Baş kitabxanaçı və tanınmış kitabxanaşünas  

 

Yeni tarixi epoxada xalqımızın milli-mənəvi təkamülündə və ölkəmizin irəliyə doğru tərəqqisində mühüm rolu olan kitabxana işinin təşkili, yenidən qurulması və inkişaf etdirilməsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun mühüm rolu və xidmətləri vardır. Xüsusən, Azərbaycanda müstəqillik dövrü kitabxana işinin və kitabxanaşünaslıq elminin inkişafına Kərim müəllim böyük əmək sərf etmiş, hər iki istiqamətdəki çoxcəhətli və səmərəli fəaliyyəti, fədakar zəhməti ilə ölkə miqyasında nəzərə çarpacaq nailiyyətlər qazanmışdır. Çoxcəhətli və səmərəli fəaliyyətinə, xidmətlərinə görə Azərbaycanın ziyalı cəmiyyəti Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirovu respublikamızın baş kitabxanaçısı və tanınmış kitabxanaşünas alim kimi qəbul etmişdir.

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov (1951) məsuliyyətli və şərəfli bir ömür yolu keçmişdir. O, Ağcabədi rayonunda orta məktəbi bitirdikdən sonra 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1979-cu ildə təyinatla M.F.Axundzadə adına Azərbaycan Dövlət Respublika Kitabxanasında (indiki Azərbaycan Milli Kitabxanası) başlayan Kərim Tahirov burada pillə-pillə kitabxanaçılıq işinin demək olar ki, bütün əsas mərhələlərini keçərək, bu sahənin əsl mütəxəssislərindən biri kimi yetişib formalaşmışdır, metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışaraq peşəkar kitabxana işçisi kimi tanınmışdır. Buna görə də, o, sonrakı mərhələdə Mədəniyyət Nazirliyi sistemində  kitabxana işi, mədəni-maarif müəssisələrinin, muzeylərin fəaliyyəti ilə əlaqədar baş idarələrdə müxtəlif vəzifələrdə məsul vəzifələrdə çalışaraq fəaliyyət dairəsini daha da genişləndirmişdir. Bütün bunlardan sonra o, irəli çəkilmiş, 2000-2005-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) metodika, fəaliyyət və nəşriyyat işləri üzrə direktor müavini kimi məsuliyyətli bir vəzifəni bacarıqla yerinə yetirmişdir. Kərim Tahirov 2005-ci ildən etibarən isə Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində fəaliyyətini uğurla davam etdirməkdədir.

 

Beləliklə, professor Kərim Tahirov həyatının 40 ilə yaxın bir  dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və kitabxanaşünaslıq elminin inkişafına həsr edərək, təkcə respublikamızda deyil, dünya miqyasında baş kitabxanaçı və tanınmış kitabxanaşünas kimi böyük nüfuz qazanmışdır. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Respublikası Milli Kitabxanasının yaranması, inkişaf yolu və ənənələri ilə əlaqədar məsələləri ilk dəfə olaraq müstəqil tədqiqat obyektinə çevirən Kərim Tahirov ölkəmizin ən böyük kitabxana məbədinin geniş və aydın elmi salnaməsini yaratmışdır. Nəticədə o, Azərbaycan Milli Kitabxanasının tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, çoxsaylı faktlar və sənədlər, üzə çıxarmış mühüm elmi yeniliklər əldə etmişdir. Kərim Tahirov 2009-cu ildə "Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı" mövzusunda dissertasiya işi müdafiə edərək tarix elmləri namizədi (tarixi üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi tədqiqatları Azərbaycan Milli Kitabxananın tarixi ənənələri kimi yaşadılmasında və yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır. Kərim Tahirovun simasında kitabxana işinin tarixi və nəzəriyyəsi ilə konkret iş fəaliyyəti bir-birini tamamlamışdır. Yorulmaz və fədakar zəhmət ardıcıl elmi axtarışlar, yüksək təşkilatçılıq qabiliyyəti onu respublika üzrə kitabxana işinin və kitabxanaşünaslıq elminin ön mövqeyinə çıxarmışdır.  

