Yüksəliş"də fərqlənənlər:
bilik, təcrübə və mentor amili bir
arada
Prezident
İlham Əliyevin
2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunan "Yüksəliş"
müsabiqəsi ölkədə
yeni nəsil idarəçilərin aşkara
çıxarılması, perspektivli idarəçilərin
dəstəklənməsi və
təşviqi baxımından
çox faydalı, eyni zamanda, şəffaf
mexanizmə əsaslanan
sosial lift layihəsi hesab edilir. Müasir
və dünyəvi idarəçilik modelini əhatə edən müsabiqə 21-51 yaş
aralığında, azı
2 illik idarəçilik
təcrübəsi olan,
ali təhsilli
ölkə vətəndaşları
arasında keçirilib.
Beş mərhələdən - qeydiyyat,
onlayn seçim, əyani, yarımfinal və finaldan ibarət olan müsabiqədə ümumilikdə
11760 nəfər qeydiyyatdan
keçib. Onlardan 9775 nəfəri
müsabiqəyə qəbul
edilib. Ancaq müsabiqənin onlayn mərhələsinin
nəticəsində onların
böyük qismi ələnib. Əyani
mərhələnin birinci
imtahanı olan "Qabiliyyət üzrə yoxlama imtahanı"nda iştirak edən 940 nəfər 728 namizəd uğur qazanıb və "İdarəetmə
bacarıqları üzrə
imtahan"da iştirak
hüququ əldə edib. Son imtahanda
ən yüksək nəticə göstərən
309 iştirakçı müsabiqənin
növbəti mərhələsi
olan yarımfinala keçib. Yarımfinal iyun ayında
olub. Yarımfinal və final öncəsində
ekspertlər xarici mütəxəssislərin iştirakı
ilə üç günlük təlimlərə
qatılıblar. Müsabiqə şərtlərinə görə,
finala 100 nəfər çıxmalı idi.
Amma yarımfinalda 21 nəfər
eyni nəticəni göstərdiyi üçün
Təşkilat Komitəsinin
qərarı ilə finalçıların sayı
112 olub. Bu da müsabiqə qaliblərinin sayına təsir edib. Müsabiqənin final mərhələsi keçirilib və 9 nəfər finalçı
eyni nəticəni əldə etdiyi üçün 20 deyil,
27 qalibin adı açıqlanıb. Adları
kadr ehtiyatı bankına daxil edilməklə yanaşı,
qaliblərin hər biri idarəçi rəhbərlər tərəfindən
1 illik fərdi inkişaf planı və 20 min AZN məbləğində
özünüinkişaf qrantı
əldə edib.
Müsabiqənin finalında iştirak edən 112 çox güclü namizəd arasında fərqlənən
və qalib adını qazanan həmin 27 şəxsdən
biri də "Yüksəliş" müsabiqəsində
ikinci yerə layiq görülən Ziya Mürsəlzadədir. O, SOCAR-ın
XTP çərçivəsində
2012-2013-cü illərdə Böyük Britaniyanın
Leicester Universitetinin Maliyyə
ixtisasını magistr
pilləsi üzrə
fərqlənmə dərəcəsi
ilə bitirib. 2013-cü ildən SOCAR ailəsinin üzvüdür.
Hazırda SOCAR-ın Əmək
şəraiti normalarının
işlənməsi İdarəsində
rəis müavini vəzifəsində çalışır.
Eyni zamanda, həm BANM-də Biznesin Təşkili və İdarə edilməsi
(MBA) ixtisası üzrə
və UNEC ISE-də müəllim kimi fəaliyyət göstərir.
Qeyd edək ki, müsabiqənin
şərtlərinə əsasən,
qalib bir il müddətində
müsabiqənin idarəçi
rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək
təcrübə keçəcək. İqtisadiyyat naziri Mikayıl
Cabbarov "Yüksəliş"
müsabiqəsinin qalibi
Ziya Mürsəlzadənin
mentoru olacaq.
