Nizami Gəncəvi
yaradıcılığı Azərbaycan mühacirət
irsində
1920-ci illərdən başlayaraq mühacirətdə yaşamış Azərbaycan ziyalıları da Nizami irsi ilə bağlı ciddi araşdırmalar aparmışlar.
1934-cü ildə İstanbulda professor Ə.Cəfəroğlunun
redaktorluğu ilə nəşr edilən "Azərbaycan
Yurd Bilgisi" jurnalında azərbaycanlı mühacir Məhəmməd
Əli Rəsulzadənin (Rəsuloğlunun) "Gəncəli
Nizami" məqaləsi çap olundu. Qeyd edək
ki, o, həm də M.Ə.Rəsulzadənin doğma əmisi
oğludur.
Bu məqaləyə qədər Türkiyədəki tədqiqatlarda,
eləcə də Azərbaycandakı araşdırmalarda
böyük şair Nizaminin azərbaycanlı və türk mənşəli
olması əsaslı şəkildə elmi auditoriyaya təqdim
edilməmişdi.
Bu dövrdə Türkiyədə yeni islahatların
aparılması, Avropaya meyillik, farsdilli yazılardan
uzaqlaşmaq, İran yazarlarına çox da önəm verilməməsi
şərtlərini nəzərə alsaq, Nizaminin türk mənşəli
Azərbaycan şairi kimi M.Ə.Rəsulzadə tərəfindən
təqdim olunmasının əhəmiyyəti böyük
idi.
Bu dövrə qədər isə mühacirlərimizin nəşrlərində
və yazılarında Nizami mövzusuna ümumilikdə
toxunulmamışdı. Yalnız M.Ə.Rəsulzadə 1923-cü
ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti,
keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti"
kitabında, yenə eyni müəllifin 1928-ci ildə çap
olunan "Qafqasya türkləri" əsərində
Nizaminin adı qısa məlumatla verilmişdi.
M.Ə.Rəsulzadənin bu məqaləsində isə
Nizami yeni və maraqlı faktlarla oxuculara təqdim olunurdu. Müəllif
yazır ki, Nizaminin farslığını iddia edənlər
onun əcdadının Qum şəhərindən gəlməsi
ilə əlaqələndirirlər və başqa bir sübut
göstərə bilmirlər.
Müəllif əsaslandırır ki, bir şairin bir məmləkətdən
gəlməsi onun eyni millətdən olmasına səbəb
sayıla bilməz. Unudulmamalıdır ki, keçmişdən
Qum şəhərinin ətraflarında bir çox türk
tayfaları yerləşmişdir.
Müəllif yazır ki, Nizami "Leyli və Məcnun"
əsərinin müqəddiməsində verdiyi məlumatda
özünün türk olduğunu söyləməkdədir.
Bunu təsdiq edən fakt Şirvanşah Axsitanın
şairə məktub yazaraq "Leyli və Məcnun" hekayəsini
nəzmə çevirməyini istəməsidir.
M.Ə.Rəsulzadə
həmin məktubu farsca təqdim etdikdən sonra tərcüməsini
də oxuculara təqdim edir: "Leyli və Məcnun" hekayəsini
fars dili ilə bəzəndirməlisən.
Mənim o sözü (farsı)
tanıdığımı biliyorsan və sənin bu ifadə
esbabın (bacarığın) olduğunu da biliyorum. Bax, hekayəyi yazarkən türk sifətlik vəfa
deyil (türkə bənzəmək bizim üçün vəfasızlıqdır).
Türkcə qonuşmaq bizə yaraşmaz və
layiq deyildir. Yüksək sülalədən
doğan adama yüksək söz (qonuşmaq - dil)
lazımdır".
