Üfüqə doğru  

 

 hekayə

 

 

Yağışdan sonra Göyqurşağı  çıxdı. Avtobus Dunay çayının yanından keçib Vyanaya yaxınlaşırdı. Avtobusdakı televizorda Qabzburqlar ailəsi barədə film göstərilirdi. Sisi - nüfuzlu kraliça rolunda Romi Şnayder çıxış edirdi. Ancaq Əli artıq filmə baxmırdı. Bayaq avtobusda onnan paralel oturacaqda əyləşən qız Bratislava yaxınlığında rəfiqəsilə avtobusdan yerə endi. Qız da Əliyə baxdı. Əlinin ürəyini göyqurşağı bürüdü. Qız Romi Şnayderə oxşayırdı. Qızın avtobusdan düşməyi Əlini çox pərt elədi. "Kaş adını soruşaydım. Harada yaşamağını, harada oxumağını öyrənərdim. Bəlkə elə bizim Budapeşt universitetində oxuyur?" beynindən keçirtdi Əli. Avtobus Qabsburqlar sarayının yanında dayandı. Əli burada nümayiş olunan, daha doğrusu, daimi ekspozisiyada olan El Qreko və Qoyanın əsərlərinə baxmaq üçün gəlmişdi. Lakin muzeydə eksponatlara baxanda da, sonralar Vyananın baş meydanında Klimtin əsərlərinə baxanda da o qızı düşünürdü. Gördüyü bütün qızlarda onun üz cizgilərini axtarırdı. "Görəsən, birdə görəcəm Romi Şnayderə oxşayan qızı?" Əli birdə bir aydan sonra Krakov yaxınlığındakı Osvensim ölüm düşərgəsində gördü onu. Buraya gələn yüzlərlə, minlərlə insan içində Əli o qızı tanıdı. Burda nümayiş olunan uşaq ayaqqabılarına, oyuncaqlarına baxmaq çox ağır idi. O qız rəngi avazımış halda havaya çıxdı. O, başını divara söykəyib səssiz-səssiz ağlayırdı.

 

- Sənə çox pisdir? - ingiliscə soruşdu Əli.

 

- Çox pis...

 

- Səni avtobusa aparım?

 

Qız başıyla təsdiqlədi.

 

Əli onu sanki illərlə tanımış kimi, yüngülcə qucaqladı, sonra qoluna girdi. Birlikdə avtobusa çıxdılar. Sən demə, hər ikisi eyni universitet avtobusuyla gəliblər Auşterlisə. "Demək, o, mənnən bir ali məktəbdə - mərkəzi Avropa universitetində oxuyur".

 

- Sənin adın nədir?

 

- Aida.

 

- Hardansan?

 

- Qafqazdan.

 

Əli onun yanında əyləşdi. Artıq sual verməyə qorxdu. Qorxdu ki, eşitmək isəmədiyi cavabı eşitsə, qəlbindəki  qöyqurşaqı qeyb olacaq. Hətta Osvensimdən sonra da qəlbində işıq var idi. Bu işığı hərdən zülmət örtürdü - atasının Xocalıyla bağlı xatirələrini, anasının Əli təzə dil açanda ürək tutmasından ölməsini yadına salanda. Atası söyləyirdi ki, ermənilərin atdığı qrad mərmisi onların maşınına düşdü və üç oğlu bir anda yox oldular. Atası İsmayil müəllimin bir gecədə saçları ağappaq oldu. Onda İsmayıl müəllim oğlanlarını götürüb Ağdam hospitalında olan yaralılara yardım aparmışdı. Düşünmüşdü ki, qoy oğlanları darda qalanlara kömək eləməyi öyrənsinlər. Bu gün-sabah kişi olacaqlar. Ancaq uşaqların qismətində kişi olmaq yoxuymuş. Onlar həmişəlik uşaq qaldılar. Erməni atdığı qrad qardaşlarının həyatına son qoydu. Onda Əli hələ doğulmamışdı. Bir neçə ay sonra artıq Gəncədə doğulan Əlini atası qucağına alıb göyə baxdı; Yalvarıram Allahım, bunu əlimdən alma. Uzun ömürlü, xoşbəxt elə. Bir anlıq İsmayıl müəllimin gözlərinin gənşərinə ulu babası Seyid Hüseyn gəldi. İsmayıl müəllim onu görməmişdi. Hərdən həyatının çox həlledici məqamlarında ulu babası onun yuxusuna girirdi.

