Fərəc Fərəcovun ədəbi yaradıcılıq dünyası

 

Azərbaycan ədəbi-bədii yaradıcılıq məkanında Fərəc Fərəcovun özünə məxsus yeri var. Akademik İsa Həbibbəylinin belə bir fikri mənim gəldiyim bu qənaəti dəqiq təsdiqləyir: "Bədii publisistik yaradıcılıq fəaliyyəti Fərəc Fərəcovun taleyi tərcümeyi-halıdır". Akademikin bu qənaətə gəlməsi iki mühüm fakta söykənir: birincisi, İsa Həbibbəyli kimi ədəbiyyata, publisistikaya elmi istiqamətdən ustad alim münasibətində olan bir insan Fərəc Fərəcovu hələ Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında bir kursda oxuduqları zamandan tanıması; ikincisi, onun elə bu çağdan başlayan yaradıcılığına bir dost kimi yaxından bələd olması!

 

Doğrusu, məni Fərəc müəllimə yaxınlaşdıran onun yaradıcılığına ayrıca diqqət çəkməyimə akademik İsa Həbibbəylinin daha bir fikri sövq etdi: Fərəc Fərəcov "ictimai-ədəbi mühitdə qazandığı uğurlara görə bədii-publisist yazıları ilə qazandığı imicə borcludur". Fərəc müəllimlə ilk tanışlığımızdan sonra biz bir-birimizlə kitab mübadilələri etməyə başladıq. Amma bu işdə Fərəc müəllim daha etibarlı oldu. İndi mənim yazı masamın üstündə onun illər öncə mənə hədiyyə etdiyi neçə-neçə kitabı var. Bu kitablar içərisində onun publisistikasını ifadə edən "Yayçı soyqırımı", "Sənət məbədinin sənətçiləri", "Jurnalist" kimi bir neçə əsəri var. Bu kitablara, kitablardakı tematikaya baxıram hiss edirəm ki, Fərəc müəllimin bədii yaradıcılığındakı tematika zənginliyi onun publisist kimi fəaliyyətindən qaynaqlanır. Ümummilli liderimiz Heydər Əliyevin Vətənə olan sevgisinə həsr etdiyi "Sən olmasaydın" əsərinin özü nəinki onun müəllifinə, hətta yaradıcı oxucuya da maraqlı mövzular verir.

 

Fərəc müəllimin "Müstəqillik yollarında", "Elə bağlıyam", "Hekayələr", "Cavabsız sevgi", "Ömür bir nağıldır", "Aydın sabahlar" s. bədii əsərlərini təqdim edən kitablarının hər birindəki Vətənə bağlılıq, 30 illik torpaq həsrətimizin ifadəsi, bu həsrətin bir gün sona yetəcəyinə ümid motivləri həm yüksək bədii tapıntılarla qələmə alınmışdı.

 

 

 

Mən bu kitabların hamısının zaman-zaman oxucusu olmuşam haçansa o kitablardakı yaradıcılığı ümumiləşdirib ciddi bir yazı ortaya qoymaq keçirdi fikirimdən. Belə bir yazının formatı haqqında düşündüyüm günlərdə əlimə bir kitab düşdü: filologiya elmləri doktoru Salidə Şərifovanın "Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi bədii xüsusiyyətləri". Elə kitabın adındaca Salidə xanımın bir filoloq-alim, tədqiqatçı kimi Fərəc müəllimin yaradıcılığına polifonik-çoxistiqamətli cəhətdən yanaşdığı aydın olur. Elə tədqiqatın mündəricatında da birinci fəsil Fərəc Fərəcovun publisist yaradıcılığına aiddir.

 

Hər şeydən əvvəl akademik İsa Həbibbəylinin bu kitaba yazdığı giriş sözünün səmimiliyini qeyd etmək istərdim. İsa Həbibbəyli bu giriş sozündə Fərəc müəllimlə hələ tələbəlik illərindən dost olduqlarını, onun ədəbi-bədii yaradıcılığa hardan, haçan başladığını, bu sahədə uğurlarının necə meydana çıxdığını, hətta ictimai, rəsmi əmək fəaliyyətini qələmə alır. Bu kitabın ideyasını da Salidə xanıma özü verdiyini qeyd edir. İdeyanı İsa müəllim özü verir. Amma ideya hər şey deyil axı! Akademik kitaba giriş sözündə Salidə Şərifovanın ən azı bu kitabdakı elmi bacarığını yüksək qiymətləndirir elə bu giriş sözündəcə elmi düşüncə sahiblərini əsərə istiqamətləndirir.

 

Fərəc Fərəcovun yaradıcılıq dünyasını bütün istiqamətləri ilə işıqlandıran bu kitab beş mühüm fəsildən ibarətdir.

 

Tədqiqatın birinci fəsli, doğru olaraq, Fərəc müəllimin publisistikasından bəhs edir. Ona görə doğru hesab edirəm ki, Fərəc Fərəcov yaradıcılığa məhz publisistika ilə başlamış indi bu sahəni vacib bir yaradıcılıq istiqaməti kimi fəal şəkildə davam etdirir. Burada ilk növbədə Fərəc Fərəcovun bədii publisistikası, daha sonra elmi publisistikası araşdırılır. Salidə Şərifova yazıçı-jurnalistin "Sən olmasaydın", "Çətin günlərdə", "Tanrı istəyi, tanrı qisməti", "Zaman ötdükcə gözümüzdə ucalan dahi" daha bir neçə kitabında Heydər Əliyevin, Prezident İlham Əliyevin Vətən, dövlətçilik, xalq qarşısındakı xidmətlərini təhlil edir. Tədqiqatçı bu əsərlərdəki publisistikanı həm ona görə elmi publisistika kimi qiymətləndirir ki, həmin əsərlərdə qoyulan mövzu tarix, zaman müasirlik qovuşağında rəhbər gücünün, bu iradənin inkişafa, dövlətçiliyə tətbiqində elmi baxışa istiqamətləndiyini nəzərdə tutur.