Müəllif qeyd edir ki, bu məktubda "Nizaminin farsca
yazmaqda bacarıqlı olduğu" məlumatı şairin
türk olduğunu göstərən ən mühüm sənəddir. Və
şahın "Leyli və Məcnun"u Nizaminin türkcə
yox, farsca yazmasını israr etməsi şairin türkcəni
yaxşı bildiyini, əsəri türkcə yazmaq niyyətində
olduğunu da göstərir. Əks halda
şah əsərin farsca yazılmasını da
vurğulamazdı".
Müəllifin əsaslandırmasına görə, bu,
həm də sübut edir ki, Nizaminin yaşadığı
dövrdə türk dili üstün mövqedə
olmuşdur. Buna uyğun olaraq Şirvanşah Axsitanın məqsədi
Nizaminin qələminin gücü ilə farsca əsərlər
yaradıb, türk dilinin geniş yayılmasının
qarşısını almaq idi.
Məqalə
müəllifin bu qənaəti ilə yekunlaşır:
"Bizcə isə, gəncəli olan şair heç bir
mübaliğəyə meydan verməmək üzrə ancaq və
ancaq türk olmuşdur. İrəlidə bir gün şairə
aid əldə ediləcək türkcə şeirlər
parçası bizim bu fikrimizi təyid (qüvvətləndirəcəkdir)
edəcəkdir, qənaətindəyim".
Qeyd edək
ki, Azərbaycanın görkəmli dövlət xadimi
M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə
yanaşı, onun zəngin, lakin az öyrənilmiş
ədəbi-bədii və tərcümə əsərləri
irsi vardır. Bu faktı qeyd etməkdə məqsədimiz
M.Ə.Rəsulzadənin sonralar Azərbaycan şairi N.Gəncəvi
yaradıcılığı ilə əlaqəli
araşdırmalarının təsadüfi
olmadığını göstərməkdir.
M.Ə.Rəsulzadə irsində N.Gəncəvi ilə
bağlı ilk məlumatları 1920-ci illərdə əldə
etmək mümkündür.
M.Ə.Rəsulzadə
1923-cü ildə nəşr etdirdiyi "Azərbaycan
Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və
şimdiki vəziyyəti" ("Azərbaycan Cümhuriyyəti:
yaranması və formalaşması") kitabında,
"Ədəbi və milli intibah" bölümündə
Nizaminin Azərbaycan şairi olduğunu belə ifadə edirdi:
"Bu türklər Azərbaycanı ikiyə bölən
Araz çayının iki tərəfində yaşayıb və
qismən İrana bu və ya bu surətlə bağlı
müstəqil bir halda yaşadıqları zaman məhkum bir
millət deyil, hakim olaraq yaşayırlardı. Çünki əsrlərdən
bəri İranın hakim sinfini türklər təşkil
edirdi...
Fars ədəbiyyatına
Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş
edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək
təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul
elədiyi Sədi dili qarşısında əriyib
özündən keçmiş, türk ilə türkcəyə
xor baxmışlardı".
M.Ə.Rəsulzadənin bu təqdimatında Nizami Azərbaycan
şairi, türk şairi kimi təqdim olunur.
1928-ci ildə İstanbulda "Türk Ocaqları"
İdarə Heyəti heyəti tərəfindən Yusif
Akçuranın topladığı yazılar əsasında
və onun da redaktorluğu ilə "Türk ili" məcmuəsi
nəşr edilir. Bu məcmuədə M.Ə.Rəsulzadənin
böyük əhəmiyyət kəsb edən "Qafqaz
türkləri" əsəri də çap olunur.
M.Ə.Rəsulzadə
bu əsərində də tanınmış Azərbaycan
ziyalılarının fars dilində
yazması probleminə toxunur, A.Bakıxanovun
"Gülüstani-İrəm"ini, M.F.Axundovun əsərlərinin
bir qismini farsca yazdığını qeyd edir.
1936-cı ildə M.Ə.Rəsulzadə Almaniyada, Berlində
"Çağdaş Azərbaycan ədəbiyyatı"
kitabını Türkiyə türkcəsində, rus dilində
isə Parisdə çap etdirir.