 

Axırıncı dəfə Seyid Hüseyn Səfəvi Gəncəyə 100 il bundan qabaq gəlmişdi. Ondan qabaq Qarayazıda ermənilərin öldürdüyü oğlu Xəlinin dəfninə gəlmişdi. İndi isə böyük nəvəsi Əlinin toyu xəbərini çatdırmışdılar ona. Ancaq o bilirdi ki, Gəncədə toy olmayacaq, Əlini toydan bir gün qabaq kəhrizin başına çəkiyə çaxıracaqlar və orada ona iki güllə atacaqlar - birini ürəyinə, birini başına. Qətli törədən oğlan da Əlinin nişanlısını sevirdi. Ancaq qız ürəyini Əliyə vermişdi.

 

Seyid Hüseyn atdan düşəndə hamı onun qabağına gəldi. Həyətdə cöngələr, qoyunlar kəsilirdi. Ancaq Seyid Hüseyn qan içində yerə yıxılan Əlini - Nəcəfül Əşrəfi bitirən qamətli nəvəsini görürdü. Əlacı olsaydı, onun yerinə özü ölərdi. Ancaq hökm Allahın hökmü idi. O, heç vaxt dəyişmirdi. Seyid Hüseyn danışa bilmirdi, anadan gəlmə lal idi. Ancaq irəlidə   olacaqsa canından, qanından olanların başına gələnləri qabaqcadan görürdü. O, dözülməz əzab, məşəqqət içində yaşayırdı. Gəncəyə yola düşməmişdən qabaq Seyid Hüseyn ulularının uyuduğu Ərdəbildəki Şeyx Səfi türbəsinə getdi, əzizlərini ziyarət edib, atını yəhərlədi, Gəncəyə yola düşdü. O bilirdi ki, oğlu Xəlil birdə Ərdəbilə qayıtmayacaq, oğul-qız atası olacaq. Lakin heç Gəncəyə də qayıtmayacaq - Qarayazıda öldürüləcək. Gəncəyə cənazəsi gətiriləcək. İllər sonra onun qurduğu yurd-yuva dağılacaq, tikdiyi məscid uçurulacaq. Uşaqları, nəvələri pərən-pərən olacaq, onların biri Qarabağda yaşayacaq və bir gündə üç oğlunu düşmən öldürəcək. Mavi gözlü balaca qızcığaz seyidə yaxınlaşanda seyid onu qucağına aldı. Uşağın anası - Xəlilin yoldaşı ona çay gətirəndə Seyid Hüseyn qarşısında dünyanın ən bədbəxt qadınını gördü. Bir az sonra onun sabah toyu olacaq oğluna atılan güllələr balasını yerə sərəcəkdi. Seyid Hüseyn biixtiyar sağ əlinin üç barmağını qatlayıb, iki barmağını qicgahına qoydu - ppux-ppuxx. Onun gözlərindən bıldır-bıldır yaş axmağa başladı. Gəlinin bütün vicudunu üşütmə tutdu. O, son beşiyi olan qızını qucağına aldı. Uşağın da gözləri seyid Hüseynin gözləri kimi mavi idi. Seyid gördü ki, həmin bu balaca qızcığazın uşaqları 100 ildən sonra Ərdəbildə Şeyx Səfi türbəsinə gəlib ulularının qəbrini ziyarət edirlər.

