"Pro", yoxsa "contra"?!

 

Yazının sərlövhəsi F.M.Dostoyevskinin "Karamazov qardaşları" romanından götürülüb

 

Son vaxtlar tez-tez məndən soruşurlar ki, yazılarındakı bu retro havası, daha çox dünənə, "köhnə" əsərlərə maraq nədən qaynaqlanır? Nə üçün sən də hamı kimi çağdaş  ədəbi-bədii proseslərdən ilhamlanıb, dəbdə olan mövzulara girişib müasir dövrün yazarı (Məşədi İbad demişkən, "obrozovolskisi" - Ə. H.) imici qazanmağı arzulamırsan?

 

İndi Zülümov demişkən, hamıya  birdən cavab vermək istəyirəm.

 

Əvvəla, yazmalı olsam, əlbəttə ki, cavan-yaşlı dəyərli simaları, onların yaratdıqları dəyərli əsərləri çıxmaq şərti ilə daha çox  konyunktura, spekulyasiya üzərində qurulmuş psevdoədəbiyyatdan, psevdosənətdən yazmalıyam. Hər halda əksər TV kanallarının, ədəbiyyat və mədəniyyət saytlarının, mətbuat orqanlarının "ədəbi-mədəni siyasəti" başqa cür düşünməyə əl yeri qoymur. Bu gün əlinə qələm alan şəxslərin, film çəkən rejissorların, təlxəklikdən başqa heç nə bacarmayan aktyorların, musiqimizi aparıb yad  ənənələrin "quyruğuna" bağlayan müğənnilərin, bəstəkarların əksəriyyəti yeni ədəbiyyatın, yeni musiqinin, yeni kinonun məhz onlardan başlaması xülyasında məst olub çox vaxt klassiklərimiz barəsində ağızlarına gələni danışırlar və onlar üçün belə bir imkan yarandığı mühitdə mənim bu proseslərə protestim ən yaxşı halda Don Kixotun "sayıqlamalarından" o yana keçməyəcək.

 

İkincisi və ən başlıcası, biz tam əminikmi ki, dünənimizin ədəbi, mədəni təcrübəsi, klassik ədəbi irsimiz, klassik musiqimiz, estrada sənətimiz, mahnı və rəqs ifaçılığımız düzgün təhlil olunub, bu cür çoxsahəli, zəngin irs öz obyektiv qiymətini alıb?

 

Şəxsən mən buna əmin deyiləm, çünki hələ ötən əsrin 60-cı illərindən etibarən Azərbaycandan kənarda sənət, ədəbiyyat dövrün tələblərinə uyğun yeni elmi, estetik meyarlarla araşdırılarkən bizim bəzi ədəbiyyatşünaslar mərhum Arif Əmrahoğlunun təbirincə desək, yazıçılarımızın əlinə qırmanc verib sinfi düşmənləri qırmanclatmaqla məşğul idilər və belə bir illüziya yaradırdılar ki, sənətkarın yeganə missiyası elə budur.

 

Ədəbiyyat dərsliklərində guya sinfi ziddiyyətləri görüb öz əsərlərində əks etdirməmələrinə görə Nizaminin, Füzulinin, Q.Zakirin, M.F.Axundovun, H.Cavidin... dünyagörüşlərinin məhdudluğu barədə yazılan düşük abzasları xatırlayırsınızmı? O vaxtlar fərqinə varılmırdı ki, bizlər belə sarsaq təhlil metodunu "təkmilləşdirməklə" məşğul olanda, folklorşünaslarımız hətta bayatılarda belə ictimai-siyasi motivlər axtaranda, yaxud Q.Qarayev başıbəlalı simfoniyalarında "mücərrədliyə, formalizmə yuvarlandığına" görə "döyüləndə", Vaqif Mustafazadə "muğamlarımızı aparıb cazın quyruğuna bağladığına" görə söyüləndə, S.Bəhlulzadə "realizmə arxa çevirib burjua cərəyanlarına meyl etdiyinə görə" qınananda V.Proppun 28 yaşında yazdığı "Sehirli nağılın morfologiyası"  kitabı müxtəlif dillərə tərcümə olunub L.Stross kimi dilçiləri sözün yaxşı mənasında heyrətləndirir və təəccübləndirirdi; bədii əsərə yanaşmanın, onun təhlilinin yeni elmi-nəzəri metodlarını əks etdirən nəzəriyyələr artıq dünya estetik fikrində ön mövqelərə keçmişdi; S.Bəhlulzadənin əsərlərindən birinin Bakıdakı ucuz restoranın divarını bəzədiyini görən Qərb sənətşünaslarından biri "Bu əsər dünyanın ən məşhur muzeylərini bəzəməlidir" - deyib təəccübdən az qala ağlını itirmək dərəcəsinə çatmışdı.

