"Könlümün içindən keçir bu qatar"  

 

Səkkiz il əvvəl, yazın ilıq nəfəsi duyulanda Türkiyə səfirliyi bir qrup jurnalistin bu ölkəyə səfərini təşkil etmişdi. Proqram zəngin idi Əskişəhər türkdilli ölkələrin mədəniyyət mərkəzi seçildiyindən orada silsilə tədbirlər düzənlənirdi. Ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra, kefimiz kök idi. Avtobusdakılara üz tutaraq dedim ki, gəlin şeir yarışmasına başlayaq. İndi sizə bəndlər misal çəkiləcək, kim bacarır davam etdirsin: "Könlümün içindən keçir bu qatar" misrasından başladıqda kimsədən səs çıxmadı. Bir azdan şirin dilli söz sahibi şeirin mabədini səsləndirdi.

 

İndi o hadisədən 8 il ötüb, "Ömrün qatarı" adlı poetik nümunə ilə üzbəüzəm. Orada həmin anı xatırladan Nəzakət xanımın "Yurd dediyim bu torpaq" kitabından mənə həsr edilmiş şeiri oxuyuram. Sağ olsun, önəmli yadigardır:

 

Ömrünə ömür qatar

Neçə qışın, baharın.

Könlümdən keçən qatar

Sənin ömür qatarın.

 

Bu ömür qatarına

Kimlər, harda minəcək

Kimi yarı yoldaca,

Kimi sonda enəcək.

 

Bu qatarlar könlünün

Göynəyindən keçəcək.

Əlvida deyəcəksən,

Əlvida deyənlərə.

 

Şeir o qədər səmimi, təsirli idi ki, uzun müddət xəyaldan ayrılmadım. Qınamasaydılar, başdan ayağa yazardım, edək ki, imkan xaricindədir. Buradaca mövzunu davam etdirmək üçün istədim xoş duyğularımı qələmə alım...

 

Söhbətdən cəmi bir neçə ay keçmişdi. Nəzakət xanımı Azərbaycan Mətbuat Şurasına dəvət elədik. Demə, onun yaxşı jurnalist olduğu qədər, gözəl şairliyi, redaktorluğu, təşkilatçılığı da var imiş. Şuraya üzv olmaq üçün ərizə ilə gəlmişdi. "Yada düşdü" adlı jurnal təsis etmişdi, tanınmış yazıçı Nahid Hacızadə nəşrin baş redaktoru idi. Ömrünün sonunadək bir yerdə işlədilər əmin idim ki, Nahid müəllim olan yerdə sözün keyfiyyətindən yaxşı mənada söhbət belə gedə bilməz. Onu mən yaxından tanıyırdım. Hər nəşr üçün sinəsini irəli verməzdi. Ömrünün sonuna qədər burada çalışdı. Nəzakət xanımın isə faydası gör-götür dünyasında ustaddan öyrənmək oldu. Söhbətimizin sonu bununla nəticələndi ki, 2013-cü ilin mayında nəşr Azərbaycan Mətbuat Şurası üzvlüyünə qəbul olundu. Prosedur sözsüz-söhbətsiz keçdi, sorğu-sualsız oldu. Atalar demişkən, görünən kəndə bələdçi.

 

 

 

"Yada düşdü" jurnalı müasir mətbuatımızın jurnalist ənənələrinin son 10 ildə ən yaxşı cəhətlərini davam etdirən nümunədir onu bir başqası ilə müqayisə etmək istəməzdim. Çünki orada duyğu var, nəfəs var, yaddaş var. Ən əsası, nostalji bir düşüncə var. Redaktorun üstünlüyü həm odur ki, oradakı bu ab-havanı davam etdirir. Bunun üçün düşüncə ustalığı gərəkdir. Bütün bunlara görə Nəzakət xanıma "sağ ol" demək azdır.

 

Jurnaldakı yazıları nöqtəsinədək oxumalısan ki, aldığın ləzzətdən vaxtının boş getmədiyinə inanasan. Bizə bu hissləri yaşadan jurnal doğrudan da xeyirxahlıq üçün yaranıb. Tale uzun ömürlü olacağına heç bir şübhə yeri qoymur.

 

Mən yazımda jurnalı ona görə səciyyələndirirəm ki, ələ imkan düşüb, sözü deməyin məqamıdır. Nəzakət Məmmədovanın yaxınlarda oxuduğum "Qarabağa bahar gəlir, İlahi!" şeiri ilə tanış olanda iki fərqli baxış gördüm. Birincisində Silahlı Qüvvələrimizin döyüşü mütləq qalibiyyətlə başa vurucağından, ikincisində isə artıq çiçək açmış arzulardan söhbət açılır.

