Zəfərə aparan yol: Fikirlər də döyüşürdü

 

 

Hadisələr sonra baş verir; öncə fikirlərdə bir təbəddülat baş qaldırır və müəyyən bir ab-hava, ovqat yaranır.

II Qarabağ müharibəsinin ovqatı 27 sentyabrdan aylar öncə, Tovuz döyüşlərində oluşmağa başladı. Döyüşlər məhdud bir ərazidə, qısa zamanda baş verdi, amma xalqın səbr kasasını doldurdu və müharibə ovqatı bütün ölkəyə yayıldı…  Döyüşlər bitdi, amma bu ovqat bitmədi, əksinə, gündən-günə güclənərək zehinlərə və duyğulara hakim kəsildi.

 

Xalqın səbr kasası doldu. "Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”, - deyir Əbu Turxan. Əsas odur ki, məqamı qaçırmayasan.  

 

Ali Baş Komandan durumu vaxtında dəyərləndirdi və “Məqamdır!” dedi. Növbəti erməni provakasiyasşna cavab atəşi zəfər yürüşünün başlanğıcı oldu. 30 il ərzində sıxılmış yayın açılması belə başladı. 

 

Və bütün dünya o möhtəşəm 44 gündə Ədalətin təntənəsinin şahidi oldu.

 

Əsas sözü şübhəsiz ki, Azərbaycan Ordusu, ön cəbhədə vuruşan əsgərlərimiz dedi. Amma bu şanlı Vətən müharibəsində hərə öz mövqeyində əsgər oldu. Hərə öz sahəsində cəbhə açdı. Böyük Vurğunun ümumi səfərbərlik çağırışı yenidən ruhlara hakim kəsildi:

 

Bilsin Ana Torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm, mən də bu gündən.

 

Bu ümumi səfərbərliyə, xalq hərəkatına social şəbəkələr də qoşuldu. Müharibə ovqatı virtual məkana da sirayət etdi. Facebook səhifələrinə fikir cəbhəsi açıldı.

 

Facebookda folklor və milli aforizmləri təbliğ edən "Əbu Turxan: fikrin qönçələri" səhifəsinin yönəticisi məndən soruşdu:

 

- Hocam, bəlkə fasilə verək, indi aforizm vaxtı deyil.

- Tam da vaxtıdır. İndi hamı kimi, fikir də səfərbər olmalıdır, - dedim.

Və 44 gün ərzində hər zamanın ovqatına uyğun bir aforizm paylaşdıq.

 

Əlbəttə, tək aforizmlərlə məhdudlaşmadı fb-də fəaliyyətimiz. Jurnalistlərimiz gündəlik hadisələrin xəbərini yayır, siyasətçilər şərh yazır, proqnozlar və təkliflər verirdilər. Şairlərimiz də, fikir adamları da – hərə öz cəbhəsində bu Haqq savaşına qoşulmuşdu.

Bir var, üstündən bir il keçəndən sonra dönüb geri baxasan və tarix yazasan; faktiki material üzrə, sənədlər əsasında, soyuq ağıl və elmi-tarixi təfəkkürlə. 

 

Bir də var, hadisələrin deyil, duyğuların tarixini yazasan, onları isti izlərlə, hələ təəssüratlar, hiss-həyəcan soyumadan qələmə alasan.

Və nəhayət, bir də var, hər günün bəkləntilərini yazasan. Bunlar hadisələrdən sonra deyil, əvvəl qeydə alınmış, hələ gün açılmamış işıq üzü görən yazılardır.

 

Arzular, təkliflər, dualar… Və bir də strateji düşüncə və fəlsəfi təhlil.

Bu təhlillər sadəcə keçmişdə qalmadı və fikrimizcə, onların bir çoxu bu gün aktuallığını itirməmişdir. 

---====

O günlərdə mən İstanbulda idim və müharibənin gedişatını, ab-havanı  İstanbuldan izləyirdim. Amma uzaqlıq hiss olunmurdu, çünki Qarabağ müharibəsi Türkiyə mətbuatı, TV və Radio kanallarının gündəmindən düşmürdü. Şuşaya aparan savaş yollarını, Şuşa döyüşlərini  Türkiyədə də böyük  həyəcanla izləyirdilər. Və onların nəzərində özünəməxsus bir Qarabağ obrazı yaranmışdı. Elə bir təəssürat yaranmışdı ki, Azərbaycanın ən böyük şəhərlərindən biridir Şuşa.

