"Zirək xorasanlı"nın bədii
səyahəti
Hörmətli
redaksiya!
Elə
bilirəm, Qasım Qasımzadənin arxivindən
aşkarladığım bu yazıların "525-ci qəzet"də
dərci "Nizami Gəncəvi ili"nə yaxın
keçmişimizdən də bir töhfə olardı.
Yazıların biri onun şeiridir. Məlumdur ki,
Nizami Gəncəvinin 800 illik yubileyinin 1941-ci ildə
keçirilməsi planlaşdırılsa da, bunun ölkə
miqyasında baş tutmaması İkinci Dünya müharibəsi
ilə bağlı olmuşdur. Leninqrad
(indiki Peterburq) mühasirədə ola-ola Ermitajda yubiley
kiçicik bir tədbirlə qeyd edilibmiş. 800 illik yubiley təntənələri 1947-ci ildə
keçirilmişdir. O zaman Nizami ruhuna, dühasına
ehtiramını 23 yaşlı Qasım öz şeiri ilə
ifadə etmişdir. Kitablarında "Gəncənin
yanında" başlığı ilə dərc edilmiş bu
şeirin ilk əlyazma nüsxəsinə "Şairin məqbərəsi"
adı ilə onun gündəliyində də rast gəldim.
İkinci yazı Nizami irsinin Azərbaycan ədiblərinə
təsiri səpkisində Q.Qasımzadənin bir
tapıntısına işıq salır. İlk Azərbaycan
komediyası, M.F.Axundovun "Molla İbrahimxəlil Kimyagər"
əsəri süjetinin "İsgəndərnamə"də
keçən bir qissədən nəşət
tapdığını sübut edən mühüm və ədəbiyyat
dərsliklərinə salınmalı tapıntıdır.
Həmin məqaləni də müəyyən
ixtisarla təqdim edirəm.
***
Qasım
Qasımzadə
Gəncənin
yanında
"Qəbrimin
üstünə gəldiyin zaman
Pak olan
ruhumu xatırla bir an..."
Nizami
Gəncənin
yanında bir düzənlik var,
Sərmiş xalçasını ora ilk bahar.
Ağaclar
hüzn ilə əymiş başını,
Bülbül
də gözünün inci yaşını
Tökür
qızılgülün tər yanağına,
Mahnı deyir qonub gül budağına.
Kəkliyin
avazı, turacın səsi,
Telli
torağayın şirin nəğməsi
Sanma ki,
quşların təranəsidir,
Yox, bu həyat
səsi, sevda səsidir!
Yarpaqlar
içində hər axşam-səhər
Dolaşır
ətirli, sərin küləklər...
Günəş
istisindən yananda otlar
Bura kölgə salır topa buludlar.
Qədim
məzarıstan olan bu yerdə,
Min tale
çiçəyi solan bu yerdə
Əsrlər
boyunca yağan qar-yağış
Saysız
qəbirləri söküb dağıtmış:
Kürün
suyu qədər axmış göz yaşı,
Çürüyüb toz olmuş neçə
başdaşı.
Dönmüş
neçə dəfə çərxi zamanın,
Neçə
min ulduzu batmış səmanın,
Neçə
sərkərdənin sönmüş muradı,
Burda qılıncıtək pas atmış adı.
Mənəm
deyənləri unutmuş zaman -
Şahlar
məzarından qalmamış nişan.
Burda
yalqızlıqda qədim bir məzar
Ölməz bir dühadan durur yadigar.
Qoruyub
göz kimi yüz illər onu,
Vermiş bir-birinə nəsillər onu.
Güllər
içindəki bu tənha məqbər
Yeni tikilsə
də onu ürəklər
Sevib
yaşatmışdır səkkiz yüz ildir,
Min tufan qopsa da uçan deyildir.
***
M.F.Axundovun "Molla İbrahimxəlil Kimyagər"
komediyasının yaranma səbəbləri, mənbəyi barədə
belə bir rəvayət var ki, əsərdəki hadisələr
guya həqiqətən olan bir əhvalatdlr. Professor M.Rəfili
buna inanmadığını, onun fikrincə, belə bir rəvayətin
"komediyanın bilavasitə təsiri altında
yarandığını" güman etmişdir. Axundov irsini geniş planda öyrənən filologiya
elmləri namizədi Nadir Məmmədov həmin faktları tədqiqatına
cəlb edib bu barədə öz mülahizəsini söyləmişdir.
O, Rəfilinin fikrini inkar üçün yeni faktlar gətirmiş,
"Kavkaz" qəzeti səhifələrində də Molla
İbrahimxəlilin adına rast gəldiyini
bildirmişdir.
