Görkəmli alim, səmimi insan  

 

Professor İsmayıl Məmmədlinin 75 illiyinə

 

Professor İsmayıl Məmmədli haqqında onun sevinc dolu günlərində yazmaq mənim üçün böyük şərəfdir, buna görə qürur hissi duyuram. İsmayıl müəllimi hələ 2001-ci ildən - universitet günlərindən tanıyıram. Mən o zaman Bakı Dövlət Universitetində təhsil alırdım. Bu gözəl alim Universitetdə mənim magistr rəhbərim olub. O müddətdə İsmayıl müəllim mənə xeyirxah məsləhətlər, tövsiyələr verib, təmənnasız olaraq köməklik edib: ondan çox-çox razı qalmışam. Bəxtim elə gətirdi ki, mən ali məktəbi bitirdikdən sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunda işə düzəldim. Xoş bir təsadüf nəticəsində şöbə müdirimin İsmayıl Məmmədli olduğunu biləndə necə sevindiyimi təsəvvür edə bilmirəm.

 

Artıq on bir ildir ki, Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışıram. Bu illərdə İsmayıl müəllimi daha yaxından tanımağım üçün imkan şərait yarandı. Professor əməkdaşlara, o cümlədən , mənə göstərdiyi qayğı səmimiyyətinə görə ona olan hörmətim son dərəcə artdı. Gördüm ki, şöbə müdiri kimi bu səmimi insan bütün əməkdaşların sevimlisidir - hər barədə onlara dayaq olur, problemlərini hər zaman həll etmək iqtidarında olur.

 

İsmayıl müəllim dilçiliyin bütün sahələrində tədqiqatlar aparıb. Belə ki, onun elmi yaradıcılığı təkcə leksikologiya ilə məhdudlaşmır. Görkəmli alim dilçilik elminin ayrı-ayrı sahələrinə - etnolinqvistika, onomalogiyaya aid kitablar yazır, lüğət məqalələr çap etdirir. Bir çox monoqrafiyaların müəllifidir, bəzi kitabların isə elmi redaktoru rəyçisidir. Professorun yetirmələrinin sayı 30-dan artıqdır. Bu cavan alimlər haqlı olaraq onunla fəxr edirlər.

 

Güclü intellekt sahibi, istedadlı elm adamı kimi onda təbii insani duyğularla elmi təfəkkürün heyranedici, təəccübləndirici hər bir alimdə olmayan sintez vardır. Həmişə yorulmaq bilmədən axtarışda, fəal təfəkkür elmi düşüncələr aləmində olur. O, hər bir uğura zəhmətlə, alın təri ilə halallıqla çatıb. İsmayıl müəllim milli-mənəvi xəzinəmizə, ana dilimizə sonsuz məhəbbətlə bağlıdır. Onun xarakterini potensial enerjisi, yüksəkliyə ucalmaq çalışqanlığı, cəhdi üzvi şəkildə tamamlayan keyfiyyətlərdir.

 

İsmayıl müəllim öz insani keyfiyyətlərinə elminə görə , dərin biliyinə, xoş davranışına görə Dilçilik İnstitutunda xüsusi hörmət sahibidir, o, Müdafiə Şurasının, Elmi Şuranın üzvü, uzun illər Dissertasiya Şurasının seminarının sədrliyini aparmışdır. Bundan başqa, alim yarım əsrdir - uzun illər, 50 ilə yaxındır ki, ali məktəblərdə öz pedaqoji fəaliyyəti ilə səriştəli müəllim kimi ad çıxarıb.

 

İsmayıl müəllim həm də alicənab, səmimi və zarafatcıl, incə yumor hissi olan nadir insandır. Şəxsən mən İsmayıl müəllimdən həmişə atalıq qayğısı görmüşəm. O, mənə elmi rəhbər kimi yorulmadan kömək edir, istiqamət göstərir, ruhlandırır, tövsiyələr verir.

 

İsmayıl müəllim 20 ildir Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi, müşavir kimi də çalışmaqdadır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Prezident yanında Dövlət Dil Komissiyasının üzvüdür.

 

Yaxın günlərdə - 2021-ci ilin 15 noyabrında professor İsmayıl Məmmədlinin 75 yaşı tamam olur. O, həyatının kamillik, ixtiyarlıq dövrünü yaşayır. Yubileyi münasibətilə görkəmli alimimizi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, elmdə uğurlar, sağlam həyat arzulayıram.

 

Sevinc SƏFƏROVA

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin elmi işçisi   

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.12.