 

Məgər 26 yaşında dünya simfonik musiqisində inqilab edən, təkəbbürlü Qərb musiqişünaslarını Şərq musiqi təfəkkürü barədə söylədikləri bəsit fikirlərə düzəliş etmək zorunda qoyan F.Əmirovun, dirijorluq sənətini estetik hadisəyə çevirib onu xoreoqrafiya (!), heykəltəraşlıq (!), aktyorluq (!), rəssamlıq (!) sənətləri ilə sintez edən maestro Niyazinin yaradıcılığını layiqincə tədqiq etmişikmi? Birmənalı şəkildə deyirəm ki, yox! "Torpağına bağlı sənətkar, "Əsərləri xalq yaradıcılığı bulağından su içən bəstəkar" və bu kimi digər dişsiz ifadələrin, köhnə bayatıların sənətə nə dəxli var axı?

Sözümün canı budur ki, elmi-nəzəri fikrimizi dünya ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin qabaqcıl təmayüllərinə kökləməsək, estetik fikrimiz nadanlıq girdabından xilas olmasa, bizlər öz dahilərimizin əsl qiymətini verə bilməyəcək, "ustalıqla yazmışdır", "məharətlə əks etdirmişdir", "incəliklərinə varmışdır"  kimi mənasız ibarələri saqqız kimi çeynəyəməyimizə davam edəcək, bəzi cavan "ədiblərimiz" isə Mirzə Cəlili, Sabiri millətin natamamlıq kompleksinin tərənnümçüsü kimi inkar etmələrində, Axundovu "rus casusu" adlandırmalarında, bir-iki partiya şeiri yazan Sovet dövrü şairlərini satqınlıqda suçlamaqlarında olacaqlar.

 

Mən klassik mühafizəkar deyiləm və müasir dünya ilə ayaqlaşmağın zəruriliyini də yaxşı dərk edirəm. Amma bu, artıq çıxdaş olmuş dəyərlərin ardınca qaçmaq deyil axı! Bizdən tələb olunan sənətə, yaradıcılığa yeni rakurslardan yanaşmaq, bunu daha effektiv metodlarla qiymətləndirmək bacarığıdır. Xüsusilə qloballaşma adı altında xalqların milli yaddaşının yuyulmasına, sənətin sərhədlərinin genişləndirilməsi bəhanəsi ilə onu öz stixiyasından uzaqlaşdırıb siyasi təbliğat, ideoloji təzyiq vasitəsinə çevrilməsinə yönəli oyunların getdiyi indiki dövrdə bu məsələ xüsusilə aktualdır. Ağına-bozuna baxmadan Qərbin ardınca sürünmək yox, yaxşı mənada Qərbin diqqətini Azərbaycana yönəltməyə çalışmaq lazımdır. Yaxın keçmişimizdə bunu bacaran sənətkarlarımız olub axı.

 

Son vaxtlar Azərbaycan ədəbiyyatında, incəsənətində postmodernizm mifi ətrafında yeni bir ajiotaj yaranıb. Yerindən duran posmodernist görünmək istəyir. Guya sənətin, yaradıcılığın yeganə meyarı bundadır. Bu anlayışın mənasının heç onda birini anlamayanlar belə moda xatirinə postmodernist rolu oynamaq istəyir, "bizə qədərki irsə hücum!" şüarı ilə silahlanıb "yeni" ədəbiyyat yaratmaq eşqi ilə çabalayırlar. Bəs dedikləri, etdikləri nədir? Sən demə, postmodernist olmaq bütün janrları, bir-biri ilə əlaqəsi olmayan mövzuları, indiyə kimi yaradılmış əsərləri bir qazana töküb qarışdırmaq imiş - alınan horra olacaq postmodernist əsər. Postmodernizmi bu cür nadancasına anlamağın nəticəsidir ki, ədəbiyyatımızın bir çox şah əsərləri dönüb məsxərə, istehza predmetinə və bu qıy-qışqırıqda əsl posmodernistlərin səsi zorla eşidilir.

