Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
(Əvvəli ötən şənbə
sayımızda)
Hələ onu demirəm ki, macar penitensiar xidməti ilə
centlmen anlaşmamız da pozulurdu. Əvvəlki vaxtlarda
göz yumulan, görməməzliyə vurulan detallara diqqət
artırılırdı. Arada soyuqluq
yaranırdı. Hər şeyi yenidən
başlamaq lazım gəlirdi. Bu dəfə
də belə oldu. Bir məsələ ilə
bağlı müraciət etdiyimiz zaman həbsxana rəsmisi çox soyuq
danışdı, narazı qaldığını gizlətmədi.
Mən də öz növbəmdə İlham
müəllimə telefon açıb giley-güzarımı
çatdırdım. Sakitcə işi
görüb qarşı tərəfi fakt qarşısında
qoymağın yeganə düzgün seçim olduğunu
xatırlatdım. Əgər hansısa
çıxış yolu bilirsə, müəyyən fikri və
niyyəti varsa,
bunu siyasi rəhbərliklə əlaqəli şəkildə,
ən başlıcası isə tam məxfilik şəraitində
həyata keçirməyi xahiş etdim. Həmin söhbətdən
sonra onun ekstradisiya ilə bağlı yeni təşəbbüsləri
barədə xəbər eşitmədim.
Üstəlik, xatırlatmalıyam ki, R.Səfərovun
taleyi ilə bağlı qərar yalnız macar deyil, Azərbaycan
tərəfdən də ən yüksək səviyyədə
verilməli idi. Əgər dövlət başçısı bu barədə
İlham Rəhimova, yaxud hər hansı başqa şəxsə
göstəriş vermiş olsaydı, təkrar edirəm - səfir
kimi prosesdən xəbərsiz
qalmağım mümkünsüzdü.
Nəhayət,
əgər İlham Rəhimov həqiqətən belə bir səlahiyyət
almışdısa, Ramiz Əmirlinin Qaboru mənim yanıma gətirməsi
də tamamilə mənasız və məntiqsiz addım sayılmalı idi. Hər
şeyi birbaşa özləri də həll edə bilərdilər...
Ramiz
böyük maddi imkanlara malik olan və "Putinin dostu"
kimi tanınan iş adamını mütləq prosesə cəlb
etmək istəməsinin səbəbləri mənə
qaranlıq deyildi. Hər şey hər kəsin
başa düşəcəyi qədər sadə idi.
Əgər kimsə gələcək şöhrətə
(şəxsən mən burada elə bir şöhrət
görmürdüm) şərik çıxmaq, yaxud həqiqətən
də insanpərvərlik və xeyirxahlıq göstərmək
üçün pul kisəsinin ağzını
açmışdısa, niyə belə səxavətdən
imtina olunsun? Aydın məsələdir ki, Ramiz yaxşı qazanc
imkanının mümkünlüyü barədə Qabora da xəbər
çatdırmışdı. Təbii, onun
etirazı üçün də elə bir əsas yox idi.
Məsələnin dövlət qurumları ilə
bağlı rəsmi tərəfini səfirlə həll etmək,
böyük qonorarı, yaxud gəlirli biznes-layihəni isə
geniş imkanlara malik iş adamından almaq hər ikisinə cəlbedici
görünmüşdü. Əslində,
işə praktiki yanaşma baxımından burada hər
şey yaxşı düşünülmüşdü.
Napoleonun məşhur sözlərini bir az
dəyişdirsək, təkcə müharibəni deyil, bir
çox digər işləri udmaq üçün də pul əvəzsiz
amildir. Bu - həqiqətdir! Amma, İ. Rəhimovun kapitalına
bağlanmış ümidlər sonda, türklər demiş,
suya düşdü...
Hansı ümidlərlə yaşamasından
asılı olmayaraq Qabor üzərinə
götürdüyü işin icrasında çox
ardıcıl və israrlı idi. Eyni zamanda səmimiyyətinə
inanmamaq üçün də mənə əsas verməmişdi. Telefonla mütəmadi
əlaqə saxlayır, zərurət yarananda
görüşüb fikir mübadiləsi aparırdıq.
