Alim cəfakeşliyi, ziyalı zadəganlığı
Əməkdar elm xadimi, professor Fəridə Vəlixanovanın
yubileyinə gecikmiş sözlər
İnsanlar fərd olaraq doğulurlar, şəxs kimi yetişib formalaşırlar, özlərini
realizə edib şəxsiyyət olurlar.
Hamı
yox, əlbəttə...
Fəridə - fərd sözündəndir, tək,
yeganə, misilsiz, günəş parıltısı
mənalarını verir.
Söhbət filologiya elmləri
doktoru, professor, Əməkdar
elm xadimi, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, Prezident təqaüdçüsü Fəridə
xanım Vəlixanovadan
gedir (Burada mən səbəbkarımızın
əsas reqaliyalarını
sadaladım). Fəridə
xanımla tanışlığım
20 dolu il
olmasa da, "uzun, incə yolunu" görmüş
kimiyəm. Əlbəttə ki, onun öz söz-söhbətlərindən,
xatirələrindən, yaxın
bilib bölüşdüklərindən,
səsini yavaşıdıb
dərdləşdiklərindən. Fəridə xanım bütün
həyatını özü
ilə daşıyan bir insandır. Daşıdığı ona yük deyil, yeri düşdükcə
yüngülləşdirir, ara-sıra içini boşaldır. Keçmiş
Poluxin küçəsindəki
böyük evlərindən
nostalji ilə, məşum repressiya illərindən pıçıltıyla,
cəmi 27 il ömür sürmüş
atası Ağalidən
həsrətlə, Universitetdə
neçə nəsil
məzun yola salmış anası Nisəxanım müəllimədən
pərəstişlə, hər
yada salanda "adına qurban olum, ay Fuad" dediyi yeganə qardaşından həzin bir kövrəkliklə danışır.
Orta məktəbi
öz dilimizdə oxusa da, daha
sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdir. Dil baryeri də
olmayıb, çünki
babası evdə həmişə ona Turgenevdən imla yazdırardı. 132 saylı məktəbi qızıl medalla (bu gün də
medalını boynunda
kulon kimi gəzdirir) bitirən gənc qız birdən-birə qaynar Moskva mühitinə düşür. Qurunun
altıda bir hissəsini əhatə edən keşmiş
SSRİ-nin paytaxtına
Fəridə xanım
"qorod yunosti" deyir, yad kimi
gəlib doğması
kimi ayrıldığı
bu şəhərdən
danışmaqdan yorulmur,
üstündən uzun
illər keçsə
də, söhbətinin
yolunu tez-tez Moskvadan salır. "Moskva göz yaşlarına inanmır"
filminə hər gözüm sataşanda Fəridə xanımı
düşünürəm, tələbəlik illərini,
ilk məhəbbətini... Dünyanın 22 mütəfəkkirindən biri
sayılan Oljas Süleymanov onun sadəcə müasiri,
"bacı" deyib
avtoqrafla kitabını
bağışladığı gənclik yoldaşıdır.
60-cı illərin məşhur
şair və yazıçılarının toplaşdığı əfsanəvi
"Dom literatorov", onun
bufetindəki ədəbi
mühit, Rəsul Həmzətovla stol qonşusu olması da mənə şöbəmizdə zarafatla
"poeziya dəqiqələri"
adlandırdığımız səhər söhbətlərindən
tanışdır. Elmi rəhbəri
akad. G.İ.Lomidze, onu evində
qızı kimi qəbul edən xanımı, ədəbiyyatımızın
tədqiqatçısı və böyük dostu Zoya Kedrina
hörmət və məhəbbətlə adını
çəkdiyi moskvalı
dostlarındandır. Nazim
Hikmətin dəfnindən,
onu yola salmağa gələn keçmiş həyat yoldaşı gözəl
Münəvvər xanımdan,
Aybəniz Vəkilova,
Turan Cavidlə dostluğundan və yaddaşımda iz qoyan daha kimlərdən
və nələrdən
söhbət açır.
Maraq və təəccüblə soruşuram:
"Niyə bunları
yazmırsınız..?
"Hisslərim məndən
güclüdür, qızım", - deyir.
Fəridə Vəlixanova özünün
məktəbi olan alimdir. Azərbaycanda tərcüməşünaslıq
elminin ilk tədqiqatçısıdır.
"Səməd Vurğun poeziyasının
rus dilinə tərcümələri" mövzusunda
müdafiə etdiyi namizədlik dissertasiyasından
sonra "Səməd
Vurğun tərcüməçi
dostları arasında"
elmi əsərini də tamamlamışdır.
Səməd Vurğun Fəridə
xanım üçün
sakral şəxsiyyətdir.
Qədirbilməzlərin şairə etdiyi
hücumları ürək
ağrısı ilə
qarşılayır, "yel
qayadan nə aparar" desə də, görməzdən
gələ bilmir.
Necə ki, 90-larda bəzi "millilərin" Puşkinin
şəklinə etdiyi
hörmətsizliyə dözə
bilməmiş, yerdən
qaldıraraq sinəsinə
sıxıb hər cür nadanlığa qarşı olduğunu göstərmişdi.
Fəridə Vəlixanova "Tərcümə
sənəti", "Azərbaycan
tərcümə tarixi",
"Azərbaycanın rusdilli
nəsri", "Veymarlı
dahi Şərqdə",
"Vasiliy Vladimiroviç
Bartold Azərbaycan mədəniyyəti tarixinin
hüdudlarında" və
s. kimi neçə-neçə
sanballı kitabların
müəllifidir. Fəridə
xanım 1977-ci ildə
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
"Azərbaycan Sovet
poeziyası rus dilində" doktorluq dissertasiyasını müdafiə
etmişdir. Dissertasiyanın orijinalı Amerika
Virciniya Universitetində
saxlanılır. Digər əsərləri
yenə ABŞ-ın İndiana Universitetində,
İngiltərənin, Macarıstanın
kitabxanalarında qorunur.