 

Açılan güllələrdən sonra həyətdə səs-  küy qopdu. Adamlar qana batmış Əlini içəri gətirdilər. Seyid Hüseyn ayağa qalxıb xurcununu açdı, içərisindən ona  Məşhəddə bağışlanan kəfəni çıxartdı. Əlinin üstünə qoydu. Bir ildən sonra Seyid Hüseyn öz ölümünü görüb çimdi, təzə pal-paltar geyinib yatağına uzandı. Quranı əlinə alıb oxumağa başladı, bir az keçməmiş gözlərini həmişəlik yumdu. Ancaq o, xələflərinin yuxusuna girirdi. Əgər kimsə Seyidi ağlayan görürdüsə, demək, qabaqda əzab, məşəqqət, ölüm var və yaxud Seyid gülümsəyirdisə - demək, bir bəxtiyarlıq olasıymış.

 

İsmayıl müəllim üç oğlunu birdən itirdiyi gündən qabaq ulu babasını yuxuda gördü. Seyid iki əliylə başını tutub; bbom, bbomb - deyirdi. Onun gözlərindən yaş axırdı.

 

İsmayıl müəllim indi təqaüddə olan mühəndis, yaşadığı hər gün özünü qınayırdı - "Gərək mən zorla uşaqları düşürəydim maşından, sonra özüm düşəydim. Onda heç olmasa, özüm ölərdim, balalarım sağ qalardı. "Uşaqlar maşının balaca televizorunda macəra filminə baxırdılar, - düşündü o.

 

- Düşəndə maşının qapılarını yaxşı örtün, - demişdi İsmayıl müəllim.

 

Fəqət maşının qapısını örtmək qismət olmadı. İsmayıl müəllim hamilə yoldaşını da götürüb yenidən Gəncəyə qayıtdı, oğlanları həmişəlik Qarabaq torpağına qarışdı. İsmayıl müəllim düz 12 il Qarabağda işlədi. Onda özü də, arvadı da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin mexanika fakültəsini bitirib təyinatla Xocalıya getdilər. Uşaqları orda doğuldu, orda da həlak oldular.

 

***

 

Avtobus Əli və Aidanı vağzala gətirdi. Ekskursiyada olan sərnişinlərin hamısının üzləri avazımışdı. Krakovdan Varşavaya qatarla getdilər. Əli Aidanı artıq yanından buraxmırdı. Bir qədər özünə gələndən sonra Aida Əliyə dedi ki, o da Budapeşt universitetində oxuyur, sosiologiyanı öyrənir.

 

- Bəs mən səni niyə görmürdüm? -soruşdu Əli.

 

- Mən səni bir dəfə uzaqdan  görmüşdüm.

 

Mənə Bratislavadan olan rəfiqəm Mariya demişdi ki, sən də Qafqazdansan.

 

Onda siz Vyanaya gedəndə, mən rəfiqəmlə onlara - Bratislavaya gedirdim. Biz hər həftə sonu harasa gedirik.

 

Sonra aralığa sükut çökdü. Varşavadan qatardan düşəndən sonra, avtobusla Budapeştə yola düşdülər. Məlum oldu ki, Aida da Əliynən bir kampusda qalır. Hər ikisi üçün xoşbəxtliyin zirvəsi idi. Əli qoymadı Aida xiyabanın o başında olan binadakı otağına getsin. O da Əliylə razılaşdı. Əli yaşadığı otağa getdi. Hər ikisinin qəlbini sanki göyqurşağı çulğamışdı. Otaqda Əli qəhvə bişirdi. Soyuducudan kolbasa, pendir çıxartdı. Aida onları doğrayıb boşqablara düzürdü. Əli dünəndən aldığı kruasanları, çörəyi, meyvəni masanın üstünə qoydu. Sonra Əli çaxır açdı. Hər ikisi elə bir keçmişi unutdular, gələcəyi fikirləşmək istəmədilər. Fəqət Əli də, Aida da bir-birlərini kim olduqlarını duyurdular.  Ancaq Qafqazdanam demək onlar üçün daha rahat idi. Hə ikisinin 20 yaşı var idi. Macar şərabı çox dadlı idi. Hər ikisinin başı dumanlanmışdı. Onlar keçmişin üzərində sanki uzun nərdivan qoyub səmayə çatmışdılar. Gecə Aida Əlinin yanında qaldı. Bir ildən sonra onların bir oğlu oldu. Əli atasının adını verdi balasına - İsmayıl. Əli atasına evlənməyini dedi. Sonra oğlu İsmayılın doğulduğunu bildirdi.