Bu ara hakim korpusunda gözlənilən dəyişikliklər
də həyata keçirilmişdi. Növbəti
maneə də ortadan qaldırılmışdı. Necə deyərlər, müşkülün həllinin
lap bir addımlığında idik.
2012-ci
ilin mart ayındakı görüşlərimizin birində
Qabor atasının da bizim zabitin Azərbaycana
qaytarılması ilə bağlı "yuxarılarda"
kiçik bir söhbətinin olduğunu dedi. Fikir mübadiləsi
zamanı yeni nüansa diqqət yetirilmişdi: bu da hansısa
yolla kilsə rəhbərliyinin
məsələdən xəbərdar edilməsi, "müqəddəs
ataların" münasibətinin öyrənilməsi idi. Həmsöhbətimin fikrincə,
bu həssas
məqamı diqqətdən qaçırmaq olmazdı. Çünki tarixən macar katolik kilsəsini
Eçmiadzinlə müəyyən əlaqələr
bağlamışdı. Ölkədə
katolik erməni icmasının mövcudluğu da kilsə
amilinə diqqət yetirməyin vacibliyini göstərirdi.
Budapeştdəki qətl hadisəsindən sonra erməni din
emissarları Azərbaycana nifrətin körüklənməsində,
məhkuma mümkün qədər sərt cəza verilməsində din qardaşlarının təəssübçülük
imkanlarından az yararlanmamışdılar. Səkkiz il əvvəlin acı təcrübəsini
göz önünə alıb bu dəfə mütləq dini
dairələri müəyyən həddə qədər
neytrallaşdırmaq, qərar veriləndən sonra ən azı susmalarına, hər
hansı kəskin bəyanatla çıxış etməmələrinə
nail olmaq lazım idi. Hər halda Qabor belə
deyirdi və ona inanmamağa əsasım yoxdu.
Aprelin
ikinci yarısında görüşdüyümüz zaman
Qabor bu istiqamətdə də lazımi söhbətin
aparıldığını, kilsə ilə bağlı məsələnin
ümumən yoluna qoyulduğunu dedi. Onun fikrincə,
artıq Azərbaycan tərəfi, konkret olaraq dövlət
başçısımız Macarıstan Baş nazirinə
ekstradisiya ilə bağlı müraciət ünvanlaya bilərdi.
Məsələnin müsbət həlli
üçün zəruri olan bütün addımlar
atılmışdı.
Az
öncə qeyd etdiyim kimi, Qabora inanmamağa əsasım yox
idi. Amma onun dediklərinin doğruluğuna tam əmin olmaq üçün
bütün bunların başqa mənbə vasitəsi ilə
təsdiqinə ehtiyac vardı. Ona görə də
diplomatiyanı bir kənara qoyub açıq danışmaq qərarına
gəldim. Ancaq macar dostum uzun-uzadı müqəddiməmi
yarımçıq kəsib hər şeyi başa
düşdüyünü və burada inciməyə əsas
görmədiyini dedi. Mənim yerimə olsa,
özünün də eyni ilə belə hərəkət edəcəyini
xüsusi vurğuladı. Əgər fərqli,
müstəqil mənbədən məlumat almaq istəyirəmsə,
Macarıstandan Avropa Parlamentinin üzvü Laslo
Tököşlə görüşümə imkan
yaradacağını bildirdi. Onun nəcib və xeyirxah adam olduğunu, bu məsələdə meydana
çıxacaq çətinlikləri aradan qaldırmaqda
yardım göstərməyə, lazım gəlsə, Azərbaycan
səfiri ilə görüşməyə hazır
olduğunu dedi. Belə bir görüş Ramizin də
iştirakı ilə həqiqətən tezliklə baş tutdu.