 

Əsərin ikinci fəsli Fərəc Fərəcov nəsrinin problematikası, janr müxtəlifliyi digər bədii xüsusiyyətlərini araşdırır. Burada yazıçının hekayə, esse, povest, iri formatlı janrlar, avtobioqrafik faktların təxəyyüllə uzlaşması kimi maraqlı elmi yanaşmalar var. Mən əsərin bu məqamlarında yazıçının "Aydın sabahlar", "Ömür bir nağıldır" kimi əsərlərinə - romanlarına diqqət çəkmək istərdim. Tədqiqatçının yüksək qiymətləndirdiyi bu romanlardan birinin həmin əsərin kitab formatında nəşrindən dərhal sonra - 2014-cü ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyindəki  təqdimatını xatırlayıram. Bu təqdimatda şairlər Adil Cəmil, Qulu Ağsəs, yazıçılardan Elçin Hüseynbəyli, Mustafa Çəmənli başqalarının səmimi sözləri, ədibin əsərlərinə dəqiq qiymətləri indinin özündə yadımdadır. Elçin Hüseynbəylinin fikrincə, Fərəc Fərəcovun hekayələrindən Əbdürrəhim bəyin, Mirzə Cəlilin ətri gəlir. Qulu Ağasəsin fikrincə, Fərəc müəllim sözə nəzakətlə, yüksək mədəniyyətlə yanaşır. Mustafa Çəmənli üzünü "Ömür bir nağıldır" romanının müəllifinə tutaraq "kitabınızın hər sətrində səmimiyyət gördüm" - deyir.

 

Mən müasir Azərbaycan ədəbiyyatında özünü çoxdan təsdiqləmiş bu şair yazıçıların sözlərini niyə misal gətirdim? Çünki haqqında söhbət açdığım kitabın müəllifi Salidə Şərifova bütün araşdırması boyunca Fərəc Fərəcovu məhz bu aspektlərdən qiymətləndirmişdir.

 

Əsərin üçüncü fəslində Fərəc Fərəcovun poeziya yaradıcılığı ətrafında təhlillər gedir və ədibin kiçik poetik formalardakı əsərləri, poema yaradıcılığı, sərbəst şeirdəki nümunələri kimi faktlar qabardılır. Araşdırmada belə bir məsələ xüsusi qoyulur ki, Fərəc Fərəcov istər publisistikasında, istər nəsrində, istərsə də poeziyasında həmişə aktual mövzuları qələmə alır. Və həm də belə bir cəhət vurğulanır ki, ədibin əsərlərinin hamısında onun öz obrazı da aydın görünməkdədir. Bu mənada Salidə xanımın Fərəc müəllimin "Müstəqillik yollarında" poemasına elmi yanaşmasından bir misal: "Həm heca vəznində, həm də sərbəst şeir formasında qələmə alınmış "Müstəqillik yollarında" poemasında qəhrəmanın keçirdiyi hiss və həyəcanlar, onun iştirak etdiyi hadisələr təsvir edilmişdir. Poemada həyat hadisələrinin doğurduğu hiss və duyğuların ifadə edilməsilə bərabər, əsərin mətnində müəllifin məxsus olduğu xalqın kosmologiyasının əks etdirilməsi də diqqəti cəlb edir". Müəllif öz təhlillərində əsərdəki belə bir məsələyə diqqəti cəlb edir ki, poema Cümhuriyyətin yaranma tarixi, müstəqilliyin keçdiyi yollar və nəhayət, Heydər Əliyevin yeni müstəqilliyimiz uğrunda fəaliyyəti, Prezident İlham Əliyevin bu müstəqilliyi necə inkişaf etdirməsi kimi real faktların poetik formatda ifadəsi müəllifin qürurundan doğan hisslərə çevrilir.

 

Daha sonrakı - beşinci fəsildə Fərəc Fərəcovun nəşr olunmuş digər kitablarındakı əsərlərin janr sistemi, həmin kitabların müasir səviyyədə tərtibatları kimi mövzulara diqqət yetrilir.

 

Sonda mən bir daha akademik İsa Həbibbəylinin Salidə xanımın əsərinə yazdığı ön sözə qayıtmaq istərdim: "Təqdim olunan monoqrafiya yaradıcılığı az tədqiq və təbliğ olunmuş Fərəc Fərəcovun ədəbi portretini açıb göstərən əhəmiyyətli elmi oçerklərdən ibarətdir. Tanınmış yazıçı-publisist Fərəc Fərəcov haqqında yazılmış kitab əməlləri və əsərləri ilə özünü həyatda və ədəbiyyatda təsdiq etmiş təmkinli Azərbaycan ziyalısı və özünəməxsus xidmətləri olan yazıçı-publisist Fərəc Fərəcovun yaradıcılıq fəaliyyətinin "danışan dili, elmi dərkidir".

 

 

Cahangir Məmmədli

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.12.