 

Ürəklərdə ümid, naxış toxuyur,

Əllər zəfər nəğməsini oxuyur,

İndi Vətən Şuşa ətri qoxuyur,

Qarabağa bahar gəlir, İlahi.

Gəlsin bahar, gülsün bahar elində,

Xudayarın nəğməsi var çölündə.

Nəzakət, min alqış var dilində, -

Qarabağa bahar gəlir, İlahi.

 

Şair bunadək "Şəhid zirvəsi"ni yazmışdı, Molla Pənah Vaqif kimi od tutub yananın məzarını xatırlamışdı:

 

Çiçək-çiçək şəhid qanı

Üzündə xaldımı, Vətən?!

Sevib-sevib ölənlərin

Yadında qaldımı, Vətən?!

 

Poema kəskin, yanıqlı notlarla bitsə , ümid bitmir inam ruhu qəlbə hakim kəsilir:

 

Oğlunun qəbrinin üstünə gedən,

Ananın harayı, dərdin səsidir.

Oğlunun şəhid zirvəsi,

Ananın yeganə təsəllisidir.

 

Zülmün Qarabağdakı qalası çoxdan əriyib yox olub. Deməsəm olmur, bu qalalar gözümüzə tikan olub batdı, düz 30 il bizi gözlədi. Bəs daşı daş üstə qalmayan şəhərlər, kəndlər, maddi mənəvi irs... Bu gün Nəzakət xanımın qələmindən reallıqları görməklə yanaşı, həm sabaha inam boylanır. Neçə zəfər nəğmələri bu simfoniyanın üzərində köklənib, eləcə davam etməlidir.

 

Gəlin "Qarabağ qoxusu"nu, "Yanvar ağrısı"nı, "Vətən, bizi bağışlama!", "Mən zabit anasıyam!", "Yurd həsrəti" sair şeirlər xoş duyğularla yadda qalır.

 

Bu bir aksiomadır ki, dövlətlər tarixən bölünər, xalqlar bölünməz. Nəzakət xanımda bu hisslərin gücü onun həyat idealıdır. "Yurd həsrəti"ndə bunlar poetik sətirlərlə qələmə alınır:

 

Təbriz Dərbəndi daladı, getdi,

Göyçəni odlara qaladı, getdi,

Şuşanı yad əllər taladı getdi,

Üstündə olmadı gözün yurdumun.

 

"Ərdəbil"in şeiri yüksək professionalıqla yadda qalır. Şairin təbirincə desək, o tayın da, bu tayın da adı Vətən, qanqalların arasında gül bitirən, bülbüllərin ağı üstə dil-dil ötən, o, Vətən, bu da Vətən Ərdəbilim. Babası nostalji istəklərlə xəyallarında bu izləri görmək üçün dizin-dizin yurdu gəzir. Şairə millətinə qara günün libasını  geyindirənləri, nifrəti noğul kimi yedizdirənləri lənətləyir:

 

Arazım axa-axa,

Qanlı əl, qanlı yaxa.

Gör necə ayırdılar,

Gözümüz baxa-baxa.

 

Bir niskil ömrünü başa vurdu. Qarabağ azaddır. İndi növbə yurdumuzun Güney tayınındır.

 

Kitabda Nahid müəllim haqqında bir neçə şeir oxuduq. Hər biri şəninə yaraşır - "Səksənin baharı" kimi. Bu misralardan valideyn-övlad məhəbbəti boylanır. Ümumiyyətlə, Nəzakət xanımın şeirlərində yaddaşa yeriyən səmimiyyətdir. Xalq şairi Zəlimxan Yaqubun, Musa Yaqubun, İbrahim Şıxlının, Fərqanə Mehdiyevanın obrazları bu baxımdan səmimiyyəti ilə yadda qalır.

 

"Taleh qapısı", "Ünvanım mənim", "Kaş elə gün gəlsin", "Soraq elə" digər yaradıcılıq nümunələri uğurların davamıdır. Bəs onun şah əsəri nədir sualına belə cavab verir:

 

Misra-misra ah çəkib

Üz tutduğum varaqlar,

Hər gün həsrətimin əli

Saçlarımı daraqlar.

 

Bəs bunun özü nostalji deyilmi, həyat deyilmi?

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.17.