Azərbaycan bəstəkarlarının Zəfər bayramı töhfələri

 

 

"Qarabağ bizimdir", "Qarabağ Azərbaycandır". Uzun illərdir ki, bu ifadə bizim dilimizdə səslənir, lakin ürəyimizdə müxtəlif hisslərlə, səs tonumuzda müxtəlif intonasiyalarla. Əslində, isbata ehtiyacı olmayan bu həqiqəti bir-birimizə və dünyaya bəyan etdikdə əminlik, kövrəklik, ümid, qürur, fəxarət hissləri keçiririk. Axı uzun illər işğal altında olan Azərbaycanın dilbər guşəsi Qarabağ bu gün azaddır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa azaddır. Artıq bir ildir ki, yaşadığımız bu coşqu, Zəfər Gününün sevinci qəlbimizdən qələmimizə süzülür.

 

Bu zəfər cənab Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin zəfəridir. Bu zəfər şanlı ordumuzun zəfəridir. Bu zəfər xalqımızın zəfəridir. Bu zəfər həm də mədəniyyət xadimlərinin zəfəridir. Bu zəfəri əldə etmək üçün hər kəs çalışıb.

 

Azərbaycan Bəstəkarlar İttifaqı - bəstəkarların və musiqişünasların yaradıcılıq təşkilatı olaraq, hər zaman ölkənin həyatında yaxından iştirak edir. Biz hər zamankı kimi, həm 44 günlük II Qarabağ müharibəsi dövründə, həm də müharibədən sonrakı bu zəfər ilində möhtərəm Prezidentimizin yanında olmuşuq, qələbələrimizə xalqımızla bir sevinib, şəhidlərimizə görə kədərlənmişik.

 

Bütün respublikada Zəfər ilinin uğurları bir çox layihələrdə öz təzahürünü tapmışdır. Azərbaycan dövlətinin Qarabağdakı böyük quruculuq və bərpa işləri,  mədəniyyət paytaxtımız Şuşada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Xarıbülbül" və Üzeyir Hacıbəyli musiqi festivalları və digər layihələr xalqımızın qüdrətini bütün dünyaya nümayiş etdirərək, mədəniyyət tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. Bütün bu layihələrdə Azərbaycanın mədəniyyət xadimlərinin, bəstəkarların və musiqişünasların iştirakı əlamətdar oldu.

 

Azərbaycan Bəstəkarlar İttifaqının bu dövrdəki bütün fəaliyyətində Qarabağ zəfəri gündəmdə olub. Biz böyük Zəfər bayramına öz töhfələrimizlə gəlmişik. 

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin rəhbərliyi altında bəstəkar və musiqişünaslar tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Artıq 44 günlük II Qarabağ müharibəsinin başlanmasından sonra bəstəkarlar bütün qüvvəsilə ordumuza, xalqımıza dəstək olmağa, yaratdıqları mahnı və marşlarla əsgərlərimizi ruhlandırmağa, haqq savaşını təcəssüm etdirməyə çalışmışlar. Qələbə xəbərini xüsusi coşqu ilə qarşılayan bəstəkarlar üçün Qarabağ Zəfəri, şanlı ordumuzun qəhrəmanlığı, xalqımızın rəşadəti əsl ilham mənbəyinə çevrilmiş, bu zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevə, xalqımızın qəhrəman oğullarına, bu yolda canını, qanını əsirgəməyən minlərlə şəhidlərimizin ruhuna, qazilərimizin rəşadətinə həsr olunmuş əsərlər bəstələnmişdir.

 

Azərbaycan Bəstəkarlar İttifaqında yeni əsərlərin yaradılması, onların səsləndirilməsi baxımından məqsədyönlü işlər həyata keçirilmişdir. Bu ərəfədə Zəfər Gününə həsr olunmuş konsertə hazırlıqları, bəstəkarların qələbə mövzusunun təcəssümü ilə bağlı yeni vokal-simfonik əsərlərinin dinlənilməsini, eləcə də gənc bəstəkarların Vətənpərvərlik ruhunda simfonik əsərlərinin müsabiqəsinin keçirilməsini qeyd etmək olar. Müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunaraq, gənc bəstəkarların (25-35 yaş həddində) vətənpərvərlik ruhunda ən yaxşı simfonik əsərlərinin üzə çıxarılması məqsədilə təşkil olunmuşdur.

 

Zəfər bayramı ərəfəsində, noyabr ayının 2-də, "Qarabağ Azərbaycandır" devizi ilə Heydər Əliyev adına sarayda keçirilən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət təntənəli konsert ilin ən böyük mədəni hadisəsi, sənətkarlarımızın Qələbə bayramına ən böyük töhfəsi oldu.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Heydər Əliyev Sarayının və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə həyata keçirilən təntənəli konsertin proqramına bəstəkarların Zəfər müjdəsi ilə yaratdıqları simfonik və vokal-simfonik əsərləri daxil edilmişdir.