Bu dəlillərin nə dərəcədə doğru
olub-olmadığı fikri ilə mübahisəyə
girişmədən demək istərdik ki, həyat həqiqətinin
bədii həqiqətə çevrilməsi prosesində hər
hansı effektli əhvalat və faktı həlledici amil yox,
yardımçı vasitə saymaq daha münasibdir. Əks təqdirdə, məsələn,
"Ölülər"in yaranma səbəbini ancaq 1908-ci il ərəfəsində "Xorasandan gəlib
Naxçıvan-Culfa yolu ilə Təbrizə keçən
fırıldaqçı bir mollanın hərəkətləri"
kimi məlum bir əhvalatla əlaqələndirmək kifayət
edərdi və belə bir dahiyanə əsərin ədəbi-bədii
mənbələrini isə araşdırmaq lüzumu
qalmazdı. Halbuki "Ölülər"in bədii həqiqətə
çevrilməsində "Kimyagər"in rolu (bəlkə
də həlledici rolu) inkaredilməzdir. Elə
isə, Azərbaycanda ilk komediya sayılan "Kimyagər"in
özünün yaranma amillərini də daha dərinlərdə
- bədii ənənədə axtarmaq bihudə olmazdı.
Belə bir axtarışın nəticəsi məqbul
sayılarsa həmin əsərin ədəbiyyatımızın
sonrakı mərhələlərində oynadığı məlum
rolla yanaşı, müasir bədii təfəkkürlə qədim
yaradıcılıq ənənələrini əlaqələndirməkdə
də onun necə böyük xidmət göstərmiş
olduğu aşkara çıxardı.
Bu cəhətdən M.F.Axundovun Nizami irsinə münasibəti
üzərində dayanmaq istərdik. Böyük dramaturqun
dahi şair barəsində mülahizələri arxasında
dayanan bəzi həqiqətlər tədqiq
olunmamışdır. Axundovun ədəbi-tənqidi
görüşlərində, nəzəri mülahizələrində
istinad etdiyi klassik bədii təcrübə içərisində
Azərbaycan şairinin irsi xüsusi vurğu ilə qeyd olunur.
Sənətdə "rəğbətli məzmun"
arxasınca getməyi tövsiyə edərkən o, nümunə
üçün Şərq klassikləri sırasında
Nizami sənətini həmişə çox yüksək
qiymətləndirmişdir. "Həm məzmun gözəlliyinə,
həm də ifadə gözəlliyinə malik olan nəzm
Firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsəsi"
və Hafizin divanı kimi nəşəartırıcı və
həyəcanlandırıcı olub hər kəs tərəfindən
bəyənilir" (M.F.Axundov. Əsərləri üç
cilddə, ikinci cild, Azərb.SSR EA nəşriyyatı, B.,
1961, s. 121) - demişdir. Həmin məqaləsində
("Kritika") yazmışdır ki, şairlər günəşi
ləqəbi "ancaq Nizami və Hafizə layiqdir".
Bu və digər faktlar Axundovun Nizami irsinin həmişə
müasir səsləndiyinə, müasir bədii estetik tələblərə
uyğun gəldiyinə verdiyi qiymətdir. Həmin mülahizəni
söylərkən onun bu irsə dərindən-dərinə
bələd olduğuna, "Xəmsə"ni
dönə-dönə oxuyub mənimsədiyinə
şübhə yeri qalmır. Məhz buna
görə də belə bir ehtimal irəli sürmək əsassız
və yersiz görünməz ki, klassik irsə, xüsusən
Nizami sənətinə bələdlik və heyranlıq
mütəfəkkir bir ədibin bədii yaradıcılıq
laboratoriyasında izsiz qala bilməzdi. O bu cür zəngin,
mənalı sənət nəhrindən bu və ya digər dərəcədə
bəhrələnməmiş deyildi. "İsgəndərnamə"
("İqbalnamə") nin yeni nəşrini
redaktə edərkən diqqətimi xüsusilə çəkib
saxlayan bir epizod bu qənaəti daha da möhkəmləndirdi.
"Kimyagər" əsərinin mənbələrini
araşdıran tədqiqatçılar nədənsə həmin
epizoda məhəl qoymamışlar. Halbuki
bu epizodun məzmunu ilə - yalançı kimyagərin
xalqı aldatmaq üçün əl atdığı
üsulla Molla İbrahimxəlil kimyagərin
fırıldaqları üzərində qurulan hadisə, demək
olar ki, eynidir.
