Miqrant böhranı  

 

 

Yayın əvvəllərində Belarus üzərindən Avropa Birliyi ərazisinə keçməyə çalışan qeyri-qanuni miqrant axınının kəskin artması bölgə ölkələrini hərəkətə gətirdi. İyulun əvvəlində Litva Belarusla sərhədə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etdi. Avqustun sonunda isə Litva, Latviya Polşa sərhədi qanunsuz keçmək istəyənlərin sayının kəskin artmasına görə Belarusla sərhədə hasar çəkəcəklərini açıqladılar.

 

Ancaq bütün bunlar problemi həll etmədiyi kimi, Belarus üzərindən Avropa Birliyinin ərazisinə keçməyə çalışan miqrantların sayında kəskin artım müşahidə olunmağa başladı. Son günlər isə vəziyyət daha da kəskinləşib ciddi böhrana çevrilib. Belarusun Polşa ilə sərhədində bir neçə min miqrant cəmlənib. Əsasən İraq, Liviya, Suriya Əfqanistandan olan, böyük əksəriyyəti əslən kürd millətindən olan bu insanlar ötən bir neçə gündür ki?  Polşa sərhədini keçməyə çalışırlar. Belarus sərhədinə 15 min əsgər göndərən rəsmi Polşa qanunsuz miqrant keçidinin qarşısını güc yolu ilə almağa çalışır. Sosial şəbəkələrdə yayılan görüntülər Belarus sərhədçilərinin miqrantları Polşa sərhədinə hücum etməyə təhrik etdikləri üzə çıxıb.

 

Belarus prezidenti Aleksandr Lukaşenko Nazirlər Kabinetinin üzvləri ilə görüşdə bildirib ki, Donbasdan miqrant düşərgələrinə silah partlayıcı gətirilib. Bu isə Belarus-Polşa sərhədində silahlı qarşıdurma ehtimalını kəskin artırıb. Üstəlik, Belarusun Polşa Litva sərhədi boyunca Rusiyanın qırıcı bombardımançı təyyarələrinin uçuşu müşahidə olunmağa başlayıb.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçiləri Belarusa gəlib miqrantlarla danışıqlar apararaq qaçqınlardan könüllü şəkildə ölkələrinə qayıtmağı yaxud da Belarusdan müvəqqəti sığınacaq almağı təklif ediblər. Lakin miqrantlar öz ölkələrinə qayıtmaq istəmirlər.

 

Belarus rəsmiləri isə Polşa Avropa Birliyini miqrantlara qarşı qeyri-insani münasibətdə ittiham edir onları qəbul etməyi tələb edirlər. Belarus rəsmilərinin bu ittihamlarının heç bir əsası yoxdur. Polşa Belarusda keçirilən son prezident seçkisindən sonra yaranmış siyasi böhrana görə ölkəsini tərk edən 150 min belarusu qəbul edib, onlara sığınacaq verib.  Eyni zamanda Ukrayna 100 mindən, Litva isə 20 mindən artıq Belarus vətəndaşını sığınacaqla təmin edib. Ümumiyyətlə, yarım milyon Belarus vətəndaşı son prezident seçkisindən sonra ölkəsini tərk edərək Avropa ölkələrinə sığınıb. Öz vətəndaşlarına sahib çıxmayan hakimiyyətin İraq, Liviya, Suriya Əfqanıstandan olan qaçqınların qayğısını çəkməsi qeyri-ciddi görünür.  Üstəlik, həmin miqrantların öz ölkələrindən Belarusa gəlmək üçün 4 min avro xərclədikləri, bu pulun böyük hissəsinin isə Belarus məmurlarına çatdığı haqqında çoxsaylı məlumatlar var.

 

 

 

Avropa Birliyi bu qanunsuz miqrant axının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirməyə hazırlaşır. Həmin tədbirlərin sırasına Avropa Birliyinin Belarusla sərhədinə hündür daş hasar çəkmək, qanunsuz miqrant axınında rolu olan fiziki hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etmək daxildir. Nüfuzlu informasiya agentliklərinin yaydığı məlumata görə, Avropa Birliyi Belarus, Rusiya Türkiyə hava yolları şirkətlərinə qarşı qanunsuz miqrant axına görə sanksiya tətbiq edə bilər. Eyni zamanda Avropa Birliyinin Belarusa qarşı növbəti, beşinci sanksiyanı tətbiq edəcəyi gözlənilir. Polşa isə Belarusla sərhədi tam bağlayacağını bildirir.

 

Almaniyanın kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə danışıq aparıb Minskə təsir göstərməyə çağırıb. Polşanın baş naziri Mateuz Morafiecki isə Belarus hakimiyyətinin qanunsuz miqrant axını siyasətinin arxasında Moskvanın dayandığını bəyan edib. Baş nazir bildirib ki, prezident Vladimir Putin Rusiya imperiyasını bərpa etməyə çalışır.

 

Avropadan səslənən tənqidləri Rusiya rəsmiləri inkar edir, Belarus hakimiyyəti isə cavab addımı atacaqları ilə hədələyirlər. Rəsmi Minsk Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa qaz kəmərini bağlamaqla, Avropadan Rusiyaya gedən yükləri buraxmamaqla hədələyir. Avropanın enerjiyə tələbatının çox yüksək olduğu bir zamanda Yamal-Avropa qaz kəmərinin bağlanması ciddi təsirlər doğura bilər. Lakin bu, Rusiyanın maraqlarına cavab vermir. Belarus Yamal-Avropa qaz kəmərini bağlasa, Rusiya Avropa ölkələri ilə qaz müqaviləsinə əməl etmək üçün Ukrayna üzərindən qaz ixracını artırmalıdır. Bu isə Ukraynanın əlavə gəlir əldə etməsi və Moskvanın Kiyevdən asılılığının yaranması demək olar. Rusiya belə vəziyyətin yaranmasında maraqlı ola bilməz. Belarus üzərindən Avropanın Rusiyaya ixracının qarşısını almaq da Moskva üçün arzuedilən deyil. Bu hal baş verərsə, Rusiyada ərzaq və tibb dərmanların çatışmamazlığı yaranması qaçılmaz olacaq. Eyni zamanda bu, bir çox müəssisələrin fəaliyyətinin dayanmasına gətirib çıxara bilər. Rusiya sənayesi və biznesi Avropa ilə o qədər sığ bağlıdır ki, bu əlaqələrin bir neçə gün kəsilməsi ağır nəticələr doğurar. 

 

Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Paolo Gentiloni mətbuat konfransında bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya qazının Belarus ərazisindən keçməklə Avropaya nəqlini dayandırmaq hədəsi Avropanı qorxuda bilməz. Komissar eyni zamanda Avropa Birliyinin qaz istehsalçısı olan dövlətlərlə əlaqələrinin genişləndirəcəyini də bəyan edib. Lukaşenkoun Yamal-Avropa qaz kəmərini bağlayacağı ilə bağlı hədəsi Rusiyanın etibarlı tərəfdaş imicinə də kölgə salır və Avropa İttifaqını alternativ qaz mənbələri axtarmağa məcbur edir.

Avropa Birliyinin Rusiya hava yolları şirkətinə qarşı sanksiya tətbiq edəcəyi halda Moskvanın da cavab addımı atacağı gözlənilir. Bu isə bütün Avrasiyada hava nəqliyyatına ağır zərbə vuracaq.

 

Göründüyü kimi, miqrant böhranı böyüyərək ciddi siyasi böhrana çevrilməkdədir. Siyasi böhran isə iqtisadi və təhlükəsizlik böhranı yarada bilər.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.7.