 

Zəfər Gününə həsr olunmuş konsertə hazırlıq Azərbaycan Bəstəkarlar İttifaqında hələ ilin əvvəlindən başlamış, bəstəkarların Zəfər Günü münasibətilə, Qarabağda şanlı qələbəmizə həsr olunmuş müxtəlif janrlı Vətənpərvərlik ruhlu əsərləri dinlənilmiş və təntənəli konsertdə səsləndirilmək üçün 18 əsər seçilmişdir. Bunlar simfonik əsərlər, eləcə də solistlər, xor və orkestr üçün nəzərdə tutulmuş vokal-instrumental əsərlərdir. Təbii ki, hər bir bəstəkar mövzuya öz dəsti-xətti, musiqi təfəkkürü baxımından yanaşmış və vətənpərvərlik hisslərini canlandırmışdır. Ən əsası isə bu əsərlər bəstəkarların vətəndaşlıq mövqeyinin təcəssümü olub, onların dövlətimizin, xalqımızın həyatı ilə, mədəniyyəti ilə dərin tellərlə bağlılığını nümayiş etdirir. Konsertin proqramında marşlar, odalar, uvertüralar, mahnılar, kantata və digər janrlarda bəstələnmiş əsərlər düşünülmüş bir ardıcıllıqla Qarabağ zəfərinə doğru aparan yolun mərhələlərini əks etdirirdi. Bütün yaradıcı və ifaçı kollektivin səyi ilə olduqca emosional təsirli, dinamik surətdə cərəyan edən, xalqımızın, ordumuzun qəhrəmanlıq tarixinin bəstəkarlar tərəfindən nəql olunan qəhrəmanı, lirik, coşqun, həyəcanlı hadisələrini gözümüz qarşısında canlandıran bir vokal-simfonik kompozisiya tamaşaçılara təqdim olundu. Bu tamaşanın baş qəhrəmanı Vətən, əsas aparıcı xətti Vətən sevgisi oldu.

 

Konsertdə səslənən ilk əsər Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Cəlal Abbasovun "Şanlı Azərbaycan" - xor və simfonik  orkestr üçün (söz: Məhəmməd Hüseyn Şəhriyar) kompozisiyası Azərbaycan Milli Konservatoriyasının tələbə xoru və simfonik orkestrin ifasında təqdim olunaraq, sanki dahi şairin dilindən Vətənimizə, xalqımıza mələklərin xeyir-duası təəssüratı yaratdı, musiqi göylərin əks-sədası kimi səslənirdi.

 

Simfonik orkestr üçün yaradılmış əsərlərdən Xalq artisti Azər Dadaşovun "Zəfər çələngi" əsəri olduqca rəngarəng musiqi palitrasını gözümüz qarşısında canlandırır, burada bəstəkar Vətən mənzərəsini, Zəfər hisslərini öz dəst-xəttinə uyğun xalq mahnı və rəqslərindən hörülmüş çələngini yaratmışdır. Əməkdar incəsənət xadimi Mobil Babayevin "Şanlı Qələbə" simfonik əsəri əsgəri marşlar ruhunda olub, ordumuzun döyüş əzmini tərənnüm edir. Əməkdar incəsənət xadimi   Ceyhun Allahverdiyevin "Qələbə uvertürası" təntənəli xalq bayramının parlaq bir mənzərəsini yaradır. Əməkdar artist Vüqar Camalzadənin "Qarabağa gedən yol" kompozisiyası isə sanki bir daha insanlara Zəfər yolunun mərhələlərini xatırladır. Gənc bəstəkar, Qarabağ qazisi Vüqar Məmmədzadənin "Dəmir yumruq" əsəri müharibəni öz gözləri ilə görmüş bir əsgərin, bir vətəndaşın musiqi təfəkkürü ilə yaradılmış, Müzəffər Sərkərdənin "dəmir yumruğu" ətrafında sıx birləşən və qələbə qazanan ordumuzun igidlik dastanıdır.

 

Konsertin proqramında səslənən vokal-simfonik əsərlərdən Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın "Döyüş cəngisi" - tenor və simfonik orkestr üçün (söz: Ş.Musaoğlunun, solist - Əməkdar artist Ramil Qasımov) kompozisiyası xalqımızın döyüş ruhunu əks etdirir. Əsərin adında öz əksini tapmış qədim qəhrəmanlıq havası olan "Cəngi"yə uyğun olaraq, bəstəkar orkestrin tərkibinə zurna, nağara, dəf kimi milli çalğı alətlərini əlavə etmişdir ki, bu da səslənmədə qədim musiqi ənənələrinin canlandırılmasına rəvac verir. 