Laslo Tököş (1952) Baş nazirə yaxınlığı
ilə tanınan siyasətçilərdəndi. Rumıniyada,
Transilvaniya bölgəsində macar ailəsində
doğulmuş, gənc yaşlarından siyasi mübarizəyə
qoşulmuşdu. Transilvaniya macarları
üçün milli azlığın
sözçüsü kimi tanınmışdı.
Nikolay Çauşeskuya qarşı 1989-cu il
dekabrında başlanan xalq inqilabının öncül
simalarından sayılırdı. Daha
doğrusu, Tököşə qarşı yönəlmiş
təzyiqlər inqilabın barıt çəlləyini
alovlandıran qığılcıma çevrilmişdi.
Həmin dövrdə siyasətdən uzaq din
xadimi Laslo Tököş yenicə Orad yepiskopu təyin edilmişdi
və üsyanın başladığı şəhərdə
- Timişoarada yaşayırdı. Diktatorla
mübarizədə sona qədər xalqın tərəfində
dayanacağını açıq bildirmişdi. Rumın təhlükəsizlik qüvvələri
onu təcrid etmək istəsələr də, yerli əhali
evinin ətrafında canlı sipər yaradıb imkan verməmişdi.
Timişoarada başlanan etirazlar tezliklə
Çauşeskunun hakimiyyətini itirməsi və güllələnməsi
ilə nəticələnmişdi. 2007-ci
ildə Rumaniya AB-nə qəbul olunanda Laslo Tököş
müstəqil deputat kimi Avropa Parlamentinə üzv
seçilmişdi. İki il sonra seçkilərdə təkrar
qələbə qazanmış, həm də qurumun vitse-spikerlərindən
olmuşdu. Macarıstan hüdudlarından kənarda
yaşayan macar azlığının hüquqlarının
qorunması işində Viktor Orbanın yaxın məsləhətçi
və inanılmış adamlarından sayılırdı.
Bu zəmində başlanan münasibətləri
dostluğa çevrilmişdi.
Macar kilsəsini
məlumatlandırmaq və din xadimlərinin
loyallığına təminat almaq məsələsi ortaya
çıxanda bu iş yepiskop Tököş vasitəsi ilə
həyata keçirilmişdi. Görüşümüz
zamanı bu barədə özü danışdı. Hadisələri bir qədər qabaqlayıb deməliyəm
ki, bütün vədlərə baxmayaraq sonda kilsə rəhbərliyi
nisbətən yüngül formada da olsa xristian həmrəyliyi
nümayişindən özünü saxlaya bilmədi.
Ekstradisiyanın ardınca, 2012-ci il
sentyabrın 1-də Macarıstan priması, Esterqom-Budapeşt
arxiyepiskopu kardinal Peter Erdo bütün ermənilərin
katolikosu II Qareginə məktub göndərdi. Lakin
mətndən də göründüyü kimi məktub
başdan-başa ümumi sözlərdən, trafaret ifadələrdən
ibarət idi.
Macarıstanın dini rəhbəri "keçmişdə
başı bir çox bəlalar çəkmiş xristian ermənilər
və erməni xalqı ilə" həmrəy
olduqlarını bildirməklə yanaşı ad çəkmədən
"etnik zəmində cinayət törədənlərin (təbii
ki, bu mənada ermənilər özləri ilk sıralarda yer
tuturdular) hamısına qarşı
çıxdıqlarını" bəyan etmişdi. Həm
də protokol
xarakterli bu məktub Ümumdünya Kilsələr
Şurasının baş katibi Olaf Tveytin ekstradisiyanı pisləyən
bəyanatından sonra göndərilmişdi. Yəni sadəcə
rəhbərliyin tapşırığının yerinə
yetirilməsi görüntüsü
yaradılmışdı...
