"Qoşundur, əsgərdir, ordudur Şuşa!"  

 

Əməkdar artist Xumar Qədimovanın Rəşad Məcidin şeirinə yazdığı yeni mahnı ictimaiyyətə təqdim olundu

 

 

Şuşa təntənəsinə musiqi töhfəsi

 

Qarabağın işğaldan azad olunması yaradıcı insanlar üçün yeni ilham mənbəyi oldu. Qalibiyyət incəsənət adamlarına nikbin ruhda əsərlərin yaranmağı naminə böyük stimul verdi. Parlaq Zəfərimizdən bir il keçməsinə baxmayaraq, artıq bir-birindən gözəl əsərlər ərsəyə gəlir bu istiqamətdə yaradıcılıq prosesi uğurla davam etməkdədir.

 

Bu yaxınlarda sözügedən əsərlərdən biri Əməkdar artist, sevilən müğənni Xumar Qədimovanın ifasında xalqımıza hədiyyə olundu. Sözləri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidə, musiqisi Xumar Qədimovaya məxsus olan mahnı cəmi bir neçə gün əvvəl yayımlansa da, artıq sosial şəbəkələrdə, internet portallarında dinləyicilər tərəfindən olduqca rəğbətlə qarşılanıb, böyük kütlənin ruhunu oxşayıb. Yazılan rəylər, ünvanlanan xoş sözlər bunun bariz nümunəsidir.

 

Mahnının mətni olan şeir Rəşad Məcidin 30 il sonra Şuşaya səfərinin ab-havasından doğub, onun 1979-cu ildə Şuşada yazdığı "Cıdır düzü" şeirindən 42 il sonra qələmə aldığı "Şuşa" şeiri qalibiyyətlə füsunkar təbiətin vəhdətindən yaranıb.

 

Xumar Qədimova ilə Rəşad Məcidin birgə ərsəyə gətirdiyi mahnılar həmişə rəğbətlə qarşılanıb. Ortada ruh məsələsi var. Mətni duymaq, ona olduğu kimi yanaşmaq hər musiqiçiyə qismət olmur. Görünür, Rəşad Məcid poeziyası ilə Xumar Qədimova musiqisi arasında sıx bağlar var. "Şuşa" mahnısı da həmin möhtəşəm vəhdətin növbəti ifadəsidir.

 

 

 

Musiqimizin Xumar Qədimova zirvəsi

 

"525-ci qəzet"in redaksiyasında qəzetin 29-cu ildönümü ilə bağlı ərsəyə gələcək qısametrajlı filmin son çəkilişləri başa çatmaq üzrə idi. Bir gözüm saatda qalmışdı, tədbirə gecikəcəyimizdən narahat idim. Nəhayət, vaxtında Afaq Rza Nigar Abbasova ilə birlikdə "silahlanıb" "Azərkitab" kitab mağazasına yollandıq. İlk Aqil Abbasla qarşılaşdıq. Aqil müəllim daima insana müsbət impuls ötürüb. Afaqa pıçıldadım: "Bu gün işlərimiz əla olacaq, təqdimatdan əla materiallar toplayacağıq". Soruşdu ki, niyə belə düşündün? Aqil Abbası işarə edib dedim: "Aqil müəllimin xoş aurası bizi tədbir boyu izləyəcək".

 

Həqiqətən , belə oldu. Hamının üzündən sevinc yağırdı. Pilləkənlə yuxarı qalxdıqca Rəşad Məcidin səsini eşidirdik. Səsindən hiss olunurdu ki, hər şey yolundadır.

 

Yavaş-yavaş siması bizə doğma olan adamlarla qarşılaşırdıq: İradə Tuncay, Xanım İsmayılqızı, Əflatun Amaşov, Zemfira Məhərrəmli, jurnalist, fotoqraf dostlar...

 

 

 

Xanım İsmayılqızı haqqında qələmə aldığım "Poeziyamızın Xanım fəsli" adlı yazım hələ onun xatirində imiş. Ondan bu yazıya görə xoş sözlər eşitmək ovqatımı daha da yaxşılaşdırdı.

