 2021-ci ilin oktyabr ayında Füzulidə beynəlxalq hava limanı istifadə veriləcək, yarımstansiyalar inşa olunacaq, doğma torpaqlarından köçkün düşmüş vətəndaşlarımız üçün Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd"lərin salınmasına, bütün azad olunmuş ərazilərimizi əhatə edən yeni yol şəbəkəsinin qurulmasına başlanacaq və s. Bəli, Azərbaycana rəhbərliyi dövründə möhtəşəm yüksəliş nümunələri yaradan Prezident İlham Əliyev bu gün Qarabağ və Şərqi Zəngəzuru da sürətlə bərpa edir. Azad olunmuş ərazilərimizdə aparılan kompleks yenidənqurma işləri Prezident İlham Əliyevin qətiyyətinin növbəti təntənəsidir.

 

Əgər Vətən müharibəsinə qədər Azərbaycan dünyada inkişaf göstəriciləri ilə fərqlənirdisə, indi beynəlxalq ictimaiyyət bizi həm də qalib dövlət, müzəffər xalq kimi tanıyır. Bu qələbə İlham Əliyevin müdrik siyasətinin, xalqımızın milli həmrəyliyinin möhtəşəm tarixi uğurudur.

 

 

Tapdıq MAHMUDOV

Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.8.