 

Professor Kərim Tahirov artıq neçə illərdir ki, pedaqoji fəaliyyətini də uğurla davam etdirir. O, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsində gələcək kitabxanaçı olacaq tələbələrə, Respublika Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq İxtisasartırma Mərkəzində isə gənc kitabxanaçılara kitabxana işində dərs keçir və yüksək ixtisaslı kadrların yetişdirilməsinə yorulmadan xidmətlər göstərməkdə davam edir. Hazırda respublika üzrə kitabxana və biblioqrafiya işlərini inkişaf etdirənlərin sıralarında Kərim müəllimin çoxsaylı tələbələri və yetirmələri vardır. Onun kitabxana işinin elmi-metodiki təminatına həsr edilmiş kitabları və dərs vəsaitləri yeni nəsil kitabxanaçıların peşəyə daha dərindən yiyələnmələrinə bələdçilik edir. Elm və təhsil sahəsindəki xidmətləri nəzərə alınmaqla kitabxanaşünas tədqiqatçı və müəllim kimi ixtisaslaşdırmış Kərim Tahirov 2012-ci ildə Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi adına layiq görülmüşdür. O, kitabxana işi sahəsində olduğu kimi, ali məktəb fəaliyyəti istiqamətində də yeni-yeni uğurlara imza ataraq bu işə mühüm töhfələr verir.

 

Ali məktəbdə müəllim kimi fəaliyyəti Kərim Tahirovun elmi fəaliyyəti diqqətdə saxlamasına zərurət yaradır. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında da kitabxana tarixi və nəzəriyyəsi üzrə apardığı iş də onun tədqiqatçılıq fəaliyyətinə geniş yer ayırmasını tələb edir. Buna görə də, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası ölkəmizin əsas elmi mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. Professor Kərim Tahirovun ayrı-ayrı xarici ölkələrdə keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış etməsi və baş kitabxanaçının bir sıra ölkələrin nüfuzlu elmi jurnallarında çap olunan elmi məqalələri ona rəhbərlik etdiyi kitabxanaya, həm də mühüm bir elm ocağı kimi də şöhrət qazandırır. Onun məqalələrində müasir dövrdə kitabxana işinin ən aktual məsələləri, elektron kitabxana xidməti, rəqəmsal kitabxana ilə bağlı müasir problemlər mövcud dünya təcrübəsi və ölkə reallıqları əsasında şərh olunur.

 

Kitabxana sahəsinin monoqrafik səviyyədə elmi tədqiqi və nəşri sahəsində də professor Kərim Tahirovun özünəməxsus mühüm xidmətləri vardır. Onun "Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" adlı monoqrafiyasında, "Dünya milli kitabxanaları: Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası" adlı dərs vəsaitində Azərbaycanda kitabxana tarixinin az öyrənilmiş səhifələri araşdırılıb üzə çıxarılmış, bu sahədə keçilmiş çətin və şərəfli yolun dərsləri öyrənilərək elmi cəhətdən ümumiləşdirilmişdir. O, zəhmətkeş bir tədqiqatçı kimi sözün əsl mənasında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının elmi pasportunu yaratmağına nail olmuşdur. Bundan başqa, professor Kərim Tahirov müxtəlif mövzularda 50-dən çox kitab və kitabçaların, metodik vəsaitlərin, fundamental biblioqrafiyaların, yazıçı və şairlərə, alimlərə və ictimai xadimlərə həsr edilmiş biblioqrafiya üzrə nəşrlərin sanballı hazırlanması sahəsində diqqətəlayiq xidmətlər göstərmişdir. Kərim Tahirovun xidmətləri nəticəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında biblioqrafiyaşünaslıq üzrə əsl elmi məktəb yaradılmışdır. Kərim Tahirovun rəhbərliyi ilə nəşr edilmiş çox saylı biblioqrafiyalar mükəmməl biblioqrafik örnəklər, nadir istinad mənbələridir.

 

Eyni zamanda, Kərim Tahirov 2015-ci ildə çap olunmuş  Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və onun baş redaktoru vəzifəsini məsuliyyətlə həyata keçirmişdir. Bu, Azərbaycanda ilk kitabxana ensiklopediyası kimi tarixə yazılmış əhəmiyyətli nəşrdir. Onun rəhbərliyi ilə hər il hazırlanan "Əlamətdar və tarixi günlər təqvimi" təhsil və mədəniyyət işi təşkilatçılarının stolüstü kitabı və bələdçisidir. Bununla Kərim müəllim, il ərzində başverəcək əlamətdar hadisələrin yol xəritəsini hazırlayıb cəmiyyətə təqdim edir. "Azərbaycan kitabı" on cildlik milli biblioqrafiya salnaməsinin meydana çıxması da Baş kitabxanaçının xidməti sayılmağa layiqdir. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının  üzvü olan professor Kərim Tahirovun bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi opponenti qismindəki fəaliyyəti də obyektivlik və xeyirxahlıq üzərində qurulmuşdur.

