Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatı mərkəzinin açılışı olub

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatı mərkəzi fəaliyyətə başlayıb. Bu münasibətlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Ədəbiyyat İnstitutunun qonağı olub.

 

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli səfirə Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində görülən işlər və nəzərdə tutulan fəaliyyət planı haqqında məlumat verib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi mənəvi dəstək əsl qardaşlığın nümunəsidir.

 

Səfir Bilal Haye Azərbaycanla Pakistanın ədəbi əlaqələr istiqamətində əməkdaşlığının qurulması üçün dəstək verməyə hazır olduqlarını ifadə edib.

 

Sonra Pakistan ədəbiyyatı mərkəzinin açılışı olub. Mərkəzdə Azərbaycan və Pakistan bayraqları, iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri və kitabların nümayiş olunduğu sərgi qurulub. Akademik İsa Həbibbəyli qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə bu mərkəzin açılmasını ölkələrimiz üçün önəmli hadisə adlandırıb. O, mərkəzdə Pakistan ədəbiyyatının araşdırılması yönündə işlər aparılacağını bildirib. Pakistan səfiri bu mərkəzin dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.12.