 

- Mənim elə nəvəm yoxdu! Erməni südü əmən xort mənim nəvəm ola bilməz.

 

- Dədə, qadan alım elə demə, o, mənim balamdı. İsmayıl müəllim telefonu söndürdü. 2013-cü iliydi. Artıq aparıcı macar şirkətlərinin birində çalışan Əli hər il məzuniyyət götürüb Gəncəyə atasının yanına gəlirdi. On gün doğma yurdda qalıb qayıdırdı Budapeştə - Aidanın və İsmayılın yanına. Düz 7 il bu cür davam etdi. Hər gələndə atasına, atasına qulluq edən qonşu Qara Rozaya, onun əri Tələtə, oğlu Vüqara, dostu Fəxrəddinə hədiyyələr alırdı. Atasını başdan ayağa geyindirirdi. Atası da məmnuniyyətlə oğlu aldığı pal-paltarı, ayaqqabıları geyinirdi, ancaq ondan heç vaxt nə onun arvadını, nə uşağını soruşurdu. Soruşsa da, eyni sözü eşidəcəy idi Əlidən. Bu sözləri o dostu Fəxrəddinə deyirdi.

 

- Budapeştdədillər. İsmayıl bağçaya gedir Azərbaycan dilində gözəl danışır. Artıq üç dildə - Azərbaycan, macar, ingilis dillərində sərbəst yazıb oxuyur. Aida isə universitetdə dərs deyir. Onun heç kəsi yoxdur - mənnən, İsmayıldan başqa. Valideynlərini uşaqkən itirib. Onu böyüdən nənəsi Aida universitetə qəbul olunan il ölüb.

 

Əli atasını Hacıkəndə, Göy-Gölə, Xaçbulağa aparırdı, Gəncədə birlikdə anasının qəbrini ziyarət edirdilər. Anası xəstə olanda qonşu Qara Roza ona qulluq edirdi. Əli onda ona Qaya Yoza deyirdi. Yuxsuzluqdan gözləri şişmiş atası Əlinin tələffüzünü düzəltməyə çalışırdı.

 

- Əli, Qaya Yoza yox, Qara Roza.

 

İsmayıl müəllim dönə-dönə Əliyə r hərfinə olan sözləri dedizdirirdi - kukuruz, Rəna, Ramiz, rəqs. Əli  deyirdi - kukuyuz, Yəna, Yamiz, yəqs. İsmayıl müəllim uşağın danışığını düzəltdikcə, Əli əsəbləşirdi və onda sanki dili tutulurdu. Bəzən suallara cavab vermək iqtidarında olmurdu. Lal kimi atasının üzünə baxırdı.

 

Danışmağa başlayanda kəkildəyə-kəkildəyə danışırdı:

 

- D..d..ə  m..ə..n  cu istə..yirə..m.

 

Onda İsmayıl müəllim ulu babası lal seyid Hüseyni xatırladı. İsmayıl müəllim uşağı loqopedin yanına apardı. Əli düz bir il loqoped həkimin yanına getdi.