Yepiskop Tököşlə görüş zamanı isə
kilsənin anlaşıqlı mövqeyinə görə təşəkkürlərimin
müqabilində o, xeyirxahlığın, dara düşənə
yardım əli uzatmağın İsa təliminin əsas
postulatlarından olduğunu xatırlatdı. Baş nazir
Orbanı yaxşı bir xristian, eyni zamanda cəsarətli
siyasətçi kimi xarakterizə etdi. Ekstradisiya
gerçəkləşərsə, həm ölkədə,
həm də Avropa Birliyi çərçivəsində ciddi
təzyiqlərlə üzləşəcəyini yada
saldı. Amma nə vaxtsa başqa bir macar hökumət
başçısının belə çətin
yükün altına girəcəyinə şübhəsini
bildirib düzgün vaxt və ünvan seçdiyimizi dedi.
Laslo Tököşlə aramızdakı səmimi
söhbətdən sonra məqsədə
yaxınlığımız məndə qətiyyən
şübhə doğurmurdu. Artıq Macarıstan rəhbərliyinə əminliklə
müraciət etmək imkanı yaranmışdı. Lakin müraciət necə, hansı şəkildə
olmalı idi? Telefon zəngi elə də
münasib variant sayıla bilməzdi. Necə
deyərlər, sifarişlə Həcc qəbul olunmur.
Bürokratik yazışmalar isə niyyətimizin vaxtından əvvəl
aşkarlanmasına,
tam məxfi saxlanması tələb edilən məlumatın
vaxtsız yayılmasına gətirib
çıxarmazdımı? Başa düşürdüm ki, rəsmi
yazışmalar labüddür. Ancaq zəruri
formallıqların yerinə yetirilməsinin yalnız yüksək
səviyyəli şifahi razılaşmadan, necə deyərlər,
centlmen anlaşmasından sonra daha münasib və səmərəli
olacağını da anlayırdım. Təəssüf
ki, ortaya çıxan məsələlər barəsində
fikir mübadiləsi aparmaq, məsləhətləşmək
üçün kimsə yox idi. Keçirdiyim
görüşlər, apardığım müzakirələr
barəsində məxfi poçtla müvafiq qurumlara göndərdiyim
məktublar cavabsız qalırdı. Bəzən
düşünürdüm ki, məsələ ümumiyyətlə
heç kəsi maraqlandırmır.
Artıq Qabor məni tələsdirməyə
başlamışdı. Bizim Ədliyyə Nazirliyinin mümkün
qədər tez hərəkətə keçməsini,
proseduranın başlanması üçün tələb
olunan müraciət məktubunun göndərilməsini istəyirdi.
Ona izah etdim ki, Macarıstandakı kimi Azərbaycanda
da məsələ ölkənin birinci şəxsinin diqqətinə
çatdırılmalıdır. Belə
bir təşəbbüslə çıxış etmək
barəsində Ədliyyə Nazirliyi, yaxud başqa dövlət
qurumunun qarşısında təşəbbüs qaldıra
bilməzdim. Çünki ortada real
imkanların olduğuna onları əmin etmək
üçün əlimdə dəlil-sübutum yox idi. Hansısa bir vəkil kontorunun sahibi vasitəsi ilə
hökumət dairələrinə çıxmağım,
lazımi razılıq almağım eşidən hər kəsə
nağıl təsiri bağışlayardı.
Özüm də anlayırdım ki, əslində bir az da nağıla bənzəyən bu
tarixçə barəsində birbaşa dövlət
başçısına məlumat verməliyəm. Son qərar onun olmalıdır. Həm
də veriləcək qərar bürokratik yollarla
çatdırılmasaydı, birbaşa ünsiyyət əsnasında
dilə gətirilsəydi, başladığımız
işin uğuruna şübhə yeri qalmazdı. Prezidentlə görüş elə də çətin
məsələ deyildi. Lakin Azərbaycan
Prezidenti ilə Macarıstan Baş naziri harada, nə zaman bir
araya gələcəkdilər? Prosesə rəvac
vermək üçün ən doğru zamanı necə
seçmək olardı? Ekstradisiyanın real
göründüyü məqamda indi də bu suallar cavabı
tələb edirdi...