Bir
"zirək xorasanlı" Bağdada gəlib
özünü usta kimyagər elan edir, əfsunla, iksirlə
qızıl düzəltdiyi xəbərini hər yana yayır.
Deyir ki:
"Kimyada baş ustayam mən,
Yoxdur mənim
kimi bu sirri bilən,
İstəsəm
iksirlə edərəm, yəqin,
Biri - on, onu - yüz, yüzü də ki min.
Yüz
dinar pul verin siz əvvəlcədən
Min dinar
eləyim yüz dinarı mən..."
Sonra həmin yalançı kimyagər "zərgər
qaydasilə bir kürə qurdu; bir qaba cürbəcür dərman
doldurdu".
Hətta xəlifənin özü də
Aldanıb
hərifin bu oyununa,
On min misri qızıl göndərdi ona.
(Nizami.
"İsgəndərnamə"
/İqbalnamə/,
Bakı, 1967, s.63-64)
Zirək xorasanlı "qızılları naz eləyərək
alıb" bir neçə gün xəlvətə çəkilir,
avamlarla əylənib onları məst edir və gecəykən
"atları yükləyib aradan çıxır".
"Kimyagər" komediyası ilə belə bir məzmun,
kompozisiya uyğunluğundan başqa, "İsgəndərnamə"də
təsvir olunan həmin epizodun daxil olduğu fəsildə rast
gəldiyimiz digər bir obrazla əlaqədar fakt Axundovun
Nizamidən bəhrələndiyinə şübhə yeri
qoymur. Bu da poemadakı müsbət, ağıllı,
poetik Mariya obrazı ilə pyesdəki şair Hacı Nurunu
doğmalaşdıran mənəvi yaxınlıqdır.
Bir dəstə fəqir, yoxsul kütlə
düşdükləri ehtiyacdan xilas yolu axtara-axtara həqiqi
kimyagər ("iksirçi") kimi şöhrət tapan
ağıllı Mariyanın hüzuruna gəlib ondan kömək
istəyirlər, iksirin sirrini öyrənmək
üçün ona müraciət edirlər. Mariya cavab
verir ki, əfsunla əldə edilən qızıl mədəni,
rəmzlər, "Sangi-əzəm" əslində
nağıldır.
O gizli
iksiri, diqqət etsəniz,
Səhərtək
alnımda görərsiniz siz...
Bitkidə
kimyanın varsa əsəri -
Qələmdir
əslində onun cövhəri!
Əsl
iksirin əfsunda deyil, ağılda, kamalda, sənətdə
olduğunu müsbət obrazın dili ilə bildirən
şair qeyd edir ki:
Ariflər
bu sözdən tapdı xəzinə,
Nadanlar dərd-əzab çəkdilər yenə.
(Nizami.
"İsgəndərnamə"
/İqbalnamə/,
s.62)
Bu fikri "Kimyagər"in müsbət qəhrəmanının
dilindən də eşidirik. Şair Hacı Nuru
aldadılmış nuxululara üz tutub deyir: "Mənim
hünərim filhəqiqə iksirdir. Amma necə
ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat
lazımdır ki, onun tərkibini qəbul edə; habelə mənim
hünərim üçün dəxi ərbabi zövq və
kamal və mərifət lazımdır ki, dediyim əşarın
qədrini bilələr. Zamana ki mənim bəxtimdən
həmşəhərlilərim də ki, sizsiniz, nə kamal
var, nə ağıl var, nə beyin var, bu surətdə mənim
hünərimdən nə fayda hasil olacaq, mənim şeirim nəyə
məsrəfdir" (M.F.Axundov. Əsərləri
I cild, s. 42).
Hacı Nuru ilə Mariyanın ifadələrində belə
qəribə yaxınlıq vardır (İksirə... başqa
filizat (burada bitki mənasındadır. Molla Həmidin "haman ələf
də ki, iksirin cüz'i-ə'zəmidir və vücudu bu
dağlarda olur" sözləri də bunu təsdiq edir -
red.) lazımdır
- "Bitkidə kimyanın varsa əsəri"; Hacı Nuru əsl
iksiri şairin hünərində, yəni şeirdə
görür, Mariya da iksirə "qələmdir əslində
onun cövhəri" (İsgəndərnamə"dən
misal gətirilən poetik parçalar orijinalına
mütabiqdir- red.) - deyir.
Süjetdə, fikirdə olan bu ümumi cəhətlər
tamamilə başqa-başqa üslub və metodun təzahürü
kimi müxtəlif əsrlərin əhvali-ruhiyyəsini əks
etdirir.