 

Nəhayət, əsərin baş qəhrəmanı zala daxil oldu. Onun səsi, gülüşü, özünə məxsus ədası, tərzi, geyim zövqü, aksessuar seçimi, ən əsası, hər kəsi heyran edən siması, sanki zalı bütünlüklə ələ aldı. Xumar Qədimovanın addımları da ayrı cür idi, elə bil buludların üzərində yeriyirdi. Mən onu ilk dəfə idi ki, canlı görürdüm. Hamı kimi füsunkarlığına heyran olmamaq mümkün deyildi.

 

Bəs Xumar xanımı insanlara sevdirən yalnız bu amillərdimi?

 

Xumar xanımı xalqın sevimli sənətkarına çevirən onun bənzərsiz səsi, ifalarındakı ürəyi, söz seçimi, musiqi zövqü, yüksək bəstəkarlıq qabiliyyətidir. Onun qadın kimi gözəlliyi ilə sənətkarlığı bütünləşərək vahid obraz yaradıb. Elə bir obraz ki, xalq onu ürəyinə daxil edib, sevib, qiymət verib.

 

Uzun illərin dostları bir-birləri ilə görüşdülər, hal-əhval tutdular. Sözün əsl mənasında, içəridə bayram ab-havası var idi.

 

 

 

"Alim Qasımovun zənguləsini eşidib bu şeiri yazdım"

 

Rəşad Məcid qonaqları salamlayıb bütün gələnlərə minnətdarlığını bildirdi. "Azərkitab"ın rəhbərliyinə bu təqdimatın təşkili üçün təşəkkür etdi.  Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfərdən söhbət açaraq qələbəmizin səbəbkarları barədə danışdı. "Xarıbülbül" festivalı zamanı Şuşa səfərindən söz açdı:

 

"Bu il "Xarıbülbül" musiqi festivalı zamanı uzun illərdən sonra Şuşaya getmişdim. Cənab Prezident festivalda çıxış edərkən dedi ki, dünyanın bütün gözəl şəhərlərini gördüm, Şuşaya bənzər şəhər görmədim. Mayın 12-si gecə Şuşada atəşfəşanlıq oldu. Həmin gün səhər Alim Qasımovun zənguləsi ilə ayıldım bu mahnının mətni - "Şuşa" şeiri yarandı".

 

Rəşad Məcid şeiri səsləndirdikdən sonra Xumar Qədimovanın sənətkarlığı barədə söhbət açdı. Onun ruhu, mətnə yanaşması, peşəkarlığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, qeyd etdi ki, "Şuşa" mahnısı Xumar xanımın ənənəvi üslubundan fərqlənsə , çox möhtəşəm alınıb.

 

 

 

"İsa bulağı" ilə başlanan sənət yolu "Şuşa" ilə davam edir"

 

Xumar xanım təqdimatda qədər sevincli olsa da, bir o qədər kövrək idi. Hər müharibədən, Zəfərdən, Şuşadan söhbət açılanda səsi titrəyirdi. Elə onun bu yurd sevgisi "Şuşa" mahnısına sirayət eləmişdi.

 

Xumar Qədimova sənətə "İsa bulağı" mahnısı ilə qədəm qoyub. Sözləri Nüsrət Kəsəmənliyə, musiqisi xanım ifaçının özünə aid olan mahnı Şuşa nisgilindən bəhs edirdi:

 

Elə hey axırsan, dərd axı getmir,

Ağlama, ağlama, İsa bulağı...

 

Xumar xanım tədbirdə həmin  mahnı haqqında danışdı, Nüsrət Kəsəmənlini yad elədi:

 

"Şuşa dərdi ilə başladım, Şuşa Zəfəri ilə davam edirəm. "İsa bulağı" mahnısının sözləri Nüsrət Kəsəmənlinin idi, Allah ona qəni-qəni rəhmət eləsin. O mahnıda deyilirdi: "Hələlik zəhərə döndər yuxumu..." İndi isə deyirəm ki, "Bala, şəkərə döndər suyunu, ağlama, İsa bulağı..." Bu gün gözəl dostlar bura yığılıb. Bu günə görə çox şadam".

 

Xumar Qədimova bir neçə proyektin anonsunu verdi. "Şuşa" mahnısına klip nəzərdə tutulub. Bundan əlavə, bu ilin sonuna qədər "Nizami ili" münasibəti ilə yeni əsərin təqdim olunmağı planlaşdırılıb. Qeyd edək ki, Xumar Qədimova "Nəsimi ili"nə, Türkiyədəki "Yunus Əmrə ili"  mahnı töhfələri verib. Xanım sənətkarın məhsuldar fəaliyyəti onun öz peşəsinə necə məsuliyyətlə yanaşmasından xəbər verir.