 

Gənc bəstəkar Tural Məmmədlinin "Zəfər müjdəsi" - tenor, zərb alətləri, bas gitara və simfonik orkestr üçün (söz. R.Məmmədli, solist - Xalq artisti Samir Cəfərov) əsəri hələ 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi vətənpərvərlik mahnı müsabiqəsində I yerə layiq görülmüşdür. Bu əsər müəllifin qələbəyə inamını, Vətənin sarsılmazlığına əminliyini tərənnüm edir.

 

Proqramda yer almış bir sıra ithaf əsərləri də qeyd etməliyik. Vətənpərvərlik mahnılarının müəllifi kimi tanınmış bəstəkar Azad Zahidin "Qalib sərkərdəsi Azərbaycanın!" kompozisiyası Ali Baş Komandan İlham Əliyevə həsr olunmuşdur (söz. A.Qurbani, tenor, xor  simfonik orkestr üçün, solist - Əməkdar artist Ramil Qasımov). Əməkdar artist Məmməd Cəfərovun "Poema"sı general Polad Həşimovun xatirəsinə yazılıb (söz: Nəsibə Yusifqızı). Bu əsərlərdə müasir qəhrəman obrazı böyük qürur hissi ilə tərənnüm olunmuşdur.

 

Xalq artisti Vasif Allahverdiyevin "Vətən torpağı" odası (söz. Maya Heydər qızının, solist - Əməkdar artist Anar Şuşalı). Ana yurdumuzun əzəmətini, mədəniyyətini, uca amallarını tərənnüm edir. Bu mövzunu özündə əks etdirən əsərlərdən Fərid Fətullayevin "Qədim torpaq" kantatasından ifa olunan III hissə (söz: Nəbi Xəzri, qiraətçi - Cəbrayıl Cəbrayılov) lirik ruhlu musiqisi ilə konsertə rəngarəng boyalar aşılayır. Nərminə Nağıyevanın "Qarabağa gedirəm" poemasında (söz: Ağa Savalan, solist - xanəndə Vüqar Əliyev) "Qarabağ şikəstəsi"nin səslənməsi Vətənin rəmzi kimi diqqəti cəlb edir. Rəna Qədimovanın "Azərbaycanım" mahnısı (söz: Yusif  Nəğməkarındır) özünəməxsus musiqi boyaları ilə Vətənimizin məğrur, qürurlu, lirik-dramatik hisslərlə zəngin obrazını yaradır.  

 

Marş səciyyəli əsərlərdə ordumuzun vətənpərvərlik, qələbə ruhu tərənnüm olunur. Bəstəkar Lalə Cəfərovanın "Zəfər marşı" (söz: Əhməd Elbrus, solist - Fəxri Kazım Nicat) bu qəbildəndir. Xalq artisti Aygün Səmədzadənin "Ey türk!" (söz: Əhməd Cavad, solist - Xalq artisti Teyyub Aslan) kompozisiyasında xalqımızın, eləcə də türk xalqlarının birliyi, yenilməz gücü, qüdrəti öz təcəssümünü tapır.

 

Xalq artisti Sərdar Fərəcovun "Azad Şuşa" odası (söz: müəllifin) Qarabağın mərkəzi Şuşa şəhərinin azad olunması ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin dilindən eşitdiyimiz qələbə xəbərindən doğan qürur hisslərini əks etdirir: "Əziz Şuşa, sən azadsan, biz qayıtmışıq". Uzun illər boyu həsrətində olduğumuz bu sözlər bəstəkarın yaradıcılıq təfəkküründə qədim mədəniyyət ocağı olan Şuşanın musiqi obrazını canlandırmağa, azad şəhərin yeni füsunkar surətini yaratmağa sövq etmişdir. 

 

Konsertin sonunda səslənən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz  Əlizadənin "Zəfər marşı" (söz: müəllifin) qələbəmizin himni kimi səslənərək, konsertə yekun vurdu. Əsərin ifasında üç kişi xorunun iştirakı ilə (Xor kapellasının, Opera teatrının, Azərbaycan Televiziya və Radiosunun xorunun) böyük sərkərdəmizə, ordumuza, türk oğullarına xitabən səslənən məğrur intonasiyalı nidalar, parlaq musiqi dili möhtəşəm səslənməsi ilə insanların qələbə sevincini, qələbə əzmini əks etdirir.

