Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Ruhiyyə nisbətən cavan olsa da, yaşadığı şəhərin ildən ilə gözəlləşdiyinin, abadlaşdığının şahidi olmuşdu. Balacaboy merin ənənəsi yeni keyfiyyətdə və daha geniş ölçüdə davam etdirilmişdi. Bakı təkcə əvvəllər fəxrlə qeyd edildiyi kimi, Şərqlə Qərbin sintezi olmayıb, həm də Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər kimi orta əsrlərin yadigarları ilə, müasir "Alov" qüllələrinin, digər göydələnlərin timsalında olanlarla vəhdətini öz simvoluna çevirmişdir, onun səliqə-sahmanı, arxitektura inciləri Avropanın ən gözəl şəhərləri ilə müqayisə oluna və müsabiqədə çoxlarına qalib gələ bilərdi. Bir neçə il ərzində var-dövlətin nümayişi kimi, paytaxtın parklarını və bağlarını tülpan ləkləri bəzəyirdi. Sonralar qənaət etmək tələbi altında onlar nisbətən ucuz çiçəklərlə və süni çəmənliklərlə əvəz olundu. Lakin sonrakı merlərin heç biri yüksək zövq nümunəsi olan həmin balacaboy kişinin səviyyəsinə yüksələ bilmədi, çünki o, Sovet gerçəkliyində də özünü müstəqil aparmağı bacarmış, şəhərin görünüşünü xeyli dərəcədə dəyişdirməyə müyəssər olmuşdu.

 

İndi isə şəhərin abadlığı, gözəlləşdirilməsi bilavasitə ölkə rəhbərliyinin nəzarəti altında aparılır, onun fəaliyyətinin vacib sayılan diqqət mərkəzlərindən biri hesab olunur, şəhərin rəhbərliyi isə yalnız müti icraçı rolunu ifa edir, yuxarıların göstərişlərinə kiçik bir düzəliş də əlavə etməyə cəsarət nümayiş etdirə bilmir. Əlbəttə, Bakı XXI əsrin əsl paytaxt şəhəridir və bu yeni adı uğurla doğruldur. Xarici turistlər şəhərimizdə Avropa şəhərlərinin ən məşhur tikintilərinin bənzərlərini görürlər. Lakin Bakı heç bir şəhəri təqlid etmir, öz aurasına, energetikasına, gözəlliyinə malikdir. Notrdam de Parisi - Paris-Notrdam kilsəsini öz ölməz əsəri ilə müqəddəsləşdirən Viktor Hüqo istedadı lazımdır ki, Bakının müasir libasını tərənnüm etməklə, onun hazırkı qiymətini gələcək nəsillərə də çatdırsın.

 

Ruhiyyə özünün Nərgizə oxşadılmasından heç də xoşlanmırdı, çünki rəfiqəsi, hər şeydən məlumatı olan qadın Nərgizin sonrakı taleyini də ona danışmışdı. O, dustaqxanaya düşmüş, sonra bir rus kişisi ilə ailə qurmuşdu. Gəncliyinin gur çiçək açan baharı az sonra həyatin təklif etdiyi şaxtalı qışla əvəz olunmuşdu. Ona görə də Ruhiyyəyə əvvəllər çəkdiyi bədbəxtliklər yükü kifayət idi, adi əlavə bir lələk dəvənin belini qıra bildiyi kimi, yeni, hətta əvvəlkilərlə müqayisədə nisbətən yüngül olan bir keçmiş əfsanəvi gözələ bənzərlik misalı qaydasındasa davranması da onun axırına çıxa bilərdi. Ona görə də mümkün olduqca o, özünü qorumağa çalışırdı, kişilərin yağlı dilinə aldanmağı özünə qadağan etmişdi. Axı bir vaxtlar ona "qızıl dağlar" vəd edən oğlan onun qızlıq ləyaqətini məhv etməklə, pis yola düşməsinə səbəb olmuşdu. O, bəkarətini qorusa, bəlkə də, ləyaqətli bir adama, qoy o, lap onun özü kimi kasıb olsun, dəxli yoxdur, ərə gedə bilərdi. Ona görə də onu yeməyə çalışan gözlərdən özünü qorumalı idi.