Alimin kadr hazırlığı
da məhsuldardır.
Onun rəhbərliyi altında
16 filologiya üzrə
fəlsəfə, 5 elmlər
doktoru yetişmişdir.
Fəridə xanım bu gün də "elm" adlanan nəhayətsiz kitabın səhifələri
arasında dolaşır,
fikir yürüdür,
suallarına cavab axtarır... Araşdırmalarını onilliklərin vərdişi
ilə - həvəs və vəcdlə davam etdirir. Alimin hazırkı tədqiqatı
romantizmin aparıcı
simalarından olan lord
Bayron haqqındadır.
"Bir damcı
mürəkkəb bir
milyon insanı düşündürə bilər",
- deyən böyük
romantikin yaradıcılığından
"Bayron və şərq dünyası"
mövzusunda monoqrafiya
yazır.
Baharı
xoşlamır, çox
sevdiyi Puşkindən
misal gətirib "vesnoy ya bolen", - deyə şikayətlənir,
çiçəkləri kolun
üstündə sevir,
solmuş görəndə
pərişan olur.
Fəridə xanım məktəbdir, həm ədəbiyyat, həm həyat məktəbi. "Gördün
2 nəfər danışır,
başını aşağı
sal, keç, salam verib mane olma" ya da,
"sevdiyin birinə hədiyyə vermək istəyəndə öz üstündən ver, barmağından üzüyünü,
əlindən qələmini..."
Bu xanımda ətrafdakılar
üçün həmişə
xoş söz var. İstər yeni gələn sıxışdırılmış
əməkdaş olsun,
ya universitetdən diplomları imzalatmağa gətirən kuryer, ya xadimə. Elə bizi
- "duşa moya"
çağırıb əzizləyir,
qapıdan dua edə-edə girir, elə də çıxır. Cavanlara "qoşa
qəriyəsiz" deyə
xeyir-dua verir, şöbə müdirimiz
Şirindil müəllimi
hər görəndə
boynunu qucaqlayır,
"Allah səni saxlasın"
deyir, əlavə də edir ki,
Şirindil müəllim
Moskva məktəbi görüb. Şirindil müəllim
də ona eyni həssaslıqla yanaşır. Bir dəfə də dedi ki, Fəridə
xanım yolu keçəndə ürəyim
düşür.
Prezident
təqaüdünə layiq
görüləndə "sağlıqla xərcləyəsiz"
təbrikimə, "bir
yerdə xərcləyərik",
- dedi. Bizi restorana da apardı, hər gün də şöbəyə əlidolu
gəldi.
Təzə mənzilə köçəndə
yığışıb evini
görməyə getdik. Əvvəlcə təşəbbüsümüzü bir elə entuziazmla
qarşılamasa da (əziyyət vermək istəmədiyinə görə),
əl çəkmədik.
Nəticədə çox gözəl
bir "parti" alındı. Mən bir
qədər gecikmişdim.
İçəri girəndə
çaşıb qaldım...
Ev qaynayırdı, çay gətirən kim, eyvana
çıxan kim, ətrafı ekskursiya edən kim. Bir anlıq harada olduğumu düşünməli
oldum. Burada hamı özünü evindəki kimi hiss edirdi, mənzilin sahibi elə hiss etdirirdi.
Mən Fəridə xanımla işdən kənar hər deyəndə danışan, zəng vuran biri deyiləm. (Baxmayaraq ki, ehtiyac duyduğum insandır, şöbəmizə girən kimi ilk onun oturduğu tərəfə baxıram, gözüm onu axtarır). Həm narahat etmək istəmirəm, ya o əhatə dairəsi xaricində olur. Elə əməkdaşlar vasitəsilə xəbər tuturam. Ad günündə, 8 martda mütləq təbrik edirəm. Özü qabaqlayır, sıxılmağa qoymur, kömək edir: "Təbrik edirsən? Çox sağ ol!" Uzun intervaldan sonra zəng vuranda isə "ax tı, merzavka" deyə ərklə gileylənir də. Özü zəng vuranda isə sadəcə "Fəridədi" deyir. Elə bir-birimizi uzaqdan sevirik.
Fəridə xanım çox sadiq bir insandır, özünə, əqidəsinə, ətrafına, hətta məişət takıntılarına qədər. Müəyyən məsələdə fikrini dəyişə bilər, prinsiplərini isə - heç vaxt! Mən ürəyimin ən gizli sirrini Fəridə xanıma deyərəm, utanaram da eyham vuram ki, "Fəridə xanım, öz aramızda..." Bu da qəhrəmanımızın xarakteri haqqında çox söz deyən bir nüans.
Fəridə xanım həm də yüksək zövqə sahib bir xanımdır. Təbii parçalara, şux rənglərə, qabaritli aksessuarlara üstünlük verərək eleqant kompozisiyalarla ətrafının gözünü qamaşdırmaqda davam edir.
Akademiyanın parkında zərif bir xanım gəzişir... Başında
çalması, əlində çantası. Tələsmədən.
Ağaclara gülümsəyərək,
çiçəkləri sığallayaraq, uşaqları oxşayaraq... Bu,
AMEA-nın veteranı, institutumuzun korifeyi, şöbəmizin günəşi Fəridə
xanımdır. Mənim Fəridə xanımım. Dostluğu ilə fəxr etdiyim
böyük rəfiqəm...
Dilarə
ADİLGİL
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.23.