M.Ə.Rəsulzadə bu araşdırmalarında
görkəmli Azərbaycan şair və
yazıçıları olan M.Füzuli, Ş.İ.Xətai,
M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev,
M.Ə.Sabir, M.Hadi, H.Cavid, C.Məmmədquluzadə və digərləri
haqqında bilgilər vermişdir. Burada Sovet rejimində
yaşayan C.Cabbarlını, Ə.Abidin
yaradıcılığını əhatə edən məlumatlar
vardır.
1941-ci ilin 10 avqustunda Nizami Gəncəviyə həsr
etdiyi "Azərbaycan şairi Nizami" əsərini
tamamlayır.
M.Ə.Rəsulzadə
Türkiyəyə getdikdən az müddət
sonra Nizami haqqında araşdırmasını 1949-cu ildə
nəşr olunmaq üçün Milli Təhsil Nazirliyinə
təqdim etmişdi. Lakin əsərdə
rusların əleyhinə ifadələr olduğu müəllifə
irad bildirilmişdi. Əsərin nəşrinin
bu ifadələrin çıxılmasından sonra
mümkün olacağı söylənilmiş, lakin M.Ə.Rəsulzadə
bununla razılaşmamışdı.
Qeyd edək ki, Nizami haqqında olan kitabın nəşri
Cümhuriyyət Xalq Partiyasının hakimiyyətdə
olduğu 1950-ci ilə qədərki dönəmdə
mümkün olmadı. O dövrdə milli təhsil naziri (milli eyitim bakanı)
Həsən Təhsin Banguoğlu idi (ondan əvvəl isə
1938-1946-cı illərdə Həsən Əli Yücəl
milli təhsil naziri olmuşdu). Həsən
Əli Yücəl sonradan "Cümhuriyyət" qəzetində
M.Ə.Rəsulzadə haqqında bir məqalə də
yazmışdı.
1950-ci ildə Türkiyədə baş verən iqtidar dəyişikliyinin
ilk dövrlərində də kitab nəşr edilmədi. Çünki
Demokrat Partiyasından olan ilk təhsil naziri Hüseyin Avni
Basman CHP meyilli bir şəxs idi. O, qısa müddətdən
sonra istefa verdi (onun nazir olduğu müddət
yalnız iki ay davam etdi). Onun yerinə təyin
olunan Tofviq İlərinin nazir işlədiyi zamanda M.Rəsulzadənin
"Azərbaycan şairi Nizami" kitabı Nazirliyin nəşri
olaraq 1951-ci ildə çap edildi.
M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında
araşdırması yalnız Şərq, Türk, Azərbaycan
ədəbiyyatı tarixində deyil, ümumilikdə bəşər
mədəniyyəti sistemində maraqlı bir hadisə idi. M.Ə.Rəsulzadənin
bu tədqiqatında Azərbaycan şairi Nizami
yaradıcılığının ümuminsanlığa,
ayrı-ayrı xalqların inkişafına gərək olan dəyərlərindən
danışılır və ciddi faktlar təqdim edilirdi.
M.Ə.Rəsulzadə bu əhəmiyyətli
araşdırmasında Nizamini Azərbaycanın böyük
şəxsiyyəti, fəxri olaraq dəyərləndirirdi.
M.Ə.Rəsulzadənin
kitabı "Müəllifdən",
"Başlanğıc"dan, dörd bölümdən,
"Əlavələr"dən, "Biblioqrafiya"dan,
"Nizamidən mətnlər"dən, "İndeks"dən,
"Mətn xarici rəsmlər"dən ibarətdir.
Kitabın
başlanğıcında M.Ə.Rəsulzadənin əsas
mövqeyi ilə tanış olmaq
mümkündür: "Nizami - Azərbaycan şairi",
"Unudulmuş Nizami", "Nizamiyə qarşı
borcumuz".