 

Məndən soruşurdular:

- Şuşa bunca böyükdürmü yəni?!

Mən də cavab verdim:

- Böyükdür bəli, çünki ruhu böyükdür!

 

Bu gün Şuşada da, işğaldan azad olunmuş digər bölgələrdə də böyük quruculuq işləri gedir. Tikinti işləri, yollar, hava limanları, iqtisadiyyat üçün zəruri infrastrukturun təmin edilməsi...  Ən çətin iş isə ziyalılarımızın üzərinə düşür: Ruhun dönüşünü sürətləndirmək!

 

 

Facebookda Salahaddin Halil səhifəsindən:

 

İlk gün: 27 Sentyabr 2020

 

"Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır", - deyir Əbu Turxan.

Məqamdır!

28 Sentyabr

- Ermənistan kimin maşasıdır?!

- İlk ağla gələn Rusiya olur.

- Amma eyni vaxtda iki qarşı gücə maşalıq edirsə?!

 

3 Oktyabr

 

Beynəlxalq ictimai rəydə bir sıra yanlış təsəvvürlər baş alıb gedir...

"Dağlıq Qarabağ" və "Qarabağ" anlayışları çox vaxt qarışıq salınır və xaricilərin çoxu hələ də elə başa düşür ki, işğal altında olan ərazidə əhalinin əksəriyyəti ermənilərdir və mübahisə sadəcə torpağın tarixən kimə məxsus olması haqqındadır.  Bunu Türkiyə və Rusiya ictimaiyyəti yetərincə bilmirsə, təsəvvür edin ki, başqa ölkələrin bilgisi hansı səviyyədədir.

Halbuki zorakı "təmizləmədən", soyqırımdan öncə, bu ərazidə ermənilər əhalinin heç yüzdə onunu da təşkil etməyib. 

Və biz sadəcə ərazi bütövlüyünü təmin etmək uğrunda deyil, həm də öz daimi yaşayış yerindən zorakılıqla uzaqlaşdırılmış əhalinin doğma yurduna qaytarılması uğrunda savaşırıq.

Bunu bizim bilməyimiz azdır, dünyanın da bilməsi lazımdır.

P.S.: Bu müharibə sadəcə döyüş deyil, həm də təbliğatların savaşı, informasiya müharibəsidir.

Hələ 20 il əvvəl "Azərbaycan" qəzetində (1 mart 2001-ci il) “Dağlıq Qarabağ: reallıqlar və informasiya müharibəsi” mövzusundakı məqaləmdə, bu sahədə geri qaldığımızı göstərmişdim. Amma bu baryer hələ də keçilməyib. Əsgərlərimiz cəbhədə qəhrəmanlıq göstərir, amma savaş səbəblərinin dünyaya düzgün   təqdimatı özü də bir cəbhədir və təəssüf ki, eyni qəhrəmanlığı bu cəbhədə də   göstərə bilmirik.

 

7 Oktyabr

-  Ermənistan nəyə güvənir; bəlkə din amilinə?

-  Çox nahaq! Xristianlıq da daxil olmaqla, bütün dinlərin əsas hədəfi Haqqa xidmətdir. Haqsız olanı müdafiə etmək öz dininə də sayğısızlıq göstərmək, dini siyasətin alətinə çevirməkdir.

 

P.S.

- Bəs onda niyə bizi dəstəkləyənlər azdır: Türkiyə, Pakistan...

- Heç də elə deyil. Sevgi başqa, siyasiət başqa. Hamıdan bizi sevməyi tələb edə bilmərik. Hamı canı ilə, qanı ilə yanımızda ola bilməz.

