Kərim Tahirovun 70 illiyi münasibətilə virtual
sərgi hazırlanıb
Noyabrın 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 yaşı tamam olub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, alimin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası (http://anl.az/el/emb/K.Tahirov/index.html) və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi (http://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm) hazırlanıb. Təqdim olunan virtual sərgidə rəsmi sənədlər, professor Kərim Tahirovun müəllifi, redaktoru, tərtibçisi, layihə rəhbəri olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri, mükafatları, fotolar nümayiş olunur. Həmçinin, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli kitabxanaşünas alimlər Kərim Tahirov haqqında”, “Layihələri”, “Əsərləri”, “Haqqında məqalələr”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrdən ibarətdir.
Qeyd edək ki, K.Tahirov həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış alim, görkəmli kitabxanaşünas kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmiş və 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.
O, dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.
K.Tahirov kitablarla bağlı şərəfli bir ömür yaşamış alimdir. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və onun baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
K.Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
Kərim Tahirov bir sıra layihələrin – “Milli - mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. rəhbəri olmuşdur.
Həmçinin o,
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli”
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi
dəyərlərimizin vətənə
qayıdışı” layihəsi çərçivəsində
dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının
digital surətlərinin Milli
Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə
onlardan ən əhəmiyyətlilərinin
bir nüsxə çap
olunaraq Milli
Kitabxananın nadir fonduna
verilməsini təmin edib. 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya”
kitabının müəllifi və elmi redaktorudur.
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.13.