 

Yaxşı ki dünya ədəbiyyatında, incəsənətində gedən proseslərin işıqlı və kölgəli cəhətlərini dərindən bilən Elçin, Anar, Kamal Abdulla kimi söz ustalarımız, Niyazi Mehdi kimi filosofumuz, Rüstəm Kamal, Məti Osmanoğlu, Elnarə Akimova, Əsəd Cahangir... kimi ədəbiyyatşünaslarımız, İlqar Fəhmi kimi cavan yazıçımız, onların ortaya qoyduğu əsərlər, dedikləri söz var, yoxsa...

 

Postmodernizm dəbə minəndən sonra bizim də bəzi adəbiyyat nəzəriyyəçiləri bu anlayışın mənasını açmaq, onun nəyi bildirdiyini incələmək üçün adda-budda yazılar yazdılar. Amma şəxsən mənim fikrimcə, həmin yazılardan çıxış edib bu cərəyanın ədəbi-estetik mahiyyəti, onun meydana gəlməsini zərurətə çevirən amillər barədə dolğun təsəvvür əldə etmək olmur. Çünki məsələyə elmi-nəzəri müstəvidə yox, hər kəsin öz şəxsi zövqü (zövqsüzlüyü desək, daha doğru olar)  kontekstində baxılır. Ən qəliz məsələ isə klassik irsə, indiyədək yaranan əsərlərə - istər bədii ədəbiyyatda, istərsə də incəsənətin müxtəlif sahələrində olsun - münasibətin hansı prinsiplərlə qurulmasının məntiqi ilə bağlıdır. Dəqiq elmi-nəzəri meyara əsaslanan araşdırmalar olmadığına görə bu problem bir növ özfəaliyyət zövqü, səriştəsi ilə çözülür, klassik irsin inkarı, mütləq dekonstruksiyası kimi yanlış təsəvvürlərə yol açılır, unudulur ki, dəqiq konturları olmayan formalar, janrları bir forma daxilində əritmək əslində formasızlıq (!), əlaqəsiz mövzuları mexaniki şəkildə bir-birinə calamaq - predmetsizlik deməkdir və belə anormal hallar heç bir vəchlə yeni ədəbiyyatın yaranmasının şərti ola bilməz. Postmodernizmi yalnız forma əlamətlərində, planında axtarmaq, süjet dağınıqlığını, sistemsizliyini və məntiqsizliyini yenilik kimi qələmə vermək cahillikdən başqa bir şey deyil, çünki posmedernizm forma yox, təfəkkür, düşüncə hadisəsidir, sənətkarla reallıq arasındakı münasibətlərin xarakterini şərtləndirən, dəqiq kriteriyalara söykənən ədəbi-bədii hadisədir və ən əsası, onun strateji niyyəti klassik irsin inkarı, məsxərəyə qoyulması yox, onunla yaradıcı dialoq üzərində qurulub. Məqsəd o deyil ki, biz köhnə irsi guya yeniliyə aparan yoldakı əngəl kimi zərərsizləşdirək, köhnə janrları gərəksiz formalar, süjet-kompozisiya elementlərini lazımsız ünsürlər kimi ədəbi təcrübədən süpürüb ataq. Məqsəd odur ki, bütün bu elementlərə yeni estetik düşüncə müstəvisində, yeni rakurslardan baxaq, reallaşmamış imkanları üzə çıxaraq, əvvəlki əsərlərin necə deyərlər, tərs üzünü çevirib möhkəmliyini yoxlayaq, ənənəvi mövzulara alternativ yanaşma sərgiləyib tanış qəhrəmanları, mövzuları, süjetləri başqa qiyafədə "dirildək".