 

Gözəlliyin "tədavül xərcləri"

 

Ruhiyyə nə qədər ayıq, sərvaxt olsa da, yenə gözləmədiyi bir hadisənin onun üstünü alacağından qorxurdu və bu da baş verdi. Televiziya kanallarından birinin bədii rəhbəri, əslində, kompaniyada alter-eqo sayılan bir cavan adam ona öz ürəyini açmağa cəsarət etdi, bu vaxt Hüseynin ölümündən bir ildən az keçmişdi. O, kabinetinə bəzi məsələləri müzakirə etmək üçün dəvət etdiyi Ruhiyyəni gülər üzlə qarşıladı, ayağa qalxıb, ona baş əydi və oturmaq üçün kreslo təklif etdi. Bir qədər tərcümə olunmuş yeni bədii filmdən söhbət getdi. Müsahibi bildirdi ki, onların son vaxtlar proqramda etdiyi dəyişikliklər ABŞ səfirliyində qısqanclıqla qarşılanmış, İranla bu yaxınlığın səbəbləri ilə maraqlanmağa başlamışlar. Hətta amerikan diplomatı Xarici İşlər Nazirliyinin rəhbərləri ilə görüşdə, telekanalların İrana xoş münasibətində öz dövlətinin siyasətinin nümayişkaranə qaydada təftiş etmək, əks mövqedən çıxış etmək istəyi kimi qiymətləndirmişdi. Ancaq biz amerikan səfirliyinin bədii siyasətimizə müdaxiləsini, əslində, söz azadlığına yolverilməz basqın hesab etdiyimizdən, onda hansısa korrektə etmək cəhdindən uzağıq. Gülə-gülə onu da əlavə etdi ki, biz əlimizdəki fənərlə axtarıb, tapdığımız istedadlı tərcüməçini itirmək istəməzdik, biz onunla yaradıcılıq əməkdaşlığını ixtisar etmək deyil, genişləndirmək fikrindəyik.

 

Ruhiyyə xoş sözlər üçün minnətdarlığını bildirib, qeyd etdi ki, işsiz bir adamı əmək fəaliyyətinə, faydalı zəhmətə cəlb etdiyinizə görə sizə daha böyük təşəkkür düşür və yeri gəlmişkən, mənim mövqeyimi kompaniya direktoruna çatdırmağı xahiş edərdim.

 

Bədii rəhbər, onun adı Ələkbər idi, Ruhiyyənin sözlərindən çox razı qaldığını gizlətmək istəyərək, fürsəti əldən verməmək üçün əlavə etdi ki, bu əməkdaşlıqda mənim öz şəxsi niyyətim də vardır və əgər siz inciməsəniz nəcib xarakterli bu istəyimi sizə açmaq istərdim. O, bir qədər tutulan kimi oldu, sonra özünü ələ alıb dedi:

 

- Ruhiyyə xanım, ilk görüşdən siz mənim könül dünyamı zəbt etmisiniz, sizin söhbətləriniz, incə davranışınız məni heyran etməklə, şüuruma elə həkk olunmuşdur ki, onu oradan silməyi öz imkanım və bacarığım dairəsinə salmağı qeyri-mümkün hesab edirəm. Mən sizə öz dostluğumu təklif edirəm, çox istəyirəm və öz tərəfimdən çalışacağam ki, bu dostluq daha yüksək hisslər səviyyəsinə qalxsın. Əgər bu, mümkün olsa, biz qarşılıqlı münasibətlərimizi rəsmiləşdirə bilərik. Mən bu sözləri ürəyimin hökmü ilə deyir, ifadə edirəm. Mən əminəm ki, bu, ürəyimin ömrüm boyu mənim üçün etdiklərindən daha böyüyü və əhəmiyyətlisi olacaqdır və mənim həyatımı dəyişməyə imkan verəcəkdir. Əvvəlcədən bildirmək istəyirəm ki, mən dulam, arvadımla cəmi iki il bir yerdə yaşamış, altı il bundan əvvəl ayrılmışıq. Tam sərbəst və müstəqil adamam, heç kəs şəxsi həyatım barədə mənim qərarıma müdaxilə edə bilməz, çünki öz taleyimi özüm həll etməliyəm. Bəlkə də, mən çox danışdım, çox vacib və mənim üçün böyük əhəmiyyət daşıyan bir məsələni ilk dəfə dilimə gətirdiyimə görə, elə də bir ehtiyac olmayan söz bolluğuna yol verdim. Yəqin ki, əgər bunu qüsur hesab edirsinizsə, ona göz yummaqla, bu, mənə mərhəmətlə yanaşdığınızın ilkin mərhələsinə qədəm qoymağınızı göstərməklə yanaşı, mənim ümidlərimə həm də bir nikbinlik bəxş edəcəksiniz.