 

 

 

"Şuşa bizimlə bərabər döyüşürdü"

 

Xumar xanımın ürək sözlərindən sonra hamılıqla mahnını dinlədik. Həqiqətən, möhtəşəm idi. Notlarla musiqi bir-birinə sarılmışdı. Qulağa xoş gəlməyən nəsə eşitmək mümkün deyildi. Mahnı səsləndikdən sonra zal daha da vəcdə gəldi, ürəkdəki sözlər aşıb-daşdı.

 

Əməkdar jurnalist İradə Tuncay Şuşanın əsrarəngizliyindən bəhs etdi. Yeni yaranmış əsər münasibəti ilə müəllifləri təbrik edərək onlara uğurlar arzuladı.

 

Millət vəkili, yazıçı Aqil Abbas Xumar Qədimovanın mahir ifaçılığından söhbət açdı. Xumar xanımın mahnılarını sevə-sevə dinlədiyini vurğuladı. "Şuşa" mahnısı haqqında fikirlərini bölüşdü: "Bu, mahnı deyil. Bu, Şuşa haqqında cəngidir, himndir. "Şuşa" mahnısını dinləyəndə adamın qanı qaynıyır. Bu mahnı məni çox kövrəltdi. Şeir , musiqi çox gözəldir".

 

Bəstəkar, şair Xanım İsmayılqızı Xumar Qədimovanın ürəyindən, ruhundan, mətnə, musiqiyə içdən yanaşmasından, özünəməxsusluğundan bəhs etdi, "Şuşa" əsərini peşəkarlıq baxımından çox yüksək qiymətləndirdi, müəlliflərə uğurlar arzuladı.

 

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə "Şuşa" mahnısının mətninin fəlsəfi tutumu barədə fikirlərini bölüşdü:

 

"Bu yaxınlarda Zəfərə həsr olunmuş bir film izlədim. Orada belə bir fikir səsləndirildi: "Elə bil, Şuşa bizimlə bərabər döyüşürdü". Bu şeirdə də həmin o hiss var: "Əsgərdir Şuşa, ordudur Şuşa..."

 

Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşov "Şuşa" əsərini tarixdə qalan, korifey sənətkarların oxuduğu mahnılarla müqayisə elədi. Bildirdi ki, Rəşad Məcidin bu şeiri taleli mətndir, çünki onu məhz Xumar Qədimova kimi sənətkar musiqiyə çevirib xalqa çatdırdı.

 

Əməkdar jurnalist Zemfira Məhərrəmli dedi ki, "Şuşa" mahnısının ərsəyə gəlməsi ona da böyük sevinc gətirib, son dərəcə xoş duyğular yaşadıb.

 

 

 

"Şeirlə mahnının möcüzəsilə..."

 

Teleaparıcı Saleh Bağırlı "Şuşa" mahnısında sözlə musiqinin mükəmməl vəhdətindən bəsh etdi. O, bu mahnının sənətkarın mütəmadi axtarışlarının nəticəsi kimi qiymətləndirdi. Saleh Bağırlı qeyd etdi ki, Rəşad Məcidlə Xumar Qədimova əməkdaşlığından doğan digər mahnılar da dinləyicilərin könlünü oxşayıb. Teleaparıcı "Şuşa" musiqisindən bəsh edəndə ölməz şairimiz Əli Kərimin misralarını xatırladı: "Şeirlə mahnının möcüzəsi ilə ayılmağa çox dəli bir ümidim var..."

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza müəllifləri təbrik edərək bildirdi ki, "Şuşa" mahnısı Zəfərdən sonra doğma yurda həsr olunan mahnıların tacıdır.

 

Beləcə, maraqlı çıxışlar, xoş söhbətlərlə təqdimatın nə vaxt sona yetdiyindən xəbərimiz olmadı.

 

Sözsüz ki, belə tədbirlər insanı ruhən zənginləşdirir, yaşamağa-yaratmağa ruhlandırır. Buna görə Xumar xanıma və Rəşad Məcidə öz adımdan təşəkkür edir, hər ikisinə yeni yaradıcılıq uğurları arzulayıram!

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 16 noyabr.- S.16.