***
Ramil Səfərovun vətənə qaytarılmasına
nə üçün bu qədər qüvvə və vaxt sərf
edirdim? Nə
üçün öz istəyimlə ölkə rəhbərliyi
qarşısında təşəbbüs
qaldırmış, üzərimə həlli hər
baxımdan çətin olan iş
götürmüşdüm? Məgər bunu etməsəydim, kimsə məni cəzalandıracaqdı?
Vaxtından əvvəl səfir vəzifəsindən
geri çağırılacaqdım? Yoxsa,
Macarıstandakı diplomatik fəaliyyətim yarıtmaz
sayılacaqdı? Bunların heç birinin baş verməyəcəyi
özlüyündə aydın idi. Bəs
səbəb nə idi? Nə
üçün meydana atılmışdım? Nə üçün durduğum yerdə
ağrımaz başıma dəsmal bağlamışdım?
Əvvəldə də qeyd etdiyim kimi, bir insan kimi, bir azərbaycanlı
kimi gənc, təcrübəsiz Ramilin düşdüyü vəziyyətə
acısam da, pərəstişkarları sırasında
deyildim. Ola bilsin ki, bu sözlərim çoxlarının
xoşuna gəlməyəcək. Doğrusunu
desəm, törətdiyi əməli də (hətta gənclik
və təcrübəsizlik üzündən olsa belə!) qəhrəmanlıq
və vətənpərvərlik örnəyi
saymırdım. Ekstradisiya təşəbbüsünün
baş tutacağı təqdirdə şöhrətə, tərifə,
mükafata da can atmırdım. Çünki
bütün bunlara həqiqətən ehtiyac duymamışam. O biri tərəfdən, yaxın
keçmişin hadisələrini diqqətlə izləyənlər
müxtəlif adamların sanki yarışa girərək
"Ramil sevgisini" və prosesdəki rollarını
bütün mümkün və qeyri-mümkün yollarla
şişirtməyə çalışdıqları,
özlərini bu hadisəyə calamaq üçün dəridən-qabıqdan
çıxdıqları 2012-ci
ilin sentyabr ayında mənim adımın, eləcə də
ölkəmizin Macarıstandakı Səfirliyinin fəaliyyətinin
demək olar ki, heç yerdə xatırlanmamasını
çətinlik çəkmədən müəyyənləşdirə
bilərlər. Şükürlər olsun ki, İnternet var və
o, çox şeyi yaddaşına uzun müddətə həkk
edir...
İstəməzdim ki, özünü reklamla məşğul olum. Ancaq maraqlananlar bəlkə də xatırlayırlar: 1987-ci ilin noyabrından, Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında məlum və məşum hadisələr başlanandan sonra "erməni məsələsi" ilə filoloq və tarixçi, ictimai fəal kimi bacardığım qədər ciddi məşğul olmağa çalışmışam. 1988-ci ilin martında "Nyu-York tayms" qəzetinin Moskva bürosu müxbirinin Dağlıq Qarabağ münaqişəsi (təbii ki, onda "münaqişə" sözü hələ dilə gətirilmirdi) ilə bağlı suallarını cavablandırmışdım. Bu, səsimizi xaricdə duyurmaq baxımından ilk addımlardan biri idi. Material qəzetdə çıxandan və "Amerikanın səsi" radiosunun efirində yayılandan sonra Dövlət Təhlükəsizlik Komitəsinin Akademiya üzrə kuratorundan xəbərdarlıq almışdım. Doğrudur, danlanmamışdım, təhdid olunmamışdım. Əməkdaş sadəcə belə hallarda ilk növbədə "dəniz qırağını" məlumatlandırmağın zəruriliyini yadıma salmışdı... Leninqradda elmi ezamiyyətdə olduğum vaxt (1989-cu il) separatçılarının rəhbəri R.Koçaryanın burada nəşr olunan populyar "Smena" qəzetinə antiazərbaycan ruhlu müsahibə verdiyini görüb münaqişə tərəfi kimi bizim də mövqeyimizi işıqlandırmağı tələb etmişdim. Müsahibəm bir neçə gündən sonra "Smena"da çıxmışdı. Maraqlıdır ki, Ermənistanın o zamankı rəsmi dövlət qəzeti "Sovetskaya Armeniya" onu olduğu kimi, lakin "Drujestvenno protyanutıy kulak" ("Dostcasına uzadılmış... yumruq") adlı və həcmcə müsahibənin özündən böyük olan sərt redaksiya şərhi ilə çap etmişdi.