 

Ruhiyyəni fikir götürmüşdü, o, eşitdiklərinə inanmaq istəmirdi. Axı nəyə görə Ələkbər müəllim hələ onu yaxşı tanımadan, xasiyyətinə lazımınca bələd olmadan belə tələsikliyə yol verdi? Məgər o, başa düşmür ki, mənim münasibətim və cavabım mənfi xarakter daşıyacaqdır. Mən ərimi bir qədər əvvəl itirmişəm, heç cür yeni sevgi sevdasına düşə bilmərəm, mən itkinin dərdini çəkməklə yanaşı, oğlumun gələcəyi barədə düşünürəm, çünki bundan sonra onun atası da mən olacağam. Yeni ailə qurmaq məni qətiyyən maraqlandırmır, çünki mənim qadın ürəyim başıma gəlmiş belə fəlakətdən sonra, başqa birisi üçün açıla bilməz, çünki Hüseyn onu elə fəth etmiş, elə zəbt etmişdir ki, onun bu kiçik məkanı tərk etməsi üçün uzun müddət lazım gələcəkdir. Heç ürəyim boş qalandan sonra da, kiminsə o məkana sahib olacağına ümidim yoxdur, bunu mümkün hesab etmirəm.

Ona görə də Ələkbər müəllimə sərt və qəti cavab vermək istədi ki, oxşar təkliflərə birdəfəlik son qoysun:

 

- Ələkbər müəllim, mənə bəslədiyiniz təmiz hisslərin və uzağa gedən planlarınızın da ləyaqət çərçivəsində olduğuna heç bir şübhəm yoxdur. Lakin onu da nəzərə almalısınız ki, mən ərimin matəmindən hələ ayılmamışam, uzaqlaşa bilməmişəm. Sizə etiraf etməliyəm ki, biz bir-birimizi sönməz məhəbbətlə sevirdik, ona görə də güman edirəm ki, mənim üçün heç kəs onu əvəz edə bilməyəcəkdir. O, insanlığın zirvəsini fəth etmişdi, mənə öz geniş dünyasının xoşbəxtlik duyğularını bəxş edən bütün cəhətlərini, paralellərini göstərmişdi. Onun dünyasının qütblərində də qanı donduran soyuq yox, qəlbi qızdıran bir hərarət hiss edirdim. Kolumb Hindistanı kəşf etmək istəyirdi, Şimali Amerikanı açdı, lakin həm də orada can atdığı qızılı, xəzinələri tapa bilmədi. Mənim isə bəxtim onda gətirdi ki, mən Hüseynin şəxsində hansısa bir qitəni deyil, mənzərəsinin rəngarəngliyi ilə adamı heyran edən bütöv bir planeti tapdım və bu planetdə mən daim əbədi baharda, cənnət məkanında yaşadım. Onun vəfatı ilə ömrümün bahar fəsli yoxa çıxdı və güman edirəm ki, bundan sonra heç kəs mənə bir daha o baharı bəxş edə bilməyəcəkdir. Məndən inciməyin, sizin hərtərəfli xoş niyyətlərinizə heç cür şübhə etmirəm, siz öz hisslərinizə cavab şəklində sevilməyə layiq insansınız. Mən inanıram ki, sizin hisslərinizi olduğu kimi başa düşən, lazım olduğu kimi qiymətləndirən bir xanıma rast gələcəksiniz. Siz yaradıcı insansınız, daim xəyallar aləminə səyahət edir, orada başqa, daha cazibədar mühitlə tanış olursunuz. Mən arzu edirəm ki, sizin xəyalları reallaşdıra bilən elə bir insana rast gələsiniz ki, o, sizi düşündüyünüzdən yüksək səviyyədə xoşbəxt edə bilsin. Siz buna layiqsiniz və ümidiniz də, insani keyfiyyətlərinizi nəzərə alaraq puç olmamalıdır.