Ziya Mürsəlzadə
deyir ki, Bakı Dövlət Universitetində Beynəlxalq
münasibətlər və
beynəlxalq hüquq fakültəsinin beynəlxalq
iqtisadi münasibətlər
ixtisası üzrə
bakalavr təhsili alıb. Magistr pilləsi üzrə
isə SOCAR-ın Xarici Təhsil Proqramı (XTP) çərçivəsində
Böyük Britaniyanın
Lester Universitetində təhsil
alıb. Həmin
universiteti 2013-cü ildə
fərqlənmə dərəcəsi
ilə bitirərək,
eyni zamanda, universitet üzrə ilin magistr tələbəsi
mükafatına layiq görülüb: "2013-cü ildən SOCAR-da əmək fəaliyyətimə
başlamışam. Əvvəlcə
Əmək Şəraiti
Normalarının İşlənməsi
İdarəsinin (ƏŞNİİ)
İqtisadi göstəricilər
və maliyyə modelləşdirilməsi şöbəsində
iqtisadçı, daha
sonra şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləmişəm.
2019-cu ildən hal-hazıradək ƏŞNİİ-nin idarə rəisinin müavini vəzifəsində çalışıram.
SOCAR-da indiyə
qədər müxtəlif
maraqlı layihələrdə
yer almışam.
Korporativ
maliyyə modeli, SOCAR-ın 2035-ci ilə qədər strategiyası
və sair layihələrində məsləhətçi
şirkətlərlə birlikdə
çalışmışam. Hazırda bizim komanda şirkət
üzrə rüblük
və illik analitik maliyyə hesabatlarının hazırlanması,
neftin və qazın qiymətinin təhlili və proqnozlaşdırılması, investisiya qərarlarının
iqtisadi səmərəliliyinin
yoxlanılması və
korporativ maliyyə modelinin illik yenilənməsi üzrə
işlərlə məşğuldur.
Bununla yanaşı, maliyyə üzrə beynəlxalq sertifikat olan CFA sertifikatı üzrə əvvəlcə iştirakçı,
hazırda isə təlimçi olaraq fəaliyyət göstərirəm
və CFA 2-ci səviyyə
imtahanı üzrə
namizədəm. Eyni zamanda,
2015-ci ildən pedaqoji
fəaliyyətlə məşğulam.
Əvvəlcə Xəzər Universitetində,
hazırda isə həm BANM-in MBA ixtisasında,
həm də UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbində tədrislə
məşğulam".
Ziya Mürsəlzadənin sözlərinə
görə, xaricdə
təhsil almasında valideynlərinin rolu böyük olub: "Atamın uşaqlıq illərində kənd məktəbindən Bakıya
təhsil almağa gəlməsi məni də ən azı bunu təkrarlamağa
sövq edirdi. Xaricdə təhsil almaq həvəsi ilə hələ 9-cu sinifdə oxuyarkən FLEX proqramına
müraciətlə etmişdim. Son mərhələyə
qədər uğurla
gəlsəm də, sonuncu mərhələdə
uğursuz olmağım,
əslində ali təhsil üzrə xaricdə təhsil almalı olduğumu prinsipial məsələyə çevirdi.
Bir sözlə, uğursuzluq məni daha əzmkar etdi. Bununla yanaşı, bakalavr təhsili müddətində İngiltərədə
"Yay Məktəbi"ndə
iştirak etdim və artıq xaricdə və məhz Böyük Britaniyada təhsil almaq qərarı daha da dəqiqləşmişdi.
Başa düşürdüm ki, bu, mənə həm təhsilimi təkmilləşdirməyə, həm də başqa bir cəmiyyətdə yaşayıb
təcrübə qazanmağa
kömək edəcək.
Bu prosesdə Böyük Britaniyanın
11 universitetindən qəbul
almışdım. Bir neçəsi
təqaüd də təklif etmişdi. Araşdırmalar nəticəsində Lester Universitetinin həm keçirilən dərslər,
həm də o vaxtkı potensialına görə həmin universitetin üzərində
dayandım. Əsas
məsələ kimi universitetin ödənişi
və yaşayış
xərclərinin necə
qarşılanacağı qalırdı
və SOCAR-ın Xaricdə Təhsil Proqramı haqqında araşdırmalarım nəticəsində
həm birbaşa prosesdə iştirak edən əvvəlki məzunların tövsiyələri,
həm də SOCAR-ın həmin istiqamət üzrə çalışan əməkdaşları
ilə yazışmalar
zamanı yaranan xoş münasibətlər
məni bu proqramın uğurlu bir proqram olduğuna
inandırdı. Sənədlərimi XTP-yə təqdim etdim və qısa
müddət ərzində
müsahibələr keçirildi
və nəticədə
proqrama qəbul olunduğum bildirildi.