 

Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu müddətdən keçən zaman ərzində Kərim Tahirov Milli Kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlərə imza atmışdır. Mirzə Fətəli Axundzadə kitabxanasının bu gün Milli Kitabxana Assosiasiyalarının Beynəlxalq Təşkilatı (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları, direktorlar Şurasının Avrasiya Kitabxanalar Birliyinin üzvü kimi təmsil olunması Kərim Tahirovun adı və fəaliyyəti ilə üzvü surətdə əlaqədardır. Azərbaycan Milli Kitabxanası hazırda 70-ə yaxın ölkə ilə qarşılıqlı əməkdaşlıq və beynəlxalq kitab mübadiləsi işini uğurla həyata keçirir. 2005-ci ildən professor Kərim Tahirov Beynəlxalq Kitabxanalar Assosiasiyasının olması ölkəmiz üçün qürurverici faktdır. Çox fərəhli haldır ki, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovu beynəlxalq kitabxanaçılar mühitində nəinki yaxşı tanıyırlar, sözün əsl mənasında Bak Kitabxanaçı kimi ona hörmət və ehtiram göstərirlər. Ölkəmizin ziyalıları, elm, ədəbiyyat və mədəniyyət xadimləri də, adi oxucular da Kərim müəllimin xidmətlərinə xüsusi rəğbətlə yanaşırlar. Kərim Tahirov Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərləri, ədəbi irsimizi, tariximizi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan kitabını təbliğ etmək yollarında yorulmadan çalışmaqdan davam edir.  Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın əsl azərbaycançılıq mərkəzi funksiyalarını uğurla həyata keçirir. Hazırda Mirzə Fətəli Axundzadə kitabxanası ölkə üzrə ən ardıcıl fəaliyyət göstərən azərbaycanşünaslıq mərkəzlərindən biri kimi tanınır. Burada keçirilən çoxsaylı kitab təqdimatları, elmi konfranslar, yubileylər, görüşlər azərbaycançılığa əməli xidmətin ifadəsidir.

 

Müasir dövrdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası ölkəmizdə respublika üzrə elektron kitabxana hərəkatına böyük uğurla rəhbərlik edir. Məhz Kərim Tahirovun böyük səyləri və yorulmaz fəaliyyəti sayəsində Milli Kitabxanada elektron kataloqlaşdırma işi başa çatdırılmış əsas fondlara daxil olan kitabların, qəzet və jurnalların elektron versiyaları hazırlanıb, xidmət üçün istifadəyə verilmişdir. Bu, Mirzə Fətəli Axundzadə Kitabxanasına distant şəkildə və onlayn rejimdə də oxuculara xidmət göstərmək üçün geniş imkanlar yaradır. Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana saytın elektron kataloq portalı istifadəçilərə ən müasir forma və metodlarda kitab xidmət göstərmək üçün geniş meydan açır. Xüsusən, pandemiya dövründə Baş Kitabxanamızın geniş oxucu auditoriyasına, ixtisaslı mütəxəssislərə göstərdiyi virtual kitabxana xidməti hər cür minnətdarlığa layiqdir.

 

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun ölkəmizdə kitabxana işinin, geniş mənada milli mədəniyyətin və elmin inkişafı sahəsindəki səmərəli fəaliyyəti müstəqil dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüş, dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Bundan başqa, o, TÜRKSOY-un medalına və "Qızıl Fortuna" Beynəlxalq Reytinqli Texnologiyalar və Sosiologiya Akademiyasının medalını da almış, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanına, Ombudsmanın Fəxri Fərmanına layiq  görülmüşdür.

Kərim Tahirov həmçinin, elmin, mədəniyyətin, ədəbiyyatın, ədəbiyyatşünaslıq elminin inkişafına göstərdiyi ardıcıl dəstəyə görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Ədəbiyyat İnstitutunun fəxri dostu" mükafatçısıdır.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının üzvü, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov ömrünün müdriklik çağında ölkəmizdə elmin, mədəniyyətin, kitabxana işinin müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında inkişaf etdirilməsi yollarında məsuliyyətlə və şərəflə xidmət etmək missiyasını ləyaqətlə həyata keçirməkdə davam edir. 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.8;9.