Nizami:
Hamıya
mə'lumdur əhli-Xorasan,
Bağdadda fənd ilə yaşayır asan.
(Nizami.
"İsgəndərnamə" /İqbalnamə/, s.63;
Filologiya elmləri doktoru Əkrəm Cəfərin şərhinə
görə, Abbasilər dövründə Xorasan hakimlərinin
Bağdad xəlifələri ilə diplomatik əlaqədə
tez-tez onları aldatmalarına işarədir - bax: s.232) - deyə
obrazlarını müəyyən tarixi əhvali-ruhiyyə əsasında
konkret, real zəmindən götürdüyünə işarə
etmişdirsə, M.F.Axundovun komediyası öz məzmunu, qəhrəmanları,
onların hərəkət və davranışları,
danışıq tərzləri etibarilə
büsbütün milli olmaqla keçən əsrdəki Azərbaycan
ictimai-iqtisadi həyatının aynasıdır.
Axundovun dühası klassik ənənədən faydalanmağın, onu dövrün, zamanın tələbinə, ictimaiyyətin müasir zövqünə məharətlə uyğunlaşdırmağın nümunəsini vermişdir. Nizaminin qısa epizodda yaratdığı yalançı kimyagər - "zirək Xorasanlı" obrazının bədii ənənələr vasitəsilə müasir ədəbiyyatımıza qədər gəlib çıxdığını söyləsək, buna təəccüb etmək lazım deyildir. "Zirək xorasanlı" bir gecə Bağdaddan gizli qaçıb aradan çıxdıqdan yeddi əsr sonra Molla İbrahimxəlilin qiyafəsində yenidən zühur etmiş, fırıldağı açılar-açılmaz qeybə çəkilmiş, XX əsrdə Şeyx Nəsrullah adı ilə ("Ölülər") bir daha görünmüş, bu dəfə "ölü diriltmə elminin" müəssisi kimi daha effektli, daha mükəmməl, daha qüdrətli xarakter səviyyəsinə yüksəlmişdir. Tədqiqatçılar Şeyx Nəsrullahı Molla İbrahimxəlilin xələfi, varisi adlandırmışlar; "Ölülər"in "Kimyagər"dən təsirsiz qalmadığını qeyd etmişlər (C.Cabbarlı. Əsərləri, üç cilddə, III cild, Azərnəşr, 1969, s. 386). Xüsusən, "Ölülər"i və onun baş qəhrəmanını M.F.Axundovun ilk komediyası ilə tipoloji planda geniş təhlil edən filologiya elmləri namizədi H.İsrafilov konkret bədii parallellər gətirməklə bu məsələnin ətraflı şərhini vermişdir (H.İsrafilov. "Ölülər", Azərbaycan SSR EA nəşriyyatı, 1965, s.22-31). Qəribədir ki, "İqbalnamə"də olduğu kimi burada da əhvalatın mənbəyi Xorasanla bağlıdır, Şeyx Nəsrullahın əməlləri Xorasandan varid olan saxta məktubla əsaslandırılmışdır. Şeyx Nəsrullah da avam kütlənin başına minbir oyun açdıqdan sonra Arazın o tayından gələn fırıldaqçı babaları "zirək Xorasanlı" və Molla İbrahimxəlil kimi yenə gecəykən yola çıxmışlar.
Lakin "zirək Xorasanlı"nın ədəbi səyahəti bununla bitməmiş, müasir yazıçılarımızın yaradıcılığında da ara-sıra özünü büruzə vermişdir... (müəllif daha sonra öz müasiri olmuş bəzi yazıçıların əsərlərinə toxunaraq apardığı təhlillərlə Nizaminin "zirək Xorasanlı"sının, eləcə də Mariyasının o əsərlərdə bədii təkamülünə dair mülahizələrini ifadə edir - N.Q.)
...Bədii ənənənin bu gün yaşayan, müasir ədəbiyyatımızı, onun milli xüsusiyyətlərini zənginləşdirən cəhətlərini öyrənmək, tədqiq etməklə alimlərimiz az məşğul olurlar. Həm də cürətli fikir söyləməkdən çəkinir, birisinin üzə çıxardığı eyni faktı bəzən çox çək-çevir edirlər. Halbuki bədii yaradıcılıqda olduğu kimi, elmdə də ənənə ilə bağlı cürətli axtarışlar aparılmadan milli sənətin haradan gəlib haraya getdiyini və getməli olduğunu müəyyənləşdirmək çətinləşir.
Nəriman
QASIMOĞLU
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.16;24.