"Azərbaycanda erməni zülmü" (rus və Azərbaycan dillərində), "Behbud xan Cavanşirin məhkəmə prosesi" kitablarının, son iki əsrdə məmləkətimizdəki erməni terrorunun bir sıra qurbanları haqqında araşdırmaların müəllifiyəm. Mərhum dövlət başçısı Heydər Əliyev 31 Mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barəsində sərəncam imzaladıqdan sonra 1998-ci ildə bu barədə Milli Məclisin xüsusi iclasında ilk dəfə geniş məruzə ilə çıxış etmək mənə tapşırılmışdı. Nəhayət, xarici işlər naziri işlədiyim beş ilə yaxın müddət ərzində dəfələrlə Koçaryan və Oskanyan kimi son dərəcə məkrli, həyasız erməni siyasətçilərinin xalqımıza, hətta mövcudluğumuza və milli varlığımıza qarşı quduz, amansız düşmən münasibəti bəslədiklərinin əyani şahidi olmuşam. Hələ bu da azmış kimi quduz, antibəşəri erməni yanaşmasının özlərini insan haqları uğrunda mübariz, demokratiya fədaisi sayan Qərb siyasətçiləri tərəfindən normal hal kimi qəbul edilməsini dəfələrlə gözümlə görmüş, qulağımla eşitmişəm. Həmin anlarda bir azərbaycanlı kimi hansı hisslər keçirdiyimi təsəvvürə gətirmək o qədər də çətin deyil...
Dağlıq Qarabağ münaqişəsi başlayanda oğlumun beş yaşı vardı. O zaman düşünürdüm ki, iki qonşu xalq arasında meydana çıxan anlaşılmazlıq tezliklə aradan qalxacaq və insanlarımızın həyatını təhdid edən bir təhlükə qalmayacaq. Ancaq əsassız erməni iddialarından qaynaqlanan bu münaqişədə minlərlə övladımız qurban getdi. Ən böyük faciə, ən böyük üz qarası isə tarixi torpaqlarımızı qoruya bilməməyimiz oldu. İndi oğlumun yaşı otuzu keçib. Onun üç yaşında ilk və son dəfə gördüyü Şuşa isə həmişəki kimi əlçatmazdır (bu sətirlər 2012-ci ildə yazlıb - red.).
Elə bil bütün bu illər ərzində biz sehrli dairə içərisində hərəkət etmişdik. Yaxud da qaydalarının tam əleyhimizə işlədiyini bildiyimiz məkrli oyunun dilsiz, müqavimətsiz iştirakçılarına çevrilmişdik. Bu nə qədər davam edəcəkdi? Doğrudanmı sehrli dairədən çıxmaq mümkün deyildi? Hər hansı şəkildə müqavimət göstərə, əzələ nümayiş etdirə bilməzdikmi? Ermənilərin bütün həyasız şıltaqlıqlarını asanlıqla həzm edən dünyanın eyni ərköyün hərəkətə yol verəcəyimiz təqdirdə bizə necə baxacağını sınaqdan keçirməyə dəyməzdimi? Qoy bu hələlik torpaqlarımızın lap bir kvadrat metrini də işğaldan qurtarılması olmasın. Amma hər tərəfə səs salsın. Düşmənlərimiz artıq hər şeyin əvvəlki kimi olmayacağını anlasınlar. Dövlətimizin gücü, millətimizin qətiyyəti, iradəsi ortaya qoyulsun. Bizim də cəsarətli addım atmağa, axına qarşı üzməyə gücümüzün, qüdrətimizin çatdığı nümayiş etdirilsin...