Müəllifin seçdiyi bu başlıqlar, əslində,
narahatlıq doğuran həm də
çağırışlardır, yəni oxucunu
maraqlandırmaq, onun diqqətini Nizami şəxsiyyətinə
yönəltmək.
Mühacirətdə yaşayan görkəmli tədqiqatçı,
İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun
da ilkin dövrdəki tədqiqatlarında Nizami
yaradıcılığına toxunulur. Əslən Gəncədən
olan, Bakı Dövlət Universitetində bir müddət təhsil
almış, sonradan Almaniyada təhsilini davam etdirmiş
Ə.Cəfəroğlu baş redaktoru olduğu "Azərbaycan
Yurd Bilgisi" jurnalında çox dəyərli yazılar
çap etdirsə də, Nizami
yaradıcılığından araşdırmasına rast gəlmək
olmur.
1952-ci ildə Ankarada "Xalq Evi"ndə keçirilən
bir konfransda Ə.Cəfəroğlu "Azərbaycan dil və
ədəbiyyatının dönüm nöqtələri"
mövzusunda çıxış edir və N.Gəncəvi
irsinə münasibət bildirir.
Ə.Cəfəroğlu
Nizaminin əsərlərində qoyulan problemlərə
toxunaraq yazır: "Ölkəsinə, onun acıqlı və
sıcaq həyat dəmlərinə, elmin tarixinə bu qədər
sədaqət göstərən Nizami nasıl olur da kəndi
ana dilinə heç bir bağlılıq göstərməmiş
olsun?! Buna imkan varmıdır? Maaləsəf, əlimizdəki əsərləri
indilik bu böyük ustadın bu cəbhəsində
ehtiyatlı olmamızı icab etdirməkdədir".
Ə.Cəfəroğlunun Nizami yaradıcılığına diqqət etdiyi digər əsəri "Türk qövmləri" adlanır. O, bu əsərini 1968-ci ildə nəşr etdirmişdir. Əsərin "Azərbaycan türkləri" adlanan "Üçüncü bölümü"ndə Nizamiyə aid məlumatlar çox da geniş deyildir.
Türkiyənin tanınmış professoru Əhməd Atəş 1954-cü ildə "Azərbaycan Yurd Bilgisi" jurnalında "Biblioqrafiya" məqaləsini nəşr etdirdi. Bu məqalədə M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsəri ciddi təhlil edilmişdi.
Mühacirət irsində Nizami yaradıcılığı ilə bağlı ilk məqaləni yazan xanım Fatma İlgazdır. Bu xanımın şəxsiyyəti ilə bağlı axtarışlarımız ciddi nəticələr verməsə də, onun böyük şair haqqında məqalə yazan ilk qadın araşdırıcı olması faktı əhmiyyətlidir.
F.İlgazın "Nizami Gəncəvi" adlı məqaləsi 1968-ci ildə G.Göygölün redaktorluğu ilə nəşr edilən "Mücahid" jurnalında çap olunub. Məqalə böyük həcmli deyildir, lakin Nizami yaradıcılığına böyük diqqətlə yazılıb.
F.İlgaz məqaləsini belə başlayır: "Azərbaycanın İslam mədəniyyətindəki rolu, hizməti böyükdür. Ədəbiyyat aləmində Nizami, Füzuli kimi böyük isimlər bunu isbata kafidir".
F.İlgaz məqaləsində Nizamini sadəcə böyük şair deyil, xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid adlandırır.
Qeyd edək ki, Azərbaycan
mühacirət irsinin öyrənilməsindən də aydın
olur ki, N.Gəncəvi yaradıcılığının
araşdırılmayan sahələri vardır və gələcəkdə
tədqiqatçıların yeni əsərlər
ortalığa qoyması mümkündür.
Nəsiman
YAQUBLU
tarix
elmləri doktoru
525-ci qəzet.- 2021.- 12 noyabr.- S.14.