 

Bizdə dekonstruksiya anlayışı da çox vaxt düzgün yozulmur, bu,  əvvəlki strukturun tamamilə dağıdılması və yenidən, necə gəldi yığılması kimi başa düşülür, sistemsizlik, dağınıqlıq, süjetdə "labirint" effekti dekonstruksiyanın xaraktetik xüsusiyyətləri kimi qələmə verilir. Halbuki dekonstruksiya da dəqiq məqsədə xidmət etməli, auditoriyaya yeni bədii informasiya ötürmək vasitəsinə çevrilməlidir. Mən ötən yazılarımın birində İlqar Fəhminin  "Koroğlu" dastanının dekonstruksiyası üzərində qurduğu romanları barədə fikirlərimi qismən bölüşmüşdüm. Onları təkrar etmək istəmirəm, sadəcə əlavə edim ki, Koroğlunun mifləşmiş (və real insana oxşamayan) obrazını dastan xronptopundan ayırıb real həyata, adi insani münasibətlər dairəsinə gətirməsi İlqara bir tərifdən Koroğlunu güclü və zəif cəhətləri ilə bir yerdə təbii həyat stixiyasında təsvir etmək və beləliklə, onu bizə yaxınlaşdırmaq, digər tərəfdən isə nəsrimizdə ilk tarixi detektivlər yaratmaq imkanı verdi.

 

Bu yazını da yazıçının daha bir maraqlı əsəri - "Müsibəti-Fəxrəddin, yaxud hər şey tərsinə" pyesi haqında fikirlərimi bölüşməklə tamamlamaq istəyirəm.

 

Bu pyes adından da göründüyü kimi, N.Vəzirovun məşhur faciəsinin tərs perspektiv üsulu ilə dekonstruksiyası üzərində qurulub, yəni İlqar əsəri bir növ söküb, onun süjetini tamam başqa nizamda - əvvəlki nizama tərs proyeksiya üsulu ilə yığmaqla Qərbdə təhsil alıb öz vətənlərinə qayıdan gənc ziyalılarla yerli əhalinin həyat tərzi, davranış mədəniyyəti arasındakı qarşıdurma mövzusuna N.Vəzirovdan fərqli  tamam ayrı bir baxış sərgiləyib. N.Vəzirovun təqdimatında təhsil alaraq kamilləşən, mütərəqqi ideyalarla silahlanıb öz kəndlərinə də yeniliklər etmək istəyən Fəxrəddinlər cəhalətin qurbanı olur. İlqar isə valın o biri üzünü çevirir, Fəxrəddinləri cəhalətin yox, məhz yad məmləkətlərdə yiyələndikləri və öz xalqının mentalitetinə yabançı olan yad əxlaqın, davranış tərzinin qurbanı kimi yaradır. Müəllifin maraqlı, intriqalı süjet, dialoqlar qurmaq, personajların psixologiyasını, ruhi aləmini dərindən əks etdirmək bacarığı bu pyesdə də diqqəti cəlb edir. Lakin ən maraqlısı İlqarın uzun illər Azərbaycan ədəbiyyatşünaslığında hökm sürən "cəhaət-tərəqqi" qarşıdurması paradiqmasına yeni rakursdan baxıb onun çatdırdığı məna yükünün alt qatlarında olanları üzə çıxarmasında, yəni bu düşüncə tərzinin əvvəlki kimi ideoloji yox, mənəvi-əxlaqi tərəflərini kəşf etməsindədir. "Nə üçün biz kənardan gələn hər şeyi ağına-bozuna baxmadan tərəqqi, inkişaf göstəricisi kimi dərhal qəbul etməli, əsrlər boyu formalaşan mənəvi-əxlaqi dəyərlərimizi onlara qurban verməliyik?" - öz dostunun - Fəxrəddinin ailə namusuna məhz Avropasayağı təcavüz etdiyinə görə yaxın qohumu İskəndərin qətlinə fərman verən ağsaqqalın söylədiklərinin məzmununu əks etdirən bu sözlər elə bu gün də aktual səslənmirmi?..  

 

 

Əlisəfdər Hüseynov

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.13.