Zamanında sələflərimiz belə addımlar atmasaydılar, həyatlarını riskə qoyub fədakarlıq etməsəydilər, bəlkə tək Ermənistan adlanan ərazi deyil, ümumən Cənubi Qafqaz əsrlər boyu burda yaşayan, tarix yaradan və yazan yerli xalqdan - Azərbaycan türklərindən tamamilə təmizlənərdi. Daşnaksütyun partiyasının rəhbərliyi altında ilk belə cəhd 1905-ci ildə göstərilmişdi. Onda Rusiya imperiyası öz maraqlarına uyğun şəkildə "parçala və hökm sür!" siyasətini həyata keçirmək üçün vasitə kimi istifadə etdiyi ermənilərin şıltaqlıqlarına dözməyi ( keçmiş Sovet İttifaqı rəhbərliyi də Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında eyni ssenaridən yararlanmışdı!) Azərbaycan türklərinə ədalətli münasibət göstərməkdən üstün tutmuşdu. Ancaq xoşbəxtlikdən o zaman "Difai" adlı ilk siyasi qurumumuz yaranmışdı, millətin ləyaqətli övladları qələmlə və silahla düşmənlərin -imperiyanın və onun erməni əlaltılarının qarşısına çıxmağı və qeyri-bərabər döyüş verməyi bacarmışdılar.
Qafqaz canişini İ.İ.Voronsov-Daşkov 1906-cı ilin fevralında bölgədə günü-gündən şiddətlənən qarşıdurmaya çözüm tapmaq məqsədi ilə (kim bilir, bəlkə də görüntü yaratmaq xatirinə!) Azərbaycan türkləri və ermənilərin sözü keçən, nüfuzlu nümayəndələrini Tiflisdə, canişin sarayında bir araya gətirmişdi. Böyük vətənpərvər Əhməd Ağaoğlu həmin toplantıda rus idarəçisinin diqqətini Cənubi Qafqazın iki xalqına münasibətdə sərgilənən ögey-doğmalığa cəlb edərək demişdi: "İndi ki, belədir, indiki bir müsəlləh partiya ("Daşnaksütyun" nəzərdə tutulur - V.Q.) on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər, bizim istər hökumətdən, istər ermənilərdən belə bir partiyanın aradan götürülməsini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə..."
Azərbaycan torpaqlarının işğalına, ölkəmizə qarşı həyata keçirilən çoxsaylı təxribatlara, terror aktlarına, Xocalı soyqırımına susqunluq və dözüm nümayiş etdirən dünyanın səbrini biz də sınağa çəkməli idik. Məsələn, milli zəmində cinayət və kütləvi qətllər törədən, türk düşmənçiliyini əsla gizlətməyən Koçaryan, yaxud Sarqsyan kimilərin prezident kürsüsündə oturduğu, dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri tərəfindən qəbul edildiyi bir şəraitdə nisbətən kiçik cinayət işləmiş zabitimizin həbsxanada qalmasına razı olmamalı idik. Ən azı "Bir dünya ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə!" məntiqi ilə... Mənim nəzərimdə ekstradisiyanın zəruriliyini əsaslandıran amillərdən biri bu idi.
Başqa bir misal. 1921-ci ilin iyulunda erməni terrorçusu, daşnak özünümüdafiə alayının döyüşçüsü Misak Torlakyan Azərbaycan Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşiri İstanbulda qətlə yetirmişdi. Həmin dövrdə Osmanlı paytaxtını işğal altında tutan Antanta gücləri qatilə oyuncaq məhkəmə prosesi qurdular və cinayətin guya affekt halında törədildiyini əsas gətirib onu sərbəst buraxdılar. Məhkəmədə Cavanşir ailəsinin haqqını qoruyan məşhur türk vəkili Heydər Rifat bəy ingilis və fransız ədliyyəsinin təmsilçilərini ədalətsiz qərardan çəkindirməyə çalışaraq müdafiə nitqində demişdi: "Baxın, ermənilər müsəlmanlara "Biz sizi vuracağıq. Sonra da hüququn və təbabətin hələ yetərincə əsaslandırılmayan nəzəriyyələrinin boşluğundan istifadə edib heç bir cəza almadan işin altından çıxacağıq. Vuranları da hər vasitəyə əl atıb qurtaracağıq" - deyirlər. Müsəlmanlar da dil açaraq "Bunu etməyin. Biz də belə iş görməyə cürət edənləri cəzalandırmağa çalışacağıq" - cavabını verirlər. Bu sözləri deyən müsəlmanların halından daha təbii və haqlı bir vəziyyət düşünülə bilərmi?"