 

Tədricən Əli sərrast danışmağa başladı. Loqoped həkim də Əlinin qüsurlu danışmağının genlərlə əlaqədar olmağını söyləmişdi. Əlini müayinə edəndən sonra, həkim İsmayıl müəllimdən soruşmuşdu - nəslinizdə nitqi qüsurlu adam olub?

 

- Ulu babam lal olub.

 

- Eybi yoxdur. Bir-iki aydan sonra elə danışacaq ki, yoracaq sizi.

 

- Təki o, söhbətlərinnən yorsun məni.

 

Əlinin hər sözü sonsuz xoşbəxtlik bəxş edirdi atasına. Əgər müdhiş keçmişi olmasaydı və həyatı qədər sevdiyi həyat yoldaşı da onu tez tərk etməsəydi, dünyanın bəxtəvər insanlaından olardı. Arvadı öləndən sonra İsmayıl müəllim oğlunu bir müddət heç bağçaya da qoymadı. Uşaqı özü çimizdirirdi, özü yedizdirirdi. Onu hər dəfə loqopedin yanından gətirəndə kitab mağazasına aparırdı, Əliyə rəngli, səsli kitablar alırdı. Qara Rozanın oğlu Vüqar Əliyə hərfləri, sonra da oxumağı öyrədirdi. Vüqar Əlidən 4-5 yaş böyük idi. Çox istiqanlı oğlan idi. İsmayıl müəllim Qara Roza, əri Tələt və oğlu Vüqar üçün pul ayırırdı. Bir ailə kimi dolanırdılar. Tələt İsmayıl müəllimin pulunu almaq istəməyəndə, İsmayıl müəllim onu məzəmmət edirdi.

 

- Nə tez yorulduz mənnən? Mən sizin hamınızdan yaşlıyam, mənim sözümə baxmasanız, danışmaram siznnən.

 

Tələt də, Qara Roza da pulu götürüb bazara gedirdilər. İsmayıl müəllim də uşağını parkda əyləndirirdi. Evə dönəndə süfrə açıq olurdu. Əli Qara Rozanın bişirdiyi yeməyi xoşlayırdı.

 

***

 

İsmayıl müəllim oğlunu gözləyirdi. Əli dünən təyyarəylə Bakıya düşmüşdü.

 

İndi maşınla Gəncəyə gəlirdi. Demişdi:

 

- Dədə uşağı dosdumgildə qoyub sənin yanına gələcəm, yaxşımı? Atası demədi ki, uşağı da gətir. "Eybi yoxdur, mən gündüzlər atamın yanında, gecələr uşağımnan Fəxrəddingildə qalaram. İsmayıl balam istiqanlıdır, dostumun uşaqlarını çox istəyir.

 

Pandemiyadan qabaq məktəb dostu Fəxrəddin həyat yoldaşı və uşaqları ilə Əligildə Budapeştdə oldular, Balaton gölündə istirahət etdilər, Vyananın gözəlliklərini seyr etdilər. Balaca İsmayıl Fəxrəddinin uşaqlarına çox isnişmişdi.

 

Sentyabrın 27-də müharibə başlamışdı. Düşmən artıq Gəncəni də hədəfə almışdı. Aida Əli və İsmayılı ağlaya-ağlaya yola saldı.

 

- Bəlkə indi getməyəsiniz? Bəlkə İsmayılı aparmayasan?

 

- Mən istəyirəm oğlum Vətənini görsün. Və onlar vidalaşdılar. Əli düşündü ki, oğlu artıq onunla Vətənə yola düşür. Bir neçə saatdan sonra Əli atasını görəcəkdi.

 

- Oğul, mən səni Fəxrəddin əmigilə aparacam, sən onlarda qalarsan, mən babaya baş çəkib qayıdacam, yaxşımı?

 

- Mən də babanı görmək istəyirəm.

 

- İnşallah, baba hələlik xəstədi, yaxşı olanda apacam səni onun yanına.