Əslində həm Şərqdə, həm də Qərbdə bizim mövqeyimizi dəstəkləyənlər də var. Böyük Britaniya Parlamentinin qərarını, Almaniya rəsmilərinin bəyanatlarını, İzrailin, Ukraynanın, Gürcüstanın, Macarıstanın və digər haqsevər ölkələrin  mövqeyini unutmayaq. Elə Rusiyanın özündə də işin əslini bilən və ədaləti müdafiə edənlər az deyil. Tam tərsinə, din qardaşı saydığımız İranın və bəzi ərəb ölkələrinin mövqeyinə baxın…

Qərb dünyası rəsmən öz dəyərlərinə qarşı çıxa bilməz. Bircə Fransa istisnadır; o da Makronun subyektiv mövqeyidir.  Önəmli olan həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. O başqa məsələ ki, biz bir həqiqəti çatdırana qədər,  erməni yüz yalan yayır.

Ermənistanın əsas silahı dezinformasiyadır. Bizim zəif halqamız isə həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması işini hələ də yüksək səviyyədə təşkilatlandıra bilməməyimizdir.

10 Oktyabr

-    Sülh naminə atəşkəs?

-    Yox. Sülh naminə savaş!

Biz sülh istəyirik, amma ədalətli sülh; 30 ildir ki, ədalətin sülh şəraitində təmin olunması üçün səbr, dözüm nümayiş etdirir, danışıqlar aparırıq. Amma işğalçıya sülh şərtlərini qəbul etdirmək üçün heç bir təzyiq göstərməyəndə, sülh necə əldə oluna bilər?

Nəhayət, BMT-nin qərarlarını biz öz gücümüzlə təmin etmək istəyəndə "Ədalət və sülh təminatçıları" sülhün şərtlərini unudub, yenə "atəşkəs və danışıq" nağılını ortaya atırlar...

Bu mətndə sülh və atəşkəsin fərqi beynəlxalq hüquq dilində izah olunur.

10 Oktyabr

- Atəşkəs kimə lazım idi?

- Ermənistana. Sözdə: humanitar məqsədlər, o cümlədən, cəsədlərini daşımaq üçün.

- İşdə isə...  Başını itirmiş durumdan, nokdaundan çıxmaq, panikadan qurtulmaq, itmiş daxili rabitəni bərpa etmək, hərbi itkilərinin yerini doldurmaq üçün...  Ən çox isə: Ermənistanla dəhlizlərə bizim tərəfimizdən müdaxilə imkanı açıldığına görə, bölgəyə yeni silah-sursat daşınmasına ancaq atəşkəs şəraitində cəhd göstərilə bilər.

12 Oktyabr

Rusiya, Qərb, İran...

-  Öz aralarında düşmən olanları ortaq məxrəcə gətirən nədir?

-  Haqsız olduğunu bilə-bilə Ermənistanı niyə dəstəkləyirlər?

1-ci cavab: Erməniyə dost olduqları üçün deyil, Türkə düşmən olduqları üçün?!

2-ci cavab: Heç kim pis işləri öz əli ilə görmək istəmir...  Hamının işinə yarayan universal pislik olduğu üçün.

P.S.: Ermənistanın terror aləti olmasından ən çox ziyan çəkən elə ermənilərin özüdür.

Başqa ölkələr də yaşayan ermənilərdən hər şey çıxır, Ermənistan isə ancaq kinə, nifrətə, terrora xidmət edir.

13  Oktyabr

Zavallını yazıqlayan tapılar, amma sevməzlər.

Haqqına sahib çıxanı isə,- bəndə də sevər, Allah da!

15 Oktyabr

- Nə çox həyəcan keçirirsiniz? Yoxsa cəbhədə doğmalarınız var?

- Bəli, qardaşlarım!

Hamımız eyni ananın - Vətənin övladları deyilikmi?!

16 Oktyabr

- Bəli, elm! Yeni əsrin yeni sözü: SİHA!

- Və bir də əsrlərin mirası: Qeyrət!

18 Oktyabr

Qarabağda -

Yer üzündə yüksələn Bayraqlarımızı, Göy üzündə "Bayraqdar"lar qoruyur!

19 Oktyabr

Qarabağ Azərbaycanın qəlbidir.

Qəlbimizi kindən təmizləsək, - yetər.

21 Oktyabr

- Mən sevincimi Şuşaya saxlayıram...