Bu sözlərin deyildiyi vaxtdan yüz il ötmüşdü, amma biz yenə də eyni təbii və haqlı vəziyyətdə idik. Behbud xanın və digər şəhidlərimizin qətlindən keçən onilliklər ərzində sovet imperiyasının himayəsinə, xristian həmrəyliyinə, dünyanı hörümçək toru kimi bürüyən erməni diasporunun gücünə, əlaqələrinə arxalanıb bizi amansızlıqla vurmuşdular və vururdular. Torpaqlarımız işğal altında idi. Şəhərlərimiz, kəndlərimiz dağıdılmışdı. Əsirlərimiz, girovlarımız işgəncələrə məruz qalmışdı. Milli varlığımız, tarixi vətənimizə sahiblik haqqımız danılırdı. Şərəf və heysiyyətimiz təhqir edilirdi. Hər kəs işğal və soyqırımı faktını açıq-aşkar görürdü, amma yenə işğalçıdan yox, bizdən güzəştə getmək tələb olunurdu. Və bütün bunlardan sonra yenə suçlu çıxarılan biz, terrorçu Misak Torlakyan kimi haqlı cəzadan canını qurtaran, üstəlik beynəlxalq hüquq normalarındakı boşluqlardan, ikili standartdan yararlanıb dividend qazanan isə Ermənistan, daşnak müharibə caniləri idi. Onlar zaman-zaman bizim tərəfdən eşidilən dostluq-qardaşlıq şüarlarını, dinc-yanaşı yaşamaq çağırışlarını saymazyanalıqla qulaqardına vururdular. Avropa Şurasının tribunasından ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkünsüzlüyü haqqındakı sərsəm irqçi tezis səsləndirməkdən çəkinmirdilər. Vəziyyət belə idi. Belə vəziyyətdə nə etmək olardı? Ən azı Budapeşt məhbusunu həbsdən çıxarıb onu ömrünün sonuna qədər zindanda saxlayacaqlarını düşünənlərə kiçik də olsa bir dərs vermək yerinə düşməzdimi?
Bilirdim ki, ekstradisiya baş tutsa Azərbaycanda Ramil Səfərovu sevənlərə də, sevməyənlərə də, onun hərəkətini təqdir edənlərə də, etməyənlərə də bir məlhəm olacaq. Başlıcası isə ən çətin gündə, ən ağır məqamda Azərbaycan dövlətinin öz vətəndaşına arxa durduğu aşkara çıxacaq. Ölkə insanının, siyasi rəhbərliyin gücü, iradəsi ortaya qoyulacaq. Dövlətimizə inamımız, gələcəyə ümidimiz artacaq...
Bir nəfərin həyatını xilas edəcəkdik. Amma milyonlarla soydaşımız özünü daha güclü, daha məğrur sayacaqdı. Ermənilərin cəzasızlıq mühitinin əbədiliyi ilə bağlı harın, həyasız təsəvvürlərinə sarsıdıcı zərbə endiriləcəkdi. Onlar konkret təsadüfdə gücsüzlüklərini, məğlubiyyətə məhkumluqlarını anlayacaqdılar.
Bunun üçün çarpışmağa, çətinliklərə sinə gərməyə dəyərdi...
(Davamı var)
Vilayət
QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.10-11.