 

- Fəxrəddin əmi yadındadı? Uşaqları yadındadı? Keçən il gəlmişdilər bizə. Elə dostlaşmışdınız ki, qoymurdun onları Azərbaycana qayıtsınlar. Onlar gedəndə ağladın.

 

- Yaxşı, ata, sən tək get babamın yanına, mən Fəxrəddin əmigildə qalaram, - bunu İsmayıl qəhər boğa-boğa dedi. Əli oğlunu bağrına basdı.

Gəncəyə çatanda artıq şər qarışırdı. Əli oğlunu dostugilə aparıb atasının yanına yollandı. Nədənsə halı pis idi. Atası onu görcək ayağa qalxdı, qucaqladı, nədənsə ağlamaq istədi, ancaq göz yaşlarını içinə saldı. "Əsas odur ki, Əli sağ-salamat gəlib çıxdı yanıma. Səni tanımayana lənət böyük Allahım. Nə yaxşı təyyarə qəzası olmadı, nəqliyyat qəzası olmadı, balam salamat gəldi". Qara Roza süfrə açdı.

 

- Narahat olma, Roza xala, mən dostumgildə dolma yedim.

 

- Qadan alım, mən plov bişirmişəm.

 

Əli aldığı hədiyələri açdı - atasına aldığını bir tərəfə, Qara Roza, Tələt əmiyə, Vüqara aldıqlarını elə iri çantada onlara verdi. Sevindi ki, Vüqar artıq Gəncədə tanınmış kardioloqdur. Halal olsun. Sonra Əli çantasından macar arağı çıxartdı və atasına uzatdı.

 

- Al ata, özün aç, sənin təcrübən çoxdu bu işdə.

 

İçəri daxil olan Tələt Əliynən görüşdü, arağı İsmayıl müəllimdən alıb Qara Rozanın gətirdiyi qədəhlərə süzdü. Onlar xeyli söhbətləşdilər, mövcud vəziyyəti müzakirə edirdilər. Qarabağda qızğın müharibə gedirdi. Əlinin içkidən başı dumanlanırdı. Ancaq bu duman içində o, oğlu İsmayılı görürdü. Nədənsə təyyarədə qısa müddətli yuxusunda gördüyü nurani qocanın ağlamağını gördü. Əli balasından ötrü darıxırdı, sanki havası çatmırdı. "Gərək gətirərdim uşağı... Yox, atam onu evə buraxmasaydı, neynərdim?" Ürəyi gizildədi. Nurani qoca sanki ilğım kimi gözlərimin gənşərimdən getmirdi. "Bəlkə, bəlkə mən də ulu babamı atamın söhbət açdığı Seyid Hüseyn Səfəvini gördüm röyamda? Əli istədi bu sualı atasına versin, ancaq tükürpərdici səs eşitdi. Gəncəyə bomba atıldı. Evin pəncərələri çilik-çilik oldu. Masanın üstündəki qədəhlər yerə çırpıldı. Bomba xeyli aralı düşdü. Lənətə gəlmişlər! İsmayıl müəllim siqaret yandırdı. Əli tez pencəyini geyinib, Tələtin maşınıyla oğlunun yanına tələsdi. Oraya çatanda, bədəni əsməyə başladı. Fəxrəddinin evi yerlə-yeksan olmuşdu. Kimlərdənsə eşitdi ki, dostu da, həyat yoldaşı da, uşaqları da, bir də Macarıstandan gələn uşaq həlak olublar. Hamısını aparıblar meyitxanaya. Əli bilmədi onun qolundan kim tutdu, kim xəstəxanaya apardı. Onu bilirdi ki, parça-parça olmuş oğlu qoyulmuş yerin qanını yalayırdı, xəstəxananın qan sıçramış divarını yalayırdı. Kimsə din xadimlərindən biri:

 

- Əli müəllim, meyiti torpağa tapşırmaq lazımdır. Məzarlıqda yeriniz varmı?

 

- Var. Sərdabə... anamın yanında...