- Saxlama. Şuşa sevinci, - Şuşaya aparan yolun hər qarışı üçün sevinməkdir, sevinclər silsiləsidir!

24 Oktyabr

Döyüş...

Polad döyüləndə qılınca, kəsək döyüləndə palçığa çevrilir.

30 Oktyabr

Zəncirin möhkəmliyi ən zəif halqa ilə ölçülür.

Laçın dəhlizi də dağ yoludur: dağılmış hər halqa silah daşınması üçün əngəldir.

1 Noyabr

Erməni xisləti...

Simptomları çoxdur, biri də - öz yalanına inanmaq.

2 Noyabr

İllər öncə Qarabağı tərk etməli olanlar bütün sərvətini orda qoysalar da, özləri ilə sadəcə Qarabağın ruhunu daşıdılar...

Ayrı düşmüş ruh ilə bədən yenidən qovuşur!

3 Noyabr

Savaşdan sonra danışıqsız həyata keçirilməli məsələlər:

Dağılmış bölgələrin (o cümlədən Dağlıq Qarabağda) abadlaşdırılması, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıda bilməsi üçün hər cür şərait yaradılması.

Danışıqların mövzusu:

-  Savaş zamanı qaçmış, Azərbaycan ərazisini tərk etmiş ermənilərin (Sovet dövründən Dağlıq Qarabağda yaşayanlar və onların övladları) yenidən Dağlıq Qarabağa qaytarılması və onların Azərbaycan vətəndaşlığının bərpa edilməsi.

-  Ermənistan ərazisində öz daimi yaşayış yerlərindən zorla köçürülmüş əhalinin yenidən öz Vətənlərinə qaytarıla bilməsi üçün hüquqi-siyasi və abadlıq işlərinin həyata keçirilməsi.

- Zəngəzura Ermənistan daxilində muxtariyyət verilməsi müqabilində Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilməsi.

Və bu zaman ancaq 1988/91-ci illərdə deyil, ondan əvvəlki dövrlərdə də Ermənistandakı yurdlarından zorla köçürülmüş azərbaycanlıların hüquqlarının nəzərə alınması.

Qeyd: Aşağıda belə köçürülmələrdən biri haqqında Stalinin sərəncamını əlavə edirik:1948-50-ci illərdə azərbaycanlıların məcburi qaydada köçürülməsi barədə sərəncam:

5 Noyabr

Ermənilərin bizdə agenti çoxdur...

Amma biz tək Paşinyanı "yetişdirdik": əvvəl Koçaryan və Sarkisyanın öhdəsindən gəldi, sonra da...

5 Noyabr

Bu gün "Əbu Turxan: fikrin qönçələri" səhifəsində oxudum:

"Üstündə yaşadığın torpaq deyil, ruhu ilə yaşadığın və ruhunu yaşatdığın torpaqdır Vətən."

Və mən də 2 rəy yazdım:

1. Mən Gürcüstanlıyam - Borçalıdanam. Bu inzibati-siyasi bölgünün dediyidi, mənim uşaqlıq çağımdı, məktəb illərimin unudulmaz xatirələridi...

Və bir də min illik xatirələr, genetik və tarixi yaddaş var. Və bir də uğrunda yaşadığım və yaşatdığım milli ruh var.

Mənim böyük tarixi Vətənim var! Onun hər bölgəsi, hər guşəsi mənim üçün əzizdir.

Bu gün bu böyük Vətənin vuran qəlbi Qarabağdır. Və Qarabağ mənim Vətənimdir!

2. Əslən Qarabağlı olan, amma başqa bölgələrdə doğulmuş və Vətəndən uzaqda yaşayıb-böyümüş gənclərimiz, bu gün Qarabağda öz torpaqları uğrunda vuruşan və ancaq yuxularında, xəyallarında gördüyü doğma Qarabağa tank üstündə daxil olan gənclərimiz - Siz Qarabağ torpaqlarına onun ruhunu qaytarırsınız!

P.S.: Və bir də tarixi Vətəndən də uzaqlarda, yad ölkələrdə yaşayanlarımız var. Onları da birləşdirən, bizimlə bir bütün edən həmin o milli ruhdur. Bu günlərdə onlar da Qarabağla nəfəs alır!