Bu uğur mənə
və ailəmə həm sevinc hissi yaşatdı. Eyni zamanda, əldə edəcəyim bilikləri
dövlətin ən böyük şirkətində
tətbiq etmək şansını qazanmağımı
anlamağım mənə
həyəcan və böyük məsuliyyət
verirdi. Çox xoş, bir
o qədər də məsuliyyətli məqam
idi".
Ziya Mürsəlzadə bildirib
ki, xaricdə aldığı təhsil
və digər bacarıqlar SOCAR-dakı karyerasında böyük
rol oynayıb:
"SOCAR-dakı fəaliyyətimə
əsasən xaricdə
təhsil almış,
müasir düşüncəli,
yeniliklərə açıq
olan komandada başladım. Əlbəttə ki, əldə
etdiyim bilikləri tətbiq etməyə yaradılan şərait öz üzərimdə işləməyimə, nəzəriyyədə
və standart praktiki tapşırıqlarda
əldə etdiyim bilikləri qeyri-standart vəziyyətlərdə necə
tətbiq edə biləcəyimi qavramağıma
çox kömək oldu. Şablonlardan uzaq və dəyişikliyə hər
zaman açıq bir komandada işləmək
imkanı "Yüksəliş"
müsabiqəsində də
əsas götürülmüş
kompetensiyaların formalaşmasına
və inkişafına
şərait yaratdı.
Əlbəttə ki, müasir tələblərə
cavab verən, çevik və dəyişikliklərə açıq
yanaşma tərzi, keyfiyyətli komanda işi SOCAR-da iştirak etdiyimiz müxtəlif layihələrdə
uğur qazanmağa imkan yaratdığı kimi, həmin layihələrdə iştirak
etmək də müxtəlif bacarıqların
təkmilləşdirilməsi üçün bir təcrübə rolunu oynadı. Keyfiyyətli təhsilin və
müasir düşüncənin,
neft sənayesinin bütün incəliklərinə
hakim olan dəyərli
mütəxəssislərin praktiki bilikləri ilə vəhdət şəkildə tətbiqi
imkanları, SOCAR-ın
həm daxili, həm də xarici təqaüd proqramlarının məzunlarının
bir mütəxəssis
kimi yetişməsində
əsas qazancıdır".
Ziya Mürsəlzadənin dediyinə görə, insan uğurun əsas hissəsini ona inanmaqla əldə edir: "Daha təcrübəli insanlardan öyrəniləcək çox şeyi olan bir gənc kimi həmyaşıdlarıma onu tövsiyə edə bilərəm ki, həmişə uğura inansınlar. Düşünürəm ki, insan uğurun əsas hissəsini ona inanmaqla əldə edir. Özləri üçün sağlam, prinsipial dəyərlər formalaşdırıb həyat strategiyalarını həmin dəyərlərin təmin olunmasına istiqamətləndirsələr, həm maraqlı təcrübə yaşaya, həm də uğrunda zəhmət çəkdikləri işlərin məntiqi sonluğunu görə bilərlər. Müəyyənləşdirilmiş dəyərlər onları xaotik uğurların yox, sistemli uğurların əldə olunmasına təşviq edəcək. Gənclərin yüksək biliklə yanaşı, özünü dərketmə, özünü tənzimləmə, başqasının vəziyyətini anlamaq kimi bacarıqlarının inkişaf etdirilməsinin onların kompleks inkişafı üçün əsas olduğuna inanıram. Hər kəsin barmaq izi fərqli olduğu kimi, uğur hekayəsi və yolu da fərqli olur. Buna görə də düşünürəm ki, özlərini başqaları ilə deyil, öz keçmişlərində olduqları vəziyyətlə və inkişaf edərək hansı vəziyyətə gələcəkləri ilə müqayisə etsinlər və bu müddət ərzində hansı aktivləri əldə edəcəklərini təhlil etsinlər. Bu, həm onların özünü motivasiyası, həm də gələcəkdə özlərini harada görmək istədikləri barədə aydın bir fikir yaradacaq. Bütün gənclərimizə uğurlar arzulayıram".
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.8.