 

O, yanındakı adamlara atası evinin ünvanını dedi.

 

İsmayıl müəllim televizora baxırdı. Qara Roza döşəmədən şüşə qırıqlarını yığırdı. Aparıcı həyəcanla deyirdi:

 

- Erməni bombası erməni ananın oğlunu öldürdü. Ölən uşağın anası ağır vəziyyətdə Budapeşt xəstəxanasına çatdırılıb - geniş infarkt. Vəziyyəti ağırdı.

 

Əli atasının ayağını qucaqladı, başını onun dizlərinə söykəyib hönkür-hönkür ağladı:

 

- Dədə, icazə ver oğlumu sərdabədə dəfn edim... anamın yanında... İstəmirəm balam bizdən ayrı düşsün.

 

- Yox, mən istəmirəm erməninin südünnən böyüyən bir uşaq bizim yanımızda dəfn olunsun.

 

..də Qaya Yoza da, Tələt əmi də istəyər ki, İsmayıl nənəsinin yanında olsun. Də..də mən də ölmək istəyiyə... Oğlum lö lö vuymuydu, balam kitab oxuyurdu.

 

Sonra o, ağzını açırdı, ancaq səsi çıxmırdı.

 

İsmayıl müəllim elə bir ayıldı - Əlinin ayaqları qıc oldu. O, atasının ayaqlarından aralanıb yerə çırpıldı. Onun ağzından köpük gəldi.

 

- Oğul, oğul!

 

İsmayıl müəllim əlini onun ağzına salıb dilini çıxartdı. Qara Rozanın çağırdığı təcili yardım həkimi tez Əliyə maqnezium vurdu. Onu divanda uzandırdılar.

 

"İtin olaram Allah, məni balamın qabağında öldür. Heç olmasa, bu balama dəymə.

 

Qara Roza İsmayıl müəllimin qan axan əlinə yod çəkib sarıdı. Kişi əlini oğlunun ağzına aparanda barmaqları zədələnmişdi. "Kaş kor olaydım bala. Sənin bu gününü görməyəydim oğul!"

 

Yadına dünən gördüyü yuxu düşdü - Seyid Hüseyn iki əlini başına aparıb bomb...bomb deyirdi. Seyid Hüseynin gözlərindən yaş axırdı. Bəlkə də yarı yuxulu vəziyyətdə gördüyü bir ilğım idi. İsmayıl müəllim inanırdı ki, ulu babası təsadüfən görünməyib gözünə. Onun Əlidən başqa heç kimi yox idi. İsmayıl müəllim istəyərdi ki, özü tikə-tikə doğransın, ya da ki diri-diri odda yansın - təki oğluna bir şey olmasın. "Ölüm mənimdir oğul. Meyitim çiynində getsin, oğul"

 

- İkidən-birdən oğlunuz belə vəziyyətə düşüb? - soruşdu həkim.

 

- Bir dəfə uşaqlıqda qızdırması 40-a çatmışdı. Onda belə hala düşmüşdü. Tibb bacısı yenə də Əliyə iynələr vurdu. Əli artıq rahat nəfəs alırdı. İsmayıl müəllim üzünü Tələtə, otaqda olan xeyli adama tutub boğuq səslə dedi:

 

- Gedin sərdabəni hazırlayın. Uşağı evimə gətirin. Sonra apararıq nənəsinin yanına.

 

Ağlamamaq üçün əlləri əsə-əsə siqaret yandırdı. Siqaret tüstüsü içində o, yenə Seyid Hüseyin Səfəvini gördü. Qoca əlində əsa İsmayıl müəllimə baxıb üfüqə tərəf getdi.

 

Onun üzündə sanki təbəssüm var idi.

 

Gəncə, 29 avqust 2021-ci il

 

Nüşabə Əsəd Məmmədli

 

525-ci qəzet.- 2021.- 11 noyabr.- S.14;15.