Ələkbər ah çəkib ona cavab verdi:

 

- Əriniz barədə dediyiniz xoş sözləriniz öz səmimi təsir gücünə görə məni mütəəssir etdi. Mən ona bəslədiyiniz hisslərin təmizliyi kimi, xatirəsinə hörmətinizin böyüklüyünə və saflığına da tam hörmətlə yanaşıram. Mən çox istəyirdim ki, sizin ürəyinizə yatım, sizdən bir ümid şüası gözləyim. Lakin siz öz sözlərinizlə mənim həyatıma işıq sala biləcək şamı üfürüb söndürdünüz və məni kədər, qüssə aləminə məhkum etdiniz. Dekabristlər Zabaykalyeyə sürgün olunanda, sopkalar yanında yaşamağı müqayisəyə gəlməyən bədbəxtlik hesab edirdilər, məni göndərdiyiniz katorqa isə onlardan da betər oldu. Mən çox istərdim ki, heç sizinlə tanış olmayaydım, özümə rəvayətlərdəki xoşbəxtlik sarayı tikməyəydim. Siz ağlımda ucaltdığın Babil qülləsini uçurdub, yerlə-yeksan etdiniz. Mən bu yaradan sağala biləcəyimi heç ağlıma da gətirmirəm, çünki böyük və olduqca gözəl ümidlərlə yaşayırdım. Siz taleyinizdən şikayətləndiniz, onda mən öz taleyimə yalnız yas saxlamaqla sakitləşə bilərəm.

 

Ruhiyyə dedi:

 

- Ələkbər müəllim, sizin hisslərinizin büllur saflığına inanıram və buna görə sizə minnətdaram. Bəlkə də məni layiq olduğumdan da artıq qiymətləndirirsiniz. Könül gözü qətiyyən bağlanmır, hətta səhvə yol verəndə də, özünün daltonizmini etiraf etmir. Nəcib yaradıcı insan kimi sizə məndə nəsə xoş gəldiyinə görə, siz heç bir axtarış aparmadan, lazımınca mənə bələd olmadan bu terra inkoqnitoya vurulmusunuz. Mənim isə, bunu qiymətləndirməklə, qəlbimi sağlam, ağlımı saf duyğularla doldurmağınızı qeyd etməklə yanaşı, cavabım inkardan başqa bir şey olmayacaqdır. Hissləriniz sizi güclü idarə edir, mən də həmin mərhələni yaşamış, ömrümdən keçirmişəm. İndi isə həmin günlərin, ayların, illərin şirin xatirəsi ilə yaşayıram. Uşaq ilk dəfə geydiyi bəzəkli paltarını yaşa dolanda da nostalji hissi ilə xatırladığı kimi, Hüseynin hədiyyəsi olan və ömrümü bəzəyən gəlinlik libasını - mənim üçün ən sevimli həmin anı kiminsə bundan sonra mənə qaytaracağını düşünmürəm, heç ağlıma da gətirmirəm. Cavan olsam da, ərimi dəfn edəndən sonra elə bil ki, mən ömrümün xəzan dövrünə, qocalıq fazasına qədəm qoymuşam. Ömrümdə sərt tufanlar çox olmuşdur, yeniyetməlik və gənclik illərində məni çox müşayiət etmiş, palıd ağacı kimi saydığım gövdəmi əyilməyə, az qala sınmağa məcbur etmişdi. Hüseynin ölümü ilə yaşıl yarpaqları olan həmin ağacı birdən-birə qurutmağa başladı, bunu sezən, anlayan qonşu ağacların da möhkəmlik nümunəsi olan öz həmcinslərinə yazığı gəldi. Mən güman edirdim ki, sizinlə əməkdaşlıq, qoy heç də bu böyük səslənməsin, yaradıcı işlə məşğul olmaq mənə dərdlərimi unutmağa kömək edəcəkdir, lakin təəssüf ki, bu baş vermədi, ürəyimdəki boşluq nəinki mövcudluğunu itirmədi, əksinə, bir az da dərinləşib, ağrısını daha da artırdı. Oğlum olmasaydı, bəlkə də, dəli olardım, axı Hüseynlə birgə keçən ömrümdə, daha doğrusu, uzun olmayan bir zolaqda mən yer üzündə yaşamırdım, elə güman edirdim ki, göylərdə uçuram, ərimin təkcə ağuşu deyil, mənim üçün yaratdığı atmosfer məni səmada keçən həyatımdan ləzzət almağa sövq edirdi. Bəlkə də, o, özü də məni bütün varlığı ilə əsir etdiyini bilmirdi, bunu ona kimsə açsa, həmin adamı ən azı mübaliğədə günahlandırar, onu insan təbiətinə yaxşı bələd olmamaqda qınayardı.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.22.