 

Konsertin proqramında diqqəti cəlb edən bir məqamı qeyd etmək istərdim ki, bu da nəsillərin varisliyidir. Ümumiyyətlə, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində mühüm əhəmiyyət kəsb edən bu cəhət sonuncu konsert proqramında da öz bariz əksini tapmışdır. Burada həm yaşlı nəslin, həm orta nəslin, həm də gənc nəslin nümayəndələri öz əsərləri ilə iştirak edirdi. Bu da əlamətdardır və bütün bəstəkar nəsillərinin yüksək peşəkarlığını, fəal işini, cəmiyyətdəki mövqeyini nümayiş etdirir.

 

Əslində, Qarabağ mövzusu Azərbaycan musiqi irsində zaman-zaman səslənərək, əbədi yer tutmuşdur. Milli musiqi irsində Qarabağa, Şuşaya həsr olunmuş nə qədər mahnılar yaranıb - "Qarabağın  maralı", "Qarabağın yollarına düşəydim", "Qarabağda  bir  dənəsən", "Şuşa  ceyranı", "Şuşanın  dağları";  "Qalalıyam, qalalı"... və "Qarabağ şikəstəsi"... Qarabağlı xanəndələrin yaradıcılıq məhsulu olan bu musiqi nümunələri bu gün də xalqın dilinin əzbəridir, bu diyarın ruhunu özündə yaşadır və onun gözəlliyini gələn nəsillərə çatdırır. Təsadüfi deyil ki, bu melodiyalar Qarabağın musiqi rəmzinə çevrilərək, bəstəkar əsərlərinə də hopub.

 

Eyni zamanda, Qarabağ - XX əsr boyu bəstəkar yaradıcılığında da tərənnüm olunub. Əşrəf  Abbasovun "Şuşa" simfonik  poeması, "Qarabağın  qızları" mahnısı, Süleyman Ələsgərovun "Şuşam", "Gözəl Şuşa" mahnıları, Cahangir Cahangirovun "Cənnətim  Qarabağ" mahnısı bu qəbildəndir və Qarabağın işıqlı dövranını tərənnüm edir. Otuz il əvvəl isə Qarabağın başının üstünü alan buludlar bəstəkar əsərlərinin ruhunu dəyişdi. Qarabağ mövzulu əsərlərdə hiddət, həyəcan, iztirab, kədər, qəlb ağrısı yer aldı. Vasif  Adıgözəlovun "Qarabağ  şikəstəsi", "Qəm  karvanı" oratoriyaları, "Natəvan" operası, "Şuşa  laylası" mahnısı, xor üçün "Çəkin  Qarabağdan  qara  əlləri", "Odlar  yurdu" əsərləri, Ramiz  Mustafayevin "Haqq  səninlədir,  Azərbaycan" vokal-simfonik  poeması, Sevda  İbrahimovanın "Qarabağnamə" - tar və simfonik orkestr üçün konserti, "Sənin  üçün  darıxıram  Şuşam" əsəri,  Firəngiz  Əlizadənin "İntizar" ("Qarabağnamə")  operası, Tofiq  Bakıxanovun "Qarabağ  harayı" simfoniyası və onlarla irili-xırdalı əsərlər meydana gəldi ki, bunlar bəstəkarların vətəndaşlıq mövqeyinin təzahürləri olub, onların düşmənə nifrətini, qələbəyə inamını əks etdirirdi. Və nəhayət, böyük zəfər əldə olundu,  bəstəkarlarımızın Zəfər müjdəli, qələbə ruhlu əsərləri yarandı. 44 günlük Qarabağ müharibəsinin ilk günlərindən başlayaraq, bəstəkarlarımız şanlı ordumuza yaratdıqları marşlarla, mahnılarla dəstək olmuş, onları bu haqq savaşında ruhlandırmağa çalışmışlar. Müzəffər baş komandanımızın, yenilməz ordumuzun zəfər yürüşü isə onları yeni, işıq saçan, qürur, mətanət, rəşadət dolu əsərlər yaratmağa ruhlandırmışdır. Bütün bunlar yaradıcı insanların Qələbə xəbərinə ilk reaksiyası, sənət qığılcımı olmuşdur. Və zaman keçdikcə bu əsərlərin sayı, həcmi artaraq, yəqin ki, daha böyük musiqi tablolarının yaranmasına təkan olacaq. Qarabağ zəfəri simfoniyalarda, oratoriyalarda, operalarda tərənnüm olunacaq. Qarabağ - musiqimizin əbədi mövzusu kimi, musiqi tariximizin səhifələrinə yazılan və yaranmaqda davam edən bəstəkar əsərlərində yaşayacaq.

 

 

Cəmilə HƏSƏNOVA

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, professor  

 

525-ci qəzet.- 2021.- 11 noyabr.- S.8.