6 Noyabr

Bu gecə yuxuma girmişdi Şuşa,

Deyirdi, sonudur artıq zillətin,

Nə qədər bəlalar gəlsə də başa,

Bilirdim unutmaz məni millətim!

8 Noyabr

Sevinclərin də zirvəsi olur!

Şuşa zirvəsi!

9 Noyabr

"Şəhidlər üçün ən müstəcəb dua, sevdiklərinin sevincidir", - deyir Əbu Turxan.

Sevincimizi şəhidlərimizlə bölüşək!

11 Noyabr

Vətən müharibəsi - milli ruhun və milli fəlsəfi fikrin varoluş əzmidir.

12 Noyabr

"İnsanlar da, millətlər də iki cür olur: Qədərini özü yazanlar və başqalarının yazdıqlarında rol alanlar."

15 Noyabr

Dərdi bölüşmək, sevinci bölüşmək... Və bir də taleyi bölüşmək var:

Şəhid olmayanların da şəhidlik payı var!

Sadəcə ağlamaq, kədərlənmək azdır;  indi sözün hər mənasında şəhidlərimizin, qazilərimizin və onların ailələrinin yanında olmalıyıq.

P.S. - 1: "Şəhidlərin yanında olmaq - mütləq onlarla birlikdə şəhid olmaq deyil, əksinə, onları da uğrunda şəhid olduqları ideyaların təntənəsində yaşatmaqdır." - belə deyir  Əbu Turxan.

P.S. - 2: Ruhun dirçəlişi və milli həmrəylik duyğusu özünü fb-də də göstərir; şəhidlərimiz haqqında paylaşımlarda əvvəl daha çox "ağlamaq" işarəsi qoyulurdu, indi - "yanındayam".

18 Noyabr

-  Ermənilərin istədiyi nədir?

Axı, onlar heç Ermənistan ərazisini abad edə bilmir, əhali birucdan  köçüb gedir, - bəs özgə torpaqları üçün niyə ölürlər?

-  Sağlam düşüncə ilə anlamaq çətindir. Bunun üçün gərək erməni xislətini biləsən. Məsələ burasındadır ki, başqaları özünə xoş həyat  arzulayır, onları isə idarə edən kindir: hər əzaba razı olar, təki qonşu daha çox əzab çəksin.

-  Hə-ə... Yadıma bir əhvalat düşdü:

Bir bayram günündə Tanrı millətləri sıraya düzüb, istəklərini yerinə yetirirmiş; və kim nə arzulasa, qonşusuna ikiqat verilirmiş. Sıra erməniyə çatanda deyir ki, bir gözümün çıxarılmasını istəyirəm.

22 Noyabr

Ermənilər heç vaxt əsl xristian olmayıblar, - bütpərəstdirlər.

P.S. : İndi də drona tapınırlar.

23 Noyabr

Maşa sınanda/yananda sahibləri də yana-yana qalır:

Haqqı nahaqqın oduna yandırmaq maşasız çətin olur...

24  Noyabr

Forpost...

1920 - 2020: Əsrlər dəyişir, quruluşlar dəyişir, siyasət dəyişmir?

Teleqram: Çiçerin - Nərimanova

“İndiyə qədər...  bizə izah edə bilmirsiniz ki, nə üçün Rusiya qoşunlarının Qarabağı və Zəngəzuru tutmasının əleyhinəsiniz və nə üçün bu ərazilərin Azərbaycana aid olmasını dönmədən tələb edirsiniz. Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qarşı çevrildiyi təqdirdə, hətta daşnak Ermənistanı belə, türk hücumuna qarşı bizim ön istehkamımız, forpostumuz olacaqdır”.

20 iyul 1920.

26 Noyabr

Zamanın fövqündə...

"Doğma yurdun qoxusu nəsildən nəslə irsən ötürülür."

30 Noyabr

Fransızlar bizdən küsüblər...

Parisdəki təlatümlər guya Dərviş Məstəli şahın əməliymiş.

 

 

Səlahəddin XƏLİLOV

 

525-ci qəzet.- 2021.- 11 noyabr.- S.12;15.